Hər şey elə düşündüyüm kimi də oldu... Səhərə qədər
gözümü qırpmadan, saatın saniyə əqrəbinin ahəngdolu
səsindən qeyri bir səda eşitmədim. Artıq mən nə baş
verdiyini və qatilin kim olduğunu bilirdim. Hər şeyi Minarə
xanıma necə danışacağımı xəyal etdikdə isə, məni vahimə
bürüyürdü. Görəsən, qadın bütün bunlara tab gətirə
biləcəkdimi?! Bu sözləri eşitmək ona elə də asan
olmayacaqdı, çünki bütün bu dəhşətli hadisələr, onun dörd
ildir yaşadığı mənzildə baş vermişdi.
Mən Minarə xanımın yuxulu simasını görəndə, artıq səhər
saat altı idi... Qadının gözlərinin altı şişmiş, ağı isə
qızarmışdı. Biz dəhlizdə qəfildən rastlaşmışdıq.
- Sabahınız xeyir. - qadın ağır-ağır dedi - Saat neçədir?
- Altıdır... Artıq səhər açılıb.
- İnana bilmirəm... Yəni hər şey bitdi?! Mən bütün gecəni
yata bilməmişəm. Bu gecə ömrümdən az qala iyirmi il
itirdim. - qadın pəncərəyə tərəf yaxınlaşdı - Siz dəhlizdə
yatmışdınız?
- Dəhlizdə idim, amma yatmamışdım.
- Hiss olunur. - Minarə xanım mənə baxıb, gülümsədi -
Mənə görə çox əziyyət çəkdiniz.
- Mən heç nə etmədim... - üzümü yana çevirdim - Sadəcə
söz vermişdim və sözümə də əməl etməli idim.
- Yenə də, çox sağ olun. - qadın təşəkkür etdi - Bütün gecə
dəhlizdə oldunuz, heç nə görmədiniz?
- Yox, heç bir şey görmədim.
- Bu gün dəqiq iyul ayının 23-dür? Bəlkə hər şey bu gecə baş
verəcək?
- Daha heç bir şey olmayacaq. - qorxmuş qadını
sakitləşdirdim - Mən, əslində bu gecə də dəhşətli bir
hadisənin olmayacağını bilirdim, amma yenə də fikrimi
qətiləşdirmək üçün bunu etməyə, yəni sizdə qalmağa
məcbur oldum.
- Siz artıq məsələnin nə yerdə olduğunu bilirsiniz?
- Bəli, bilirəm...
- Mənə danışacaqsınız?
- Danışacam, amma bu evdə o qədər dəhşətli hadisələr olub
ki, siz evinizi satmağa məcbur olacaq qədər
vahimələnəcəksiniz.
- Olsun... Mən hər şeyi bilmək istəyirəm.
- O zaman, gəlin qonaq otağına keçək.
Minarə xanım süfrəyə çay gətirəndə, on dəqiqəyə yaxın vaxt
keçmişdi və biz artıq qonaq otağında idik. Mən masanın
arxasında, qadın isə mənimlə üzbəüz divanda əyləşmişdi.
Beynimdəki ifadələrin ardıcıllığını qorumaq istəyi ilə, uzun
müddət sözə başlamağa cəhd etmədim. Yuxulu
olduğumdan, vacib bir dəlili unuda biləcəyimi ehtimal edir və
olanları xəyalımda bir daha canlandırırdım...
- Baş verənləri anam mənə danışdığı andan, mənim bu
hadisə haqqında ilkin təsəvvürüm artıq formalaşmışdı. -
nəhayət, sözə başladım - Elmira xanımın danışığından hiss
etdim ki, siz öz vahiməli əhvalatınızla, hətta onu da
qorxutmağı bacarmısınız. Burada ağlasığmaz təsadüflər və
ən əsası dəhşətli ölüm hadisələri var idi. Anamın bildikləri və
mənim suallarıma cavab olaraq sizin söylədikləriniz isə,
mənim bu işlə daha da maraqla və həvəslə məşğul
olmağıma gətirib-çıxartdı... Hələ üstəlik, bu mənim ilk
müstəqil işim olduğundan, mən öz üzərimdə böyük bir
məsuliyyət də hiss edirdim. - çayımdan bir qurtum alıb,
davam etdim - Keçək, əsas məsələyə... Siz mənə əhvalatı
danışarkən, etiraf edim ki, mən konkret bir fikrə gəlməkdə
çətinlik çəkirdim, amma ögey qızınız Lalənin yazdıqlarını
bloknotumda oxuyarkən, ipin ucunun nə vaxtsa əlimə
keçəcəyinə inanmağa başladım. Lalə mənə son olaraq, bir
məlumat çatdırdı ki, anam itgin düşməzdən əvvəl atamla
dalaşmışdı, biz də qonşuya getmişdik.
- Bunun axı məsələyə nə aidiyyatı var? - qadın sözümü
kəsdi - Mən hələ ki, heç nə anlamıram.
- İndi sizə daha ətraflı başa salacam. - deyib, stulumda
dikəldim - Həmin gün sizlə söhbət edərkən, sözarası
meşəbəyidən bəhs etdiniz və mən Lalənin dediklərini
ertələyərək, Salman kişi ilə görüşməyi qərara aldım.
Doğrudur, son günlər baş verənlərin əksər hissəsində, siz
mənim yanımda olmusunuz, amma mən yenə də hər detalı
dəqiqliyi ilə söyləmək istəyirəm. Salman kişinin evinə də
mənimlə birlikdə getdiniz və bizi onun oğlu Süleyman
qarşıladı. Meşəbəyinin başına gələn hadisələrdən hətta siz
də xəbərdar idiniz. Onun meşədə üzərinə ağac düşdüyünü
Nəriman sizə demişdi və həmin gün Süleyman da bunu
təsdiqlədi. Ancaq məlumatlı olmadığımız faktlar da az
deyildi. Məsələn, Salman kişinin evinə oğru qiyafəsində
girib, mənzili əliboş tərk edərək qaçan şəxsin varlığından
xəbərsiz idik. Ev sahibləri vaxtsız gələn qonağın adi bir oğru
olduğunu zənn etmişdi. Ancaq nədənsə mənə belə gəlmişdi
ki, bu, təsadüf ola bilməzdi. Çünki Süleymanın özünün də
təsdiqlədiyinə görə, atası Mahirənin paltarının bir hissəsini
tapandan sonra, meşədə qadının cəsədini də axtarmağa
cəhd göstərmişdi. Üç-dörd gün sonra isə, meşədə başına
ağac düşmüşdü. Mənim fikrimcə, bu adi bir qəza deyildi.
Meşədə kimsə gizlənirdi və hər an meşəbəyi tərəfindən
aşkar olunacağından qorxurdu deyə, kişini aradan götürmək
istəyərək, ona xəsarət yetirmişdi. Meşəbəyinin xoşbəxtlik
nəticəsində sağ qalması isə, həmin insanın planını pozurdu
və o, tez bir zamanda yarım qalmış işini tamamlamaq
istəyirdi. Böyük ehtimalla kişi həmin şəxsi meşədə
görmüşdü, çünki evdə onunla bir daha rastlaşanda, özündə
güc taparaq qışqırmağı bacarmışdı. Artıq mənim üçün hər
şey aydın idi, lakin məchul bir obrazı mühakimə etmək, hələ
tez idi, çünki Süleyman atasının üzərinə düşən budağın
həqiqətən də altında yıxıldığı ağaca aid olduğuna fikir
verməmişdi. Ona görə də, vaxt itirmədən hadisə yerinə
baxmağı qərara aldım və üçümüz birlikdə meşəyə yola
düşdük. Orada baş verənləri isə, artıq özünüz də yaxşı
bilirsiniz. - bu an bir neçə saniyə ara verdim - Mahirənin
sağ olması şübhəsində yanılmamışdım. Doğrudan da, yerə
iz olaraq basdırılan daşlar, bizi sığınacağa kimi apardı.
Oradakı üzərində çiyələk şəkli olan fincan isə, mənimlə
razılaşmağınız üçün yetərli oldu. Dediniz ki, bu fincanlar
adətən altı ədəd olsalar da, siz Nərimanın evinə gəlin
köçəndə, onların beş ədəd olduğunu görüb, sadəcə
fikirləşmişdiniz ki, hər halda biri sına bilər. Ancaq həqiqət
sübut etdi ki, bu heç də belə deyilmiş.
- Doğrudur... - Minarə xanım razılaşdı - Mən ancaq həmin
an, Mahirənin sağ olduğuna tamamilə inandım.
- Amma sığınacaqdakı əşyaların üzərində toz qatı var idi. -
qadına xatırlatdım - Böyük ehtimalla, son vaxtlar orada heç
kim yaşamırdı. Belə olan halda da, kimisə gözləməyə
ehtiyac qalmadı və meşədən qayıtmaq lazım gəldi. Kəndə
çatanda isə, təsadüfən qonşunuzun açıq həyət qapısı
diqqətimi çəkdi və mən dərhal Lalənin bloknota yazdığı
sonuncu cümləni xatırladım. Nərimanla Mahirə dalaşandan
sonra, qadın qızı ilə bərabər qonşuya getmişdi. - cibimdən
bloknotu çıxarıb, Lalənin yazdığı səhifəni açaraq, onu
Minarə xanıma uzatdım - Zivər xala sizə ən yaxın qonşu
olduğundan, mən ehtimalımda yanılmadım. Mahirənin bu
qadınla doğrudan da sıx ünsiyyətdə olması, Zivər xalanın elə
ilk reaksiyasından bəlli oldu. Qadın mənim kimliyimi öyrənən
kimi, mənimlə çox kobud rəftar etdi və Mahirənin vəfat
etməsində, az qala hüquq-mühafizə orqanı əməkdaşlarını
günahlandırdı. Məni də elə bu səbəbdən, əsəbi şəkildə
evindən qovdu. Mən isə vidalaşmamışdan öncə ona,
Mahirənin yaşaması ehtimalının böyüklüyündən danışdım və
qapını arxamca bağlayıb oradan uzaqlaşdım. Ancaq Zivər
xalanın bu cür aqressiv rəftarının səbəbini anlaya bilmədim.
Nədənsə, mənə belə gəldi ki, qadın nə isə gizlədir...