1-ci hissə
Başlanğıc
18:00/15.10.2015/ Suriya/Cerablus.
Alatoran hava. Tənha, düzənlik ərazi və Cerablusun mərkəzindən Karkamış sərhədinə doğru uzanmış kələkötür asfalt yol.
Köhnə yük maşın bir dəqiqə içində ikinci dəfə yoxuşdan keçdi. Təkərlər asfalta sıxıldı. Maşının pas tutmuş dəmir hissələri bir-birinə sürtünərək cırıldadı. Bir əli sükanda, bir əlini isə açıq pəncərədən çölə sallayan sürücü vecsiz bir ədayla siqaretini sümürməyə davam edərkən maşını bir daha yoxuşa saldı.
Silkələnmənin təsirilə yumulu gözlərini araladı qız. Qaranlıq idi. Tutulan bədənini açmaq üçün tərpənmək istədi, lakin sıxışıb qaldığı yerdə bu heç də mümkün olmadı. Ah çəkməkdən fərqsiz bir nəfəs çəkdi.
Səssizlik...
Köhnə motordan çıxan xorultulu səs və qorxunun titrəyiş sədalarından başqa səs duyulmur içəridə. Sanki maşının darısqal baqajına onlarla insan doluşmamış kimi səssizlikdi. Saatlarla çıxdıqları bu yolda kimsə dinmir, kimsə danışmır. Bəlkə biri sözə girsə digərləri də dodaqlarına vurduğu möhürü açacaq, ancaq aralarında o cəsarətə sahib insan çıxmır. Görünür, heç çıxmayacaqdı da.
Sürücü kabini ilə baqaj arasındakı şüşə arakəsmədən süzülən ay işığı içərini aydınlatsa da bu, saylarını müəyyənləşdirməyə kömək olmur. Qaranlıqda gizlənmiş simaları heç cürə seçmək mümkün deyil. Bu səbəbdən qaraltıdan fərqsiz görünən bu insanların qorxuyla parlayan gözlərini görməkdən çox hiss edir qız.
İlk dəfə çarəsizcə kölgələrininə sığınmamışdılar. Çünki bu dar və qaranlıq yerdə ilk dəfə kölgə olmuşdular.
Yük maşını bir daha yoxuşdan keçdiyində reflekslə dəmirdən divara tutundu qız. Qapı ağzında əyləşmişdi və kilidi sağlam olmayan qapı maşın hər silkələndiyində cırıldayır, sanki hər an açılıb qızın asfalta sərilməyinə səbəb olacaqmış hiss oyadırdı onda.
Havasızlıq...
İçəri sızmaqda olan yağ və benzin qoxusu ağciyərlərinə savaş açmışdı sanki. Talan olmuşdu nəfəs borusu. Əlini üzünə çəkdiyi rübəndin altına götürüb ağız və burnunu tutdu. Necə də dayanılmaz qoxu idi bu belə.
Karuseldəymiş kimi maşının sallamağını görməzdən gəlməyə çalışırdı hələ. Can çəkişirdi sıxılıb qaldığı bu küncdə. Özünü tanıyandan dar və qapalı yerlər kabusu olmuşdu. Ancaq bu kabus deyildi. Bu sözün həqiqi mənasında qarabasmaydı. Nəyin gerçək, nəyin xəyali olduğunu ayırd edə bilmirdi daha.
Həqiqətən də bu tanımadığı adamların arasında, bu siçan dəliyində ilişib qalmışdı? İlahi, ağlını itirəcəkdi bu dəqiqə!
Əlini ağzından çəkmədən başını geriyə atıb gözlərini yumdu. Arzuladığı tək şey ən qısa zamandan bu bitməz yolun sonuna gəlmək idi. Hərgah, bilmədiyi şey var idi. Yolun sonu...
Sonda onu qarşılayan sürprizlərin qısa framentini izlətsəydilər ona, bəlkə də elə heç tərəddütsüz burdaca nəfəs darlığından ölməyi seçərdi. Bütün olacaqlardan xəbərsiz saymağa başladı qız.
Bir, iki, üç...
Bir ,iki, üç...
Bir iki...!
ŞİMDİ OKUDUĞUN
Üçə qədər say
AdventureOnlarınkı sonun başlanğıcı deyildi, onlarınkı daha dəhşətli bir sona layiq möhtəşəm bir başlanğıc idi.