Kürəyini divara söykəyib bir neçə dəqiqə dincəldi.
Nəfəsini çox çətinliklə alırdı. Birdən ağlına gəldi ki,
evdəkilər narahat olub ona zəng vura bilərlər. Bir az
əvvəl söndürüb cibinə qoyduğu telefonunu çıxartdı.
Əlləri əsə-əsə yandırdı. Gözlərini işıqlanmış ekrana
dikib həyəcanla gözlədi. Yox, heç kəs zəng vurmamışdı ona,.. Deməli, belə... Telefonu yenə
söndürmək istədi. Amma, nədənsə, buna ürəyi
gəlmədi bu dəfə. Eləcə cibinə qoyub, pilləkənlə
qalxmağa davam etdi.«Prado» markalı avtomobil «8-ci kilometr» qəsəbəsində
yerləşən şadlıq sarayının qarşısında dayandı.
- Düşün görək!
Maşının sükanı arxasında oturmuş İbrahim arxaya baxmadan
dilləndi. Səsində aşkar bir narazılıq duyulurdu və bu heç də
səbəbsiz deyildi. Fəridə ilə Arzunu düşürən kimi tələsik şəhərin
mərkəzinə qayıdıb, bu dəfə Hüseynağanı şadlıq sarayına
gətirməliydi. Bir saatın içində bu uzaq qəsəbəyə iki dəfə maşın
sürməli olacaqdı. Həm də arvadı Fəridə xanımın yersiz şıltağı
üzündən. O iş yoldaşı Aybənizin toyuna Hüseynağagillə eyni
vaxtda gəlmək istəməmişdi. Niyə? Çünki, Hüseynağa toya bir az
gec gələcəkmiş. Fəridə isə istəyirdi ki, iş yoldaşının toyunda lap
əvvəldən iştirak etsin.
Amma İbrahimə elə gəlirdi ki, bunun başqa səbəbi də , var.
Son bir neçə gündə Fəridə işdən evə qanıqara gəlirdi.
Hüseynağadan söz düşəndə isə nədənsə üz-gözünü turşudurdu.
Buna səbəb nə idi görəsən? Cəmi bir aydır Hüseynağanın
supermarketində nəzarətçi işləyən Fəridə ondan niyə incimişdi?
İbrahim arvadından bu barədə soruşsa da qaneedici bir cavab ala
bilmədi.
Fəridə qapını açıb yerə enmək əvəzinə güzgüdə özünə baxırdı. Elə Arzu da saçlarına, üst-başına əl gəzdirməklə məşğul idi.
- Məni gözləyirlər axı!?. - İbrahim əsəbini boğmağa çalışdı.
- Düşürük bu saat. - Fəridə güzgünü çantasına qoyub qapını
açdı.
- Bax, bu başdan deyirəm, qayıdanda Hüseynağa ilə bir yerdə
qayıdacaqsınız.
- Birdən o vaxtından tez dursa necə? Mən Aybənizin toyunda
axıra qədər oturmaq istəyirəm axı!?
- Bəs mən bütün axşamı o baş - bu başa maşın sürməliyəm?
- Yaxşı, deyinmə sən allah!
Axır ki, yerə endilər. Fəridə məxsusi olaraq bu toy üçün aldığı
qara rəngli nazik donda idi. Sinə açıq, bel açıq, ətəklər isə tül
şəklində... Nə az, nə çox, yüz iyirmi manat pul vermişdi bu dona.
Ayaqqabıları da təzə idi. Qara rəngli dikdaban tuflilərdə çətinliklə
yeriyirdi. Belə ayaqqabılara alışmamışdı.
Arzu isə qısaqol köynəkdə, dar və qısa yubkada idi. Çılpaq
qıçları açıqda qalmışdı. Əvvəlki vaxtlar olsaydı, İbrahim
arvadının və qızının geyimlərinə etiraz edər, onların bu
vəziyyətdə evdən çıxmasına imkan verməzdi. Amma indi o
əvvəlki İbrahim deyildi. Akifgillə keçirdiyi bir ayda və ondan
sonrakı ay yarım müddətdə xeyli dəyişib başqa adam olmuşdu.
Artıq həyata Akifin nəzərləriylə baxa bilirdi. Hər halda, İbrahim
özü barədə belə fikirdəydi.
Fəridəgil şadlıq sarayının qapısından girənə kimi İbrahim maşını döndərib, yenidən şəhərin mərkəzinə doğru yola düşdü.
Təxminən bir ay əvvəl, avqustun ortalarında Fəridə İbrahimi
əməlli-başlı şoka salaraq bildirdi ki, Hüseynağanın
supermarketində işə düzəlir. İbrahim eşitdiyi bu bəyanatı bir neçə
an qavraya bilmədi:
- Başa düşmədim...
- Burda başa düşməməli nə var ki? Afiyətdən xahiş elədim, o
da ərinə dedi. Bu gün Hüseynağa müəllim məni çağırmışdı.
Təsadüfdən marketdə boş yer varmış. Ayda üç yüz manat verəcək.
Məktəbdə aldığımdan üç dəfə çox!
Gör ha!.. Arvadının bir vaxtlar zəhləsi getdiyi, az-qala iyrəndiyi Begemot Hüseynağa indi «Hüseynağa müəllim» olmuşdu.
Üstəlik, Fəridə onun tabeliyi altında işləməyə razılaşırdı.
Əslində arvadındakı bu dəyişiklik birdən-birə baş verməmişdi.
Akifgil gəlib-gedəndən sonra Fəridə üstdəki qonşulara artıq başqa
nəzərlərlə baxırdı. Bir dəfə Hüseynağadan söz düşərkən İbrahim
ona «begemot» dedi və bu barədə Fəridədən ilk dəfə etiraz eşitdi:
- Hər nəyə oxşayır, özü bilər. Əsas odur ki, ailəsini yaxşı
dolandırır. Heç nədən korluqları yoxdur. Şəxsən mənim fikrimcə,
əsl kişi elə olmalıdır.
Onda İbrahim arvadıyla mübahisə etmək istəmədi. Çünki
Fəridədəki bu dəyişiklik onu düşündürməyə başlamışdı. Bəli, əsl
kişi, nəyin bahasına olursa-olsun, çalışıb çoxlu pul qazanmalı,
ailəsini firavan dolandırmalı idi. Akifgildən sonra artıq o özü də belə
fikirləşirdi: O gün özünə bir daha söz verdi ki, boş və çürük əqidəsini
bir tərəfə tullayıb, qabağa getmək üçün mübarizə aparacaq. Üçündən
aşağı olarsa, beşindən yuxarı olmağa çalışacaq.
Amma, hər halda, Fəridədən belə bir qərar gözləmirdi.
- Orada nə işləyəcəksən axı? - deyə soruşdu.
- Kassada işləyən qızlara nəzarət edəcəm. Asan işdir. - Bəs məktəb?
- Dərslər başlayanda gedib ərizəmi verib, çıxacam işdən.
- Yenə bir fikirləş...
- Fikirləşmişəm. Ac qalan deyilik ki!? Sən də özünə bir babat
iş tap, vəziyyətimizi düzəldək.
Akifgil gedəndən bir gün sonra İbrahim «Jiquli»sini vurub
əzmişdi. Maşın o vaxtdan həyətdə yatıb qalırdı. Heç əli gəlmirdi
onu düzəltdirməyə. Qərara gəlmişdi ki, daha taksi işlətməyəcək.
Axtarıb özünə gəlirli bir qazanc yeri tapacaq.
Amma arvadının bu qəfil qərarı... Özünü zorlayıb məcbur etdi
ki, Fəridəyə etiraz etməsin. Düşündü ki, bu hərəkət arvadında
irəliyə doğru bir addımdır. Axı o həmişə bu fikirdə olmuşdu ki,
Fəridə bacısı Cəmilə kimi zirək deyil!?.
Bir də ki, Fəridə marketdə işləsəydi nə olardı? Lap olsun
Begemot Hüseynağanın tabeliyi altında. Nə olacaqdı ki? İbrahim
Fəridəyə arxayın idi və bilirdi ki, arvadı şərəfinə, ləyaqətinə
əskiklik gətirən heç bir iş tutmaz.
Bu yandan da özünə sərfəli bir iş axtarırdı, amma tapa bilmirdi.
Həyətin bir küncünə atılıb qalmış əzik «Jiquli»sinə hər dəfə
baxanda qanı qaralırdı.
Hə... Akifgili yola saldıqları gün «Prado»nu aparıb təhvil verdi.
Əməlli-başlı ürək ağrısıyla... Sonra Fəridənin yazdığı uzun və
insafsız siyahı üzrə alış-veriş etməyə getdi. Nə qədər əsəbləşib
özündən çıxsa da anlayırdı ki, ailəsini bu xoşagəlməz keçid
dövründən salamat çıxarmaq onun boynuna düşür. Bacardığı qədər
çalışmahydı ki, ailəsində əziyyətlə qurduğu düzən pozulmasın.
Səhəri gün isə işə çıxmaq qərarına gəldi. Həmin vaxt belə
düşünürdü ki, Cəmilənin Nizami parkında dediklərinə əməl
edəcək. Yəni, başını aşağı salıb əvvəlki kimi öz işində işləyəcək.
Özündən yuxarılara göz dikməyəcək... Amma bu dəfə daha çox
işləyəcək. Bir-iki ilə pul yığıb bir ucuz «Mersedes» alacaq.
Uşaqlarını böyüdüb bir yana çıxardacaq. Qarşısında duran
problemləri asta-asta həll edəcək. Ən əsası isə ailəsi əvvəlki kimi sadə, ancaq şad və xoşbəxt həyat sürəcək.
«Jiquli»nin toz-torpağını təmizləyib sükanın arxasına keçdi. Bu
zaman maşının salonu ona bir ay sürdüyü «Prado» ilə
müqayisədə o qədər darısqal, o qədər cansıxıcı gəldi ki, bu vaxta
qədər bu maşını necə işlətdiyini heç cür təsəvvür edə bilmədi.
Avtomobili çətinliklə işə salıb asta-asta həyətdən çıxartdı.
Böyük təəssüf hissi ilə anladı ki, nə sükan, nə sürətötürücü, nə də
əyləc lazımi səviyyədə sözünə baxmır. Elə oturacaq özü də
uyğunsuz idi. Arxaya söykənəndə özünü çox narahat hiss edirdi.
Başa düşdü ki, neçə illər sürdüyü bu avtomobilə yenidən
alışması üçün azı bir həftə lazım olacaq. Heyif deyildimi o
«Prado»? Necə də rahat, geniş və əzəmətli idi. İbrahim onun
sükanı arxasında oturanda özünü güvənli, arxayın və bəxtəvər hiss
edirdi. Bu isə...
Maşınların gur hərəkət etdiyi küçəyə çıxanda özünü daha
naqolay hiss etməyə başladı. Əli sükana heç cür yatmırdı və bu onu
açıq-aşkar əsəbləşdirirdi.
Elə o hadisə də bu səbəbdən baş verdi. Yoxsa nə olmuşdu kil?
İbrahim bacarıqlı sürücü idi və o günədək bir dəfə də olsun qəza
törətməmişdi. Qarşısında gedən «Leksus» işıqforun qırmızı
işığında qəfil dayandı. İbrahim də dərhal əyləci basdı. Amma bir
ay sürdüyü «Prado»nun rahat idarəsinə uyğunlaşdığı üçün əyləci
kifayət qədər basa bilmədi və «Leksus»u arxadan vurdu.
«Jiquli»nin qabaq hissəsi əzilmiş, farasının biri sınmışdı.
Vurduğu iri gövdəli avtomobilə isə heç bir ciddi ziyan dəyməmişdi. Yalnız arxada kiçik bir batıq yaranmış, gövdənin qara
rəngli boyası nəzərə çarpmayan dərəcədə sürtülüb pozulmuşdu.
O da, «Leksus»un sükanı arxasında oturmuş dolu bədənli gənc
də dərhal yerə endilər. Avtomobilinin arxasına baxıb batıq yeri
görən oğlan İbrahimin üstünə şığıdı:
- Korsan?! Maşın sürə bilmirsən, sürmə də!
İbrahimin qanı onsuz da qara idi. Bu yandan da bu uğursuz
hadisə... Amma yenə özünü ələ alıb, səbirli olmaq qərarına gəldi:
- Bir işdir oldu. Görürsən ki, mənimki daha çox əzilib.
Oğlan isə sakitləşmək istəməyib əl-qolunu ölçürdü:
- Sən öz cındır maşınını mənimki ilə müqayisə eləyirsən?
Bunu satsan da mənim ziyanımı ödəyə bilməyəcəksən.
Bu vaxt «Leksus»un sağdakı arxa qapısı açıldı və qısa
saqqallı, kök bir kişi yerə enərək onlara yaxınlaşdı. O da
vurulmuş maşının arxasındakı kiçik batıq yeri diqqətlə müşahidə
etdi. Əzilmiş «Jiquli»yə isə yalnız ötəri bir nəzər salıb, üzünü
İbrahimə tutdu:
- Allaha şükür ki, salamatlıqdır. Təki nə olsa maşına olsun.
Mən həccə gedib-gəlmiş adamam. İstəmərəm mərdimazarlıq
olsun. Sən indi sənədlərini bizə ver və yol polisi gəlməmiş çıx
get. Axşama kimi oğlumla görüşüb iki min manat verərsən,
sənədini qaytarar.
- İki min manat? - İbrahim qeyzləndi. - Sən nə danışırsan, ay
əmi? Mən neyləmişəm ki, sizə o qədər pul verim? Bir balaca
batıq var, barmaq boyda da rəngi tökülüb. Hara desəniz aparaq,
özüm düzəltdirim.
- Yox! - kişi qəti etiraz etdi. - Biz onu başdan ayağa
rənglətdirəcəyik. Gəl bizimlə bazar açma. Polisə düşsən başın
əməlli-başlı ağrıyacaq. Hələ onu deyim ki, orda da bizim
uşaqlardı. Gəl söhbəti uzatma, bizimlə razılaş.
İbrahim qarşısında durub ondan cavab gözləyən şişman
kişinin, onun özünə oxşayan oğlunun bahalı üst-başına nəzər
yetirdi, təzə və yüksək qiymətli maşınlarına baxdı. Sonra dönüb
öz əzilmiş, miskin görkəmli «Jiquli»sinə nəzər saldı. Bu adamlar
üçün, yəqin ki, iki min manat əhəmiyyətli bir şey deyildi. Amma
onun üçün... Əgər bu əzilmiş, köhnə «Jiquli»sini satsaydı bəlkə
də iki min manata getməzdi. Bir gün əvvəl baldızı Cəmilənin
Nizami parkında verdiyi iki min manatı xatırladı. Onu evdə gizlətmişdi. Nəzərdə tutmuşdu ki,
o pula anasını müalicə etdirsin və artığı qalarsa Fəridəyə
paltaryuyan maşın alsın...
İçində özünün də anlamadığı bir təlatüm, bir üsyan baş
qaldırırdı. Qarşısındakı bu harın kişini tutub boğmaq keçirdi
ürəyindən. Ancaq ailəsini, övladlarını düşünüb səbrini basdı.
Cəhənnəmə ki! Cəmilənin verdiyi o pulu onsuz da götürmək
istəmirdi. Deməli, qismət deyilmiş o pullar İbrahimə.
Qərara gəldi ki, bu adamlarla mübahisə etməyəcək. Sənədlərini maşından götürüb kişiyə verdi. Dedi ki, iki mini axşama
kimi onlara çatdıracaq.
Bir də qərara gəldi ki, daha taksi-filan işlətməyəcək. Çarpışıb-vuruşub gəlirli iş tapacaq. Qüruru, vicdanı, qeyrəti, insafı və bu
kimi ziyanlı xasiyyətləri tullayıb yalnız çoxlu pul qazanmaq
barədə düşünəcək. Addım-addım qabağa gedib imkanlı bir adama
çevriləcək. Bu «imanlı» kişi kimi, Akif kimi, Begemot
Hüseynağa kimi, Əşrəf kimi...
Eybi yox, qoy bu yolda üçünün-beşinin qabağında alçalsın.
Bununla dünya dağılmayacaqdı. Əvəzində isə onu, on beşi, yüzü
əyiləcəkdi onun qarşısında. Cəhənnəmə olsun hər şey! İbrahim
Akifgillə keçirdiyi bir ay ərzində pullu olmağın nə demək
olduğunu aydınca görüb anlamışdı. Artıq bu vaxta qədər həyatda
necə səhv bir mövqe tutduğunu dərk etmişdi. Gec də olsa
düzəldəcəkdi səhvini. Mütləq düzəldəcəkdi!
O gün axşamüstü, şkafda gizlətdiyi iki min manat pulu aparıb
«Leksus»un sahibinə verdi. «Jiquli»ni isə həyətin xəlvət bir
küncündə saxladı. Rövşənə dedi ki, maşınına üç min verən olsa
satacaq. Özünə sərfəli bir iş tapıb kreditlə yaxşı avtomobil
götürmək fikrindəydi. Rövşən bir xeyli müddət «Jİquli»yə
həsrətlə baxdı. Dedi ki, əgər İbrahim maşını min beş yüzə satarsa
o özü ala bilər. Amma İbrahim razılaşmadı. Köhnə maşını
gözündən tamam düşsə də onu belə ucuz satmaq istəmirdi.
Yayın sonrakı günləri çox ağır keçdi İbrahim üçün. Bir tərəfdən
zəhlətökən istilər boğurdu onu, bir tərəfdən maddi çətinliklər, digər
tərəfdən də ailə üzvlərində əmələ gəlmiş xoşagəlməz dəyişikliklər.
Əsasən də Fəridə yaman anlamaz olmuşdu. Hər şeyin yaxşısını
yemək, yaxşısını geymək keçirdi könlündən, amma dərk eləmirdi ki,
bunları almağa ailənin büdcəsi kifayət etmir.
Uşaqlarının da ona qarşı münasibəti dəyişmişdi. Arzu daha onu
tez-tez qucaqlayıb «mənim atam bir dənədir» demirdi. Cövdətin
qaş-qabağı həmişə yer süpürürdü.
Bir gün yenə iş axtarmağa çıxan İbrahim evə qayıdarkən Arzunu
sevindirmək qərarına gəldi. Bilirdi ki, qızının bər- bəzəkli
sancaqlardan xoşu gəlir. Seçib beş manatlıq yaraşıqlı bir sancaq
aldı onun üçün. Bu sancaq axırıncı dəfə aldığı iki manatlıq
sancaqdan çox yaxşı idi.
Evə gələndə sancağı cibindən çıxarıb qızına verdi. Arzu üzgözünü qırışdırıb hədiyyəyə baxdı. Sonra nə düşündüsə, onu
atasından alıb, mətbəxə - anasının yanına keçdi. Bir saat sonra
mətbəxə girən İbrahim, aldığı sancağın laqeyd halda mətbəx
şkafının rəfinə atıldığını görüb, çox pərt oldu.
O gecə yatağına girəndən sonra gözünə xeyli müddət yuxu
gəlmədi. Fikirləşdi, fikirləşdi... Amma bu fikirlərin son nəticəsi bu
oldu ki, qızını yox, özünü günahkar bildi. Elə atalar vardı ki, qızına
avtomobil alırdı. Məsələn, biri elə bacanağı Akif. Demişdi ki,
Kamaya maşın almaq istəyir. İbrahim isə heç olmasa əlli manatlıq
bir hədiyyə alıb verə bilmirdi qızına.
Belə düşünürdü, beləcə özünü günahlandırırdı, amma eyni
zamanda dəhşətli təəssüf hissi ilə duyurdu ki, arvadı da, uşaqları
da gözündən düşürlər. Çünki onlar vəziyyəti anlamaq istəmirdilər.
Çünki onlar ayaqlarını yorğanlarından çölə çıxarırdılar və
yorğandan çıxmış bu çılpaq ayaqlar çox gülünc, ikrah doğurucu
görünürdü...
Təkcə anası hələ dinib-danışmırdı. Yalnız hərdən belinin
ağrısından şikayətlənib inildəyirdi və bununla oğluna eşitdirirdi ki,
onu müalicə ctdirmək lazımdır.
Yox, İbrahim lap qəti qərara gəlmişdi ki, qarşısını kəsən bütün
mənəvi sədləri dağıdıb, çoxlu pul qazanmağın yolunu tapacaq. Niyə
də tapmamalıydı axı? Kimdən əskik idi? Sağlam, gənc bir kişi idi.
Savadı, bacarığı da öz yerində...
Hərdən səkidə dayanıb küçədə şütüyən saysız-hesabsız bahalı
avtomobillərə, restoranlara girib-çıxan adamlara baxanda düşünürdü
ki, axı bu adamlar pulu haradan tapırlar? İşləyirlər? Zəhmət çəkirlər?
Axı İbrahim də səhərdən axşama kimi zəhmət çəkməyə, tər tökməyə
razı idi!? Bəs niyə o başqaları kimi yüksək səviyyədə yaşamaq üçün
kifayət edən pulu qazana bilmirdi?
Yox, o da pul qazanmağın yolunu tapacaqdı. Lap lazım gələrsə
kiməsə yalvaracaqdı, kiməsə əyiləcəkdi, axır ki, yuxarı mərtəbələrə
yüksəlməyin öhdəsindən gələcəkdi.
Bilirdi ki, Murad müəllimin qəbuluna getsə bu adam ona mütləq
iş verəcək. Həm də perspektivli gələcəyi olan gəlirli bir iş. Amma
onun yanına getmək istəmirdi. Çünki ona iş verməsi barədə Murad
müəllimdən Akif xahiş etmişdi və Murad müəllim ona yalnız
Cəmilənin xatirinə iş verəcəkdi. Çünki bu adam Cəmilə ilə... Yox,
İbrahimin qeyrəti qəbul etməzdi ki, gedib ondan iş istəsin. Elə bircə
bu qalmışdı!..
Həm də Cəmilə özü dedi axı, dedi ki, getmə Muradın yanına.
Vallah, kim nə deyir-desin, Cema pis qız deyildi. İbrahimi Fəridədən
də, uşaqlardan da, anasından da yaxşı anlayırdı. Anlayırdı ki, ərindən
fərqli olaraq, İbrahim ləyaqətinin göz görə-görə alçaldılmasına
dözən deyil. Bəlkə də buna görə yaman darıxırdı Cəmilə üçün. Buna
görə və bir də ona görə ki, hamını özünə cəlb etməyi bacaran, özünün
bütün varlığıyla ətrafındakılarda xoş duyğular yaradan baldızı
İbrahim üçün firavan həyatın simvoluna çevrilmişdi. Yüksək
səviyyəli həyat barədə düşünən kimi gözləri önündə Cəmilə canlanırdı.
Onaltımərtəbəli binanın altıncı mərtəbəsində Cəmiləgillə
keçirdikləri xoş, firavan, bəxtəvər günlər isə heç yadından çıxmırdı.
Hər şey həm də yalnız yaxşılığı ilə qalmışdı yadında Həmİn
günlərin bəzi məqamlarında keçirdiyi mənəvi əzabları isə, nədənsə,
unutmuşdu.
O əzablar indi qəlbini başqa cür didib-dağıdırdı. Özünün bu
günkü həyat durumundan bezdiyi üçün o rahat və gözəl həyat
səviyyəsinə çatmağa tələsir, buna görə də çırpınıb yollar axtarırdı.
Odur ki, Fəridə Hüseynağanın supermarketində işləyəcəyini
deyəndə çox da şaşırmadı. Düşünüb-daşınaraq arvadının fikriylə
razılaşdı. Kim bilir, bəlkə də bu onların həyatında irəliyə doğru bir
sıçrayışa yol açacaqdı...
Fəridə geyinib-kecinib işə çıxdı və yeni vəzifəsində işləməyə
başladı. Sentyabrda isə məktəbə gedərək müəllimlikdən azad olma
barədə ərizəsini verəcəkdi. İndi o, əvvəlki mövqeyindən fərqli
olaraq, Hüseynağanın mədəniyyətindən, Afiyət xanımın həqiqətən
çox gözəl insan olmasından ağız dolusu danışırdı.
Amma İbrahimi sözün həqiqi mənasında heyrətləndirən əhvalat
təxminən on gün sonra baş verdi. Fəridə axşam evə qayıdanda
İbrahimə dedi ki, onun üçün də iş tapıb. Sən demə, dünən bu barədə
Afiyət həkimdən xahiş edibmiş. Afiyət həkim də bu xahişi ərinə
çatdırıb və Hüseynağa bu gün Fəridəyə deyib ki, İbrahim istəsə
onun şəxsi sürücüsü işləyə bilər.
- Mən Begcmotun şəxsi sürücüsü olacam?! - İbrahim öz
etirazını dərhal səsini yüksəltməklə biruzə verdi.
Yenə sağ olsun ki, arvadı onu az da olsa anlayırmış.
- Səni başa düşürəm, - dedi. - Ancaq nə etmək olar, işsiz
qalmısan. Ayına altı yüz verəcək hələlik. Elə taksidən də uzaqbaşı
elə qazanırdın. Ancaq burada işin daha rahat olacaq. Hüseynağa
müəllim avtomobilindən o qədər də çox istifadə eləmir. Bir-iki il işləyərsən, yavaş-yavaş özümüzü
tutarıq. Bir də baxarsan ki, biz də müstəqil olaraq dükandan zaddan açmışıq.
Arvadının düşüncələrindəki bu irəliləyiş onu sakit olub
düşünməyə vadar etdi. Bəlkə, doğrudan da, belə lazım idi?..
İbrahim özü də söz vermişdi axıl? Söz vermişdi ki, pul qazanmaq, yüksək mərtəbələrə qalxmaq yolunda boş-boş fikirlərlə
özünə mənəvi maneələr yaratmayacaq.
O, bir aydan çox idi ki, Akifgilin yaşayış səviyyəsinə qalxmağı arzulayırdı. Akif kimi imkanlı, özünə güvənli, əliaçıq, şən,
cazibədar olmaq istəyirdi. Amma sonra öyrəndi və anladı ki, Akif
karyerasını arvadı Cəmilənin hesabına qazanıb. İbrahimin bir çox
səbəblərdən az qala pərəstiş etdiyi Cemanın... Məhz Cema Nadir
adlı o adama ağız açmaqla əri üçün gəlirli bir iş almışdı. İbrahim
buna daxilində üsyan edirdi. Bunun necə ola biləcəyini anlayıb
dərk edə bilmirdi, hətta. Amma indi sən işə bax!.. İbrahim üçün
də bu işi arvadı Fəridə təşkil etmişdi. İbrahim bunumu istəyirdi?..
Hə, Akifgilin yoluyla gedib onlar kimi yüksək həyat mərtəbəsinə
çatmaq istəyirdisə, deməli bunu istəyirmiş...
Amma, yox!.. İbrahim Akif kimi ləyaqətsiz deyildi. O heç
vaxt arvadının Cema kimi hərəkət etməsinə dözə bilməzdi. Və eyni
zamanda Fəridəyə də özü qədər inanırdı. Bilirdi ki, Fəridə qeyrətli
qadındır. Bir də axı burada məsələ tamam başqa cür idi. Birincisi,
İbrahim arvadını iş almaq üçün Hüseynağanın yanına
göndərməmişdi və belə bir şeyi heç vaxt edə bilməzdi. İkincisi isə
Fəridə istər özünə, istərsə də , ərinə iş almaq üçün Begemot
Hüseynağaya yox, onun arvadı Afiyət xanıma müraciət etmişdi!
Bəli, bunlar tamam başqa-başqa şeylər idilər və İbrahim yersiz
vasvasılığı bir yana tullayıb vəziyyətlə razılaşmalı idi.
Razılaşdı da... Səhəri gün Hüseynağanın ofisinə gedib onun
şəxsi sürücülüyü vəzifəsini üzərinə götürdü.
Deyəsən, İbrahimin bu təkliflə razılaşmasında Hüseynağanın avtomobilinin markası da müəyyən rol oynamışdı. Bəli,
bu avtomobil İbrahimə düz bir ay sonsuz zövq vermiş həmin
«Toyota-Prado»dan idi...
İlk dəfə sürücü oturacağında oturub maşını işə salanda həmin
zövq-səfanı bir daha duydu. Göz oxşayan gözəllik, əzəmət,
komfort... Bunlar hamısı çox yaxşı idi. Amma çox heyif ki,
bunlardan alınan şirin zövqə yenə də damla-damla acı zəhər
qatılmaqda idi. İbrahim hər an düşünürdü ki, bu avtomobil ona
məxsus deyil. Hər an düşünürdü ki, arzusunda olduğu həyat
səviyyəsində yaşamaq üçün qazancı kifayət etmir. Can atdığı
mərtəbə üçün çox gülünc bir məbləğ idi onun aldığı əmək haqqı.
Bu yandan da Begemot Hüseynağanın ədalı hərəkətləri, ona
yuxarıdan aşağı baxması... Bu yekəpərin baxışlarında birdəfəlik
yazılmışdı ki, İbrahimə çörəyi o verir və istədiyi vaxt bu çörəyi
kəsə bilər.
Sən bir işə bax!.. Bu günə qədər Hüseynağanı adam hesab
eləmirdi İbrahim. Deyirdi ki, şəxsiyyətsizdir, fırıldaqçıdır, haram
pulla saxlayır ailəsini və daha nələr... Amma indi artıq bir qədər
başqa cür düşünürdü. Düşünürdü ki, Hüseynağa hər necə adam
olsa da üstünlüyü göz qabağındadır. O istəsə Akif kimi hər gün
bahah restoranlarda yeyib-içər, ailəsi ilə tez-tez xarici ölkələrə
istirahətə gedər. İstəsə kimisə işə götürüb çörək verər, istəsə
kimisə işdən qovub yaman günə qoyar. Amma İbrahim...
Hüseynağa bir yana dursun, onun arvadı Afiyət xanımın,
uşaqlarının göstərişlərini yerinə yetirirdi. Gününün, saatının
ixtiyarı Özündə deyildi. Qazanacağı pul da ayda cəmi altı yüz
manat olacaqdı...
Düzdür, Fəridənin də işləməsi nəzərə alınsa, bu pullar İbrahimin taksidə işlədiyi vaxt qazandığından az deyildi. Ailəsinin
normal yeməyinə, geyim-keciminə çata bilərdi. Amma o çalışıb
maddi həyat mərtəbələrinin daha yüksəyinə çıxmaq istəyirdi. Heç
olmasa, Akifin yaşadığı mərtəbəyə. Yavaş- yavaş, addım-addım... Buna görə də dözmək lazım gəlirdi. Hüseynağanın iyrənc vücuduna, Afiyət xanımın, uşaqlarının ədalı
göstərişlərinə...
Dərd burasında idi ki. Fəridə bacısı Cemanın yaşadığı o
mərtəbəyə birdən-birə, sıçrayışla qalxmaq istəyirdi. İstəyirdi ki,
indidən özünü o mərtəbədə hiss eləsin. Gah ailə büdcəsinin
çərçivəsini aşan tələblər verir, gah alverçilərdən nisyə mal götürüb
İbrahimi hirsindən partlamaq dərəcəsinə gətirirdi. Aralarındakı
pərdəli münasibət isə keçmişdə qalmışdı. Fəridə ürəyindən
keçənləri artıq onun üzünə deyirdi:
- Ailəsini bolluq içində yaşadan kişilərdən sənin nəyin əskikdir
axı? Savadın yerində, gücün, sağlamlığın yerində. Bəs nəyin çatmır,
hə? İstəyirsən mən deyim nəyin çatmır. Sadəcə zirəkliyin çatmır.
Zəmanəyə uyğunlaşdıra bilmirsən özünü, vəssalam!
Nisyə alınmış bəzi malların pulunu ödəyə bilmədikləri üçün
Fəridə bacısının ona hədiyyə gətirdiyi üzüyü satmışdı. Və bəlkə də
elə buna görə son vaxtlar lap «itə dönmüşdü» və yerli-yersiz bəhanə
tapıb İbrahimin «əl-ayağını tuturdu».
Hələ uşaqları... Gözütoxluğu ilə fəxr elədiyi qızı bir gün
İbrahimdən əlli manat pul istədi. İbrahimin həmin vaxt o qədər pulu
yox idi və dedi ki, olanda verər. Arzu bundan aşkarca incidi:
- Mən gözləyəcəm ki, sənin nə vaxt pulun olacaq? Bir də, nə
böyük puldur axı əlli manat?
HƏ, bir vaxt iki manatlıq sancağı görəndə sevindiyindən atasının
boynunu qucaqlayan Arzu üçün artıq əlli manat böyük pul deyildi.
Xalasıgilin ailəsində görmüşdü axı!? Görmüşdü yüz manatların
necə sağa-sola səpələndiyini.
İbrahim dözməyə çalışırdı. Dözüb uyğunlaşmaq istəyirdi bu yeni
vəziyyətə. Belə görünürdü ki, ailəsində hər şey dəyişirdi və bu
dəyişmə hələ davam edəcəkdi. Hətta bir həftə əvvəl Arzunu həyətdə
Kənanın «Mersedes»indən enən gördü. Əvvəl dəhşət bürüdü onu.
Qızının bu harın gədənin avtomobilində nə işi vardı? Səbrini güclə
basıb evə çıxdı...
Telefonu zəng çaldı. Zəng vuran şefi idi.
- Bəli, Hüseynağa müəllim'
- Sən haralardasan, ə? - səs yaman acıqlı idi.
- Yoldayam. Bu saat gəlirəm, - dedi.
- Mən geyinib həyətə düşürəm. Tez gəl'
- Uzağı on dəqiqəyə ordayam.
Günün bu saatlarında şəhərin küçələrində avtomobillərin çox
olması hərəkət üçün çətinlik törədirdi. Amma yenə imkan olduğu
qədər sürəti artırdı. Fəridənin ucbatından artıq- əskik söz eşitmək
istəməzdi.
Hə... Məlum oldu ki, Arzu məktəbdən çıxanda Kənanla
təsadüfən rastlaşıb. Fəridə də qızını müdafiə etməyə başladı:
- Sən allah, hər xırda şeyin üstündə uşağı danlama. Nə olub
bəyəm? Qonşumuzun oğludur...
Yadına Akifin çimərlikdə Cövdətə dedikləri düşdü. Belə çıxırdı
ki, İbrahim hər şeyə dözməliydi. Əgər Akif kimi yaşamaq, yüksək
mərtəbələrin zövqünü duymaq istəyirdisə dözməliydi. Dərindən bir
ah çəkib susdu...
Anası ilə Cövdət hələ ki, dinib-danışmırdılar. Amma İbrahim
oğlunun yer süpürən qaş-qabağından, anasının gündən-günə
çoxalan süni iniltilərindən anlayırdı ki, onlar da narazıdırlar.
Yaşayış səviyyələrindən narazıdırlar və deməli, beləliklə, bu
səviyyəni yüksəltməli olan İbrahimdən narazıdırlar.
Evdə Akifgilin söz-söhbəti hələ kəsilməmişdi. Tez-tez onları
xatırlayırdılar. Ən çox da geyim-kecim, xarici görkəm
məsələlərində. Maraqlıdır ki, Fəridə bacısı Cəmiləyə, Arzu
Kamiləyə, Cövdət Rafetə bənzəməyə çalışırdı.
Bu cür şeylər onları, daha çox da Fəridəni İbrahimin gözündən
salırdı. Arvadı Cemaya bənzəməyə çalışdıqca, sanki cılızlaşır,
Cema özü isə yüksəlirdi. Axı Fəridə niyə heç nəyi başa
düşmürdü? Niyə başa düşmürdü ki, o heç vaxt Cemanın yolunu
gedə bilməyəcək? Niyə anlamırdı ki, bu yolu getmək heç lazım
da deyil? Niyə anlamırdı ki, onun az qala paxıllıq etdiyi Cəmilə əslində bədbəxtdir?..
Bəli, Fəridə heç nə qanmırdı. Qanmırdı ki, bənzəməyə
çalışdığı bacısı onun yerində olmaq üçün bu saat çox şeyindən
keçərdi.
Yadına Cəmilənin Nizami parkında dediyi sözlər düşdü.
«İnsanlar müxtəlif mərtəbələrdə yaşayırlar...», «Çalış öz
mərtəbəndə qal...», «Özündən yuxarılara yox, özündən aşağılara
bax...»
Görəsən düzmü deyirdi sevimli baldızı?.. Axır günlər Cəmilə
ilə danışmağı yaman çox arzulayırdı. Onlar gedəndən sonra
İbrahim bir-iki dəfə zəng vurmuşdu Kazana. Ancaq telefonda
sərbəst və rahat danışmaq olmurdu. Həm də pul çatdırmaq olmazdı
buna. Çox istəyirdi ki, Cəmilə heç olmasa bircə günlüyə Bakıya
gəlsin. Onunla sakit bir yerdə oturub ikilikdə söhbət etsinlər.
Cəmiləyə deməyə sözü çox idi onun. Deyərdi ki, sən məni
anladığın kimi mən də səni anlayıram. Dediklərinə əməl etmək
istəyirəm. İstəyirəm ki, əvvəlki kimi yaşayım. Sakit, dərdsiz-sərsiz. Amma bu daha alınmır. Hər şeyə başqa nəzərlə baxıram
artıq. Bu yandan bacın da, o biri ailə üzvlərim də imkan vermir
bildiyim kimi hərəkət etməyə. Məni çıxa bilmədiyim bir ağaca
itələyə-itələyə qaldırırlar sanki. Heç veclərinə də deyil ki, yıxılıb
qol-qabırğamı sındıra bilərəm...
Gəlib beşmərtəbəli binanın həyətinə çatdı. Hüseynağa giriş
qapısının ağzında gəzişirdi. Əyninə qara kostyum, ağ köynək
geyinmiş, qırmızı qalstuk vurmuşdu.
«Gözəllik ondur, doqquzu dondur» atalar sözünü İbrahim heç
vaxt qəbul etmirdi. Onun fikrincə, gözəllik həqiqətən on idisə,
bunun yalnız biri, ya uzaqbaşı ikisi-üçü don ola bilərdi. Yerdə
qalanların hamısı isə insanın gözəl siması, normal bədən quruluşu
və daxili aləminin zənginliyi ilə bağlı idi. Bəli, indi Hüseynağanın
toya getmək üçün geyindiyi bu bahalı geyim də onu heç
gözəlləşdirib-eləmirdi. O, İbrahimin nəzərində elə begemot idi ki,
begemot!..
Rövşən həyətdə saxladığı «Zaporojes»in yanında qurdalanırdı. Deyəsən, öz eybəcər maşınını silib-təmizləməklə məşğul
idi. İbrahim tərəfə yalnız ötəri bir nəzər salıb, yenə öz işiylə
məşğul olmağa başladı.
Akifgil Bakıya gəlib-gedəndən sonra Rövşənlə arası bir az
soyumuşdu. Sonra da vurulub-əzilmiş «Jiquli»sini satmaq
istəmədi ona. Hüseynağanın şoferi olandan işə aralarındakı
soyuqluq bir az da artdı. Həmin gün İbrahimi Hüseynağanın
«Prado»sunun sükanı arxasında görən Rövşən təəccüblənmişdi:
- Begemot səni özünə şofer götürüb?
-Hə...
- Heç gözləməzdim səndən.
- Niyə? Nə olub ki?
- O olub ki, səni bu binada hamı əsl kişi kimi tanıyır. Amma
sən belə əskik adamın qulluğunda duracaqsan.
İbrahim Rövşənin bu sözlərindən pərt oldu. Həm də əsəbləşdi
bir az... İstədi desin ki, əskik o deyil, sənsən, bir də mənəm ki,
adam kimi yaşaya bilmirik. Koramal kimi sürünürük. Amma
əsəbini boğub başqa söz dedi:
- Onun necə adam olmasının bu işə dəxli yoxdur. Mən halal
çörəyimi qazanıram.
- Ancaq mən ölsəm də onun şoferi olmaram. - Rövşən dedi.
- Yox bir! Niyə?
- Ona görə ki, ondan əskik kişi deyiləm. Özüm müstəqil
bizneslə məşğulam. Heç kəsdən asılılığım yoxdur. Allaha şükür,
evim, maşınım...
Avtomobili döndərib şefinin qarşısında saxlayan İbrahim
Rövşənlə olan bu söhbəti xatırladı və düşündü ki, Rövşən,
doğrudan da, xoşbəxt adamdır. Ona görə xoşbəxt adamdır ki,
özündən və həyatından razıdır, vəssalam! Xoşbəxt olmaq üçün
bundan başqa nə lazımdır ki?..
- Harada qalmısan, ə?! - arxa qapını açıb maşına əyləşən Hüseynağa kobud səslə dilləndi.
Bu işə girəndən şefinin ona belə çımxırdığını görməmişdi.
Səbirli olub düzünü danışmaq qərarına gəldi:
- Bağışlayın, Hüseynağa müəllim, Fəridə ilə qızımı şadlıq
evinə aparmışdım. Sİz toya gec gedəcəkdiniz, dedim vaxtında
gedib-qayıda bilərəm.
- Başa düşmədim! Bu maşın mənə qulluq eləməlidir, yoxsa
Fəridə xanıma?
«Xanım» ifadəsini aşkar bir istehza ilə söylədi. İbrahim
düşünüb ona nəsə tutarlı bir cavab vermək istəyirdi ki,
Hüseynağa əlini hirslə yellədi:
- Sür görək!
İbrahim nə uşaq deyildi, nə də təcrübəsiz yeniyetmə. Yaxşı
bilirdi ki, hansı işdə işləsən tabe olduğun şəxsin acı sözlərini
qəlbinin imkan verdiyi qədər udmağı bacarmalısan. Yoxsa heç bir
işdə duruş tutub axıradək qala bilməzsən. Elə taksidə işləyərkən
kobud, sərxoş, tərbiyəsiz sərnişinlərin xoşagəlməz davranışlarına
dözməyə məcbur olmurdumu?..
Avtomobili sürüb həyətdən çıxaranda Hüseynağa eyni acıqlı
səslə danışmağa başladı:
- Arvadın gəlib Afiyət xanıma yalvardı ki, vəziyyətiniz yaxşı
deyil, onu işə götürüm. Mən də qonşuluq xatirinə etiraz
eləmədim. Ən yaxşı iş verdim ona. Sonra ağız açdı ki, sənə iş
verim. Yenə razılaşdım. Niyə? Ancaq insanlıq xatirinə.
Fikirləşdim ki, siz də yaxşılığımı anlayıb qiymətləndirəcəksiniz.
Amma, sən demə, yanılmışam. Pay atonnan! - Əlini-əlinə vurdu.
- İnsan nə tez qudurarmış! Deyirəm qonağım gələcək, get bizim
evə, süfrəni hazırlamaqda qulluqçuya kömək elə, razılaşmır. Mən
gedə bilmərəm, deyir. Sən bir forsa-fasona bax! Deməli, çörək
verəndə Hüseynağa yaxşıdır, amma əvəzində nəsə xahiş edəndə
pis! Bilməmişdik, deməli hörmətli Fəridə xanıma iş tapşırmaq
olmazmış!..
Hüseynağa nəhayət susdu. İbrahim də tutulub durmuşdu. Mənzil başına çatana kimi daha heç nə danışmadılar.
İbrahim Fəridənİn son bir-iki gündə qaşqabaqlı olmağının,
Hüseynağanın adı çəkiləndə acıqlı susmağının səbəbini indi
anlamışdı. Deməli, Hüseynağa onu iş üçün evə dəvət edibmiş.
Fəridə də razılaşmayıb. Əlbəttə, elə şeyə razılaşmazdı Fəridə...
Ya bəlkə məsələ heç də Hüseynağanın danışdığı kimi
deyilmiş?.. Bəlkə nəsə üstüörtülü təklif edibmiş Fəridəyə? Ola
bilərdimi belə bir şey? Əlbəttə, ola bilərdi. İbrahim ki,
Hüseynağanı yaxşı tanıyırdı!?
Yox, arada çirkin bir söhbət olsaydı, Fəridə dərhal o işdən
çıxardı. Bu gün də toya getmək üçün Hüseynağanın maşınına
minməzdi. Və əgər, doğrudan da, belə bir şey olsaydı İbrahim bu
boynuyoğunu mütləq öldürərdi. Yox, yəqin ki, Hüseynağa
Fəridəyə intim münasibət göstərməyib. Sadəcə, işçisi olmasından
istifadə edərək ona şəxsi tapşırıq verib. Və Fəridə də sağ olsun ki,
etiraz edib bu özündən razı it oğluna...
Şadlıq sarayının qarşısına çatanda toy təzəcə başlamışdı.
İbrahim «Prado»nu düz sarayın qarşısında əylədi ki, Hüseynağa
düşəndən sonra sürüb bir yaxşı yerdə saxlasın. Sonra isə toyun
sonuna kimi burada gözləmək fikrindəydi. İçəri girməyəcəkdi.
Bu vaxt şefinin hökmlü səsini eşitdi:
- Düş qapını aç da! Yoxsa elə bilirsən ki, o qədər pulu sənə boş
yerə verirəm?!
İbrahimin əsəbləri gərildi. Bu adam onunla niyə belə rəftar
edirdi axı? Onu nə hesab edirdi? Amma yenə özünü ələ ala bildi.
Düşündü ki, hər şey bir yana dursun, Hüseynağa ondan yaşca da
böyükdür. Yerə enib, sağdakı arxa qapını açdı.
Şadlıq sarayının qarşısında bir neçə topa adam dayanmışdı.
Maşından yerə enən Hüseynağa bu adamlara başıyla salam verib
təkəbbürlü addımlarla saraya daxil oldu.
Bu an İbrahimin gözü iki nəfərlə söhbət edən Camala sataşdı.
Universitetdə qrup yoldaşı olmuş Camala... İndi o da İbrahimə
baxırdı. İbrahim nə qədər pərt olsa da yaxınlaşıb görüşməyə
məcbur oldu:
- Salam, Camal. Sən burada nə edirsən?
- Toya gəlmişəm, - Camal dedi. - Oğlan tərəfin bizə qohumluğu çatır. Bəs sən?
- Qız Fəridənin iş yoldaşıdır. - İbrahim könülsüz cavab verdi.
- Məktəbdə?
- Yox, Fəridə indi supermarketdə işləyir. Məktəbdən çıxıb.
- Maşını dəyişmisən, deyəsən? - Camal başıyla «Prado»ya
işarə etdi.
İbrahim fikirləşdi ki, dostuna yalan demək yersiz hərəkət olar.
- Mənim deyil. Fəridənin işlədiyi marketin sahibinindir. Mən
indi onun şoferi işləyirəm.
- Hə... - Camal başını ağır-ağır tərpətdi. - Taksi ilə qurtardın?
- Taksi sərf eləmirdi.
- Sən qrupda hamımızdan yaxşı oxuyurdun. Amma özün özünü
zay elədin. Heyif!..
İbrahim bu alçaldıcı söhbəti dərhal dəyişmək istədi:
- Sənin işlərin necə gedir?
- Pis deyil. - Camal gülümsədi. - Türkiyənin Qazi Universitetindən dəvət almışam. Orada professor yeri təklif edirlər.
- Gedəcəksən?
- Əlbəttə gedəcəm. Kim istəməz ki, daha yaxşı yaşasın?
- Allah avand eləsin!
- Çox sağ ol!
Camal bunu deyib sarayın qapısına baxdı:
- Keçək içəri?
— Sən get, mən girməyəcəm. Bizim ailədən iki nəfər var,
bəsdir. Bir yer tapıb maşını saxlamalıyam.
- Yaxşı, onda görüşərik.
Camal dönüb şadlıq sarayının pilləkəni ilə qalxmağa başladı.
İbrahim isə heykəl kimi dayanıb dostunun arxasınca baxırdı.
Nə qədər eləsə də pərtliyini boğub gizlədə bilmirdi. Bir siqaret
yandırıb tüstüsünü acgözlüklə ciyərinə çəkdi.
İçində qarşısıalınmaz bir nifrət alovu püskürürdü, sanki. Və
qəribədir ki, bu nifrət heç də təkcə Hüseynağaya aid deyildi.
Hirsi-hikkəsi özü başda olmaqla bütün insanlara yönəlmişdi. Bu
saat imkanı olsaydı, bəlkə də geniş meydançadakı bütün
avtomobilləri yandırar, bu şadlıq sarayına bomba qoyub
partladardı.
Niyə axı? Niyə o belə aciz olmalıydı? Niyə başqaları kimi ola
bilmirdi axı? Yaxşı, hər şey cəhənnəmə, niyə o arvadının sözünə
baxdı, niyə bu begemota şofer olmağa razılaşdı? Sən bir
biabırçılığa bax! Gör Camal onu nə vəziyyətdə gördü. Adi bir
ticarətçi üçün qapı açanda...
Birdən fikirləşdi ki, nə yaxşı, onun bu hərəkətini Cəmilə
görməyib. Çox pis olardı, yəqin ki... İbrahim onun gözündən
tamam düşərdi.
Əşi, cəhənnəm olsun hər şey! Hər şey və hamı!.. Qəti qərara
gəlib çəkdiyi siqaretin kötüyünü tulladı. Pilləkəni iti addımlarla
qalxıb, saraya daxil oldu.
Zalın meydançası rəqs edənlərlə dolmuşdu. İbrahim ətrafa
boylandı və nəhayət masalardan birinin baş tərəfində oturmuş
Hüseynağanı görə bildi. Cəld ona yaxınlaşdı. «Prado»nun açarını
masanın üstünə qoyub, ağzını şefinin qulağına dirədi:
- Mən işdən çıxıram, özünə başqa şofer taparsan!
Gur musiqi sədaları zalı doldurduğu üçün, nə qədər ucadan
səslənsə də, onu başqaları eşidə bilməzdi. Hüseynağa onun üzünə
heyrətlə baxıb nəsə demək istəyirdi ki, İbrahim masadan sürətlə uzaqlaşdı.
Hirs və həyəcandan ürəyi şiddətlə döyünürdü. Çətinliklə də
olsa, axtarıb arvadı ilə qızının əyləşdiyi masanı tapdı. Səs-küydən
heç nə eşidilmədiyi üçün bu dəfə ağzını arvadının qulağına
yaxınlaşdırmalı oldu:
- Qızı da götür, enin aşağı. Sizi həyətdə gözləyirəm.
Fəridə heç nə anlamadı:
- Niyə?
- Özümü yaxşı hiss eləmirəm. Gedək evə.
-Toy indi başlayıb, sən nə danışırsan!?
- Dedim ki, dur gedək!
- Sən gedirsənsə get! - Fəridə dedi və birdən xatırlayıbmış kimi
əlavə etdi. - Bəs Hüseynağa?
İbrahim əlini hirslə yelləyib ondan aralandı. Qızına tərəf ani
bir nəzər salıb tələsik zalı tərk etdi Həyətə enib, sarayın
qarşısındakı küçədə müştəri gözləyən taksilərdən birinə yaxınlaşdı. Özünü evə tez çatdırmaq, bir şüşə araq alıb sərxoş olana
kimi içmək istəyirdi...
ŞİMDİ OKUDUĞUN
Elxan Elatlı - Mərtəbələr
RastgeleMərtəbələr və ya intiharla bitən ömür... Amma görəsən bu faciəli sonluğu intihar adlandırmaq olarmı?