16.Bölüm

4 0 0
                                    

- Və hər şeyi gördünüz...
- Hə, gördüm. Amma kaş ki, heç baxmayaydım, kaş ki,
görməz olaydım... - Zivər xala təəssüfünü gizlədə bilmədi
və özündə güc toplayaraq asta səslə pıçıldadı - Mahirə evin
arxasında bir nəfərlə söhbət edirdi...
Bu xəbərlə ölmüş ümidlərimə sanki yeni bir nəfəs gəldi,
çünki həmsöhbətim məni, bu oyunda iştirak edən, real
mövcudluğu heç kəsə bəlli olmayan bir nəfərin varlığından
agah etmişdi. Zivər xalanın o gecə həmin şəxsi üzdən görə
bilməsi isə, bəlkə də bu bağlı qıfıla açar ola biləcək yeganə
fakt idi.
- Sonralar həmin şəxsi kəndinizdə gördünüzmü? - həmin
gecə baş verənləri sonuna qədər dinlədikdən sonra, maraqla
soruşdum.
- Hə, gördüm. - qadın məni daha da sevindirdi - Nəriman
elə fikirləşirdi ki, Mahirə o görüşdüyü insanla qaçıb.
Doğrusu, mən də əvvəllər o fikirdə idim, amma bir gün o
oğlanı kənddə gördüm.
- Harada? Necə?
- Bəhram kişinin həyətində... - Zivər xala əminliklə dedi -
Mən Bəhramın dükanına getmişdim. O oğlanı görən kimi
tanıdım. Fəhlə idi... Hətta bir gün onunla söhbət də etdim.
- Nə danışdınız?
- O, üç gün Bəhramın evini təmir etdi. Mən də, bilərəkdən hər
gün dükana gedirdim. Axırda yanıma çağırdım. Ümumi
işindən danışdıq. Guya mən də evimi təmir etdirmək
istəyirdim. Axı o, mənim onu tanıdığımı bilmirdi. Gəldi
yanıma, söhbət etdik. Kəkələyərək danışdığından, onu elə də
yaxşı başa düşmək olmurdu, amma adının Ruslan olduğunu
öyrəndim. Çox yaraşıqlı oğlan idi.
- Daha sonra o oğlanı yenə gördünüzmü?
- Yox, heç görmədim. - Zivər xala əlini saçına çəkdi - Bəlkə
də bütün bunları sənə danışmaqla səhv etdim. O vaxt
Mahirənin öldüyünü eşidəndən sonra, söz vermişdim ki, bu
sirri özümlə məzara aparacam. Ancaq sən, Mahirənin sağ
olma ehtimalından danışdın. Mən də məcbur qaldım. Həm
də, özümün də rahat olmağım üçün, bu məsələyə aydınlıq
gətirilməsini istədim. Mən o qızı şərləmirəm, amma əgər
yenə də doğru addım atmadımsa, Allah yəqin ki,
günahımdan keçər...
Zivər xaladan növbəti ünvanı alaraq, cəld şəkildə Səbuhinin
maşınına qayıtdım və biz Bəhram kişinin mənzilinə
yollandıq. Ev sahibi, bizi elə həyətdəki dükanındaca
qarşıladı. İlk öncə müştəri olduğumuzu zənn etsə də,
kimliyimizi öyrəndikdən sonra bizi evinə dəvət etdi, amma
mən suallarımı kişiyə elə ayaqüstü ünvanladım. Bəhram kişi
çox ünsiyyətcil insan idi. Odur ki, suallarımın hər birinə qısa-
konkret cavab verərək, bir neçə il öncə həyətində fəhlə kimi
çalışan Ruslanı da dərhal tanıdı və hətta onun kənddən bir
qədər kənarda kirayə mənzildə yaşadığını da dedi.
Sevincimdən özümə yer tapa bilməsəm də, nədənsə içimdə
qəribə bir hiss də var idi. Mənə elə gəlirdi ki, biz Ruslanla
görüşə bilməyəcəyik, çünki Zivər xala da, Nəriman da
Mahirənin o oğlanla qaçdığını iddia etmişdi.
Ruslanın yaşadığı ünvanda bizi, ev sahibi olan, Xuraman
adlı yaşlı bir qadın qarşıladı və mən dərhal gəliş
məqsədimizi ona söylədim. Doğrudan da hisslərimdə
yanılmadım və biz Ruslanla görüşə bilmədik. Avtomobilə
əyləşərək, Səbuhidən kəndin meşəsinə doğru getməyimizi
istədim və yolüstü Bəhram kişinin dükanından fənər aldım.
Deyəsən, artıq məsələnin nə yerdə olduğunu anlamışdım.
Meşədə iki saata yaxın vaxt itirdim və Səbuhi ilə birlikdə
həmin sığınacağı keçən dəfəkinə nisbətən daha tez tapdım.
Dostum gördüklərinə inana bilməsə də, bu haqda heç kimə
bir kəlmə belə söyləməyəcəyinə söz verdi. Sığınacaqda
axtardığımı tapıb, sübut olaraq cibimə qoyarkən, ilk dəfə
burada qazana bilmədiyim bu uğuru təcrübəsizliyimin deyil,
meşənin qaranlığının adına yazdım və biz oradan
uzaqlaşdıq. Kəndə çatanda artıq, saat axşam on birin
yarısını göstərirdi. Səbuhini kəndimizə yola salaraq, vaxt
itirmədən Minarə xanımgilin mənzilinə üz tutdum.
- Xeyir olsun, İnşallah... - qadın məni görcək təəccübləndi -
Niyə gəlmisiniz?
- Mən həyətinizə baxmalıyam...
- Anlamadım. - Minarə xanım evdən çıxıb, qapını örtdü -
Necə yəni? Niyə baxmalısınız?
- İndi deyə bilmərəm. - fənəri cibimdən çıxardım - Siz
sadəcə mənə icazə verin.
- O nə sözdür?! - qadın bir qədər tərəddüdlü idi - Buyurun...
Amma siz niyə təzədən qayıtdığınızı demədiniz?! Axı, nə baş
verdi?
Mən qadının sualını cavablandırmadan, evin arxasına
keçdim və fənərin işığını yerə salaraq, həyətin müxtəlif
hissələrinə baxmağa başladım, amma gözümə diqqətimi
cəlb edə biləcək bir nəsnə görünmədi. Qaranlıqda bağın sıx
ağacları axtarışıma mane olsa da, hər qarışa diqqət
yetirməyi bacardım və bağdakı kol-kos belə, işimi tam
olaraq əngəlləyə bilmədi. Ancaq mən nədənsə istiqamətimdə
yanıldığımı dərk edirdim. Sanki aradığım izi doğru
koordinatlarda axtarmadığım mənə məlum idi, lakin yenə də
kürəyimi yerə vurmaq istəmirdim. Zirzəmiyə enəndə,
gözlərimi onun qapısındakı qıfıl qarşıladı. Bu an nədənsə, bu
evə ilk gəlişimdə darvazada gördüyüm qıfılı xatırladım və
yenidən ona nəzər yetirmək üçün darvazaya sarı gedib,
sonra yenidən geriyə qayıtdım. Zirzəminin paslı qıfılını
açmaq istəsəm də, Minarə xanım açarın olmadığını dedi və
mənim istəyimlə, qadın dəmirkəsən mişarı mənə gətirdi.
Qaranlıqda qıfılı kəsmək o qədər də asan olmadı, amma
mən yenə də iyirmi-iyirmi beş dəqiqə sonra zirzəmiyə
enməyə müvəffəq oldum...
Minarə xanım təzyiqi aşağı düşdüyündən, özünü yaxşı hiss
etmirdi. Qadının başı bərk ağrıyırdı. Hamam otağında
bulaşmış əllərimi yuduqdan sonra, onunla mətbəxdə
qarşılaşdım. O, əlindəki çay süfrəsi üçün hazırladığı
məcməyini qonaq otağına aparmaq istəyirdi. Lalə artıq
yatmışdı.
- Bu da son... - Minarə xanım masanın arxasında əyləşdi -
Hər şey bitdi, eləmi?
- Dəqiq demək olmur. - həmsöhbətimi ümidləndirmədim -
Olanları sabah sizə ətraflı şəkildə danışacam.
- Necə? - qadın maraqla soruşdu - Siz məsələni həll
etmisiniz?
- Bəli, mən artıq, qatilin kim olduğunu bilirəm.
- Kimdir? - Minarə xanım həyəcanla soruşdu - Xahiş
edirəm, indi deyin.
- İsrar etməyin! Deyə bilmərəm...
- Xahiş edirəm, Nicat bəy... - qadın ağlamsındı - Sadəcə
adını deyin, kifayətdir.
- İnanın ki, deməyi çox istərdim, amma tələsmək lazım
deyil.
- Yaxşı, onda bircə bunu deyin. - o, boğazını arıtladı - Məni
bir təhlükə gözləyir?
- Təəssüf ki, bunu da indidən deyə bilməyəcəm. İnşallah,
qismət olsa, sabah hər şeydən təfərrüatı ilə agah
olacaqsınız.
Qadın çətinliklə də olsa, israrından daşındı, amma mən,
üzbəüz əyləşdiyimiz zaman, onun küskün gözlərində bir
təşəkkür, bir minnətdarlıq olduğunu asanlıqla oxuya bilirdim.
O, gecənin bu saatlarında evdə tək qalsa, bəlkə də ağlını itirə
bilərdi. Ancaq yenə də təklifimin onu nə qədər narahat
etdiyini gizlədə bilmədi.
- Bu gecə sizdə qala bilərəmmi? - özümdə güc taparaq,
sualı çətinliklə qadına ünvanladım.
- Təbii ki. - Minarə xanım bir xeyli cavab verməyə tərəddüd
etsə də, nəhayət razılaşdı - Sağ olun ki, belə bir vaxtda
məni tək qoymursunuz... - o, bu an göz yaşlarını saxlaya
bilmədi - Çox qorxuram, Nicat bəy. Həddindən artıq, çox...
Onu başa düşməkdə heç də çətinlik çəkmirdim. Bu gecə,
məhz iki il dalbadal ölüm səhəri ilə açılmış bir gecə idi.
"İlahi, bəlkə mənim fərziyyəm öz təsdiqini tapmadı və mən
köməksiz qadını qoruya bilmədim?!" - deyə, özüm-özümə
sual ünvanladıqda, cavab tapmağa gücüm çatmadı.
- Qorxmayın, Minarə xanım! - deyib, ona təskinlik verməyə
çalışdım - Gedin, heç nə olmayıbmış və eyni zamanda heç
nə olmayacaqmış kimi, rahat yatın. Mən bütün gecə
dəhlizdə oyaq olacağam, arxayın olun!
Qadın sözlərimin təsiri altında, bir qədər ürəklənərək mənə
təşəkkür edib, yataq otağına keçdi. Mən isə qonaq otağında
olan qoltuqlardan birini özümlə bərabər dəhlizin sonuna
aparıb, pəncərənin iki-üç metrlik məsafəsində, evin sağ
küncünə qoydum. Bura elə yer idi ki, mənimlə pəncərə
arasındakı bucaq çox iti olduğundan, həyəti görmək
mümkün deyildi və mənə də məhz bu lazım idi.
Səbrlə gözləyirdim... Gecə saat iki radələrində bərk yuxum
gəlməyə başladı və mən bütün günümün yorğunluğunu
bədənimdə hiss etdim. Durub dəhlizdə gəzişmək, kiçik bir
səsdən vahiməyə düşə biləcək qadını daha da qorxuda
bilərdi. Odur ki, sakitcə yerimdə oturub nə edəcəyimi
bilmirdim və bəlkə də ömrümdə ilk dəfə idi ki, siqaret
çəkmədiyimə görə təəssüf edirdim...

Çəhrayı zolaqlı varlıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin