10-cu hissə
Cavabsız suallar
Bir daha görməyəcəyini düşündüyün insanın öləcəyini düşündüyün anda gəlib çıxması nədir bilirsənmi? Nə sən ölürsən, nə də o gedir.
"Mizgin!"
Camalın həyətin girişindən qapıya qədər şütüməyi ikicə saniyə çəkdi. Qapı ağzına çökmüş Mizginə çatdığında dizlərini yerə atıb əlini qızın solmuş bənizində gəzdirdi. Donmuşdu!
"Mizgin! Mizgin, nolub sənə?!"
Tanış səsi bu dəfə daha yaxından eşitdiyində yumulu gözlərini zorla da olsa araladı qız. Ona zillənmiş həyəcanlı yosun baxışları gördüyündə qısa bir an xəyal ilə gerçək arasında ilişib qaldı. Həqiqətən gəlmişdi, yoxsa beyni ona oyun oynayırdı?
Çox keçmədən gerçəkliyindən əmin olduğu o təlaşlı səsi bir daha duydu.
"Mizgin, eşidirsən məni?! Bir cavab ver!"
Mizgin ağır-ağır gözlərini yumub açdı. Tərpənməyə taqəti olmasa da, son bir güclə qurumuş dodaqlarını aralayıb danışdı.
"Necə tapdın məni?"
Mizginin tir-tir əsdiyini görən Camal cəld əynindəki gödəkçəni çıxarıb qızın üzərinə atdı.
"Donmusan! Nə vaxtdandı burda belə oturursan?"
Olduqları yeri qısa bir nəzərlə süzdü Camal. Sonra yenidən Mizginə döndü.
"Nə işin var axı burda? Gedəcək yerim var demişdin. Budu gedəcək yer?"
Qollarını özünə sarıb gödəkçənin altında isinməyə çalışdı qız. Camalın cavab gözləyən yosun baxışlarını üzərində hiss etdiyində arxasındakı qapını göstərdi.
"Açmadı."
"Bəlkə eşitməyib," deyən Camal ayağa qalxıb taxta qapıya vurdu.
"Əbəs yerə döymə. Yoxdu heç kim."
Qane olmadı Camal. Cəld qapının yanındakı pəncərəyə yaxınlaşıb içəri boylandı. Hava hələ təmamilə açılmadığından heçnə görə bilmədiyi üçün geri qayıdıb qızın qarşısına dikildi.
"Burda belə oturmağın mənası yoxdu. Qalx, gedirik."
Camalın ona doğru uzanan qollarından qaçmaq üçün özünü geriyə çəkdi Mizgin.
"Sən gedə bilərsən. Mənim başqa gedəcək yerim yoxdu."
İçindən dəfələrlə özünə lənət oxudu qız. Bu qədər çarəsiz çıxmamalı idi o səs. Boğazını təmizləyib bu dəfə daha qətiyyətli bir səs tonuyla əlavə etdi.
"Əlbət bir gün gələcək"
"Gələnə kimi qapının önündə oturmaq fikrin var?"
ŞİMDİ OKUDUĞUN
Üçə qədər say
AventuraOnlarınkı sonun başlanğıcı deyildi, onlarınkı daha dəhşətli bir sona layiq möhtəşəm bir başlanğıc idi.