11.Bölüm

2 0 0
                                    

Ümumiyyətlə, insan məqsədinə çatacağını güman edəndə,
istənilən maneəni aşmağa müvəffəq olur və bu vaxt əlavə
güc gəlir, ikinci nəfəs açılır, uğura gedən yol isə qısalır...
Bu gün mən, bir daha bunun şahidi olmuşdum. İndi yolun
yarısından çoxunu geridə qoymağımıza baxmayaraq, mənə
elə gəlirdi ki, sanki uzun zamandır yola çıxmışıq.
Süleymangilin evindəki dözülməz başağrım isə, yenidən
şiddətlənməyə başlamışdı. Özümü o qədər də yaxşı hiss
etmirdim. Hətta yorğunluğum o həddə çatmışdı ki, qaranlıq
meşədə uzaqdan görünən işıq belə nəzərimdən yayınmışdı.
Minarə xanım qolumdan tutub, əlimdəki fənəri bir qədər
aşağı salanda da, ilk öncə nə baş verdiyini anlamadım.
Ancaq qadın asta səslə məndən, qarşıya baxmağımı
istəyəndə, gördüklərim məni dəhşətə gətirdi və cəld şəkildə
işığı söndürdüm. Əlində fənər olan bir şəxs, bizə
yaxınlaşırdı...
Minarə xanım arxama keçib gizlənsə də, mən nə edəcəyimi
bilmirdim. Təhlükə bizi çox pis və köməksiz olduğumuz
məqamda haqladığından, ilk dəfə idi ki, bu qədər həyəcan
keçirdiyimi hiss etməyə başlamışdım. Ancaq, daha çox
Minarə xanımdan nigaran idim. O, qolumdan bərk
yapışmışdı deyə, qadının necə titrədiyini hiss edirdim.
Minarə xanım özü də hər şeyi çox gözəl anlayırdı. Əgər
bizim buraya gəlməyimiz, doğrudan da yaxınlaşan o insanın
əleyhinə idisə, onda gecənin bu zülmətində, bizi heç kim və
heç nə xilas edə bilməyəcəkdi. Ona görə də burada dayanıb,
o insanı gözləmək ağılsızlıq olardı. Çünki o, əlimizdəki fənər
sayəsində bizim yerimizi təyin edə bilmişdi. Odur ki,
getdikcə bizə daha da yaxınlaşırdı. Ayağının altında sınan
ağac budaqları və ətrafa yayılan tükürpədici xışıltı, meşənin
dərin və qorxunc sükutunda olduqca vahiməli səslənirdi. O,
səsini çıxarmadan bizə doğru gəlirdi. Sanki, həmin şəxs özü
də qorxurdu, çünki addımlarını çox ehtiyatla atdığı
görünürdü. Nəhayət o, asta sürətlə istədiyi yerə çatdı və
fənəri bizim bayaq dayandığımız hissəyə salıb, ətrafa
gəzdirməyə başladı. Biz isə buna qədər artıq oradan
uzaqlaşaraq, kənardakı ağacların arxasına gizlənməyə
macal tapmışdıq. Bu an, qaranlıqda çətinliklə də olsa, həmin
insanın siluetini görüb, Minarə xanıma baxdım. Qadın
sakitcə başını tərpətdi və mən gizləndiyim yerdən çıxaraq
fənəri yandırıb, işığı uzaqdan həmin naməlum şəxsin üzərinə
saldım...
- Siz niyə bura qayıtdınız? - yaxınlaşaraq soruşdum - Nə
isə olub?
- Bəs, siz niyə məni görən kimi gizləndiniz? - Süleyman işığı
üzümə salıb, güldü - Yox, heç nə olmayıb. Sadəcə sizdən
nigaran qaldım.
Az öncə keçirdiyim həyəcanla müqayisədə əhvalım bir qədər
yaxşı olsa da, bizi qorxutduğu üçün Süleymana bərk
acıqlanmışdım, amma bunu birüzə vermək istəmirdim. Odur
ki, söhbəti bu məcraya istiqamətləndirməmək üçün yol boyu
da bu məsələ haqda söz salmamağa çalışdım.
- Sizdən ayrılandan sonra, meşənin gəldiyimiz girişində
gözləməyə başladım. - Süleyman artıq evinin həndəvərində
olanda dedi - Xeyli gözlədim. Doğrudan da sizdən nigaran
idim. Gəlmədiyinizi görəndə də lap narahat oldum. Sonra
evə qayıdıb fənər götürdüm və meşəyə qayıtmağı qərara
aldım... Buraları az-çox tanıyıram. Yad insan üçün bu
meşədə azmaq o qədər də gözlənilməz bir hal deyil. - kişi
həyət qapısının kandarında dayanıb qapının çərçivəsinə
söykənmişdi - Bu meşə siz təsəvvür etdiyinizdən də
təhlükəlidir. Bilmirəm, nə məqsədlə meşəni tək gəzməyə
qərar verdiniz, amma Nicat bəy, sizə bir qardaş kimi
məsləhət verirəm. Bu günkü hərəkətinizi bir daha
təkrarlamayın...
Süleymanın sözlərində nə qədər həqiqət olduğunu ona
bildirmək istəyirdim, amma anlayırdım ki, əminliyimin
səbəbini açıqlamaqda çətinlik çəkəcəyəm. Ona görə də
sadəcə təşəkkür edərək, məsləhətinin mənim üçün çox
önəmli olduğunu deyib, ondan ayrıldıq.
Minarə xanımgilin evinə çatanda, yaxınlıqdakı qonşunun
açıq həyət qapısı diqqətimi çəkdi. Əslində mən bu işi sabah
üçün planlaşdırmışdım, amma bu günkü hadisələrin inkişafı,
mənə artıq vaxt itirməyin gərəksiz olduğunu aşılayırdı.
Cibimdəki bloknotu çıxarıb, günorta Lalənin ora yazdığı
sonuncu cümləyə bir daha baxdım: "...atam mamanı
döymüşdü. Biz də qonşuya getmişdik." Bu cümlə bir şeyi
isbat edirdi: demək ki, Mahirənin yaxınlıq etdiyi qonşusu
olub.
- İstəyirsiz, siz daha evə gedin. - Minarə xanıma baxaraq
dedim - Mənim burada bir az işim var. Qurtaran kimi
kəndimizə qayıdacağam.
- Nə işiniz var ki? Sizə kömək edə bilərəm?
- Təşəkkür edirəm, amma ehtiyac yoxdur. Mən sadəcə
qonşunuzla danışacağam.
- Bu saatda? - qadın təəccüblə soruşdu.
- Başa düşürəm, gecdir, amma bu qonşunuzun uşağı hələ
də həyətdədir...
- Hə, hələ lap uşaq ikən də o, yatmağı xoşlamazdı. - Minarə
xanım gülümsədi - Elə indi də yatmağı sevmir. Çox yaxşı
qızdı. Lalənin ən yaxın rəfiqəsidi.
- Ev sahibinin adı nədi?
- Adı Zivərdi... Tək qadındı. Bir qızı var idi... İlk ailəsindən
ayrılandan sonra, ikinci dəfə ərə getdi, amma yoldaşı onun
uşağını qəbul eləmədi. O da qızını gətirib Zivər xalaya verdi.
İndi özü Türkiyədə yaşayır... - qadın bu haqda sanki nifrətlə
danışırdı - Guya anası tək qalmasın deyə, bu addımı
atmışdı. Belələrini düşünəndə dəhşətə gəlirəm. Hər şey gün
kimi aydındır. Axı, insan öz xoşbəxtliyi üçün övladından
necə imtina edə bilər?!
- Övlad itgisinin nə olduğunu sizdən yaxşı bilə bilmərəm.
Amma inanın, o qadın qızını daha çox itirib, nəinki siz...
- Təsəlli verməyi bacarırsınız...
- Ola bilər, amma mən təsəlli vermirdim. Siz öz doğma
qızınızı itirdiyiniz halda, ailənizdə baş verən neqativ
hadisələrdə təqsirləndirdiyiniz Mahirənin qüsurlu qızını
saxlayırsınız. Ancaq Laləni "uşaq evi"nə ataraq, bunu
etməyə də bilərdiniz. Həm də mən görürəm ki, Lalə sizi çox
istəyir. Mənim aləmimdə, bir körpənin gələcəyini düşünüb,
öz taleyinin üzərindən xətt çəkməyi bacaran biri, doğma
övladını görə bilməyəcək qədər, xoşbəxtlikdən gözləri kor
olmuş qadından çox yüksəkdədir...
...Zivər xanımın mənzili, həyəti ilə müqayisədə o qədər də
böyük deyildi. Açıq qapıdan içəri daxil olan kimi, kiçik qız
məni görüb, yelləncəkdəki gəlinciyini də götürərək, evə doğru
qaçdı. Qapını ardınca bərk örtsə də, az sonra yenidən açdı
və həyətə çıxdı. Onun ardınca isə dolğun yaşlı bir qadın
kandarda göründü. Zivər xanım bəstəboylu və bir qədər dolu
bədən quruluşuna sahib idi. Yetmiş yaşı ancaq olardı, amma
hərəkətlərində daha da yaşlı insanı andıran bəzi nüanslar da
nəzərə çarpırdı. Çökəkdə olan gözlərinin kənarlarındakı
qırışlar aydın görünürdü, amma dairəvi quruluşlu simasının
mütənasibliyini qoruyan kiçik burnu və nazik dodaqları onun
gənc ikən gözəl olduğunu aşılayırdı.
- Eşidirəm, oğlum... - qadın ayaqqabılarını geyinərək
soruşdu - Kim lazımdı?
- Zivər xanım sizsiniz?
- Mənəm ay oğul... Kimsən? Tanımadım...
- Vaxtınızı çox almayacam, Zivər xala... - qadının həyətin
kənarındakı stullardan birini götürməyə cəhd etdiyini görüb,
əlavə etdim - Narahat olmayın. Sadəcə bir-iki sual verib,
gedəcəyəm.
- Nə haqqında? - o, bir az ehtiyatla soruşdu.
- Əvvəla, gecə vaxtı sizi narahat etdiyimə görə məni
bağışlayın. Məcburiyyət qarşısında qalmasaydım,
gəlməzdim. - qadın lap qarşımda dayanmışdı - Mən itgin
düşmüş qonşunuz Mahirə ilə bağlı qapınızı döymüşəm.
- Kimsən sən? - Zivər xala hirsli şəkildə üzümə baxdı.
Deyəsən mənim son sözüm qadının heç ürəyincə
olmamışdı.
- Mən cinayət işləri üzrə ekspertəm... - deyib, cibimdən
adətən üzərimdə gəzdirdiyim saxta vəsiqəni çıxarıb, qadına
göstərdim. Bu vəsiqə dəfələrlə ekstrimal hallarda mənim
dadıma çatmışdı. Hər hansısa bir sənəd insanı elə həmin an,
bacarıq və qabiliyyət isə, sonradan tanıtdırdığından, sadəcə
hüquq fakültəsinin üçüncü kurs tələbəsi olduğumu bilib, kim
mənimlə ünsiyyətə girərdi?!
- Vaxtında səni kimiləri ilə çox danışmışam... - amma
deyəsən, vəsiqəm bu dəfə əks-effekt verdi - Bir xeyiri oldu?!
Yox! Hamınız eynisiniz... Başa düşmürəm insanları
dindirmək sizin nəyinizə lazımdır?! Onsuz da dediklərimizi
heçə sayıb, öz bildiyinizi edirsiniz. Bu bilirsiz nədi? Təhqir!
Gəlib məni söysələr bundan yaxşı idi. Gəldilər, danışdırdılar,
guya dediklərimi qeyd elədilər, çıxıb getdilər. Mən də həvəslə
hər şeyi danışırdım. Elə başa düşürdüm ki, bir xeyirim
toxunacaq, - qadının bu qədər əsəb keçirməsi məni
təəccübləndirirdi - amma sözlərimi vecinə alan olmadı.
Kimisə ittiham etməmişdən əvvəl, yaxşıca düşünmək
lazımdır. Yazıq qızım Mahirə səni kimilərinin qurbanı oldu...
- Zivər xanım, bir dəqiqə...
- Sözümü kəsmə! Məndən də heç nə soruşma... Gəldiyin
kimi də get. Qapı açıqdı... Mən zamanında hər şeyi sənin
dostlarına demişdim. - qadın yaxınlaşıb, qolumdan tutaraq
üzümü çevirdi və məni həyət qapısına tərəf apardı - O vaxt
demişdim ki, onda heç də gec deyildi və Mahirəni xilas
etmək olardı... - Zivər xanım son sözlərini daha kəskin
şəkildə qeyd etdi - İndi isə, get! Hər şey olub keçəndən
sonra, səninlə heç nə danışan deyiləm!
- Bir dəqiqə dayanın... - bağlanan qapını əlimlə saxladım -
İmkan vermədiniz mən gəlişimin məqsədini tam olaraq izah
edim.
- Mənə hər şey aydındır...
- Heç nə aydın deyil... Aydın olsa idi, məni evinizdən
qovmazdınız. - bu sözüm qadını sanki bir qədər ayıltdı -
Birincisi, sizin verdiyiniz ifadələrdən bixəbərəm və həmin
vaxt həmsöhbətiniz olan şəxslər mənim dostlarım deyil,
ikincisi də, mən bu cinayət işində müstəqil xəfiyyəyəm.
- Olsun. Nə fərqi var ki?! Eyni şeydir...
- Eyni şey deyil, xanım. Siz bildiklərinizi danışmamaqla
səhvə yol verirsiniz.
- Nəvəm yaşındasan. - qadın yarıqapalı qapıdan üzümə
baxaraq, sifətini turşutdu - Mənə nə etdiyimi öyrədəcəksən?
Səni kimisi ilə, heç danışmaq fikrim yoxdur.
- Dayanın... - qüvvətlə üzümə bağlanan qapını yenidən
saxladım - Nəyə görə məsələni bu qədər qəlizləşdirdiniz?
Mən bura böyük ümidlərlə gəlmişdim. Lalə mənə anası ilə
bağlı bəzi məqamlardan bəhs edəndə, mən anlamışdım ki,
Mahirənin çox yaxın bir qonşusu olub və təxmin etmişdim
ki, bu, siz ola bilərsiniz. Yanılmadım. Bu siz idiniz. Ona görə
də, yardımınıza böyük ehtiyacım var idi, amma çox təəssüf
ki, siz ən yaxın qonşunuza növbəti dəfə olsa belə, yardım
etmək istəmədiniz...
- Necə yəni? - Zivər xala son sözümdən çaşıb-qaldı - Necə
yəni qonşuma kömək etmək istəmirəm. Mən zamanında
köməyimi etmişəm. Bir nəticəsi olmasa da, etmişəm. İndi
isə, daha gecdir. İşi-işdən keçəndən sonra, çənə yormağın
da bir mənası yoxdur.
- İşin-işdən keçdiyinə niyə bu qədər əminsiniz?
- Məgər, Mahirə ölməyib?! Əmin olmaq üçün başqa nə
lazımdır?
- Mahirənin öldüyü nə ilə təsdiqləndi? Adi bir əski parçası ilə?
Axı, onun cəsədi hələ də aşkar olunmayıb.
- Demək istəyirsiniz o, sağdır? Bunu desəniz belə sizə inana
bilmərəm...
- Bəs, sizin fikrinizcə, nəyə görə illər öncə bağlanmış cinayət
işi yenidən araşdırılır?! - əlimi qapıdan çəkdim - Çox
təəssüf ki, bizim əsas məsələ haqqında söhbətimiz baş
tutmadı. Görürəm ki, ünsiyyətə girməməkdə qərarlısınız,
amma mənim çox az vaxtım var. Bu işlə məşğul olmağı
hələ bu gün öz üzərimə götürdüm və elə indicə Mahirənin
sağ ola biləcəyi haqqında əsaslı dəlillərə rast gəldim. -
qadın bu an, bayaqdan bərk-bərk tutduğu qapı dəstəyini
buraxdı - Böyük ehtimalla Mahirə yaşayır, Zivər xanım.
Vəfat etdiyi zənn edilən və zamanında ən yaxın qonşunuz
olan qadın, yaşayır... O, ölməyib! Xudahafiz! - deyib, bu
dəfə özüm qapını arxamca bərk örtdüm...
Uğurun bir addımlığında olarkən, sanki hadisələr yuxudakı
kimi cərəyan etməyə başlayır. Əlini ona uzadırsan, lakin
toxuna bilmirsən. Sən ona yaxınlaşdıqca, o, səndən daha da
uzaqlaşır. Zivər xanımla baş tutmayan söhbətim də eyni ilə
buna bənzəyirdi. Məsələ burasındadır ki, qadının
söylədiklərində çox müəmmalı bir nüans vardı. "Zamanında
mən Mahirəni xilas etməyə cəhd göstərdim, amma
alınmadı." Görəsən qadın nə bilir və o, Mahirəni necə xilas
etməyə cəhd göstəribmiş?!
Beynimi qarışdıran bu suallar, evə gedərkən, yolboyu mənə
rahatlıq vermədi. Hətta gecəni də demək olar ki, yatmaq
asan olmadı. Zivər xanımın dedikləri, bəlkə də demədikləri
bağlı düşüncə sandığının açarını oğurlamış, onun kobud
davranışı isə, gözümün önündə sanki bir pərdə kimi asılaraq,
qarşını görməyə imkan vermirdi. Lakin mən nədənsə, bir ucu
uğura bağlanmış ipin digər ucunun nə vaxtsa ayağıma
dolaşacağına qəlbən inanırdım və doğru cığırda olduğumu
güman edirdim. Maneələr məni məhvetmə gücünə qadir
olsalar belə, mən bu yolun sonuna çatmaqda qərarlı idim...

Çəhrayı zolaqlı varlıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin