Bu, çuxur işlərimizi korladı. - kənarda yerə yıxılmış o qədər
də kiçik olmayan bir ağacın üstündə oturdum - Belə getsə,
gecəni burada keçirəsi olacağıq.
- Niyə? - Minarə xanım təəccüblə soruşdu - Məgər qayıda
bilmərik?
- Qayıda bilərik, amma əziyyətimizə heyfim gəlir.
- Bəs, nə edək? - o, yanımda əyləşdi - Çuxurun kənarlarını
diqqətlə yoxladıq. Hər yerə baxdıq, amma heç nə yoxdur.
- Haqlısınız... - razılaşmağa məcbur idim - Bəlkə də iz var,
sadəcə biz tapa bilmirik. Hava işıqlaşan kimi hər şey aydın
olacaq.
- Nicat bəy, məni səhv başa düşməyin, amma mən gecəni
burada qala bilmərəm. Mən çox qorxuram. - onun səsi
titrəyirdi - İlk dəfədir meşəyə gəlmişəm. Onsuz da
qaranlıqdan qorxanam. Üstəlik də buranın vahiməsi... Vəhşi
bir heyvan hər an qarşımıza çıxa bilər. Üstümüzdə isə,
fənərdən başqa heç nə yoxdur. Nə isə baş versə, özümüzü
qoruya bilməyəcəyik. Qaçmaq da mümkün olmayacaq,
çünki kənddən çox uzaqlaşmışıq. Gəlin, nə qədər ki, gec
deyil, qayıdaq... Sabah səhər gəlib baxarsınız. Həm də işıqlı
havada izi daha rahat tapa bilərsiniz.
- Sabah üçün mənim başqa planlarım var. - asta səslə
dedim - Axı, nəyə görə belə olmalı idi?! - əsəbiliklə ayağa
qalxdım - Niyə bu lənətə gəlmiş çuxur bizim qarşımızı
kəsdi?! Mən az qala adım qədər əmin idim ki, bu iz, bizi
axtardığımız yerə aparacaq.
Minarə xanım heç bir söz demədi və mən onu tək qoyub,
çuxura tərəf getdim. Az sonra, qadın da mənə yaxınlaşdı.
- Bəlkə izin davamı, bu çalanın içindən keçir? - qadın
çarəsiz halda soruşdu - Yəni ola bilər ki, digər daşlar onun
içində basdırılıb. Yox, amma elə olsaydı, çuxurdan sonra, o
iz davam edərdi.
- Bir dəqiqə, - çevrilib Minarə xanıma baxdım - siz nə
dediniz?
- Nə dedim ki?
- Əgər çuxurun içindən keçsəydi, o iz davam edərdi...
- Hə, elədir. Axı, biz onun ətrafını yaxşıca yoxladıq. Heç nə
yox idi. - qadın bu an mənim cəld hərəkətimdən diksindi -
Nicat bəy, hara gedirsiz?
Mən Minarə xanımın sualına məhəl qoymadan, çuxurun
içinə düşdüm. Qadın da mənim ardımca gəlirdi. Bura çox
vahiməli idi. Hər an hansısa bir yatmış heyvanı ayaqlaya
bilərdim. Yer ağac qol budaqları, hündür kol-koslarla dolu
idi. Fənərin işığını ayağımın altına salaraq irəliləyirdim.
Həyəcandan, qadının qaranlıqda arxamca gəlməsinin belə
fərqinə varmırdım. Elə bu vaxt Minarə xanım qışqıraraq
yıxıldı. Çevrilib, cəld ona yaxınlaşdım.
- Axı, siz niyə bura gəldiniz? - əsəbi şəkildə dedim - Məni
gözləsəniz yaxşı olardı.
- Xeyr, siz məni gözləməli idiniz. Nəzərə almalı idiniz ki,
mən qaranlıqda yeriyirəm. Həm də tək qalsam,
qorxacaqdım. - o, fənərin işığında, dizindəki qana baxdı -
Uf, ayağım bərk əzildi...
- Bu nədi belə? - işığı, çuxurun bitən hissəsinə saldım.
- Nəyi deyirsiz? - qadın da çevrilib baxdı və qorxudan içini
çəkib, diksindi - Nicat bəy, gəlin gedək. Bu, hansısa
heyvanın yuvasıdır. - Minarə xanım lap mənə yaxınlaşıb,
qolumdan tutmuşdu - İşığı da söndürün. Xahiş edirəm. Mən
çox qorxuram...
- Xanım, sakit olun. - fənərin işığında gördüyümüz yerə
yaxınlaşaraq dedim - Diqqətlə baxın... Hələ heç bir heyvanın
şüuru o dərəcədə inkişaf etməyib ki, yuvasına qapı qoysun.
Çuxurun bu hissəsi yuxarıdan baxanda görünmürdü. Odur
ki, onu görmək üçün mütləq buraya düşmək lazım idi. Artıq
biz həmin yerə lap yaxınlaşmışdıq. Onun giriş hissəsi o
qədər də kiçik deyildi və ağac qol-budağı ilə yarıqapalı
şəkildə bağlanmışdı.
- Orada kimsə var. - asta səslə dedim və qadının, qolumu
daha da bərk tutub sıxdığını hiss etdim - Mən açıb, içəri
baxmalıyam.
- Hə, açın, açın... - Minarə xanım gülümsədi - Zarafat
edirsiz, hə?
- Yox, tam ciddiyəm. Mən mütləq ora baxmalıyam.
- Kaş mən gəlməyəydim... - qadın ağlamsındı - Birdən
yaxınlaşdınız, işığı içəri saldınız və bir canavarın sizə
baxdığını gördünüz. Onda?
- Onu deyim ki, heç də yaxşı zarafat deyil. - gülümsünərək
dedim - Minarə xanım, siz bir şeyi unudursunuz. Biz buraya
təsadüfən düşməmişik. Bizi bura bir iz gətirdi. Doğrudur, bu,
hansısa bir heyvanın yuvasına bənzəyir, amma bir şey
dəqiqdir. Orada insan yaşayır...
- Yaxşı, onda gedin baxın, amma inciməyin mən buradan
uzaqlaşıram...
- Olsun. - gülərək qadına baxdım - Elə ən doğrusu da
budur...
Minarə xanımın bir qədər kənara çəkilməsini səbrlə
gözlədim. Əvvəlcə işığı qoluma tutdum. Saat on birə on beş
dəqiqə qaldığını göstərirdi. Daha sonra, asta şəkildə yuvaya
yaxınlaşdım. Yuvanın girişini örtən "qapı"ya toxunduqda,
daha da əmin oldum ki, burada kimsə yaşayır. Çünki "qapı"
rolunu oynayan ağac qol-budaqları, çox səliqəli şəkildə biri-
birinə bağlanmışdı və kənardan şübhə doğura biləcək heç nə
nəzərə çarpmırdı. Qapını ehmalla götürüb, kənara qoydum.
"Fənərin işığı həmin insanın üzünə düşəndə, görəsən nə baş
verəcək?!" - deyə işığı içəriyə salmamışdan əvvəl,
keçirdiyim dəhşətli həyəcanı hiss etdim və fənəri yandırdım.
Ürəyim, sanki yerindən çıxacaqmış kimi döyünməyə başladı.
Qarşılaşdığım mənzərə məni daha da vahiməyə salmışdı.
Çünki mən fərziyyəmdə yanılmamışdım. Bu sığınacağın içi,
mən düşündüyümdən də böyük idi. Küncdə yerə düzülmüş
qalın taxtalar üzərinə karton salınmışdı. Böyük ehtimalla
bura, həmin insanın yatağı idi. Ortada isə ocaq qalamaq
üçün nəzərdə tutulduğu güman edilən daşlar dairəvi şəkildə
yerə basdırılmışdı, yanında da dəmir bir qab, hisdən
tamamilə qaralmış çaydan və bir fincan vardı. Fənəri içəriyə
gəzdirməyə davam etdim və digər küncdə plastik vedrədə su
olduğunu gördüm. Nəhayət, içəri keçməyə qərar verdim,
çünki orada heç kim yox idi. Ancaq, keçirdiyim dəhşətli
qorxu və vahimə hissi, tez bir zamanda məni, buradan
çıxmağa vadar edirdi. Həm də həmin insanın hər an bura
qayıtmaq ehtimalı böyük olduğundan, daha burada qala
bilməzdim. Cəld şəkildə içəridən çıxıb, qapını əvvəlki tək
yerinə qoydum. Minarə xanım, dərhal mənə sarı gəldi.
- Nə gördünüz? - deyə maraqla soruşdu.
- Yaxınlaşdım, işığı içəri saldım və bir canavarın mənə
baxdığını gördüm. - deyib, gülümsədim.
- Heç də gülməli deyil. - qadın bir qədər aşağı çöməldi - Nə
gördünüz ki? İçəri boş idi, hə?
- Gəlin, özünüz görün... - yenidən asta addımlarla yaxınlaşıb
qapını bir kənarə qoyaraq, işığı yandırdım - Baxın...
Minarə xanımın necə həyəcan keçirdiyini açıq-aşkar hiss
edirdim. O, kəsik-kəsik nəfəs alaraq, sanki nə isə deməyə
çalışır, lakin söz tapa bilmirdi.
- İlahi, axı bu necə ola bilər?! - qadın titrək səslə dedi və
cəld əlimdən tutdu - Nicat bəy, gedək buradan. Yalvarıram
sizə... O qadın hər an gələ bilər. Bizi burada görsə, ikimizi də
öldürəcək. - o, keçirdiyi stressdən ağlamağa başladı - Siz
haqlı çıxdınız... O, həqiqətən ölməyibmiş... Odur... Mahirədir...
- Minarə xanım, sakit olun. Bilsəydim ki, belə qorxacaqsınız,
heç sizə göstərməzdim. Axı, hələ ki, tam əmin olmaq
mümkün deyil. Burada başqa bir insan da gizlənə bilər.
- İçəridəki fincanı mənə gətirə bilərsiz?
Mən səbəbi soruşmadan, çevrilib sığınacağa daxil oldum və
fincanı götürüb, çıxdım. Minarə xanım, fənərin işığında
fincanı əlinə alarkən, halı daha da pərişan oldu.
- Odur, Nicat bəy, odur... - qadın ağlayaraq, onu mənə
qaytardı - Mahirədir...
- Niyə bu qədər əmin oldunuz? - fənərin işığını əlimə tutdum
- Fincan?
- Hə, o... - qadın əlimdəkinə işarə etdi - Mən Nərimangilə
gələndə, onların evində, eyni ilə, bu fincandan beş ədəd var
idi. İndi onlardan ikisi qalıb. Onları sizə göstərərəm. -
Minarə xanım fincanı yenidən əlinə aldı - Yəqin ki, bilmiş
olarsınız... Adətən onlar altı ədəd olurlar. Mən isə sadəcə
düşünmüşdüm ki, yəqin biri sınıb.
- Bu, artıq təsadüf ola bilməz...
- Doğrudur. - qadın razılaşdı - Siz içəriyə işığı salan kimi, o
fincanın üzərindəki qırmızı rəng diqqətimi çəkdi. Sonradan
evimizdəki, üzərində çiyələk şəkli olan o fincanlar yadıma
düşdü.
- Ancaq bunun üzərində toz var. - ehtiyatla fincanı əlimə
aldım - Görünür, Mahirə daha burada yaşamır, amma o,
hələ də gizlənirsə, demək hər an buraya gələ bilər.
- Xahiş edirəm, gedək... Nicat bəy, xahiş edirəm... Mən çox
qorxuram...
Fincanı yerinə qoyaraq, hər şeyi əvvəlki vəziyyətinə salıb,
şübhə doğura biləcək heç bir iz saxlamadan oranı tərk etdik.
Minarə xanım, əlimdən tutsa da, çuxuru çətinliklə çıxa bildi.
Onun sol ayağındakı yara hələ də bərk ağrıyırdı. Ona görə də
bu, bizim üçün əlavə problem idi. Çünki yolu geriyə
qayıtmaq üçün, yenidən həmin izi axtarmağa məcbur idik.
Çətinliklə də olsa, bunu bacarırdıq, amma indi bayaqkı yol,
sanki daha da uzun görünürdü. Ümumiyyətlə, insan
məqsədinə çatacağını güman edəndə, istənilən maneəni
aşmağa müvəffəq olur və bu vaxt əlavə güc gəlir, ikinci
nəfəs açılır, uğura gedən yol isə qısalır...
Bu gün mən, bir daha bunun şahidi olmuşdum. İndi yolun
yarısından çoxunu geridə qoymağımıza baxmayaraq, mənə
elə gəlirdi ki, sanki uzun zamandır yola çıxmışıq.
Süleymangilin evindəki dözülməz başağrım isə, yenidən
şiddətlənməyə başlamışdı. Özümü o qədər də yaxşı hiss
etmirdim. Hətta yorğunluğum o həddə çatmışdı ki, qaranlıq
meşədə uzaqdan görünən işıq belə nəzərimdən yayınmışdı.
Minarə xanım qolumdan tutub, əlimdəki fənəri bir qədər
aşağı salanda da, ilk öncə nə baş verdiyini anlamadım.
Ancaq qadın asta səslə məndən, qarşıya baxmağımı
istəyəndə, gördüklərim məni dəhşətə gətirdi və cəld şəkildə
işığı söndürdüm. Əlində fənər olan bir şəxs, bizə
yaxınlaşırdı...
Minarə xanım arxama keçib gizlənsə də, mən nə edəcəyimi
bilmirdim. Təhlükə bizi çox pis və köməksiz olduğumuz
məqamda haqladığından, ilk dəfə idi ki, bu qədər həyəcan
keçirdiyimi hiss etməyə başlamışdım. Ancaq, daha çox
Minarə xanımdan nigaran idim. O, qolumdan bərk
yapışmışdı deyə, qadının necə titrədiyini hiss edirdim.
Minarə xanım özü də hər şeyi çox gözəl anlayırdı. Əgər
bizim buraya gəlməyimiz, doğrudan da yaxınlaşan o insanın
əleyhinə idisə, onda gecənin bu zülmətində, bizi heç kim və
heç nə xilas edə bilməyəcəkdi. Ona görə də burada dayanıb,
o insanı gözləmək ağılsızlıq olardı. Çünki o, əlimizdəki fənər
sayəsində bizim yerimizi təyin edə bilmişdi. Odur ki,
getdikcə bizə daha da yaxınlaşırdı. Ayağının altında sınan
ağac budaqları və ətrafa yayılan tükürpədici xışıltı, meşənin
dərin və qorxunc sükutunda olduqca vahiməli səslənirdi. O,
səsini çıxarmadan bizə doğru gəlirdi. Sanki, həmin şəxs özü
də qorxurdu, çünki addımlarını çox ehtiyatla atdığı
görünürdü. Nəhayət o, asta sürətlə istədiyi yerə çatdı və
fənəri bizim bayaq dayandığımız hissəyə salıb, ətrafa
gəzdirməyə başladı. Biz isə buna qədər artıq oradan
uzaqlaşaraq, kənardakı ağacların arxasına gizlənməyə
macal tapmışdıq. Bu an, qaranlıqda çətinliklə də olsa, həmin
insanın siluetini görüb, Minarə xanıma baxdım. Qadın
sakitcə başını tərpətdi və mən gizləndiyim yerdən çıxaraq
fənəri yandırıb, işığı uzaqdan həmin naməlum şəxsin üzərinə
saldım...
Süleyman təklifimlə dərhal razılaşdı. Üçümüz evdən
çıxarkən, artıq hava qaralmağa başlayırdı. Uzun yolu piyada
gedəcəyimizi bilirdik. Odur ki, bir qədər də cəld olaraq,
meşəyə vaxtından tez çatmağı bacardıq, ancaq burada da
az vaxt itirmədik. Süleyman lazım olan yeri xeyli axtardı.
Bundan istifadə edərək, mən də yan-yörədə nə isə bir iz, nə
isə bir nişan axtarmağa başladım. Lakin diqqətimi cəlb edə
biləcək xüsusi bir şey qarşıma çıxmadı. Süleymanın isə,
atasını yaralı halda tapdığı yer, onun yaxınlığındakı böyük bir
ağac kötüyü sayəsində yadına düşdü.
- Təxminən buralar idi. - kişi sevincək halda dedi - O böyük
kötüyü görməsəydim, yadıma düşməyəcəkdi.
Həmin yerə yaxınlaşdım. Xeyli vaxt keçdiyindən, bütün ola
biləcək izlər də silinmişdi. "Frans Kafka haqlıdır. Doğrudan
da, təbiət izlərə qarşı çıxır" - deyə düşündüm və anladım ki,
burada artıq vaxt itirmək lazım deyil.
- Gedək... - əhvalım tamamilə korlandığından, əlavə bir şey
danışmaq istəmirdim. Odur ki, bunu anlayan yol yoldaşlarım
da, heç bir kəlmə söyləmədən mənimlə razılaşdılar.
Gəldiyimiz yolla geri qayıdanda, artıq hava kifayət qədər
qaralmışdı. Xüsusən də meşənin qaranlığı, bu rəngi daha da
tündləşdirirdi. Süleyman ehtiyat üçün götürdüyü fənəri
yandırarkən, mən işıqda qolumdakı saata baxsam da,
əqrəbləri tam görə bilmədim. Odur ki, işığı qoluma salmasını
xahiş etdim. Saat yeddinin yarısı idi. Kişi fənəri kənara
çəkərkən isə, yerdə ani olaraq gözümə nə isə göründü...