10.Bölüm

3 1 0
                                    

- Fənəri mənə verin. - deyib, heç Süleymanı gözləmədən,
onu kişinin əlindən aldım və bir qədər onlardan ayrılıb, işığı
yerə salaraq gördüklərimi izləməyə başladım. "Demək,
dahilər də səhv edir... - təəccüblə az öncəki fikrimi təkzib
etdim - Təbiət də, hər an izin qarşısında aciz ola bilər..." -
gördüklərim asanlıqla məni bu qənaətə gətirdi. Bu, artıq
təsadüf ola bilməzdi, hər şey aydın idi, ancaq burada baş
verənləri və ya baş verəcəkləri Süleymanın bilməsini
istəmədiyimdən, yenidən geri qayıtmağa məcbur oldum.
- Fənər məndə qalsın. - tələsik şəkildə dedim - Siz isə hər
ikiniz kəndə qayıdın...
- Yox. - Minarə xanım dərhal sərt reaksiya verdi - Mən də
burada qalıram.
Nə isə demək istəsəm də, susdum, çünki qadını buna
məcbur edə bilməzdim. Hər halda onu tanımadığı bir kişi ilə
gecənin zülmət qaranlığında tək buraxmaq, düzgün
olmazdı.
- Mən getmirəm. - qadının çarəsiz səsi aydınca duyulurdu -
Sizi tək qoya bilmərəm.
Sonuncu söz, sanki qəfildən məni silkələdi. Qadından belə
bir münasibət gözləməsəm də, bu sözləri eşitmək çox xoş
idi. "O, məni cəmi bir gündür tanıyır, amma davranışında,
mənə güvənə biləcək qədər əmindir." - deyə düşündüm. Bu
etibarı özüm qazanmışdım. Odur ki, ürəyimdə özüm-özümü
təbrik edib, bu məsələyə aydınlıq gətirməyi bacardım.
Süleymanı güclə də olsa, fənərsiz halda kəndə yola salmağa
müvəffəq oldum. O, özündən çox, bizdən nigaran idi, lakin
mən onu əmin etdim ki, biz kəndin yolunu rahatlıqla
tapacağıq.
Minarə xanım, Süleyman gözdən itənədək gözlədi. O, nə baş
verdiyini anlamadığından, elə bil danışmağa da qorxurdu.
- Siz onu niyə yola saldınız? - nəhayət, qadın asta səslə
soruşdu - Nə baş verdi? Siz nə gördünüz?
- Bura baxın... - işığı bayaq gördüyüm yerə saldım - Daşı
görürsünüz?
- Görürəm. Burda nə var ki?
- İndi buna baxın. - işığı bir neçə metr qabağa saldım -
Daha bir daş... Bir az da gəlin... Buyurun, daha biri... Bu da
digər daş...
- Yəni bu... - o, ancaq indi nə baş verdiyini anladı - Bunu
kimsə edib?
- Hər halda... - deyib, əks istiqamətdə getməyə başladım -
Meşənin bu yerində yerə basdırılan daş, nəzərimdən yayına
bilməzdi. Kimsə yolu itirməmək üçün yerə iz salıb, amma
izdən görünür ki, yolumuz elə də qısa olmayacaq. Bəlkə sizi
evə ötürüm? Qorxa bilərsiniz...
- Əhəmiyyəti yoxdur. - qadın yenidən razılaşmadı - Siz
bütün bu fədakarlığı mənə görə edirsiniz. Ona görə də, siz
burda təhlükə ilə üz-üzə qalarkən, mən evdə rahat otura
bilmərəm.
- Necə istəyirsiniz... - gülümsəyərək dedim. Hər halda,
qadının qaranlıqda məni görmədiyinə əmin idim.
Yol boyu irəliləyərkən, hava qaranlıq olduğundan, biri-
birindən aralı yerləşən daş parçalarını tapmaqda çətinlik
çəkirdik. Onların arasında təxminən dörd-altı metr məsafə
qoyulmuşdu və yerdəki yarpaq və kol-kos da izi
axtarmağımıza mane olurdu. Zülmət qaranlıqda isə
istiqaməti tapmaq, asan iş deyildi. Hətta ara-bir bəzi
daşların arasındakı məsafə fərqinin daha da böyük olduğuna
təsadüf edirdik və bəzən itirdiyimiz izin davamını da
təsadüfən tapırdıq. Hər halda bunu izi itirmək üçün
etməmişdilər. Böyük ehtimalla daşlar təsadüfən yerindən
tərpənmişdi. Bəzən isə, çox kiçik daş parçalarına rast
gəlirdik. Bax bu, izi itirə bilmək üçün çox ideal variant idi.
Çünki bu hadisədən xəbəri olmayan bir şəxsin buradan
keçərkən, yerdəki bu kiçik daşlara fikir verməyəcəyini
arxayınlıqla güman etmək olardı. Üstəlik də üzərimizdə cəmi
bir fənərin olması, işimizi daha da çətinləşdirirdi. Ancaq
buna baxmayaraq, artıq bir saata yaxın idi ki, bu daşların
izinə düşmüşdük. Meşənin sıx ağaclı hissəsini keçərkən,
Minarə xanım geriyə qayıtmaq istədiyini söyləsə də, mən
israr etdim. Nədənsə əmin idim ki, biz istədiyimizi tapa
biləcəyik, lakin az sonra iz yox oldu və qarşımıza çıxan dərin
bir çuxur, məni də ümidsizləşdirdi.
- Bu, çuxur işlərimizi korladı. - kənarda yerə yıxılmış o qədər
də kiçik olmayan bir ağacın üstündə oturdum - Belə getsə,
gecəni burada keçirəsi olacağıq.
- Niyə? - Minarə xanım təəccüblə soruşdu - Məgər qayıda
bilmərik?
- Qayıda bilərik, amma əziyyətimizə heyfim gəlir.
- Bəs, nə edək? - o, yanımda əyləşdi - Çuxurun kənarlarını
diqqətlə yoxladıq. Hər yerə baxdıq, amma heç nə yoxdur.
- Haqlısınız... - razılaşmağa məcbur idim - Bəlkə də iz var,
sadəcə biz tapa bilmirik. Hava işıqlaşan kimi hər şey aydın
olacaq.
- Nicat bəy, məni səhv başa düşməyin, amma mən gecəni
burada qala bilmərəm. Mən çox qorxuram. - onun səsi
titrəyirdi - İlk dəfədir meşəyə gəlmişəm. Onsuz da
qaranlıqdan qorxanam. Üstəlik də buranın vahiməsi... Vəhşi
bir heyvan hər an qarşımıza çıxa bilər. Üstümüzdə isə,
fənərdən başqa heç nə yoxdur. Nə isə baş versə, özümüzü
qoruya bilməyəcəyik. Qaçmaq da mümkün olmayacaq,
çünki kənddən çox uzaqlaşmışıq. Gəlin, nə qədər ki, gec
deyil, qayıdaq... Sabah səhər gəlib baxarsınız. Həm də işıqlı
havada izi daha rahat tapa bilərsiniz.
- Sabah üçün mənim başqa planlarım var. - asta səslə
dedim - Axı, nəyə görə belə olmalı idi?! - əsəbiliklə ayağa
qalxdım - Niyə bu lənətə gəlmiş çuxur bizim qarşımızı
kəsdi?! Mən az qala adım qədər əmin idim ki, bu iz, bizi
axtardığımız yerə aparacaq.
Minarə xanım heç bir söz demədi və mən onu tək qoyub,
çuxura tərəf getdim. Az sonra, qadın da mənə yaxınlaşdı.
- Bəlkə izin davamı, bu çalanın içindən keçir? - qadın
çarəsiz halda soruşdu - Yəni ola bilər ki, digər daşlar onun
içində basdırılıb. Yox, amma elə olsaydı, çuxurdan sonra, o
iz davam edərdi.
- Bir dəqiqə, - çevrilib Minarə xanıma baxdım - siz nə
dediniz?
- Nə dedim ki?
- Əgər çuxurun içindən keçsəydi, o iz davam edərdi...
- Hə, elədir. Axı, biz onun ətrafını yaxşıca yoxladıq. Heç nə
yox idi. - qadın bu an mənim cəld hərəkətimdən diksindi -
Nicat bəy, hara gedirsiz?
Mən Minarə xanımın sualına məhəl qoymadan, çuxurun
içinə düşdüm. Qadın da mənim ardımca gəlirdi. Bura çox
vahiməli idi. Hər an hansısa bir yatmış heyvanı ayaqlaya
bilərdim. Yer ağac qol budaqları, hündür kol-koslarla dolu
idi. Fənərin işığını ayağımın altına salaraq irəliləyirdim.
Həyəcandan, qadının qaranlıqda arxamca gəlməsinin belə
fərqinə varmırdım. Elə bu vaxt Minarə xanım qışqıraraq
yıxıldı. Çevrilib, cəld ona yaxınlaşdım.
- Axı, siz niyə bura gəldiniz? - əsəbi şəkildə dedim - Məni
gözləsəniz yaxşı olardı.
- Xeyr, siz məni gözləməli idiniz. Nəzərə almalı idiniz ki,
mən qaranlıqda yeriyirəm. Həm də tək qalsam,
qorxacaqdım. - o, fənərin işığında, dizindəki qana baxdı -
Uf, ayağım bərk əzildi...
- Bu nədi belə? - işığı, çuxurun bitən hissəsinə saldım.
- Nəyi deyirsiz? - qadın da çevrilib baxdı və qorxudan içini
çəkib, diksindi - Nicat bəy, gəlin gedək. Bu, hansısa
heyvanın yuvasıdır. - Minarə xanım lap mənə yaxınlaşıb,
qolumdan tutmuşdu - İşığı da söndürün. Xahiş edirəm. Mən
çox qorxuram...
- Xanım, sakit olun. - fənərin işığında gördüyümüz yerə
yaxınlaşaraq dedim - Diqqətlə baxın... Hələ heç bir heyvanın
şüuru o dərəcədə inkişaf etməyib ki, yuvasına qapı qoysun.
Çuxurun bu hissəsi yuxarıdan baxanda görünmürdü. Odur
ki, onu görmək üçün mütləq buraya düşmək lazım idi. Artıq
biz həmin yerə lap yaxınlaşmışdıq. Onun giriş hissəsi o
qədər də kiçik deyildi və ağac qol-budağı ilə yarıqapalı
şəkildə bağlanmışdı.
- Orada kimsə var. - asta səslə dedim və qadının, qolumu
daha da bərk tutub sıxdığını hiss etdim - Mən açıb, içəri
baxmalıyam.
- Hə, açın, açın... - Minarə xanım gülümsədi - Zarafat
edirsiz, hə?
- Yox, tam ciddiyəm. Mən mütləq ora baxmalıyam.
- Kaş mən gəlməyəydim... - qadın ağlamsındı - Birdən
yaxınlaşdınız, işığı içəri saldınız və bir canavarın sizə
baxdığını gördünüz. Onda?
- Onu deyim ki, heç də yaxşı zarafat deyil. - gülümsünərək
dedim - Minarə xanım, siz bir şeyi unudursunuz. Biz buraya
təsadüfən düşməmişik. Bizi bura bir iz gətirdi. Doğrudur, bu,
hansısa bir heyvanın yuvasına bənzəyir, amma bir şey
dəqiqdir. Orada insan yaşayır...
- Yaxşı, onda gedin baxın, amma inciməyin mən buradan
uzaqlaşıram...
- Olsun. - gülərək qadına baxdım - Elə ən doğrusu da
budur...
Minarə xanımın bir qədər kənara çəkilməsini səbrlə
gözlədim. Əvvəlcə işığı qoluma tutdum. Saat on birə on beş
dəqiqə qaldığını göstərirdi. Daha sonra, asta şəkildə yuvaya
yaxınlaşdım. Yuvanın girişini örtən "qapı"ya toxunduqda,
daha da əmin oldum ki, burada kimsə yaşayır. Çünki "qapı"
rolunu oynayan ağac qol-budaqları, çox səliqəli şəkildə biri-
birinə bağlanmışdı və kənardan şübhə doğura biləcək heç nə
nəzərə çarpmırdı. Qapını ehmalla götürüb, kənara qoydum.
"Fənərin işığı həmin insanın üzünə düşəndə, görəsən nə baş
verəcək?!" - deyə işığı içəriyə salmamışdan əvvəl,
keçirdiyim dəhşətli həyəcanı hiss etdim və fənəri yandırdım.
Ürəyim, sanki yerindən çıxacaqmış kimi döyünməyə başladı.
Qarşılaşdığım mənzərə məni daha da vahiməyə salmışdı.
Çünki mən fərziyyəmdə yanılmamışdım. Bu sığınacağın içi,
mən düşündüyümdən də böyük idi. Küncdə yerə düzülmüş
qalın taxtalar üzərinə karton salınmışdı. Böyük ehtimalla
bura, həmin insanın yatağı idi. Ortada isə ocaq qalamaq
üçün nəzərdə tutulduğu güman edilən daşlar dairəvi şəkildə
yerə basdırılmışdı, yanında da dəmir bir qab, hisdən
tamamilə qaralmış çaydan və bir fincan vardı. Fənəri içəriyə
gəzdirməyə davam etdim və digər küncdə plastik vedrədə su
olduğunu gördüm. Nəhayət, içəri keçməyə qərar verdim,
çünki orada heç kim yox idi. Ancaq, keçirdiyim dəhşətli
qorxu və vahimə hissi, tez bir zamanda məni, buradan
çıxmağa vadar edirdi. Həm də həmin insanın hər an bura
qayıtmaq ehtimalı böyük olduğundan, daha burada qala
bilməzdim. Cəld şəkildə içəridən çıxıb, qapını əvvəlki tək
yerinə qoydum. Minarə xanım, dərhal mənə sarı gəldi.
- Nə gördünüz? - deyə maraqla soruşdu.
- Yaxınlaşdım, işığı içəri saldım və bir canavarın mənə
baxdığını gördüm. - deyib, gülümsədim.
- Heç də gülməli deyil. - qadın bir qədər aşağı çöməldi - Nə
gördünüz ki? İçəri boş idi, hə?
- Gəlin, özünüz görün... - yenidən asta addımlarla yaxınlaşıb
qapını bir kənarə qoyaraq, işığı yandırdım - Baxın...
Minarə xanımın necə həyəcan keçirdiyini açıq-aşkar hiss
edirdim. O, kəsik-kəsik nəfəs alaraq, sanki nə isə deməyə
çalışır, lakin söz tapa bilmirdi.
- İlahi, axı bu necə ola bilər?! - qadın titrək səslə dedi və
cəld əlimdən tutdu - Nicat bəy, gedək buradan. Yalvarıram
sizə... O qadın hər an gələ bilər. Bizi burada görsə, ikimizi də
öldürəcək. - o, keçirdiyi stressdən ağlamağa başladı - Siz
haqlı çıxdınız... O, həqiqətən ölməyibmiş... Odur... Mahirədir...
- Minarə xanım, sakit olun. Bilsəydim ki, belə qorxacaqsınız,
heç sizə göstərməzdim. Axı, hələ ki, tam əmin olmaq
mümkün deyil. Burada başqa bir insan da gizlənə bilər.
- İçəridəki fincanı mənə gətirə bilərsiz?
Mən səbəbi soruşmadan, çevrilib sığınacağa daxil oldum və
fincanı götürüb, çıxdım. Minarə xanım, fənərin işığında
fincanı əlinə alarkən, halı daha da pərişan oldu.
- Odur, Nicat bəy, odur... - qadın ağlayaraq, onu mənə
qaytardı - Mahirədir...
- Niyə bu qədər əmin oldunuz? - fənərin işığını əlimə tutdum
- Fincan?
- Hə, o... - qadın əlimdəkinə işarə etdi - Mən Nərimangilə
gələndə, onların evində, eyni ilə, bu fincandan beş ədəd var
idi. İndi onlardan ikisi qalıb. Onları sizə göstərərəm. -
Minarə xanım fincanı yenidən əlinə aldı - Yəqin ki, bilmiş
olarsınız... Adətən onlar altı ədəd olurlar. Mən isə sadəcə
düşünmüşdüm ki, yəqin biri sınıb.
- Bu, artıq təsadüf ola bilməz...
- Doğrudur. - qadın razılaşdı - Siz içəriyə işığı salan kimi, o
fincanın üzərindəki qırmızı rəng diqqətimi çəkdi. Sonradan
evimizdəki, üzərində çiyələk şəkli olan o fincanlar yadıma
düşdü.
- Ancaq bunun üzərində toz var. - ehtiyatla fincanı əlimə
aldım - Görünür, Mahirə daha burada yaşamır, amma o,
hələ də gizlənirsə, demək hər an buraya gələ bilər.
- Xahiş edirəm, gedək... Nicat bəy, xahiş edirəm... Mən çox
qorxuram...
Fincanı yerinə qoyaraq, hər şeyi əvvəlki vəziyyətinə salıb,
şübhə doğura biləcək heç bir iz saxlamadan oranı tərk etdik.
Minarə xanım, əlimdən tutsa da, çuxuru çətinliklə çıxa bildi.
Onun sol ayağındakı yara hələ də bərk ağrıyırdı. Ona görə də
bu, bizim üçün əlavə problem idi. Çünki yolu geriyə
qayıtmaq üçün, yenidən həmin izi axtarmağa məcbur idik.
Çətinliklə də olsa, bunu bacarırdıq, amma indi bayaqkı yol,
sanki daha da uzun görünürdü.

Çəhrayı zolaqlı varlıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin