15.Bölüm

3 0 0
                                    

- Faiq niyə intihar edib?
- Təhminənin qızı Ülkərlə danışdım. Hələ Faiqin yazdığı
vərəq tapılmamışdan, artıq mən onun intihar səbəbini
təxmin etmişdim. - qadının səsi titrəyirdi - Məndən
ayrılandan sonra, onun ikinci dəfə ailə qurduğunu
eşitmişdim, amma bilmirdim ki, övladı olmadığına görə iki il
sonra o qadından da boşanıb. Son vaxtlar isə tək
yaşayırmış... Ülkər deyir, axır günlər heç gözə dəymirdi,
amma heç ağlımıza da gəlməzdi ki, o, intihar edə bilər.
Bəlkə də bir-neçə gündür özünü asıbmış. Bədbəxtin qapısını
döyən də yoxdur. Biz getməsəydik, elə kəndirdəcə
çürüyəcəkdi...
- Kağıza nə yazıb?
- Mən oxumadım. Bir nəfər dedi. Yazıb ki, "ölümümdə tək
günahkar özüməm"... Altından da imzasını çəkib. Qələm də
oradadır.
- Minarə xanım, - deyib, ayağa qalxdım - bilirəm bunu
sizdən istəməyim heç doğru deyil. Çünki bu gün onsuz da
əsəbləriniz pozulub, amma biz mütləq MirHəmidin qəbuluna
getməliyik.
- Elə əvvəldə düz demişdiniz... - qadın rahat şəkildə cavab
verdi - Bunu məndən istəməyiniz heç doğru deyil. Mən bir
gündə bu qədər ağır yüklərin altına girə bilmərəm. İnanın, tab
gətirə bilməyəcəyəm, gücüm çatmayacaq...
- Anlayıram, amma... - çarəsizlik sanki məni boğurdu -
Mən bilmirəm nə edim?! Bu gün son gündür və artıq axşam
saatları da yaxınlaşır. Nə qədər çalışsam da, çatdıra
bilmədim. Bəlkə də sizə kömək edə bilərdim, amma sadəcə
vaxt məhdudiyyəti imkan vermədi.
- Narahat olmayın, Nicat bəy... - qadın da ayağa qalxdı -
Siz əlinizdən gələni etdiniz.
- Bəlkə bu gecəni bizdə keçirəsiniz? Sizin üçün ən yaxşısı bu
ola bilər.
- Mənası nədir ki?! Onsuz da nə vaxtsa bu evə
qayıtmalıyam...
- Heç olmasa bu gecə bizdə qalın.
- Ehtiyac yoxdur! - Minarə xanım gülümsəyərək, əlini mənə
uzatdı - Alnımıza nə yazılıbsa, o da olacaq...
İnanmıram ki, nə vaxtsa kimsə mənim kimi həvəsinin və
istəyinin necə öldüyünü bu qədər daxilən hiss etmiş olub.
Qadının son sözlərinə cavab tapmamağımın dərinliyində idi
bu səbəb... Nə edəcəyimi bilmədən, asta addımlarla qapıdan
çıxanda, bir daha çevrilib arxaya baxdım. Minarə xanım
artıq, həyətdə deyildi. Avtomobilə əyləşəndə, Səbuhi hər şeyi
anlayıbmış kimi nə baş verdiyini soruşmadan mühərriki işə
saldı, amma mən əlimi sükana qoyub, deyəcəklərimi
bitirmədən maşını yerindən tərpətməməsini istədim.
- Alınmadı, qardaş... - məyus halda dedim - Alınmadı!
Əlimdən gələni etdim, amma vaxt azlığı imkan vermədi. Axı,
nəyə görə ilk oyunumdaca məğlub olmalı idim?! Mən hər
şeyi doğru etdim, lazım ola biləcək şəxslərlə görüşdüm,
amma ipucu əlimə keçmədi. Bəlkə də keçdi, sadəcə
təcrübəsizliyim gözlərimi bağladı. İnanırsan, o qədər əmin
idim ki... Meşədə o sığınacağı tapanda, MirHəmidlə tanış
olanda, Bakıya yola düşəndə... Ancaq alınmadı. Mən
köməksiz bir qadını qoruya bilmədim. Çünki gücsüzəm. Çox
gücsüzəm...
- Belə danışma... - Səbuhi əlini çiynimə qoydu - Elə əsas
mən şahidəm ki, sən uğur qazanmaq üçün nələr etdin.
Sadəcə, özün dediyin kimi vaxt çatmadı.
- Bu işi yenə davam etdirə bilərəm, amma Minarə xanıma
söz vermişdim. Bu gün yekun nəticənin nə olduğunu
deyəcəkdim. Elə mənə də ən çox təsir edən budur. Sözümü
tuta bilmədim... - deyib, əlimi sükandan çəkdim - Nə isə,
qardaş... Sür, gedək... Alınmadı!
- O qadın kimdir? - Səbuhi başı ilə işarə etdi.
- Kim? - çevrilib baxdım - Nədir ki?
- Bayaqdan bizə baxır...
- Minarə xanımgilin qonşusudur...
- Tanıyırsan?
- Hə, onunla da söhbət etmək istəmişdim, amma razı
olmamışdı.
- O, bizə niyə elə baxır? - dostum maraqlandı - Bəlkə sənə
deyəcəyi var?
Səbuhiyə cavab vermədən, maşından düşdüm. Zivər xala
çöl qapısının kandarında dayanıb, gözlərini mənə zilləmişdi.
Asta addımlarla qadına doğru yaxınlaşdım.
- Salam, Zivər xala... - acıqlı səs tonu ilə dedim -
Necəsiniz?
Qadın nədənsə, üzbəüz gəldiyimizdən bəri mənə tərəf
baxmırdı.
- Bilirəm, mənimlə danışmaq istəmirsiniz. - özümü
sığortaladım - Sadəcə dostum, bayaqdan bizə baxdığınızı
dedi. Fikirləşdim ki, bəlkə mənə demək istədiyiniz bir söz
var...
Zivər xala üzümə baxdı, bir qədər gözlədi, dinmədi və elə bil
bir anda istəyindən vaz keçdi. Sanki o, tərəddüd içərisində
nə isə demək istəyirdi, lakin bacarmırdı. Qadın bir daha
mənə baxdı, sonra yenə üzünü çevirdi. Nəhayət, üçüncü
cəhddə mən onun simasında müəyyən qədər qətilik
olduğunu hiss etdim.
- O, əxlaqsız qadın deyildi... - Zivər xala qəfildən asta səslə
dedi...
- Kim? - qaşlarımı çatıb, eyni səs tonu ilə soruşdum.
- Gəl içəri, oğlum...
Həyətə daxil olarkən, keçən gün onun məni buradan necə
qovduğu gözümün önünə gəldi. Kiçik qız yenə həyətdə idi və
bu dəfə qumla oynayırdı. Deyəsən, palçıqdan gəlincik
düzəldirdi, amma məni görən kimi bir anda ayağa qalxıb,
çirkli əllərini donunun ətəyinə sildi. Qadın isə, ilk
görüşümüzdə etdiyi kimi, bu dəfə də evin kənarındakı plastik
stullardan ikisini götürüb, mənə tərəf addımladı. Yaxınlaşıb,
onların hər ikisini qadının əlindən aldım və Zivər xalanın
istəyi ilə stulları tut ağacının altına qoydum.
- O gün deyəsən, çox xətrinə dəydim... - qarşımda əyləşən
kimi, qadın günahını boynuna aldı - Yaşlanmışam, ay oğul...
Elə bil, uşaq kimi olmuşam. Adi şeylər belə elə həmin an,
məni hövsələdən çıxarır, fikrimi doğru şəkildə çatdırmağı
bacarmıram. Hərdən mənə elə gəlir ki, bu balaca qız, -
deyib, nəvəsinə işarə etdi - düzgün qərar verməkdə,
məndən daha bacarıqlıdır. Ona görə də, əgər səninlə çox
kobud davranmışdımsa, məni bağışla, oğlum...
- Üzr istəmək lazım deyil. - qadın bu dəfə gözümə çox nurlu
görünürdü - Həm də siz məndən böyüksünüz. Səhv etsəniz
belə, üzr istəməyin.
- Mahirə yaşayır? - Zivər xala qəfildən pıçıldadı.
- Bilmirəm. - eyni tərzdə cavab verdim - Daha doğrusu,
öyrənməyə imkan olmadı. Yardım etmək iqtidarında olan
insanlar, nədənsə boyun qaçırdılar.
- Bilirəm, məni nəzərdə tutursan, - həmsöhbətim, nə demək
istədiyimi anladı - amma inan ki, sən gedəndən, mənim
gözümə yuxu getmir. Sənin sonuncu sözlərini yadımdan
çıxara bilmirəm. Mənə dedin ki, "...Ən yaxın qonşunuza
növbəti dəfə olsa belə yardım etmək istəmirsiniz." - o,
dərindən ah çəkib, bir neçə saniyə susdu - Əslində mən heç
birinci dəfə də ona yardım edə bilməmişdim. İfadəmdə hər
şeyi olduğu kimi yazmamışdım. Mahirənin öldüyü
təsdiqlənəndən bəri, vicdan əzabı məni az qala dəli edir. Ona
görə, səni görən kimi əsəblərimə hakim ola bilmədim. Öz
səhvimi xatırladım. Günahı öz üzərimdən atmaq istəyərək,
rahatlanmaq istədim, amma alınmadı. Zamanında hər şeyi
danışsaydım, bəlkə də Mahirəni xilas edə bilərdim.
- Bu gün, vaxtında demədiklərinizi mənə danışacaqsınız?
- Hə... - qadın qəti şəkildə dedi - Mən bu məsələni
unutmağa cəhd göstərirdim, amma qəfildən sən qarşıma
çıxdın və Mahirənin sağ ola biləcəyini dedin. Çox
düşündüm. Nəhayət, qərar verdim ki, sənə hər şeyi
danışacam.
- Buyurun, eşidirəm...
- Amma bu haqda danışmaq... - o, cümləsini tamamlaya
bilmədi - Nə isə... - qadın kövrəlmişdi - Mahirə çox yaxşı
qız idi, oğlum... Bəlkə də bunu deməyim doğru olmaz, amma
mən onu öz doğma qızımdan da çox istəyirdim. Tez-tez
bizə gələrdi, ev işlərimdə qolumdan tutardı... Bir ara bərk
xəstələnmişdim. Çarpayımın başında qızımın əvəzinə Mahirə
dayanmışdı. Bunu heç vaxt unuda bilmərəm.
- Bəs, nəyə görə Mahirə itəndə ona yardım etmək
istəmədiniz?
- Bacarmadım. - Zivər xala üzümə baxdı - Düşündüm ki,
birdən bildiklərim doğru olmaz, səhv anlayaram və bir gün
qız tapılar, gəlib qarşımda dayanar, mənə sual verər ki,
"Zivər xala, niyə məsələni dəqiq bilmədiyin halda, haqqımda
elə sözlər danışdın?" Mən ona nə cavab verərdim?! Bu sualı
eşitməmək üçün, sirrimi özümdə saxladım, amma Mahirə
tapılmadı. İndi isə sən deyirsən ki, o, sağ ola bilər. Ona görə
də, ikinci dəfə bu səhvi təkrarlamaq istəmirəm.
- Bayaq bir söz işlətdiniz: "O, əxlaqsız qadın deyildi"... Bunun
məsələyə aidiyyatı var?
- Sonuncu dəfə Lalə ilə birlikdə bizə gəlmişdi. - Zivər xala
aramla danışırdı - Gəldi, məni qucaqladı... Nərimanla
dalaşmışdılar. Deyəsən, kişi də onu vurmuşdu. Yazıq qız
için-için ağlayırdı... Bilmirdim nə edim. Mahirəni çox sevsəm
də, Nərimana da haqq qazandırırdım. Əgər bir kişi
qadınından şübhələndisə, onun əl-qolunu bağlamaq çox
çətin olur.
- Belə başa düşdüm ki, - həmsöhbətimi qabaqladım -
Mahirə Nərimanı başqa birisi ilə aldadırmış...
- Hə, - Zivər xala ehtiyatla dedi - evlərindəki söz-söhbətin,
dava-dalaşın səbəbi bu idi.
- Anladım. - deyib, bir az ara verdim - Bəs, niyə siz
Nərimana haqq qazandırırdınız? Axı, Mahirəni doğma
qızınızdan da çox istədiyinizi söylədiniz? Əslində siz ona
inanmalı idiniz...
- İnanırdım, ay oğul... Elə bu günə kimi susmağımın səbəbi
də budur. Mahirə ağlayaraq mənə demişdi ki, Nərimanı
aldatmır. Mən ona inanmışdım.
- Bəs axı, indicə dediniz ki, Nərimanda da haqq var idi. Mən
bunu soruşuram. Bunun səbəbi nədir?
- Bəzən, çox sevdiyimiz insanın sahvlərinə göz yumuruq. -
Zivər xala yenə də sualıma cavab vermədi - O insanı
qüsursuz hesab edirik və bununla da ancaq özümüzü
aldadırıq. Hələ elə vaxt olur ki, gözlə gördüyümüzə belə
inanmaq istəmirik.
- Bir dəqiqə... - məsələnin nə yerdə olduğunu anladım - Bu
hadisədən kimlərin xəbəri vardı?
- Nəriman və mən, - Zivər xala darhal cavab verdi - amma
Nəriman sadəcə şübhələnirdi. Mən isə...
- Siz isə hər şeyi öz gözlərinizlə görmüşdünüz, elədir?
Qadın məndən belə bir sual gözləmədiyindən, susaraq,
sadəcə günahkarmış kimi üzümə baxdı. Hadisələrin bu cür
inkişaf edəcəyi, məni çox təəccübləndirmişdi və mən artıq,
heç kimin bilmədiyi gizli bir gerçəkdən agah olmuşdum. Bu
fakt, eyni zamanda çözüm nöqtəsi də ola bilərdi, lakin hələ
ki, qərar vermək çox tez idi.
- İnsan çiy süd əmib, oğul... - Zivər xala bir neçə dəqiqəlik
sükutu pozdu - Mahirəyə inansam da, bir gün onu izlədim,
ancaq heç bir şey gözümə dəymədi. Qızın doğrudan da
günahsız olduğunu görəndə, özümü çox danladım, amma
həmin gecə... - qadın əlləri ilə üzünü örtdü - Gecə
təsadüfən həyətə çıxdım. Saat on ikini keçmişdi. Asqıdakı
paltarları götürəcəkdim. Orada dayanmışdım... - o, əli ilə
işarə etdi - Həmin yerdən, Nərimangilin evinin həndəvərini
asanlıqla görmək olur. Elə bu vaxt evlərinin arxasında qaraltı
gördüm və həyətimizin o biri tərəfinə keçdim. O vaxt orada
hasara söykənmiş nərdivanımız var idi. Hər şeyi daha da
rahat görmək istədim. Getdim, ehtiyatla nərdivana çıxdım,
baxdım...

Çəhrayı zolaqlı varlıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin