8.Bölüm

8 1 0
                                    

Mənzilin qapısını açarla bağlayarkən, mən dayanıb, onu
gözləyirdim.
- Bayaq bir söz işlətdiniz, - öz səsimi özüm güclə
eşidirdim- amma mən fikir vermədim. Mahirənin sizdən
qisas aldığının açıq-aydın göz qabağında olduğunu dediniz...
- Hə, dedim. - Minarə xanım çevrilib mənə baxdı - Lalənin
toxunulmaz qalması, sizə də təəccüblü görünmürmü? İki il
dalbadal eyni gündə, həm həyat yoldaşım, həm də bir yaşlı
qızım vəfat etdi, amma... - qadın bu an, diksindi. Sanki ona
elə gəldi ki, Lalə hər şeyi eşidir. Çevrilib qıza baxdı və çox
asta səslə əlavə etdi - Amma Lalənin burnu da qanamadı.
Bu gün isə artıq, iyul ayının 20-dir. Üç gündən sonra, növbə
mənimdirmi?
Kənd yolu ilə addımlayarkən, Minarə xanımın bu son sualını
beynimdən ata bilmirdim. Bəlkə, hamı haqlı idi, bir tək mən
yanlış düşünürdüm?! Qadının sözlərində az da olsa həqiqət
var idi. Onun bu qədər həyəcan və qorxu keçirməsində də
kifayət qədər əsası vardı. Ömrünün sonuna üç gün qaldığını
güman edən şəxs, ancaq bu cür davrana, bu cür düşünə
bilərdi.
Meşəbəyinin evini tapmaqda elə də çətinlik çəkmədik. Laləni
Minarənin rəfiqəsinin evinə qoyduqdan sonra, qarşımıza ilk
çıxan cavan bir oğlan, evin yerini tanıdığını söylədi və yol
boyu bizə bələdçilik etdi. Oğlana təşəkkür edərkən, artıq
ünvana varmışdıq. Salman kişinin mənzili böyük bir həyətin
düz axırında yerləşirdi. Həyət, meşəbəyinin səliqəli şəkildə
bir küncə yığdığı ağac qol-budaqları ilə dolu idi. Minarə
xanımın dediyinə görə, Salman, meşədən topladığı qurumuş
ağac budaqlarını, təmənnasız şəkildə kənd camaatına
paylayarmış. Ancaq son illər səhhətində yaşadığı problem,
onun bu xeyirxaq əməlindən daşınmasına səbəb olmuşdu.
Bizi, elə həyətdəcə ilk olaraq kiçik bir qız qarşıladı. Ünvanı
dəqiqləşdirdikdən sonra, uşaq evə qaçdı və az sonra orta
yaşlı bir kişi qapıdan çıxdı. Onun xarici görünüşü tipik bir
kənd adamını xatırladırdı. Zəhmətkeş cizgilər, yorğunluqdan
əsər-əlaməti olmayan dik baxışlar və kifayət qədər sağlam,
eyni zamanda da möhkəm bir bədən quruluşu... "Yox,
Salman bu deyil" - öz-özümə dedim və elə həmin an, kişi
Minarə xanımı başı ilə salamlayaraq mənə əl uzatdı. Onun
həm də çox kobud və iri əlləri vardı.
- Xoş gəlmisiniz. - qalın səs tonu ilə sözə birinci o başladı -
Buyurun. Qızım dedi ki, atamı axtarmısınız...
- Bəli, bizə Salman dayı lazımdır. - tələsik cavab verdim -
Ondan bir-iki şey soruşmaq istəyirəm.
- Buyurun, eşidirəm...
- Yox, əgər mümükündürsə, mən atanızla danışmalıyam.
Təbii ki, əgər mümkündürsə...
- Xeyr, bu mümkün deyil. - həmsöhbətim deyəsən, ünsiyyəti
heç sevmirdi - Nə soruşacaqdınız?
- Salman dayı bir neçə il öncə, itgin düşmüş Mahirə adlı
qadının itgin düşən vaxt əynində olduğu paltarından bir
parçasını meşədə tapıbmış... Mən bağlanmış həmin cinayət
işini araşdırıram. - ev yiyəsi bunları eşidərkən, bir anda üz
cizgiləri dəyişdi - Hər halda xəbəriniz var.
Qarşımdakı, söhbətə uyuşmayan şəxs, sualıma cavab
vermək əvəzinə bir qədər susdu və nəhayət, gözləmədiyim
şəkildə qapıya sarı çevrildi.
- Keçin içəri... - asta səslə dedi.
Beş dəqiqə sonra biz, yumşaq divanda əyləşmişdik. Bu
köhnə və uçuq-sökük kənd evinin çox qəribə bir başağrıdan
aurası vardı. Bəlkə də bu, elə içəri girən kimi əhvalımı
korlayan, kəskin dərman qoxusunun təsirindən irəli gəlirdi.
Hər nə idisə, başım bərk ağrımağa başlamışdı, ancaq başqa
çarə yox idi. Sakitcə ev sahibinin gəlməsini gözləyirdik.
Cavan bir gəlin, süfrəyə çay gətirərək, bizimlə
salamlaşmadan otaqdan çıxdıqdan sonra, bayaqkı şəxs
otağa daxil oldu və qarşımızdakı çox köhnə qoltuqda
əyləşdi.
- Sizi eşidirəm. - o, bayaqkı səs tonu ilə danışmırdı - Nə
sualınız varsa, soruşun...
- Axı, mən atanızla danışmalıyam. - bir daha təkrarlayası
oldum - O, evdə deyil?
- Evdədir, amma... - kişi duruxub, siqaretini yandırdı -
Görürəm ki, xəbəriniz yoxdur. Atam xəstədir. Vəziyyəti heç
yaxşı deyil. - bir qədər susub, sanki çətinliklə əlavə etdi -
Danışa bilmir...
- Anladım... - təəssüf hissi ilə dedim - Allah şəfasını versin.
Çoxdan olub bu hadisə?
- Siz onun başına gələnləri bilirsiniz? - kişi heyrətlə mənə
baxdı - Bəs bayaqdan məni niyə danışdırırsız?
- Bəli, bu haqda eşitmişəm, amma vəziyyətinin bu qədər pis
olduğunu bilmirdim. Hadisə necə baş verib?
- Atam bir günə yaxın, meşədə huşsuz vəziyyətdə qalıb. -
kişi sanki olanları ilk dəfə idi kiməsə danışırdı - Üstünə ağac
budağı düşmüşdü. Bərk yaralanmışdı. Onu mən gedib
tapdım. Elə bilirdim, artıq ölüb, amma atam möhkəm kişi idi.
Yazığın indiki halını görəndə dəhşətə gəlirəm. Əvvəlki
adamdan əsər-əlamət qalmayıb.
- Deməli bu hadisə, Salman dayı Mahirənin paltarını
tapandan sonra baş verib?!
- Hə, ondan təxminən üç-dörd gün sonra.
- Atanız paltarı tapandan sonra, qadının cəsədini də
axtarmağa cəhd göstərmişdi?
- Hə, o... - həmsöhbətim bu an, elə bil birdən ayıldı - Siz
bunları hardan bilirsiz?
- Bilmirəm. Sadəcə təxmin edirəm.
- Axı, atamın üzərinə düşən ağacla, itgin düşmüş o qadının
nə əlaqəsi var?
- Təbii ki, elə bir real əlaqə yoxdur, - çayımdan bir qurtum
aldım - amma mən də məhz o əlaqəni axtarmaq istəyirəm.
- Mən sizin nə demək istədiyinizi anlamıram.
- Adınız necə oldu?
- Süleyman.
- Mənim də adım Nicatdır... Süleyman bəy, iş orasındadır ki,
həmin itgin düşən qadının cəsədi ortada yoxdur. Yəni onun
öldüyünü təsdiqləyən, sadəcə atanızın tapdığı əski
parçasıdır. Bu qədər... Ona görə də biz, mümkün ola biləcək
bütün variantları nəzərdən keçiririk.
Süleyman heç bir söz demədən, gözünü bir nöqtəyə zilləyib,
susmuşdu. Sanki o, hər şeyi anlamışdı, ancaq mən adım
qədər əmin idim ki, o, hələ də mənim nə demək istədiyimi
tam olaraq dərk etməyib.
- Atanızın üzərinə düşən budaq... - söhbətin səmtini
dəyişərək soruşdum - Yadınızdadır?
- Hə, böyük bir budaq idi. Kişinin başını bərk yaralamışdı.
- Atanız həqiqətən o budağın qopub düşdüyü ağacın altında
idi?
- Doğrusu, buna fikir verməmişdim... Yəni, həmin an onu
düşünəcək halda deyildim.
- Anlayıram... Bəlkə o, yaralanmamışdan əvvəl, meşədə
daha nə isə görüb? Salman dayı indi heç danışa bilmir?
- Nəinki danışmaq, o, hətta yaddaşının da bir hissəsini
itirmişdi. Bir ara vəziyyəti yaxşı idi, amma sonra evimizə
girən bir oğru, onu bərk qorxutdu. Ondan sonra, o, daha da
çəkingən oldu. Evdə tək qala bilmirdi. Elə bu günün özünə
kimi də mən, gecələr onun yanında yatıram. Tək yatmağa
da qorxur.
- Oğru onun otağına girmişdi?
- Görünür, hə... Kişi qışqıranda, biz onun səsinə ayıldıq. O,
özündə güc tapıb qışqırmağı bacarmışdı.
- Bəs, hardan bildiniz ki, evinizə oğru girib?
- Biz yan otaqdan atamın otağına keçəndə, o, əli ilə dəhlizi
göstərdi. - Süleyman qaşlarını çatıb, dəhlizə işarə etdi -
Mən tez ora qaçdım. Pəncərə açıq idi. Həyətə baxanda isə,
bir nəfərin qaçdığını gördüm.
- Kişi idi, qadın? - dərhal soruşdum.
- Hər halda qadın olmazdı, amma görə bilmədim. Gecə idi.
Qaranlıqda onu görməyim mümkün deyildi. O, ağacların
arası ilə qaçırdı. Mən sadəcə həyətdəki qaçış səsindən,
atamın haqlı olduğunu anlamışdım.
Süleyman daha nə isə demək istədi, amma həyat yoldaşı
çayları təzələmək üçün yenidən otağa daxil oldu. Qadın yeni
çayları süfrəyə gətirənə kimi bir kəlmə də kəsmədik. Odur ki,
otağın qapısı arxadan bağlanana qədər gözlədim.
- Oğru evinizdən nə aparmışdı? - nəhayət, asta səslə
soruşdum.
- Allah köməyin olsun. - Süleyman gülərək dedi - Nəyimiz
var ki, nə də aparsın... - o, daha da ürəkdən güldü - Heç
nə... Heç nə aparmamışdı...
- Əgər oğru bir evə girirsə, mütləq aparmaq üçün nə isə
tapır. - qətiyyətim, kişinin üzünü ciddiləşdirdi - Məsələ isə
burasındadır ki, sizin evinizə girən oğru olmayıb...
- Başa düşmədim. - o, üzünü turşutdu - Bəs, kim olub?
- Məni, atanızı yaralı halda tapdığınız yerə apara bilərsiz?
Süleyman təklifimlə dərhal razılaşdı. Üçümüz evdən
çıxarkən, artıq hava qaralmağa başlayırdı. Uzun yolu piyada
gedəcəyimizi bilirdik. Odur ki, bir qədər də cəld olaraq,
meşəyə vaxtından tez çatmağı bacardıq, ancaq burada da
az vaxt itirmədik. Süleyman lazım olan yeri xeyli axtardı.
Bundan istifadə edərək, mən də yan-yörədə nə isə bir iz, nə
isə bir nişan axtarmağa başladım. Lakin diqqətimi cəlb edə
biləcək xüsusi bir şey qarşıma çıxmadı. Süleymanın isə,
atasını yaralı halda tapdığı yer, onun yaxınlığındakı böyük bir
ağac kötüyü sayəsində yadına düşdü.
- Təxminən buralar idi. - kişi sevincək halda dedi - O böyük
kötüyü görməsəydim, yadıma düşməyəcəkdi.
Həmin yerə yaxınlaşdım. Xeyli vaxt keçdiyindən, bütün ola
biləcək izlər də silinmişdi. "Frans Kafka haqlıdır. Doğrudan
da, təbiət izlərə qarşı çıxır" - deyə düşündüm və anladım ki,
burada artıq vaxt itirmək lazım deyil.
- Gedək... - əhvalım tamamilə korlandığından, əlavə bir şey
danışmaq istəmirdim. Odur ki, bunu anlayan yol yoldaşlarım
da, heç bir kəlmə söyləmədən mənimlə razılaşdılar.
Gəldiyimiz yolla geri qayıdanda, artıq hava kifayət qədər
qaralmışdı. Xüsusən də meşənin qaranlığı, bu rəngi daha da
tündləşdirirdi. Süleyman ehtiyat üçün götürdüyü fənəri
yandırarkən, mən işıqda qolumdakı saata baxsam da,
əqrəbləri tam görə bilmədim. Odur ki, işığı qoluma salmasını
xahiş etdim. Saat yeddinin yarısı idi. Kişi fənəri kənara
çəkərkən isə, yerdə ani olaraq gözümə nə isə göründü...
- Fənəri mənə verin. - deyib, heç Süleymanı gözləmədən,
onu kişinin əlindən aldım və bir qədər onlardan ayrılıb, işığı
yerə salaraq gördüklərimi izləməyə başladım. "Demək,
dahilər də səhv edir... - təəccüblə az öncəki fikrimi təkzib
etdim - Təbiət də, hər an izin qarşısında aciz ola bilər..." -
gördüklərim asanlıqla məni bu qənaətə gətirdi. Bu, artıq
təsadüf ola bilməzdi, hər şey aydın idi, ancaq burada baş
verənləri və ya baş verəcəkləri Süleymanın bilməsini
istəmədiyimdən, yenidən geri qayıtmağa məcbur oldum.
- Fənər məndə qalsın. - tələsik şəkildə dedim - Siz isə hər
ikiniz kəndə qayıdın...
- Yox. - Minarə xanım dərhal sərt reaksiya verdi - Mən də
burada qalıram.
Nə isə demək istəsəm də, susdum, çünki qadını buna
məcbur edə bilməzdim. Hər halda onu tanımadığı bir kişi ilə
gecənin zülmət qaranlığında tək buraxmaq, düzgün
olmazdı.
- Mən getmirəm. - qadının çarəsiz səsi aydınca duyulurdu -
Sizi tək qoya bilmərəm.
Sonuncu söz, sanki qəfildən məni silkələdi. Qadından belə
bir münasibət gözləməsəm də, bu sözləri eşitmək çox xoş
idi. "O, məni cəmi bir gündür tanıyır, amma davranışında,
mənə güvənə biləcək qədər əmindir." - deyə düşündüm. Bu
etibarı özüm qazanmışdım. Odur ki, ürəyimdə özüm-özümü
təbrik edib, bu məsələyə aydınlıq gətirməyi bacardım.
Süleymanı güclə də olsa, fənərsiz halda kəndə yola salmağa
müvəffəq oldum. O, özündən çox, bizdən nigaran idi, lakin
mən onu əmin etdim ki, biz kəndin yolunu rahatlıqla
tapacağıq.
Minarə xanım, Süleyman gözdən itənədək gözlədi. O, nə baş
verdiyini anlamadığından, elə bil danışmağa da qorxurdu.
- Siz onu niyə yola saldınız? - nəhayət, qadın asta səslə
soruşdu - Nə baş verdi? Siz nə gördünüz?
- Bura baxın... - işığı bayaq gördüyüm yerə saldım - Daşı
görürsünüz?
- Görürəm. Burda nə var ki?
- İndi buna baxın. - işığı bir neçə metr qabağa saldım -
Daha bir daş... Bir az da gəlin... Buyurun, daha biri... Bu da
digər daş...
- Yəni bu... - o, ancaq indi nə baş verdiyini anladı - Bunu
kimsə edib?
- Hər halda... - deyib, əks istiqamətdə getməyə başladım -
Meşənin bu yerində yerə basdırılan daş, nəzərimdən yayına
bilməzdi. Kimsə yolu itirməmək üçün yerə iz salıb, amma
izdən görünür ki, yolumuz elə də qısa olmayacaq. Bəlkə sizi
evə ötürüm? Qorxa bilərsiniz...
- Əhəmiyyəti yoxdur. - qadın yenidən razılaşmadı - Siz
bütün bu fədakarlığı mənə görə edirsiniz. Ona görə də, siz
burda təhlükə ilə üz-üzə qalarkən, mən evdə rahat otura
bilmərəm.
- Necə istəyirsiniz... - gülümsəyərək dedim. Hər halda,
qadının qaranlıqda məni görmədiyinə əmin idim.
Yol boyu irəliləyərkən, hava qaranlıq olduğundan, biri-
birindən aralı yerləşən daş parçalarını tapmaqda çətinlik
çəkirdik. Onların arasında təxminən dörd-altı metr məsafə
qoyulmuşdu və yerdəki yarpaq və kol-kos da izi
axtarmağımıza mane olurdu. Zülmət qaranlıqda isə
istiqaməti tapmaq, asan iş deyildi. Hətta ara-bir bəzi
daşların arasındakı məsafə fərqinin daha da böyük olduğuna
təsadüf edirdik və bəzən itirdiyimiz izin davamını da
təsadüfən tapırdıq. Hər halda bunu izi itirmək üçün
etməmişdilər. Böyük ehtimalla daşlar təsadüfən yerindən
tərpənmişdi. Bəzən isə, çox kiçik daş parçalarına rast
gəlirdik. Bax bu, izi itirə bilmək üçün çox ideal variant idi.
Çünki bu hadisədən xəbəri olmayan bir şəxsin buradan
keçərkən, yerdəki bu kiçik daşlara fikir verməyəcəyini
arxayınlıqla güman etmək olardı. Üstəlik də üzərimizdə cəmi
bir fənərin olması, işimizi daha da çətinləşdirirdi. Ancaq
buna baxmayaraq, artıq bir saata yaxın idi ki, bu daşların
izinə düşmüşdük. Meşənin sıx ağaclı hissəsini keçərkən,
Minarə xanım geriyə qayıtmaq istədiyini söyləsə də, mən
israr etdim. Nədənsə əmin idim ki, biz istədiyimizi tapa
biləcəyik, lakin az sonra iz yox oldu və qarşımıza çıxan dərin
bir çuxur, məni də ümidsizləşdirdi.

Çəhrayı zolaqlı varlıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin