Elmira xanım yenidən mənimlə üzbəüz oturdu.
- Minarə xanım iki il ərzində həm həyat yoldaşını, həm də bir
yaşlı qızını faciəli şəkildə itirib. Maraqlısı isə, qızı Nigarla,
yoldaşı Nərimanın ölüm şəraitləri arasındakı bənzərliyin
olmasıdır. Onların hər ikisi eyni şəkildə ölüb. Sadəcə gecəni
yataraq, səhərə sağ çıxmayıblar... Qadın bu səhnələri mənə
təsvir edəndə, dəhşətli bir həyəcan keçirirdi.
- Bəs Nərimanın birinci həyat yoldaşı haradadır?
- Sən nəcə bildin ki, o iki dəfə ailə qurub?
- Axı sən bayaq dedin ki, Lalə Minarənin ögey qızıdır?! - ana
mın sifətindəki təəccüb cizgiləri bir anda yox oldu - Yoxsa
səhv eşitmişəm?
- Yox, yox, səhv eşitməmisən. - Elmira xanım əlini saçına
çəkdi - Doğrudan da bunu bayaq sənə demişdim. Bu
əhvalatdan sonra, mən də səni kimi bir az fikirliyəm. - o,
köksünü ötürüb, on-on beş saniyə ara verdi - Nərimanın
birinci həyat yoldaşı, yəni Lalənin doğma anası Mahirə adlı
qadın dörd il bundan qabaq itkin düşüb. Nəriman qəzetlərə
elan verib, onu hər yerdə axtarıblar, ancaq gördüm-bildim
deyən olmayıb. Nəhayət, meşəbəyi Salman adlı bir kişi,
meşənin dərinliyidəki dərənin yaxın ucunda bitən kolun
üzərində ilişib qalmış çəhrayı zolaqları olan qadın paltarının
bir hissəsini tapıb, kəndə gətirib. Nəriman dörd-beş nəfərin
şahidliyi ilə, qızı Lalənin doğum günündə çəkilmiş bir
fotoşəkli göstərərək, bu paltarın məhz həyat yoldaşı
Mahirəyə aid olduğunu sübut edir. Daha sonra meşədə bir
xeyli axtarış aparılsa da, Salman kişinin tapdığı əski
parçasından başqa heç nəyə rast gəlinmir. Üstəlik
Nərimanın ifadəsində qeyd etdiyi sözlərin də həqiqət olduğu
üzə çıxır. O qeyd edibmiş ki, Mahirənin lunatizm xəstəliyi
varmış. O, son vaxtlar gecələr oyanaraq, qeyri-ixtiyari
gəzirmiş. Ölümündən əvvəl isə, üç-dörd dəfə Nəriman onu
gecə ikən yoldan qaytarıbmış. Təbii ki, bundan sonra artıq
heç kimdə şəkk-şübhə qalmır. Mahirə ölmüşdü... Beləliklə
də, bütün faktlar öz təsdiqini tapdığına görə, açılmış cinayət
işi bağlanılır.
- Çox nahaq... - sərt şəkildə reaksiya verdim.
- Niyə? - anam maraqla soruşdu.
Ayağa qalxıb üzümü çevirərək, mətbəxdən bağımıza və uca
dağlara açılan əsrarəngiz bir mənzərəni seyr etməyə imkan
yaratmış pəncərədən baxmağa başladım.
- Mən heç vaxt buna inana bilmərəm. - anama baxmadan
asta səslə dedim - Mən inana bilmərəm ki, əhvalatı eşidib
vahiməyə düşən mənim anam, ali-təhsilli Elmira xanım, bu
cür cəfəngiyyata, bəndədən qisas alan bir varlığa, nə bilim,
hər hansısa bir bədheybətə bu qədər qəlbən inanır. Heç vaxt
inana bilmərəm...
- Sən nə bildin ki, söhbət məhz... - anam cümləsini
tamamlamadı - Sən bizim söhbətimizi eşitmisənsə, daha
məni niyə danışdırırsan?
- İstəyirsən inan, istəyirsən inanma... Mən sizin söhbətinizi
eşitməmişəm. - laqeydcəsinə dedim - Minarə xanımın
nədən şikayət etdiyini və nəyə görə sənə pənah gətirdiyini də
mən sadəcə təxmin edə bildim.
- Sən çox sürətlə düşünürsən. - anam təəccüblə mənə
baxdı - Əsl sanqviniksən. Səni kimi insanlara, yəni tez
düşünüb, tez qərar verməyi bacaranlara belə deyirlər.
- Söhbət tez düşünüb qərar verməkdən yox, tez düşünüb
doğru qərar verməkdən gedir. Məncə sanqvinik belələrinə
deyilir.
- Yenə də məndən bir addım öndəsən... - Elmira xanım
qollarını sinəsində çarpazlayıb, gülümsədi - Səninlə
razılaşmağa məcburam, amma indi öz ilkin münasibətinlə
də məni razı salmalısan.
- Sən əminsənmi ki, mənə hər bir şeyi danışdın?
- Təbii ki, yox. - anam bir qədər duruxdu - Orada daha da
heyrətli təsadüflər var idi. Özüm sənə bəhs etmək
istəmirəm. Minarə xanım mənə çox şeyi təfərrüatı ilə
danışmadı, ancaq əgər sənə maraqlıdırsa, sabah onun
özündən hər şeyi ətraflı soruşa bilərsən. Mən bəzi məsələləri
doğru çatdıra bilmərəm deyə, qadının özü ilə söhbətləşsən
daha yaxşı olar.
- Onda o, sabah bizə gələndə, məni yuxudan oyatmaq
yadınızdan çıxmasın. Bu iş, mənim üçün çox böyük təcrübə
ola bilər.
Bunu deyib, ayağa qalxaraq mətbəxdən çıxmaq istədiyim
an, anam məni saxladı.
- Nicat, - deyib, qolumdan tutdu - tutaq ki, mən Minarə
xanımın vahiməli aurasının təsiri altına düşərək, ona
inanmaq məcburiyyətində qalmışam. Bəs sən bu haqda nə
fikirləşirsən? Sənin fikrin mənim üçün çox maraqlıdı.
- Hələ ki, hadisə haqda tam təsəvvürüm yoxdur. Sən mənə
cəmi dörd-beş fakt demisən, amma bir şeyə əmin olduğumu
qəti surətdə söyləyə bilərəm. - anam diqqətlə mənim nə
deyəcəyimi gözləyirdi - Nəriman və onun qızının faciəli
vəfatını mifləşdirmək lazım deyil.
- Anlamadım. Sən nə demək istəyirsən?
- Mən demək istəyirəm ki, bunlar böyük ehtimalla, içərisində
insan əli olan müəmmalı qətl hadisələridir...