- Nərimanın o hadisədən sonra vəziyyəti çox dəyişdi. -
qadın bir neçə anlıq sükutdan sonra, incik səslə dedi - İki ay
sonra isə, siz inanmadığınız həmin o varlığı evdə gördü.
Onlar gecə ikən biri-birini dəhlizdə uzaqdan da olsa,
görüblərmiş. Nəriman qonaq otağına qaçanda, qorxudan
huşunu itirmişdi. O yıxılanda, mən də bu səsə oyandım.
Mənim halımı təsəvvür edirsinizmi? İki körpə uşaq,
qarşımda yıxılıb, öldüyünü sandığım həyat yoldaşım,
gecənin zülmət qaranlığı və vahiməli ev... Az qala, olmayan
ağlımı da itirmişdim, amma Nərimanın yaşadığını, ayılaraq
özünə gəldiyini görəndə, rahat nəfəs aldım. Nəriman bütün
gecəni sayıqladı, nəhayət, səhər ayılanda, hər şeyi ondan
soruşdum. O, deyirdi ki, çəhrayı zolaqları olan məxluğu,
dəhlizin sonundakı pəncərənin qarşısında görüb.
- Ümumiyyətlə, Nəriman nə işin sahibi idi? Necə insan idi?
- Bir az kobud insan olsa da, xasiyyəti o qədər də pis deyildi.
Özünə fikir verən, səliqəli insan idi. Əlini ağdan-qaraya
vurmazdı. Rəhmətliyin ən pis xarakteri də bu idi. Ailəli
olduğumuz üç-dörd ildə, evin bütün işini mən görürdüm. Özü
Rayon Bələdiyyəsində çalışırdı.
- O, keçən il vəfat edib, eləmi?
- Bəli, keçən il... Üç gündən sonra, ili tamam olur.
- Sonra nə baş verdi? Davam edin...
- Sonrasını danışmaq mənim üçün çox çətindir, - Minarə
xanım qaşlarını çatdı - amma danışacam... Nəriman
keçirdiyi güclü stressdən sonra, xeyli müalicə aldı. Əvvəl
Gəncəyə, sonra Bakıya getdi, ancaq sağalmadı. Nəhayət,
onu S. kəndində yaşayan və kənd adamlarının az qala
fenomen adlandırdığı MirHəmid adlı bir şəxsin yanına
apardıq. Onun çox qeyri-adi bacarığı var. Siz onun haqqında
eşitmisiniz?
- Çox az...
- MirHəmid söz verdi ki, Nərimanın yüksək həssaslığa malik
qorxu instinktini normal hala gətirərək, onu sağaldacaq. Biz
isə ayda üç dəfə, hər ayın birinci, ikinci və üçüncü
onluğunun ilk günləri onun yanına getməyə başladıq.
Nəhayət, qəbulunda olduğumuz dördüncü ayın ikinci
onluğunda, onun evinə gedərkən, qapıdan içəri keçər-
keçməz MirHəmidin halı dəyişdi. Biz nə baş verdiyini
soruşduq, o isə bir müddət cavab verməkdən imtina edib, az
qala bizi otaqdan qovmaq dərəcəsinə çatdı. Bizim israr
etdiyimizi gördükdə isə, məcbur olub nə hiss etdiyini söylədi.
- qadın azacıq ara verdi - O, dedi ki, sizdən ölüm qoxusu
gəlir...
- Siz də buna inandınız?
- Təbii ki, ilk öncə yox... Amma iki gün sonra... - Minarə
xanım bu an cümləsini yarımçıq qoyub, daha dözməyərək,
ağlamağa başladı - İki gün sonra ki, bir yaşlı qızım
Nigarın... - qadın yenə də davam edə bilmədi və hıçqırıq
səsləri ilə cümləsini tamamladı - Bağışlayın, - deyib
ovcunda sıxdığı yaylıqla göz yaşlarını sildi - bağışlayın,
amma bu haqda danışa bilmirəm...
- Sizi başa düşürəm... - deyib, bir az ona tərəf əyildim -
Əgər istəyirsinizsə, biz söhbətimizi sonra da davam etdirə
bilərik.
- Xeyr, ehtiyac yoxdur. Bir az su içsəm, həyəcanım keçər. -
deyə qadın mənə cavab verdi.
- Gözləyin, gəlirəm... - ayağa qalxaraq otaqdan çıxdım və
bir-iki dəqiqə sonra su ilə geri qayıtdım.
Minarə xanım sudan bir qədər içib, bardağı jurnal masasının
üzərinə qoydu.
- Çox sağ olun. - deyib, mənə təşəkkür etdi - Davam edək?
- Əgər siz istəyirsinizsə, buyurun...
- Nigar vəfat edəndən sonra, istəsək də, istəməsək də,
MirHəmidə inanmağa başladıq. Artıq, tək Nəriman yox, mən
də yaşadıqca bir o qədər qorxurdum. Çünki Nigar müəmmalı
şəkildə ölmüşdü. Nərimanla mən isə, qızımızın ölümü
haqqında fərqli təsəvvürdə idik. Nigar ölən gecə mənim
yanımda yatmışdı. Mən də onun ölümündə özümü
günahlandırırdım. Düşünürdüm ki, yəqin, gecə bilmədən
onun üstünə çevrilmişəm, o isə nəfəs ala bilməyərək
boğulub. Nəriman isə elə hey deyirdi ki, Nigarı boğan
Mahirənin ruhu olub, o, bizdən qisas alır. Nəriman o
hadisədən sonra, dəli kimi olmuşdu. Evdən diksinirdi, tək
qala bilmirdi...
- Bu hadisədən sonra, siz MirHəmidin yanına yenə də
getdinizmi?
- Hə, getdik... Davamlı olaraq. Nəriman getdikcə yaxşılaşırdı.
Ancaq düz bir il sonra, hər şey yenə də dəyişdi. İlk öncə,
Nəriman bağda həmin varlığı gördü. Həmin ərəfədə mən onu
MirHəmidin yanına getməyə məcbur edə bilmədim.
Nərimanın halını təsəvvür edə bilməzsiniz. O, az qala mənə
yalvarırdı ki, təcili şəkildə evimizi sataq. Ancaq vaxt
çatmadı. Həm də belə halda evimizə hansı ağılsız yaxın
düşərdi?!
- Yəni mənziliniz bu qədər vahiməlidir? - deyə soruşdum -
Mən o evi görə bilərəmmi?
- Əgər sizə maraqlıdırsa, təbii ki, görə bilərsiniz...
- O zaman, bu gün mən də sizinlə T. kəndinə gedəcəyəm. -
qətiyyətlə dedim - Demək, Nəriman yenidən güclü stress
keçirməyə başladı. Yeri gəlmişkən, siz MirHəmidin hər
qəbulunda olduqda, ona nə qədər pul ödəyirdiniz?
- Hər seansa on şirvan verirdik... (Yüz min manat. Söhbət
köhnə Azərbaycan manatından gedir - müəllif)
- Aydındır... - deyə bu məsələni kənara qoydum - Bilirəm ki,
sizə bu haqda da danışmaq çox çətindir, amma soruşmaq
məcburiyyətindəyəm. Həyat yoldaşınız necə vəfat etdi?
- O, qorxudan sanki dəli olmuşdu. Nigar yataq otağında
ölmüşdü deyə, gecələr yan otaqdakı divanda yatırdı. Amma
bunun heç bir xeyiri olmadı...
- Ekspertiza hansı nəticəyə gəldi?
- Nəriman boğularaq ölmüşdü və heç bir əl izi yox idi.
- Maraqlıdır... Çox maraqlıdır... Deyəsən, siz bərk yatırsınız?!
- Doğrudur... Həm də çox bərk yatıram. Elə ona görə də,
Nigarın ölümündə özümü günahlandırıram. Düşünürəm ki,
əgər həqiqətən mən onun ölümünə bais olmuşamsa, hər
halda o, yaşamaq üçün çırpınıb, ola bilər ki, səs də çıxarıb,
amma mən eşitməmişəm. Nərimanı isə eşitməyə bilərdim,
çünki o, yanımda deyildi. Onu boğmaq gücünə malik olan
varlıq isə, əvvəlcədən yataq otağının qapısını bağlamaqda
çətinlik çəkməzdi.
Bu an, divardan asılan saata baxdım. Artıq otuz beş dəqiqə
idi ki, söhbət edirdik.
- Minarə xanım, sizdən son olaraq bir şey də soruşum. -
deyib, ayağa qalxdım - Qızınızla həyat yoldaşınızın ölümü
arasındakı bənzərlik, sadəcə onların ölüm şəraitinin eyni
olmasıdırmı? Yoxsa siz mənə daha nə isə söyləyəcəksiniz?
Mənim ayağa qalxdığımı görüb, Minarə xanım da yerindən
qalxdı.
- Ən əsas və ən dəhşətli bənzərliyi, mən sizə bu gün, öz
kəndimizdə göstərəcəyəm. - deyib bayaqdan mənim
nəzərimdən yayınmış kiçik, qara rəngli çantasını əlinə
götürərək, qapıya yaxınlaşdı - Məncə siz, ancaq o zaman
Mahirənin ruhunun varlığına inanacaqsınız...
Minarə xanım artıq bir neçə dəqiqə idi ki, otaqdan çıxsa da,
mən hələ ki, yerimdə duruxub qalmışdım. Etiraf edim ki,
artıq T. kəndinə getməyi, əvvəlki tək istəmirdim...
Elmira xanım ilk öncə mənim T. kəndinə getməyimə razı
olmasa da, onu birtəhər yola gətirdim. Naharı bizdə edib,
saat ikidə qonaqlarımızla bərabər mən də evdən çıxdım.
Hava çox gözəl idi. Qonşumuz Səbuhidən, bizi maşınla T.
kəndinə aparmasını xahiş edən kimi, razılaşdı. Səbuhi həm
mənim yaxın dostum idi, həm də biz, altı il bir sinifdə
oxumuşduq. Onun rəhmətlik atasından qalma köhnə bir ağ
"Jiquli"si vardı və bu maşın, onun kiçik ailəsinin "çörək
ağacı" sayılırdı. Odur ki, mən haqlı olaraq qərar vermişdim
ki, xeyiri yoldaşıma versəm, daha yaxşı olar...
T. kəndi bizim kəndin bir neçə kilometrlik məsafəsində
yerləşirdi. Yolumuzun bir hissəsi, sıx ağaclıqlar içərisindən
salınmış kələ-kötür avtomobil yolundan keçdikdə, sanki
mənə elə gəldi ki, daha öncə buralara heç gəlməmişəm.
Səbuhi sükanı döndərib, maşını bir qədər hamar yolla
təpəaşağı sürdükdə isə, mənzil başına çatdığımızı yəqin
etdim, çünki uzaqdan gözümə, bir-birindən aralı yerləşən
evlər göründü. Yolun sağında isə, kiçik kəndin böyük
qəbiristanlığı nəzərimdən yayınmadı.
- Çatdıq, eləmi? - deyə dostumdan soruşdum.
- Hə, bura T. kəndidir, - Səbuhi mənə baxmadan cavab
verdi - amma sizə məhz hansı mənzil lazımdırsa, onu
deyərsiniz...
- Minarə xanım, düz gedirik? - güzgüdən qadına baxdım.
- Hə, amma əgər mümkündürsə, qardaş burada,
qəbiristanlığın qarşısında saxlayıb, gözləsin. - o, çantasını
əlinə götürdü - Nicat bəy, mənimlə gedə bilərsiniz?
- Təbii ki... - deyib, razılaşdım və elə o andaca Səbuhi
"Jiquli"ni yolun kənarına çıxarıb, saxladı.
- Lalə, sən maşında qal... - qadın nə demək istədiyini həm
də əl işarəsi ilə qıza izah edib, avtomobilin qapısını bağladı
- Gəlin, Nicat bəy... - deyə məni arxasınca çağırdı -
Qızımla, həyat yoldaşımın ölümü arasındakı əsas bənzərliyi
sizə göstərmək istəyirəm.
Mən, Minarə xanımla birlikdə, qəbiristanlığın kiçik
girəcəyindən içəri daxil oldum. Bütün əhvalım korlanmışdı.
Az öncəki meşənin insanda yaşam həvəsi oyadan
yaşıllığından, quşların qulaqbatırıcı cəh-cəhindən sonra,
cansıxıcı və rəngsiz qəbirlərə baxmaq, buranın sanki
anlaşılmaz bir dərin ölüm sükutunda karlaşaraq, kiçicik bir
sədaya belə həsrət qalmaq çox çətin idi...
Qadın məndən təxminən on addım qabaqda yeriyərək,
qəbirlərin arası ilə sürətlə addımlayırdı. Biz, əlli metrə yaxın
yol getdik. Nəhayət, Minarə xanım yanaşı yerləşən dörd
məzarın qarşısında dayanıb, mənə tərəf baxdı. Bunlar,
Nərimanın atasının, anasının, qızı Nigarın və özünün
məzarları idi.
- Bu qəbirlər sizə nə isə deyir?
Mən bu sualı cavabsız qoymalı oldum. Gözüm Nigarın
qəbrinin başdaşına həkk olunmuş fotoşəkildə idi. Etiraf
edim, mən hələ ömrüm boyu bir yaşlı belə bir gözəl körpə
görməmişdim. Doğrudanmı insan bu qədər qəddar ola bilər
ki, belə bir uşağa əl qaldırsın?! Artıq nifrət hissinin məni
necə boğduğunu hiss etməyə başlamışdım.
Nigarın iri gözləri, hələ tam nəzərə çarpmayan qaşları,
yumru yanaqları və uzun kirpikləri var idi. Dodaqları körpə
çiyələk təki idi. Alt dodağının bir qədər sallaq olması isə,
xüsusi ilə diqqətimi çəkmiş oldu.
- Qızınız eyni ilə sizə bənzəyirmiş... - Minarə xanıma
baxaraq dedim. Qadın ağlayırdı...
- Yəni, mən belə gözələm? - o, güclə də olsa cavab verə
bildi. Mən isə bu yerdə bir söz deməyə çəkindim. Hər halda
qəbiristanlıq, kompliment söyləmək üçün elə də uğurla
seçilmiş bir məkan deyildi.
Bu dəfə isə, nəzərlərim Nərimanın şəklinə dikilmişdi.
Nəriman, Minarə xanım dediyi tək, kobud insana oxşayırdı.
Burnunun kənarlarından uzanan xətlər və bığ saxlaması onu
daha da zəhmli göstərirdi. Xırda gözləri isə bir qədər
çökəkdə idi...
- Mənim məhz nəyə görə, sizi buraya gətirdiyimi anladınız?
- Təbii ki, anladım... - deyə Minarə xanıma baxdım.
- Mən ölüm tarixlərini nəzərdə tutmuşam. - o, bir daha
dəqiqləşdirdi - İndi nə deyirsiniz?
- Mən yenə də fikrimi dəyişməmişəm.
- Yəni deyirsiniz ki, bu təsadüfdür, eləmi?
- Yox, əsla... Söhbət təsadüfdən getmir. Əksinə, mən artıq
daha da əmin oldum ki, burada insan əli var.
- Mən sizin ananıza müraciət etmişdim ki, o, məni bu
stressdən qurtarsın. Siz isə, məni daha da qorxudursunuz.
- qadın əsəblərinə hakim ola bilmədi - Bəlkə, bu işi elə
buradaca bağlayaq?! Mən artıq sizlə danışmaq istəmirəm.
Minarə xanım bunu deyib, qəbiristanlığın çıxışına doğru
addımlamağa başladı. Mən isə, asta-asta onun ardınca
gəlirdim. Qadın ancaq Laləni maşından çıxardanda ona
çatdım.
- Xudahafiz... - o, qızın əlindən tutub, maşının qapısını örtdü
- Bura qədər gətirdiyiniz üçün çox sağ olun.
Səbuhi nə baş verdiyini anlamayaraq, avtomobildən düşüb,
çaşqın halda gah mənə, gah da bizdən uzaqlaşan hirsli
qadına baxırdı.
- Mənim fikrim sizdə deyildi. - dostum təəccüblə üzümə
baxdı - Sən ona neylədin?
- Axmaq-axmaq danışma... - deyib, üzümü çevirdim -
Minarə xanım, - əllərimi cibimə salıb, yüksək səslə qadını
səslədim və o, üzünü çevirdikdə, bir az ona yaxınlaşdım -
Siz hardasa haqlısınız, amma bir şeyi unutmayın. Anam sizi
sakitləşdirib, sizə kömək edə bilərdi. Bəs o, zəmanət verə
bilərdimi ki, siz üç gündən sonra həyatda olacaqsınız?!
- Siz məndən nə istəyirsiniz?
- Mən sizə kömək etmək istəyirəm.
- Xahiş edirəm, məni qorxutmayın. Onsuz da əsəblərim
təmiz pozulub. - qadının peşiman olduğunu o dəqiqə hiss
etdim - Bayaq sizlə kobud danışdığıma görə, məni
bağışlayın.
- Üzr istəmək lazım deyil. - deyə cavab verdim - Mən sizi
anlamağa çalışıram... İndi mənzilinizə baxa bilərəmmi?
Minarə xanım heç bir söz deməyərək, azacıq gülümsünüb,
başını tərpətdi. Səbuhinin yanına qayıdanda o, düz
gözlərimin içinə baxırdı.
- Sən Allah, kimdi o qadın? - bic-bic gülüb, asta səslə dedi -
Məndən gizlədirsən?
- Çox şey bilsən, - pulu ona uzadaraq dedim - saçın tez
ağarar.
- Yenə başlama da... - adətən Səbuhinin ən yaxşı
vəziyyətində, onun keçəl olduğunu yadına salaraq, əhvalını
asanlıqla korlamaq olardı - Mənə sadəcə maraqlıdı. O qadın
kimdi? Biz niyə bura gəldik? Qəbiristanlığa niyə keçdiniz? O,
niyə səndən küsdü? Sən indi hara gedirsən?
- Səbuhi, gəl bura... - deyib, maşının qapısını açaraq, onu
sükan arxasında oturtdum - Beş sualının beşi də yadımda
qaldı. - gülərək ona baxdım - Söz verirəm. Bir gün bu
haqda ətraflı danışarıq. İndi isə, heç vaxtım yoxdur, incimə.
Hələlik...
Bunu deyib, Səbuhidən uzaqlaşdım. Mən Minarə xanımgilə
çatanda, artıq o, maşınını çevirib yola düzəlmişdi.
Qadının yaşadığı ev, kəndin axırında yerləşirdi. Taxtadan o
qədər də hündür olmayan hasarı, asanlıqla aşmaq olardı.
Adətən kənd evləri, Bakıdakı kimi dəbdəbəli və "keçilməz"
çəpərlərlə qorunmurdu. Minarə xanımgilin evi də eyni ilə belə
idi. Ancaq, həyətə daxil olarkən, darvazadakı o qədər də
kiçik olayan bir qıfıl diqqətimi çəkdi. Hər halda bu cür alçaq
hasarla müqayisədə, bu qıfıl kifayət qədər böyük görünürdü.
Birmərtəbəli evləri isə, kürsülü idi. Böyük və sıx ağaclı
bağları vardı və mənzilin bu bağa üç pəncərəsi açılırdı. Evin
sağındakı tikili isə, mənə daha çox qarajı xatırlatdı. Onun da
darvazasından qıfıl sallanırdı.
- Deyəsən, rəhmətlik yoldaşınız qıfılları çox sevirmiş... -
qadına baxaraq gülümsədim.
- Hə, elədir... - Minarə xanım da güldü - Nəriman SSRİ
vaxtlarında xaricdə olan zaman, orada əlinə bəzi kiçik ev
əşyaları keçib. Bir ara hətta al-ver də edibmiş. Cavan vaxtı...
Bu qıfılları da Litvadan gətirib...
Qadın bu sözləri deyərkən, artıq evə daxil olmuşduq. Bu an,
dəhlizin digər başında, yəni evin sağında, bağa açılan daha
bir pəncərənin olduğunu gördüm. Dəhlizdən qonaq otağına
keçəndə, Minarə xanım otağın sol küncündəki sobanı
yandırırdı. Vəziyyətdən istifadə edib, yataq otağına daxil
oldum. Burada bir qoşa çarpayı və sol küncdə kiçik bir uşaq
yatağı vardı. "Görünür, Lalə burada yatır" - deyə düşündüm
və mənzilin sonuncu otağına keçdim. Nərimanın, üzərində
ölmüş halda tapıldığı divan burada idi və mən evin bu
hissəsinin çox ağır olan aurasını dərhal hiss etdim. Lakin,
otağın bağa baxan aşırım divarının üstündəki köhnə bir
xalça, vəziyyətimi bir qədər dəyişdi. Onun çox gözəl
naxışları var idi.
- Əgər baş vermiş ölüm hadisələri haqqında düşünməsək,
mənə belə gəlir ki, vahiməli heç bir şey yoxdur. - Minarə
xanımın yaxınlaşdığını görüb dedim - Mənə maraqlıdır ki,
Nəriman nəyə görə bu evdən qorxurmuş?!
- Axı, mən onun səbəbini sizə dedim... Nigar öldüyü üçün,
Nəriman evdə vahimələnirdi.
- Yox, doğru demirsiniz. - qadınla razılaşmadım - Nigar
hələ təzə doğulan vaxt, hansı ki, Nəriman ilk dəfə bağda
çəhrayı zolaqlı varlığı görmüşdü, həyətə qaçmışdı və siz
onun qoluna girib, onu evə gətirmək istəmişdiniz, Nəriman
hələ o zaman evdən qorxmuşdu. Nigar isə, bundan bir il
sonra vəfat edib.
- Haqlısınız... - Minarə xanım daha nə isə söyləmək istəsə
də, bir söz tapıb deyə bilmədi.
- Xahiş edirəm, Laləni mənim yanıma çağırın - yan otağa
keçib, divanda əyləşdim - və zəhmət olmasa, bizi tək
buraxın.
Qadın yenə də bir kəlmə kəsməyib, sadəcə başını tərpətdi.
İki-üç dəqiqədən sonra, Lalə yanımda əyləşmişdi.