13.Bölüm

5 0 0
                                    

...Heç nə demədi. Çünki mən, bəlkə də həyatımda ilk dəfə
anama yalan danışmağa məcbur olmuşdum. Odur ki,
ağlıma gələn ilk qrup yoldaşımın adını çəkərək, onun məni
doğum gününə dəvət etdiyini deyəndə, anam heç bir söz
söyləməyib, bu xəbəri sakitliklə qarşıladı və mən vaxt
itirmədən evdən ayrılıb, ilk avtobusla Bakıya yola düşdüm.
Bütün yolboyu növbəti uğurun izində olduğumu xəyal
edərək, bu günlər ərzində baş verən hadisələri analiz edib,
müəyyən bir nəticəyə gəlməyə can atırdım, amma etiraf
etməyə məcbur idim ki, bu, hüquq fakültəsinin üçüncü kurs
tələbəsi üçün, ilk müstəqil iş kimi o qədər də asan deyildi.
Elə ona görə də, hər an səhv edə biləcəyimi dərk edir və
ruhdan düşməmək üçün, Tanrıya dua edərək, məni doğru
yoldan çıxarmamasını diləyirdim və nədənsə sevincdolu
həvəs hissini daxilən duyaraq, axır-əvvəl düyünü aça biləcək
həmin vasitənin əlimə keçəcəyinə qəlbən inanırdım.
Minarə xanımın mənə ünvanladığı sualını isə, hafizəmdən
silib ata bilmirdim. Qadın haqlı olaraq, "...üç gündən sonra
növbə mənimdirmi?" - deyə, məni çıxılmaz vəziyyətə
salmağı bacarmışdı.
Artıq iki gün qalırdı... Bu günü hesaba almayıb, daha dəqiq
olsaq, bir gün... Çünki, Nigarla Nəriman hər ikisi iyul ayının
22-dən 23-nə keçən gecə vəfat etmişdi. Görəsən, burada nə
bağlılıq var idi?! Yoxsa doğrudanmı söhbət hansısa bir
ruhdan və ya əcinnədən gedir?! Yox, bu belə deyil. Axı,
Mahirənin sağ olduğunu təsdiqləyə biləcək bir sıra dəlillərə
rast gəldim. Demək, belə çıxır ki, ilk şübhəli şəxs Mahirə
özüdür. Bəli, bəli Mahirə... Hər şey də uyğun gəlir. Tutaq ki,
Mahirə itgin düşməzdən əvvəl, Bakıya, anasını görməyə
gedir. Nərimanın elanda qeyd etdiklərini nəzərə alsaq,
anlamaq olur ki, Mahirə ərinin xəbərdar olduğu şəraitdə
evdən ayrılıb. Əks halda, Nəriman qadının əynində olan
paltarını və onun saat neçədə evdən ayrıldığını xatırlamazdı.
Minarə mənə söyləmişdi ki, Nəriman onun heç yerə tək
getməsinə icazə verməzmiş. Hər halda Mahirə inadkarlıq
göstərib və bu vaxt da, Nəriman onunla kobud rəftar edib.
Lalə bildirmişdi ki, anam evdən getməmişdən əvvəl, atamla
dalaşmışdı. Demək, hər şey bu cür baş verib. Mahirə
Bakıya yola düşür, lakin müəyyən səbəblərdən kəndə qayıda
bilmir. Axı, onun səhhətində bəzi problemləri vardı... Odur ki,
hər yeri axtaran Nəriman, bir müddət sonra Minarə ilə ailə
qurur. Məhz bu ərəfədə kəndə qayıdan Mahirə də, həyat
yoldaşının ailə qurduğunu görüb, onda qisas almağı
planlaşdırır. İlk öncə, itgin düşən vaxt əynində olan paltarın
bir hissəsini cırıb, meşəyə atır ki, daha hamı onun itgin
düşdüyünü yox, öldüyünü düşünsün. Doğrudan da belə olur
və Mahirə bizim izinə düşərək aşkar etdiyimiz sıxınacaqda
gizlənir. Lakin suların durulduğunu zənn edərkən, qəfildən
onun planını meşəbəyi Salman kişi pozur. Meşəbəyinin
oğlunun mənə dedikləri dəqiq yadımdadır. O, demişdi ki,
atam o əski parçasını tapandan üç-dörd gün sonra meşədə
üzərinə ağac düşdü. Süleymanın dediyinə inansaq, bu vaxt
ərzində, Salman kişi Mahirənin cəsədini də axtarmağa cəhd
edibmiş. Bu isə, qadının xeyirinə deyildi, çünki meşəbəyi hər
an onun gizləndiyi sığınacağı aşkar edə bilərdi. Bundan
ehtiyatlanan Mahirə də, Salman kişini aradan götürmək
istəyir. Bunu bacarmadığını görəndə də, gecə ikən
meşəbəyinin evinə oğru obrazında girərək, yarım qalmış
işini tamamlamağa cəhd edir, ancaq bu dəfə də alınmır.
Şübhəli şəxsin Mahirə olduğunu təsdiqləyən daha bir sübut
da məhz, sığınacaqda tapdığımız, üzərində çiyələk şəkli olan
fincandır. Minarə xanım o fincanı görəndə, daha da
qətiyyətlə Mahirənin sağ olduğunu təsdiqləmişdi. Bəs,
görəsən Mahirə itgin düşəndən sonra, evdən özü ilə o fincanı
götürməyi necə bacarmışdı?! Xeyr axı, Minarə demişdi ki,
mən evə gələndə artıq fincanlardan biri yox idi. Belə çıxır ki,
Mahirə düşünülmüş şəkildə bu addımı atmış və bəzi
əşyalarla birlikdə evdən məqsədli şəkildə ayrılmışdı. Tutaq
ki, belə olmuşdu, ancaq nə səbəbə?! Qadın niyə ailəsindən
üz döndərmişdi?! Niyə bu cür cinayətlərə qol qoymuşdu?!
Bunun səbəbinin nə olduğunu zənn etmək belə çox çətindir,
həm də lunatizm və epileptika xəstəsi olan Mahirənin və
ümumiyyətlə hər hansısa bir qadının bu həddə olan
qəddarlığını və bu cür fövqəladə şəkildə ola biləcək gücünü
xəyal etmək belə inandırıcı deyil. Bəlkə də, qadını Nəriman
evdən qovmuşdu?! Bu, daha inandırıcı fərziyyədir.
Nərimanın başqa biri ilə ailə qurması da, qadının bu cür
qisasına yol aça biləcək ən mühim faktdır. Belə olan halda,
Mahirə ancaq sifarişçi qiyafəsindədir. Əsas obraz isə, məhz
naməlum icraçınındır.
İcraçı söyləyərkən, ağıla gələn ilk ad, növbəti şübhəli şəxs
olan, qeyri-adi bacarığın sahibi MirHəmiddir... Minarə xanım
demişdi ki, bu qəribə tipin hər qəbulunda olanda, ona yüz
min manat pul ödəyirlərmiş. Loru dil ilə desək, "on şirvan"...
Bu isə, mövcud zaman üçün heç də kiçik məbləğ deyildi.
Beləliklə, MirHəmid köməksiz və avam insanları tələyə salıb,
"ölüm qoxusu" adında bir yalan uyduraraq, qurbanlarını
özünə inandırmağa müvəffəq olur, sonra da onları məhv edir
və yalnız pul, şöhrət üçün bu qədər risk etməyi gözə alır...
Yox, əgər o icraçıdırsa, deməli eyni zamanda Mahirə ilə də
əlbirdir. Ancaq bir şeyi də nəzərə almaq lazımdır. O,
Mahirənin fotoşəklini görərkən, özünü itirmədi, çox
soyuqqanlı davrandı və eyni zamanda da qadının sağ
olduğunu söyləyərək, məndən əmin olmağımı istədi. Əgər o,
yoldaşının izini itirməyə cəhd göstərsəydi, Mahirənin artıq
öldüyünü söyləməli idi. O isə, əksinə məni əmin etdi ki, o,
sağdır. Yenə də bütün bu faktlara baxmayaraq, MirHəmid
əsas şübhəlilər siyahısındadır.
Bəs, daha kimin bu hadisədə əli ola bilər? Daha kimi Mahirə
ilə işbirliyində ittiham etmək mümkündür? Bəli, daha bir şəxs
var... Axı, mən onu niyə unutmuşam?! Bu, Minarə xanımın
keçmiş həyat yoldaşı Faiqdir. Minarə xanım demişdi ki,
onlar, övladları dünyaya gəlmədiyindən, Nərimanla ailə
qurmamışdan altı il əvvəl ayrılıblarmış. Minarənin Nərimana
ərə getməsi və üstəlik Nigar adlı qızının dünyaya gəlməsi,
qadının ilk həyat yoldaşı Faiqi psixoloji cəhətdən sarsıda
bilərdi. Təbii ki, kişilərə məxsus aşırı həddə olan qısqanclıq
hissi, həmin duyğu sahibini istənilən cinayətə sürükləməyə
qadirdir. Ancaq, yenə də ortada, bu faktı da inkar edə
biləcək bir nüans var. Nəriman Minarə xanımla ailə
qurandan dərhal sonra, artıq həyətdən gələn bəzi səsləri
eşitmişdi. Mahirənin sifarişçi olduğunu zənn etsək, qadının
bu qısa vaxtda Faiqlə və ya başqa biri ilə kontakta girməsi
isə o qədər də inandırıcı deyil. Demək, qatil olmasa belə,
Nərimanı qorxudan şəxs, elə Mahirənin özü olub. Bu, artıq
dəqiqdir... İndi isə qatilin kim olduğunu araşdırmaq lazımdır,
lakin belə görünür ki, bu məsələyə nöqtə qoymağa imkan
verməyəcək vergüllər həddindən artıq çoxdur. Sanki hamı
günahkardır və eyni zamanda da heç kimi təqsirləndirmək
mümkün deyil. Elə bil hər kəsin bu labirintdən çıxa biləcək
məchul bir yolu var və mən bu çıxışlardan xəbərsizəm. Hər
nə olursa olsun, bu cavabsız suallar mənim qarşımda sədd
olma gücünə malik deyillər və mən həvəsimi yaşadaraq,
onların hər birinə cavab tapmaq iqtidarındayam. Odur ki, ani
bir şübhədən belə yan keçmək olmaz. Bəzən gözümüzün
qarşısında olanı, çevrilib arxada axtardığımızdan, bu zaman
istəyimizə də üz çevirmiş oluruq. Bu dəfə isə, adi bir səhv,
ehtiyatsızlıq və ya düşüncəsizlik sonradan birləşərək böyük
bir peşimançılığa çevrilə bilər. Ona görə də, kəndə qayıdan
kimi ilk işim Faiqlə görüşmək olacaq...
Beynimi əsir alan və biri-birini təkzib edən bu düşüncələr
məni, saatların necə keçdiyinin fərqinə vardırmadı. Axşam
artıq Bakıda idim. Qısa zaman ərzində, Mahirənin ata evinin
ünvanını asanlıqla tapdım. Qarşıma ilk çıxan orta yaşlı bir
kişidən Pənah kişinin harada yaşadığını soruşdum, o isə bir
qədər tərəddüdlə mənə ünvanı söylədi. Hər şeyi doğru
təxmin etmişdim. Mahirənin ata evi məhz bu küçədə
yerləşirdi. Tünd göy rəngli darvazaya yaxınlaşıb, qapını
döyməyə başladım, amma cavab verən olmadı. Elə bu vaxt
arxamda bir kişi səsi eşitdim.
- Sizə kim lazımdır?
Çevrilib baxdım. Qarşımda əlli-əlli beş yaşlı bir şəxs
dayanmışdı. İlk öncə nə cavab verəcəyimi bilmədim, çünki
artıq Mahirənin ata evinin boş olduğunu anlamışdım.
- Sənubər xanımgil burada yaşamır? - deyə soruşdum və
deyəsən hədəfi dəqiq vurdum. Kişi mənim sualımı eşitcək,
artıq buralarda yad biri olmadığımı anladı və üzünün sərt
cizgiləri bir anda mülayimləşdi.
- Yox, burada yaşamır... - əli ilə digər qapıya işarə etdi -
Onların evi odur.
Vaxt itirmədən bu naməlum adama təşəkkür edib, yolumu
qonşu evin qapısına tərəf saldım. Mənə bu küçənin ünvanını
məhz bu mənzildən vermişdilər. Hər halda bu evin telefon
nömrəsini Mahirə dəftərçəsinə qeyd edərək özü ilə
aparmışdısa, böyük ehtimalla bu mənzil heç də yad ünvan
deyildi.
Qapını bir qədər gec açdılar. İlk öncə əks tərəfdən kim
olduğum soruşuldu və mən bu səsi dərhal tanıdım. Bu,
mənimlə ilk olaraq telefonda danışan həmin gənc qızın səsi
idi.
- Buyurun... - qız qapını yarıqapalı şəkildə saxlayıb mənə
baxdı - Kim lazımdır?
- Sənubər xanım burada yaşayır?
- Bəli.
- Evdədir?
- Yox.
- Gec gələr?
- Sabah səhər gələcək. Gecə növbəsindədir. Siz kimsiniz ki?
"Lənət şeytana, bu nə uğursuzluqdur?! Niyə axı həmişə nə
isə qarşımı kəsməyə müvəffəq olur?! İndi mən, bu cılız
qızdan nə öyrənə bilərəm ki?!" - deyə təəssüflə düşündüm.
- Mən, cinayət işləri üzrə ekspertəm. - əlacsız şəkildə bir
qədər qapıya yaxınlaşdım - Mütləq Sənubər xanımla
danışmalıyam.
- Başa düşmədim, - qız bir qədər çəkindi - sizin mənim
anamla nə işiniz ola bilər ki?
- Yox, qorxmayın xanım. Ananızla əlaqəli olan bir iş deyil.
Sadəcə bəzi suallarım var idi.
- Axı, nə ilə bağlı?! Mən də sizdən, elə onu soruşuram...
- Qonşunuz... - bir qədər susub, asta səslə əlavə etdim -
Daha doğrusu, keçmiş qonşunuz Mahirə ilə bağlı...
- Mahirə bacı haqqında? - qız təəccüblə gözlərini mənə
zillədi - Nə olub ki?
- Siz onun başına gələnlərdən bixəbərsiniz?
- Yox, hər şeyi bilirəm. O vaxt onun axtarışı zamanı, bizdən
də ifadə almışdılar...
- Bəs, onda niyə bu qədər təəccübləndiniz?
- Axı, biz bildiyimizə görə Mahirə bacı ölüb...
- Bu söhbəti davam etməyimiz üçün, bura o qədər də
münasib yer deyil.
- Bilirəm, - qız narahat oldu - amma inciməyin. Sizi evə
dəvət edə bilmərəm.
- Anladım. Yəqin təksiniz.
- Bəli...
- Təəssüf... Çox istərdim ki, ananızla danışım.
- Onda sabah gəlin. Anam evdə olacaq.
- Mənim çox az vaxtım var. Bu gün qayıtmalıyam.
- Əslində mən də sizə kömək edə bilərəm. - o, sevincək
halda ilk dəfə qapını üzümə tam şəkildə açdı - Bu küçənin
sağ tərəfindən avtomobil yoluna tərəf gedin, qarşınıza
yanacaqdoldurma məntəqəsi çıxacaq. Onun yanında
gözləyin, mən də gəlirəm.
Qız bunu söyləyib, qapını örtdü. Mən isə üzümü çevirərkən,
onun qaçaraq evə girməsini aydınca eşitdim.
Yanacaqdoldurma məntəqəsi həmin ünvandan on beş
dəqiqəlik məsafədə idi. Yarım saat vaxt itirdikdən sonra,
nəhayət, qızın əks tərəfdəki aptekin qarşısından məni əl
işarəsi ilə çağırdığını gördüb, ona tərəf getdim.
- Qonşumuz da mənimlə gəlirdi deyə, sizə yaxınlaşa
bilmədim... - qız gülümsəyərək saçını çiyninə atdı - Biz
məntəqənin arxa tərəfindən keçdik. Ona görə, bizi
görmədiniz. Qonşumuzu yola salana qədər də, dayanacaqda
vaxt itirdim. Çox gözlətmədim ki?
- Yox, narahat olmayın...
Qızın mənə dedikləri, sadəcə gecikməsinə səbəb olaraq
söylədiyi adi yalanlardan idi, çünki mən onun simasına
baxarkən hər şeyi anlamışdım. O, üz-gözünü bəzəmək üçün
o qədər də az vaxt sərf etməmişdi...
- Buralar çox gözəldir... - yaxınlıqdakı parkın girəcəyində
dedim - Deyəsən, görüş təyin etməkdə təcrübəniz az deyil?!
- Mən sizlə görüş təyin etmədim. - o, bir qədər incidi -
Sadəcə köməyə ehtiyacınız olduğunu gördüm. İstəsəniz
gedə də bilərəm. Nə mən sizi tanıyıram, nə də siz məni...
- Yox, getmək lazım deyil. Adınız nədir?
- Ləman.
- Artıq, mən sizi tanıyıram. - gülümsəyərək skamyada
əyləşdim - Mənim də adım Nicatdır. Gəlin, əyləşin...
- Doğrudan, siz bizim ailəni hardan tanıyırsız? - qız
yanımda oturdu - Anamı, ünvanımızı...?
- Bu gün səhər sizə "Telefon qovşağı"ndan zəng edib, ünvan
istəmişdilər?
- Anladım... - Ləman gülərək, özünü skamyanın
söykənəcəyinə atdı - Axı, bu cür vacib məsələlərdə sizin
digər qurumların yardımından istifadə etmək hüququnuz
var. Ya da yəqin ki, "ATS"də tanışınız işləyir. Düzdür?
- Xeyr, - gülümsəyərək mobil telefonumu çıxardım - özüm
zəng etmişdim. Bağışlayın, amma yalan danışmağa məcbur
idim.
- Niyə ki?
- Birbaşa ünvan istəyə, ya da telefondaca Mahirədən bəhs
edə bilməzdim. Bəlkə siz mənə qarşı gəlib, ünvan
verməkdən imtina edəcəkdiniz?!
- O da düzdür, - qız qollarını sinəsində çarpazladı - amma
onu deyim ki, heç də yaxşı iş görməmisiniz.
- Bilirəm...

Çəhrayı zolaqlı varlıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin