Ayaqları tutulurdu artıq. Pilləkəndə oturub
başını dizlərinə söykədi. Ağlamaq istəyirdi. Və
ən qəribəsi, ağlaya-ağlaya kiməsə yalvarmaq
istəyirdi ki, ona yazığı gəlsin. Qayıdıb evinə
getməyə icazə versin ona. Sanki, ixtiyarı özündə
deyildi. Amma yalvarmaq istədiyi məchul varlıq
da çox qəddar idi, deyəsən. Onun heç
dincəlməyinə də imkan vermədi. Ayağa qaldırıb
yenidən pilləkənlə qalxmağa məcbur etdi.Oktyabr ayının axırı idi. Havalar yaman soyumuşdu. Qışın
yaxınlaşdığını bildirən bu soyuq xüsusilə də dağ rayonlarında
özünü göstərirdi. Neçə gündən bəri aramsız yağan yağışlar
yalnız dünən günortadan sonra dayanmışdı.
Şamaxı şəhərindəki bəzi xırda-para işlərini bitirib Pirquluya yola düşən İbrahim maşının sobasını qoşdu. Şəhəri arxada qoyan kimi sürəti artırdı ki, Nağaraxana kəndinə tez
çatsın. Çünki bir az əvvəl usta Mətləb ona zəng vurub Murad
müəllimin Bakıdan gəldiyini bildirmişdi.
Murad müəllim bu kənddə özünə villa tikdirirdi. Bunun
üçün kənd bələdiyyəsindən geniş bir torpaq sahəsi satın almışdı. Bir ay olardı ki, burada aparılan tikinti işinə birbaşa
İbrahim rəhbərlik edirdi.
Şadlıq sarayındakı o əhvalatdan bir gün sonra Hüseynağa
Fəridəni də işdən çıxartdı. Yalnız ərinə görə işdən qovulduğunu düşünən Fəridə həmin günün axşamı İbrahimlə
əməlli-başlı dava-dalaşa çıxdı:
- Mən başa düşmürəm sən nə cür adamsan? Niyə öz çörəyinə təpik atırsan? İndi necə olacaq? Acından Ölməliyik?
İbrahim çalışdı ki, işindən imtina etməyinin səbəbini arvadına
sakitliklə anlatsın. Amma bu mümkün olmadı. Fəridə onu başa
düşmək istəmirdi.
- Böyük iş olub, sənə deyib ki, düş qapını aç! Nə olsun?
Həmişə Hüseynağanın şoferi olmayacaqdın ki! Dözəydin də!
Akif əvvəl qəssab işləməmişdi?! Pul qazanmaq, ailəni başqaları
kimi rahat yaşatmaq istəyirsənsə gərək hər şeyə dözəsən.
Daha burada özünü saxlaya bilmədi və ona görə də əslində
demək istəmədiyi sözləri dilinə gətirdi:
- Dözmək belə asandırsa sən də dözəydin! Hüseynağa səni ev
işinə çağıranda niyə getməmisən?
Fəridə dərhal tutuldu:
- Bunu o deyib sənə? Ona görə getmədim ki, mən onun
qulluqçusu-zadı deyiləm. Mənim işim marketdə idi, onun da
öhdəsindən bacardığım qədər gəlirdim. Nədi, deyirsən
getməliydim onun evinə?
- Yox, getməməliydin! - İbrahim az qala çığırdı. - Ancaq özün
elə düşünürsənsə məni də anlamalısan. Bir vaxt biz o əclafı
xasiyyətinə görə adam hesab eləmirdik, amma sən məni məcbur
elədin ki, onun əli altında işləməyinə razılaşım, özüm gedib onun
şoferi olum. Səndən xahiş edirəm, Fəridə, belə eləmə! Qüruruma
toxunma mənim. Sənin ucbatından uşaqlar da soyuyub məndən.
Elə bil əvvəlki İbrahim deyiləm mən! Nə olub axı, nə günahın
sahibiyəm? Pis yaşadırdım sizi? Siz deyildiniz maddi
vəziyyətimizə görə Rövşənin ailəsinə yuxarıdan aşağı baxan?
Onlar bu mübahisəni mətbəxdə edirdilər və ən pisi də bu idi
ki, salonda oturmuş ailə üzvləri onları eşidirdi.
- Mən sənin qüruruna toxunmuram, - Fəridə dedi. - Əksinə,
istəyirəm ki, bizdən yüksək mərtəbələrdə yaşayanların yanında
başın aşağı olmasın. Özgələri qoyuram bir yana, nə sən Akifdən
əskik deyilsən, nə mən Cəmilədən. Niyə biz bu gündə
yaşamalıyıq? Hə?! Niyə?
Arvadı «mərtəbə» kəlməsini işlədəndə İbrahimin yadına yenə
baldızının Nizami parkında dedikləri düşdü və dərindən ah çəkib
dilləndi:
- Bizim yüksək mərtəbələrdə yerimiz yoxdur, Fəridə. Gəl, öz
mərtəbəmizdə yaşayaq. Yadından çıxarma ki, biz həmişə
həyatımızdan razı olmuşuq. Sən yuxarı baxmaq əvəzinə hərdən
bir Rövşəngilə bax, aşağıdakı o şikəstə bax.
Fəridə kinayə ilə əlini yellədi:
- Sən kişisən! Əsl kişi gərək həmişə irəli getmək üçün
mübarizə aparsın. Dişi ilə, dırnağı ilə çarpışıb, hansı yolla olur-olsun, ailəsini yaxşı yaşatsın.
İbrahim bu sözlərdən sonra susmağa məcbur oldu. Çünki
qismən də olsa, arvadının haqlı olduğunu duyurdu. Fikirləşdi kİ,
onun dediyi kimi də edəcək. Çalışıb-çarpışıb Akifin durduğu
mərtəbəyə qalxacaq. Əgər arvadı da, uşaqları da belə
istəyirdilərsə, qoy belə olsun. O, Hüseynağadan uzaqlaşmağına
peşman deyildi. Ancaq özünə bir daha söz verdi ki, bundan sonra
hər xırda-xuruş məsələni özünə dərd edib, yersiz yerə qürurunun
qeydinə qalmayacaq.
Yaxşı ki, Nurcan xanım Fəridənin məktəbdən çıxması barədə
əmri hələ əmr kitabına yazmamışdı. Fəridə yalvar- yaxar eləyib
yenidən öz işinə qayıtdı. İbrahim isə bir neçə gün dərindən-dərinə düşünüb, bu yolda beş-altı qutu siqareti qurtarandan sonra
iş üçün Murad müəllimin yanına getmək qərarına gəldi.
Murad müəllim onu nazirlikdəki kabinetində qəbul etdi:
- Adın nə oldu sənin?
-İbrahim...
- Cəmilə xanımın yeznəsisən də, hə?
-Bəli.
- Necədir?
-Kim?
- Kimdən danışırıq? Cəmiləni soruşuram. Nədənsə səsi
gəlmir.
- Yaxşıdılar...
- Aha, çox gözəl! Məndən necə bir iş istəyirsən?
İbrahim bura gələndə hər şeyi ölçüb-biçmişdi. Anlayırdı ki,
burada utanmağın, özünü yalandan yüksək tutmağın yeri deyil.
- Əsas odur ki, yaxşı dolana bilim, - dedi. - Uşaqlar böyüyüb.
Pul çatdırmaq olmur.
- Hə... - Nazir müavini fikrə getdi. - Tikinti işindən başın
çıxır?
-Xeyr. İxtisasca tarixçiyəm.
Murad müəllim gülümsədi:
- Tarix indi heç kəsə lazım deyil. Mən Şamaxıda ev tikdirirəm. O işə mənim adımdan nəzarət edə bilərsən?
- Bəli, əlbəttə. - İbrahim düşünmədən cavab verdi.
- Orada bir ilə qədər iş gedəcək. Hər şeyə sən rəhbərlik
edəcəksən. Villa tam hazır olandan sonra səni yanıma gətirərəm.
Nazirlikdə işləyərsən. Əlbəttə, əgər özünü yaxşı göstərsən... Akif
o gün səni yaman təriflədi. Baxaq görək, onun dediklərində
həqiqət var, yoxsa bacanağını yalandan şişirdir?..
İbrahim hiss etdi ki, əvvəllər ona əlçatmaz görünən yüksək
həyat tərzinin astanasındadır. Bu onu həyəcanlandırmağa
başladı:
- Murad müəllim, siz mənə etimad göstərsəniz, mən söz
verirəm ki, bu etimadı doğruldacam. Mənim sədaqətimə inana
bilərsiniz.
- Bu həyatda təkcə sədaqətlə iş bitmir. - Murad müəllim dedi.
- Gərək bacarığın da olsun. Bacarıq, sədaqət, məsuliyyət...
Səndən gözlədiyim də elə bunlardır. Şəxsi maşının var?
İbrahim həyətin bir küncündə qalıb toz basmış «Jiquli»sini
göz önünə gətirdi:
- Köhnə «Jiquli»m var. Hazırda işləmir...
- Sənə avtomobil verərik. Yolda-filanda çox olacaqsan.
Orada bir furqonlu «Toyota» var. Xırda-para yük daşımaq üçün
də sərfəlidir. Götürüb işlədərsən.
- Çox sağ olun, Murad müəllim. Sizə ömrüm boyu minnətdar
olacam.
- Cemaya minnətdar ol... Baldızına... Amma yenə deyirəm,
şərtlərə uyğun gəlməsən bizimki tutmayacaq.
Başqa vaxt olsaydı, bu sözlər İbrahimin mənliyinə toxunardı.
Amma indi elə əhval-ruhiyyədə idi ki, ona hər şey gözəl
görünməyə başlamışdı. Hətta bu zaman ürəyində Cəmiləyə,
doğrudan da, dərin bir minnətdarlıq hiss elədi:
- İşə nə vaxt başlayacam, Murad müəllim?
- Sabah mənimlə Şamaxıya gedib işi təhvil alacaqsan. İndi isə
get hazırlaş.
İbrahim nazirliyin binasından çıxan kimi bir siqaret yandırıb
fikrə getdi. Hiss edirdi ki, əslində onun üçün çox ağır olan bir işin
öhdəsindən gəlib. Bu yaxşı idi, ya pis, anlamırdı. Ancaq bir şeyi
anlayırdı ki, özü öz gözündən daha çox düşməyə başlayır.
Düşündü ki, eybi yox, sonradan hər şey yaxşı olacaq.
Pullanandan, yüksək mövqe qazanandan sonra özünə güvəni
xeyli artacaq. Özünün bahalı avtomobili, sürücüsü olacaq. Bahalı
kostyumlar geyinəcək. Tabeliyində olanlar sağına-soluna keçib o
qədər tərifləyəcək, o qədər yüksəklərə qaldıracaqlar ki,
şəxsiyyəti öz gözündə də yüksək görünəcək.
Hərdənbir, arada-sırada vicdanı lap azacıq sızıldayacaqdı ki,
onu da problem etməyə dəyməzdi. Haram pulla varlanan,
yaltaqlıqla mövqe qazanan bir çox adamlar necə, o da elə... Yəni,
həmin vicdan sızıltısım içində şəkərli diabet kimi, yüksək qan
təzyiqi kimi gəzdirəcəkdi, vəssalam.
İndidən beynində müxtəlif planlar qurmağa başlamışdı.
Murad müəllim ona nazirlikdə iş verəndən sonra hələ bir neçə ay
öz indiki mənzilində yaşayacaqdı. Qoy Hüseynağa, Əşrəf hər
gün onu işə gedib-gələndə görsünlər. Elə Rövşən də, o biri
qonşular da... Onu istəyənlər sevinib fəxr eləsinlər, istəməyənlər paxıllıqdan partlasınlar. Və yalnız bundan sonra
daha rahat bir mənzilə köçəcəkdi.
Onun Murad müəllimin yanında işləyəcəyini biləndə evdəkilər çox sevindilər. Ailə üzvlərinin hər biri artıq «əsl həyatın» nə demək olduğunu duymuşdular və ona mümkün qədər
tez çatmağın arzusunda idilər.
Səhəri gün öz yeni şefi ilə Şamaxıya gəlib tikilməkdə olan
malikanənin bütün işlərini təhvil aldı və artıq bir aya yaxın idi ki,
bu işin öhdəsindən layiqincə gəlirdi.
Kəndin ucqarında yerləşən geniş torpaq sahəsi hər tərəfdən
daş hasara alnmış, villanın tikintisinə başlanılmışdı. Burada
İbrahimin rəhbərliyi altında yeddi işçi çalışırdı. Malikanənin
gözətçisi Qurban, yük maşınının sürücüsü Rabil, daş ustası
Mətləb kişi və fəhlələr.
Qurbanı Murad müəllim Bakıdan gətirmişdi. Neçə illərdir
oradakı dənizkənarı malikanədə gözətçi işləyir, eyni zamanda
Murad müəllimin sevimli itinə qulluq edirmiş. Murad müəllim
onunla birlikdə iti də bura gətirmişdi ki, Qurbanın gözü heyvanın
üstündə olsun.
İbrahimin Qurbandan zəhləsi gedirdi. Ona görə ki, yaltağın
biri idi. Üstəlik də oğru, fırıldaqçı. İbrahim heç cür anlaya
bilmirdi ki, Murad müəllim neçə illər ərzində bu tipi niyə tanıya
bilməyib.
Düz iki dəfə oğurluğunu tutmuşdu onun. Birində bir kubmetr
taxta satmışdı, birində isə on kisə sement. Taxtanın satıldığını
aşkar edəndə dərhal Qurbanı məcbur elədi ki, satdığı malı geri
gətizdirsin. Sementi isə geri gətirmək mümkün olmadı. Yəni, nə
qədər eləsə də bu oğurluğu Qurbanın boynuna qoya bilmədi.
Onunla yaşıd olardılar. Ancaq tülkülüyü yaxşı bacaran
Qurban Murad müəllimə yaltaqlanıb qılığına girdiyi kimi
İbrahimin də ətrafında quyruqlanıb özünü şirin göstərməyə
çalışırdı.
Bir dəfə malikanənin yan hasarına bitişik olan boş sahəni İbrahimə göstərib dedi:
- Savadlı adamsan. Murad da sənə, necə lazımdır, inanır. Sənin
yerində olsam bu boş yeri bələdiyyədən alıb özümə ev tikərəm.
- Nəyimə lazımdır... - İbrahim çiynini çəkdi.
- Necə yəni, nəyinə lazımdır? - Qurban təəccübləndi. - Birincisi
bu cür səfalı kənddə evin olar. Muraddan nəyin əskikdir ki?
İkincisi də belə imkanlı adamla qonşu olarsan.
- Lap tutaq ki, yeri birtəhər götürə bildim, bəs evi necə
tikəcəm? Özümü güclə dolandırıram.
Qurban burada başını bulayıb bic-bic gülümsədi:
- Özünü avamlığa qoyma, müəllim. Yaxşı bilirsən ki, burada
bir qəpik pul xərcləmədən özünə ev tikə bilərsən.
- Necə axı?
- Bura gələn tikinti materialının hamısı sənin əlində deyil?
Muradın nə başı çıxır tikintidən?
Elə bil İbrahimin atasının goruna söydülər:
- Ə, sən nə alçaq adamsan! - dedi. - Məni kim hesab edirsən?
Yəni, doğrudan, inanırsan ki, mən elə əclaflıq eləyərəm?
- Əclaflıq niyə olur axı? Buna zirəklik deyirlər, vəssalam. Əsas
odur ki, sənin də evin-eşiyin, pulun, maşının olacaq.
- Mən elə ev-eşiyi, elə pulu istəmirəm!
- İstəmirsən, əcəb eləyirsən, onda qal cibi boş, qarnıı ac. Mən
səni istədiyimdən deyirdim bunları. Görürsən, Muradın milyonları
var. Ancaq sənin ayına nə qədər boyun olub, min manat, hə?
Puldur bu? Bir ayağın Bakıdadır, bir ayağın Şamaxıda. Xəsis
köpək oğlu! Hələ mən özümü demirəm. Bu boyda yeri qoruyuram,
üstəlik də itinə baxıram, cəmi üç yüz manat pul verir mənə.
Bununla ailə saxlamaq olar?
İbrahim bu işə girəndən bir dəfə də olsun öz şefinin arxasınca
danışmamışdı. Bunu nankorluq, nakişilik hesab edirdi. Yenə də öz
xasiyyətinə sadiq qaldı:
- Mən şəxsən o kişidən narazı deyiləm. Sənin də narazılığın varsa özünə deyərsən.
İbrahim Murad müəllimə sadiq idi. Birincisi ona görə ki, özü
təbiətən sədaqətli adam kimi formalaşmışdı. İkincisi isə, hörmətə
layiq xarici görkəmi olan, yüksək vəzifəsinə, imkanına
baxmayaraq işçilərlə sadə rəftar edən bu adama simpatiyası
vardı. Murad müəllimin qulluğunda həvəslə durmağını, ona
ehtiram göstərməsini də qətiyyən yaltaqlıq-filan hesab etmirdi.
Ona olan təbii simpatiyası ilə əlaqələndirirdi.
Başqa cür ola da bilməzdi axı. Murad müəllim xasiyyətcə
yaxşı adam idi, üstəlik ona qazanc yeri vermişdi. İbrahim bütün
bunları qiymətləndirməliydi.
Əlbəttə, bircə bu adamın Cəmilə ilə yaxınlıq məsələsi olmayaydı. Bu məsələ hər dəfə İbrahimin yadına düşəndə içini acı
vicdan əzabı bürüyür, halı dəyişirdi. Amma sonda yenə Akifi, bir
də Cəmiiənin özünü qınayırdı. Axı niyə belə hərəkət etmişdi
Cəmilə? Niyə özünü də, yaxınlarını da əbədi əzaba salmışdı? On
gün əvvəlki zəngində dediyinə görə, indi bütün etdiklərinə görə
peşman olmuşdu. Amma nə olsun!? Olub-keçənlərin mənəvi
əzabı silinib getmirdi axı!?..
Məlhəm kəndinin yanından keçəndə cib telefonu səslənərək
İbrahimi fikirdən ayırdı. Zəng vuran yenə usta Mətləb idi.
- Hə, Mətləb dayı, eşidirəm, - dedi.
Mətləb kişinin səsində narahatlıq duyulurdu:
- Başına dönüm, ay İbrahim, bu Qurban bayaqdan yanlayıb
Murad müəllimi, nəsə üyüdüb-tökür. Deyirəm dünən hirslənib
ağzımdan çıxartdığım sözləri çatdırar ona...
- Əşi, sən narahat olma. - İbrahim atası yaşında olan kişiyə
təskinlik verdi. - Qələt eləyir Qurban! Bir də ki, heç qorxma, nə
qədər əclaf olsa da elə şey eləməz.
- Nə bilim vallah!..
- Mən Məlhəm kəndini keçmişəm. Bu saat çatıram ora.
Telefonu qapayıb, avtomobilin sürətini artırdı.
Hə... Bu Murad müəllimin bir işi İbrahimə də xoş gəlmirdi. Villanın tikintisinə bu qədər pul səpələyən adam fəhlələrin
pulunu vaxtında verməyə can çəkirdi, sanki. Qəribə idi, vallah!
Adama deyərlər, bu pulu ki, gec-tez verəcəksən, vaxtında ver, bu
yazıqlar da korluq çəkməsinlər də!..
Usta Mətləb bu malikanədə hələ İbrahim ora gəlməmişdən işə
başlamışdı. Murad müəllim ona çatacaq min beş yüz manat pulu
bir aydan çoxdur ki, günü-günə satıb vermirdi.
Elə buna görə, dünən Mətləb kişinin səbir kasası tamam
dolub-daşdı:
- Ay balam, ay İbrahim, bu köpək oğluna de ki, mənim pulumu
versin də! Bir yandan evdə arvad-uşaq acdır, bir yandan da
qonşuya borcum var. Daha onunla üz-üzə gəlməkdən də utanıram.
- Səbirli ol, Mətləb dayı, - İbrahim onu sakitləşdirmək istədi. -
Murad müəllim sabah, ya birigün gələcək, deyərəm verər pulunu.
Həmin vaxt Qurban da yaxınlıqda idi. Aranı sakitləşdirmək
əvəzinə ustanı daha da qızışdırdı:
- Kişi haqlıdır, İbrahim. Bu qədər zəhmət çəkir burada.
Muradın bəyəm pulu yoxdur? Vaxtında versin də!
Müdafiə edildiyini görən usta bir az da cəsarətləndi:
- Bunlar öyrəşib havayı yeməyə. Bacarsa evi tikdirər, bir qəpik
də pul verməz bizə. Fəhlələrin də bir aylıq pulu qalıb hələ keçən
aydan. Yaxşı deyil axı!? Adamda vicdan olar. İndi biz də başlayaq
xainlik eləməyə, hə? Elə tikək ki, ev bir ildən sonra böyrünü
qoysun yerə? Olmaz axı! Gərək fəhlənin, ustanın qədrini biləsən.
Biz də insanıq. Evə gedəndə uşaqlarımız əlimizə baxır. Əclaf!
Vicdansız!
- Elə şey danışma, Mətləb dayı. - İbrahim məzəmmətlə başını
buladı. - Mən bilirəm ki, sən xain adam deyilsən. İşinə vicdanla
yanaşırsan.
Mətləb kişi dediyi sözə dərhal peşman oldu:
- Mən sözgəlişi dedim. Lap pulumuzu birdəfəlik kəssə də mən
gördüyüm işi vicdanla görəcəm. Çünki o mənim adımdır. Əlli il sonra da baxıb deyəcəklər ki, bir usta Mətləb var idi,
bu evi o tikib.
- Hə, bax, bu başqa məsələ! Murad müəllim haqqında da elə
nalayiq sözlər işlətmək sənə heç yaraşmadı. Həm də arxasınca.
Lazım deyil belə şeylər!
Bir saat sonra Mətləb kişi İbrahimin qoluna girib onu xəlvətə
çəkdi:
- Qardaşoğlu, bayaq bərk hirslənmişdim. O balalarımın
canına and olsun, həqiqətən, bu saat puldan bərk korluq çəkirəm.
Ona görə elə artıq-əskik danışdım. Xahiş edirəm, daha Murad
müəllimin qulağına çatmasın o sözlər.
İbrahim, açıq-aşkar pərt oldu:
- A kişi, məni niyə söyürsən? Mən burda Murad müəllimin
xəbərçisiyəm, yoxsa iş icraçısı?
- Sözümdən incimə, sən allah. Deyirəm, yəni....
- Heç nə demə, get işinlə məşğul ol! - İbrahim ustanın sözünü
kəsdi. - Mən ondan xahiş edəcəm sizin pulunuzu versin,
vəssalam!
İbrahim bu ağsaqqal kişinin onu başqalarına tay tutmasından,
doğrudan da, incimişdi. Çünki, xəbərçilik, ev yıxmaq, ara
qarışdırmaq onlara nəsillikcə həmişə yad olmuşdu.
Onda İbrahim hələ uşaq idi. Səhər tezdən kəndliləri Novruz
darvazanı açıb həyətə girdi. Tariyel müəllim onu həyətdəki
masanın arxasına dəvət edib İbrahimə çay gətirməyi tapşırdı.
İbrahim süfrəyə çay gətirəndə Novruzun Fərid müəllimdən
xəbərçilik etdiyinin şahidi oldu. Sən demə, Fərid müəllim bir
neçə nəfərin yanında İbrahimin atasının arxasınca xeyli asıbkəsibmiş. Deyibmiş ki, Tariyel müəllim vicdansız adamdır.
Tariyel müəllimin stəkanı tutan əli əsəbdən titrəyirdi. İbrahim
düşündü ki, atası bu saat Fərid müəllimin ünvanına yağlı bir
söyüş söyəcək. Ya da durub onların evinə gedəcək ki, cavabını
verib hirsini soyutsun.
Amma belə olmadı. Tariyel müəllim birdən stəkanı masanın üstünə qoyub Novruzun düz üzünə tüpürdü:
- Sən nə alçaq adamsan, ə!? Səhər tezdən yüyürə-yüyürə
gəlmisən ki. zəhərini mənim üstümə töküb qanımı bütün gün
ərzində qara eləyəsən? Fərid mənim arxamca nə deyibsə əcəb
eləyib. Dur rədd ol qarşımdan!
Novruz ayağa qalxıb suyu süzülə-süzülə getdi və bu hadisə
indiyədək İbrahimin xatirəsində qalmışdı.
Bir dəfə də həmin Fərid müəllim məktəbin ağsaqqal direktoruna qarşı bir hörmətsizlik eləyibmiş. Bundan acıqlanan
direktor qərara gəlib ki, Fəridi məktəbdən qovlasın. Onun
məktəbə sərxoş gəlməsi, vaxtaşırı dərs buraxması və daha başqa
nöqsanları barədə akt tərtib edərək başlayıb müəllimlərə bir-bir
qol çəkdirməyə.
Növbə Tariyel müəllimə çatanda onu da təklikdə kabinetinə
çağırıb. Aktı qarşısına qoyaraq deyib ki, buyur sən də bu akta qol
çək. Tariyel müəllim isə aktı oxuyaraq qol çəkmədən direktora
qaytarıb:
- Bilirəm, Fərid sizə qarşı kobudluq edib. Əgər istəyirsinizsə
onu bu saat buraya çağırın, gözünüzün qarşısında sifətinə bir şillə
vurum. Yəni, mən ondan qətiyyən qorxub- eləmirəm. Ancaq, bu
akta da qol çəkməyəcəm.
Bəli, İbrahim Tariyel müəllimin oğlu idi. Onun genini daşıyırdı, onun tərbiyəsini almışdı və yəqin ki, bundan sonra dəyişə
bilməzdi. Dəyişə bilməzdi? Axı o dəyişmək istəyirdi... Əlqolunu bağlayan bəzi xasiyyətlərini kənara tullayıb yuxarı
mərtəbələrə qalxmaq istəyirdi. O mərtəbələrə ki, orada insanlar
daha firavan, daha zəngin yaşayırdılar.
Mərtəbələr... Mərtəbələr... Bu barədə düşünən kimi yadına
yenə sevimli baldızı Cəmilə düşdü. Onun Nizami parkında
dediklərini xatırladı: «İnsanIar müxtəlif mərtəbələrdə
yaşayırlar...», «Sən çalış ki, öz mərtəbəndə qalasan...»
On gün əvvəl Cəmilə Amerikadan zəng vurmuşdu. Həm də
bacısı Fəridəyə yox, İbrahimin özünə...
Səsi yaman qəmli idi və bunun səbəbini öyrənmək üçün İbrahim:
- Nəsə olub. Cəmilə? - deyə soruşdu.
Arada sükut yarandı və nəhayət Cəmilə dərindən ah çəkdi:
- Mən Akifdən ayrıldım, İbrahim...
- Necə yəni... - İbrahim heç nə anlamadı.
- Yəni, boşandım ondan.
- Niyə axı?
İbrahim bu sualı mexaniki olaraq verdi. Hələ ki, eşitdiyi
xəbərin mahiyyətinə varmağa imkan tapmamışdı. Cəmilə isə,
deyəsən, elə ürəyini ona boşaltmaq üçün zəng vurmuşdu. Yenidən
köks ötürüb danışmağa başladı:
- Nizaminin heykəli yanındakı söhbətimiz yadındadır? Səndən
savadsız və yaşca kiçik olmağıma baxmayaraq, nəsihət verirdim
sənə. Çünki, Fəridənin, uşaqlarınızın, elə sənin özünün də mənim
yaşadığım mərtəbəyə necə həsədlə baxdığınızı görürdüm.
İstəmirdim yanlış yola düşüb sonradan peşmançılıq əzabı çəkəsiz.
Səni bilmirəm, amma mənim özümə o söhbət təsirsiz qalmadı.
Kazana qayıdandan sonra çox düşündüm. Özüm barədə,
yaşadığım mənasız, mənəviyyatsız həyat barədə. İnan ki, İbrahim,
iyrəndim özümdən. Gördüm ki, mən heç də varlı, imkanlı bir
adam deyiləm. Əksinə, pulun, var-dövlətin köləsi olan Akifin
köləsinə çevrilmişəm və ondan heç də artıq olmayan başqa kölələr
də məndən istifadə edirlər. İstər Nadir olsun, istər Murad...
Akifdən onsuz da iyrənmişdim, indi gördüm ki, hər şey lap
dözülməz olub. Ərizəmi verib boşandım... Sən məni eşidirsən?
- Hə, eşidirəm... - İbrahim həmin vaxt yeni tikilən malikanənin
həyətində idi. Baldızı ilə danışmaq üçün bir az kənara çəkilmişdi.
Bir əliylə birtəhər siqaret çıxarıb yandırdı. - Deyirəm axı, iki
həftədir səsiniz gəlmirdi... Yaxşı, bəs indi nə edəcəksən?
- Amerikaya gəlmişəm, - Cəmilə dedi. - Burada bir tanısım var. Əlli yaşında professordur. Universitetdə dərs deyir. İki il
olar, tanıyırdım onu. Yəni, aramızda intim bir şey olmayıb heç
vaxt. İndiyədək evlənməyib. Mənə evlənmək təklifi edir. Amma
mən fikirləşmək istəyirəm. Baxmayaraq ki, sadə və təmiz
insandır, yenə də bir daha səhv etmək istəmirəm. Özümün
planlarım var. Tezliklə ingilis dilini öyrənmək, özümə kiçik də
olsa biznes qurmaq fikrindəyəm.
- Bəs uşaqlar?
- Təsəvvür edirsən, uşaqlar Akiflə qalmaq istədilər. Yaşadıqları zəngin həyatı əldən verməyə qorxdular. Mən də çox üz
vurmadım mənimlə gəlmələri üçün. Çünki keçmiş həyatımdan
birdəfəlik uzaqlaşmaq istəyirdim. Hər dəfə onları görəndə Akif
yadıma düşəcəkdi, mənasız keçirdiyim günlərim yadıma
düşəcəkdi. Bir də ki, onlar, onsuz da, böyüyüblər. Bir az sonra hər
ikisinin müstəqil ailəsi olacaq. Yenə istədiyimiz vaxt əlaqə
saxlaya bilərik.
- Hə... - İbrahim nə deyəcəyini bilmirdi. - Doğrusu, bu xəbər
mənim üçün gözlənilməz oldu. Kənddəkilər, ya Fəridə eşidəndə
nə düşünəcəklər, bilmirəm.
- Onlara, hələ ki, heç nə demə. Özün də narahat olma mənim
üçün. Mən indi özümü daha rahat, daha azad hiss edirəm. Yaxşı
ki, bacardım. Yəni o mühitdən, o həyatdan qopmağı, geri
qayıtmağı bacardım. Əgər imkanım olsaydı lap əvvəllərə
qayıdardım. Uşaqlıq illərinə... O illərə ki, kasıb idik, amma
dərdsiz-sərsiz idik, xoşbəxt idik.
- Hə... - İbrahim də bir anlıq xəyalən uşaqlıq illərinə qayıtdı.
- Yaxşı, bayaqdan soruşmuram, bəs sən nə ilə məşğulsan,
yeznə?
İbrahim onunla belə səmimi danışan baldızından nəyisə
gizlətmək istəmədi:
- O begemotla tutmadı bizimki. Fəridə də çıxdı işdən, mən də.
İndi Murad müəllimin yanında işləyirəm.
- Muradın?
- Hə...
- Nə işləyirsən?
- Murad müəllim Şamaxıda özünə villa tikdirir, işlərin
hamısına mən rəhbərlik edirəm. Söz verib ki, burada tikinti işi
bitən kimi mənə nazirlikdə yaxşı vəzifə verəcək.
Cəmilə, deyəsən, qulaqlarına inana bilmirdi:
- Bunu səndən gözləmirdim, İbrahim. Axı sənə demişdim!?
Demişdim ki, onun yanına getmək lazım deyil!
- Niyə axı, Cema?
- Çünki səni yaxşı tanıyıram. Bilirəm ki, sənlik deyil o işlər.
Sən bacarmayacaqsan.
İbrahim qadının sözlərindən aşkarca incidi:
- Yəni, doğrudanmı, məni bu qədər bacarıqsız, əfəl hesab
edirsən?
- Məsələ əfəllikdə deyil. Ona görə bacarmayacaqsan ki... Nə
isə!.. Çox pis oldum... Heyif!..
İbrahim də pərt olmuşdu və bu söhbətə son vermək istəyirdi:
- Yaxşı, Cəmilə, sonra danışarıq. Sənə yeni həyatında
uğurlar arzulayıram.
- Sənə də... - Cəmilə astadan dedi və tez də əlavə etdi. -
Amma daha buna heç inanmıram...
Ondan sonra baldızı ilə danışmamışdılar. Nə də bir asudə
vaxtı olmamışdı ki, oturub onun son sözləri, yaxud atdığı qeyri-adi addım barədə fikirləşsin. Çünki, malikanədə hər gün qızğın
iş gedirdi və İbrahim də çalışırdı ki, Murad müəllimin ona
göstərdiyi etimadı layiqincə doğrultsun...
Gəlib malikanəyə çatdı. Avtomobili açıq darvazadan həyətə
salıb yerə enəndə Murad müəllimin tikilməkdə olan binanın yan
tərəfində tək dayandığını gördü. Usta Mətləb fəhlələrlə divarı
hörürdü. «Range-rover»in sürücüsü maşının yanında Qurbanla
söhbət edirdi. yaxınlaşdı:
-Salam, Murad müəllim.
Murad müəllim onun salamını yalnız başını tərpətməklə aldı:
- Şəhərə niyə getmişdin?
- Üzlük daş üçün bir-iki yerə baş çəkdim.
Bu, deyəsən, şefi maraqlandırmadı:
- Burada işlər necə gedir?
- Hər şey öz qaydasındadır. - İbrahim cəld cavab verdi.
- Narazılıq eləyən, işi pozan yoxdur ki?
- Xeyr, qətiyyən! Fəhlələrin hamısı həvəslə işləyirlər.
- Bəs usta? - Murad müəllim gözlərini qıyıb onu sınayıcı
baxışlarla süzdü.
İbrahim dərhal anladı ki, Qurban xəbərçilik eləyərək, Mətləb
kişinin dünənki danışığını şefə çatdırıb. Bir anlıq nə deyəcəyini
bilmədi. Amma yaxşı adam kimi tanıdığı ustanı satmaq fikri də
yox idi. Yəni, bacarmazdı bunu...
- O da lap yaxşı işləyir, - dedi. - Amma bir az maddi sıxıntısı
var. Ona bir az pul versəniz daha həvəslə işləyər. Kiməsə borcu
var, deyəsən...
- Bunları özü dedi sənə?
- Bəli.
- Nə dedi?
- Dedi ki, mən Murad müəllimdən pul istəməyə utanıram, sən
xahiş elə ki, keçən aydan qalan pulu versin. Əlbəttə, əgər
mümkündürsə...
- Lap elə bu cür dedi?
- Bəli, Murad müəllim. Mən də ona söz verdim ki, xahişini
sizə çatdıracam.
Murad müəllim başını mənalı tərzdə yırğaladı:
- Mən səni düzgün adam hesab eləyib, kimlərinsə xətrinə
çörək vermək istədim. Hələ dedim ki, özünü yaxşı göstərsən səni
nazirliyə - öz yanıma aparacam. Sən də mənə söz verdin ki,
etimadımı doğruldacaqsan. İndi mən anlaya bilmirəin, sən özün axmaqsan, ya başqalarını axmaq hesab edirsən?
Bu sözlər İbrahimin içini qılınc kimi doğradı. Amma yenə
qərar verdi ki, bu adama cavab qaytarıb özünə əlavə problemlər
yaratmayacaq. Uşaqlarını düşündü, öz mərtəbəsindən daha
yüksəklərə qalxmaq istəyini yada saldı.
- Mən neyləmişəm axı, Murad müəllim? - deyə sakitcə
soruşdu.
- Daha neyləyəcəksən?! - Nazir müavini səsini qaldırdı. - Mən
öz evimin tikintisini sənə etibar eləmişəm. Sən isə kimlərinsə
xain məqsədlərini məndən gizlətməklə mənə zərbə vurursan.
Deməli, pulu bir az gecikdiyi üçün usta işini keyfiyyətsiz
görürmüş ki, bir il sonra ev uçsun, hə? Üstəlik arxamca
təhqiramiz sözlər işlədirmiş? Və sən də bütün bunları məndən
gizlədirsən? Daha sənin kimi işçi mənim nəyimə lazımdır? Sabah
nə adla səni öz yanıma gətirə bilərəm?
İbrahim öz vəziyyətini unudub ustanı müdafiə etməyə tələsdi:
- Murad müəllim, Mətləb dayının heç vaxt elə xain fikri
olmayıb. Nə də sizin arxanızca heç bir pis söz danışmayıb. O
yaxşı adamdır.
Murad müəllim ona rişxəndlə baxıb gülümsədi:
- Yox, əzizim, sən sınaqdan çıxa bilmədin. Şələ-küləni
yığışdır, get burdan!
İbrahim boğula-boğula qalmışdı və nə deyəcəyini kəsdirə
bilmirdi:
- Mən bir aydır burada sizin üçün işləyirəm.
- Narahat olma, pulunu verəcəm. Nə qədər danışmışdıq?
Aya min manat? - Əlini cibinə salıb bir topa yüzlük çıxartdı. -
Al, götür. Pulunun beş yüz manatını kəsirəm. Bilirsən niyə?
Məndən xırda-xırda oğurlayıb satdığın taxtaya, sementə görə!
Tut görüm!
Sarsılmış İbrahim gah şefinin kinayəli üzünə, gah da əlində
tutduğu pula baxırdı. Deməli, tülkü xislətli Qurban öz oğurluq əməllərini də onun boynuna yükləmişdi. Sən bir işə
bax, Murad müəllim onu, yəni Tariyelin oğlu İbrahimi oğru
hesab edirdi. Həm də Qurban kimi bir yaltağın, əclafın,
şəxsiyyətsizin sözü ilə...
Əgər əmin olsaydı ki, Fəridə ailəni birtəhər dolandıra biləcək,
bu saat Muradın üzünə tüpürüb pulunu başına çırpar, Qurbanı isə
canı bədənindən çıxana qədər döyərdi. Ancaq, heyif ki, buna
əmin deyildi.
Dişləriylə dodağını bərk-bərk sıxıb, az qaldı ki, qanatsın:
- Mən ömrümdə heç vaxt oğurluq eləməmişəm, Murad
müəllim! - dedi.
- Dedim ki, al pulunu və çıx get! - Malikanə sahibi bir az da
ciddiləşdi.
İbrahim, qeyri-ixtiyari olaraq, ona uzadılan pulu aldı. Dönüb
darvazaya doğru bir neçə addım atdı. Beyni nə qədər dumanlansa
da «Rangerover»in yanında dayanmış Qurbanla sürücünün,
villanın yarımçıq divarından boylanan fəhlələrin və nəhayət,
əlində çəkic donub qalmış usta Mətləbin ona necə diqqətlə göz
qoyduqlarını görürdü.
Bir anlıq ayaq saxladı, istədi ki, geri qayıdıb haqqını tələb
etsin. Qurbanın bütün oğurluqlarını açıb Murad müəllimə desin.
Sübut etsin ki, taxta, sement oğurlayan o yox, Qurbandır. Ancaq
tez də fikrindən daşındı. Bildi ki, bu havayı söhbətdir. Qurbana
heç nə sübut eləyə bilməyəcək. Nə də Mətləb kişi başda olmaqla
fəhlələrin heç biri Qurbanın üzünə durub həqiqəti deməyə
cəsarət etməyəcək.
Bir də ki, özünü təmizə çıxarmaq mümkün olsaydı da daha
Murad kimi adamın tabeliyində işləmək istəməzdi. Bu saat ona
da az qala Qurban qədər nifrət edirdi. Amma təkcə bu iki adama
yox, elə özünə də... Özünə də nifrət edirdi İbrahim..
Sürətlə darvazadan çıxıb kəndin mərkəzi küçəsinə doğru
addımladı. Həmin an şəhərə gedən bir maşın tapmaqdan başqa
heç bir arzusu yox idi...
ŞİMDİ OKUDUĞUN
Elxan Elatlı - Mərtəbələr
RandomMərtəbələr və ya intiharla bitən ömür... Amma görəsən bu faciəli sonluğu intihar adlandırmaq olarmı?