12.Bölüm

4 0 0
                                    

...Ertəsi gün adəti üzrə küt bir başağrısı ilə yuxudan
oyandım. Murad hələ də yatırdı. Dünən baş verən hadisələri
anama danışmaq istəsəm də, onu da evdə tapmadım.
Hamam otağına keçib yuyunduqdan sonra, mətbəxə daxil
oldum. "Kaş ki, anamın bizə göstərdiyi bu qayğının heç
olmasa yarısını, gələcək həyat yoldaşımdan da görə
biləydim" - deyə gülümsəyərək, süfrəsi hazırlanmış
masanın arxasına keçdim. Yarım saat sonra ev telefonu ilə
Səbuhigilin evinə zəng etsəm də, dostumun həyat yoldaşı
Rəvanə, Səbuhinin evdə olmadığını dedi. Vaxt itirmədən
kənd yoluna çıxdım və qarşıma çıxacaq ilk avtomobili
gözləməyə başladım. Ağ rəngli "Jiquli" uzaqdan mənə doğru
yaxınlaşanda, ilk öncə diqqətimi cəlb edəcək bir hal
yaşanmadı və yaxınlaşan avtomobil düz qarşımda dayandı.
- Rəvanə dedi ki, zəng vurub məni axtarmısan. - mən
maşına əyləşərkən, Səbuhi onu yenidən işə saldı - O,
dəstəyi yerinə qoyan kimi, mən evə girdim. Dərhal sizin evə
zəng elədim, amma cavab verən olmadı.
- Tənbəl Murad... - deyib gülümsədim - Tənbəllikdə məni
keçib...
- Murad evdə idi?
- Hə, yatırdı... Yüz faiz telefon zəngini eşidib, amma
qalxmayıb.
- Elə sən də onun tayısan. O qədər olub ki, dərsə gedəndə
qapınızı döymüşəm, - Səbuhi mənə baxmadan danışırdı -
amma Elmira xala deyib ki, "Oğlum tək get, Nicatı yuxudan
qaldıra bilmədim."
- Çox olub, hə? - gülərək dostuma baxdım.
- Çox... Həddindən artıq çox...
- Düz deyirsən... Bu, mənim ən pis xüsusiyyətim idi. Məni
universitet dəyişdi.
- Dəyişdi? - Səbuhi qəhqəhə çəkdi - Necə? Bir anda
möcüzə baş verdi?
- Yox, möcüzə niyə?! - çiynimi çəkdim - Məktəblə
universitet bir deyil, axı... Universitet insandan daha çox
məsuliyyət tələb edir. Məktəb təhsili də çox vacibdir, amma
fərq az deyil.
- Hə, haqlısan. Biz hara gedirik? - Səbuhi qəfilfən söhbəti
dəyişdi.
- T. kəndinə... - dostumun üzünə baxdım. Onun əhvalı
dəyişmişdi. "Lənət şeytana, axı niyə mən onunla universitet
haqda danışdım?!" - deyə özümü danladım.
Səbuhi atasını həyatının ən pis çağında itirmişdi. Əlləddin
dayı vəfat edəndə, Səbuhi onuncu sinifdə oxuyurdu. Hər
ikimiz atasız idik, amma mənim anam işləyirdi deyə, ailəmizi
saxlamağa və məni oxutmağa gücü çatırdı. Səbuhinin anası
Xavər xala isə təhsilsiz qadın idi, həm də o zamanlar onun
da səhhətində problemləri vardı. Ona görə də ailənin yükünü
Səbuhi çəkməli olduğundan, təhsildən yayınmağa məcbur
olmuşdu.
- Kişinin ali-təhsil alması o qədər də vacib deyil. - əlimi
dostumun çiyninə qoydum - Kişi pul qazanmağı
bacarmalıdı. Sənin kimi... Bilirəm, indi soruşacaqsan ki, bəs,
əgər işləmək vacibdirsə, onda özün niyə işsizsən?! Mən
tələsməyə bilərəm. Mənim bacım yoxdur, Səbuhi... Sən özün
təhsil almadın, amma Ayşən bu gün universitetdə sənin
köməkliyinlə oxuyur. Bunu hamımız bilirik... Qadının ali-
təhsil alması daha vacibdir. Sən də bütün bunları bacın üçün
etmisən. Fədakarlıq insandan daha çox güc tələb edir, nəinki
şəxsi uğurun üçün çalışıb-vuruşmağın...
Səbuhi bircə dəfə çevrilib üzümə baxdı, amma heç nə
demədi. Deyəsən sözlərimlə onu inandırıb, könlünü ala
bilmişdim. Bəlkə o, özü də indiyədək bunun fərqinə
varmamışdı, amma mənim dediklərimdə doğrudan da
həqiqət vardı. Onun bacısı Ayşən üçün etdikləri danılmaz
idi...
Yolboyu son günlər yaşadıqlarımı Səbuhiyə danışarkən,
vaxtın necə gəlib keçdiyini hiss etmədim. Minarə xanımgilin
mənzilinə çatanda, dostum məni gözləyəcəyini dedi. Elə
mənim də istədiyim bu idi, çünki bu gün MirHəmidin yanına
getməyi planlaşdırırdım. Amma ilk öncə Mahirənin ailəsi ilə
əlaqə saxlamağa cəhd göstərməli idim.
- Dostunuz niyə evə gəlmədi? - Minarə xanım qonaq otağına
keçərkən soruşdu - Axı, ayıbdır...
- Belə yaxşıdır... Mən özüm də burada çox qalmayacam. Bir
azdan çıxıram. Siz zəhmət olmasa, Mahirənin fotoşəklini və
telefon kitabçanızı mənə gətirin.
- Bu dəqiqə... - o, cəld şəkildə çevrildi - Kitabçanı verərəm,
şəkli isə gərək axtaram...
Qadın evin telefon kitabçasını qarşıma qoyub, dəhlizə keçdi.
Mən isə Mahirənin ata evinin nömrəsini asanlıqla tapdım.
Mobil telefonumu çıxarıb, nömrəni yığmağa başladım,
amma uzun müddət zəng getməsinə baxmayaraq, dəstəyin
əks tərəfindən səs gəlmədi. Cəld şəkildə dəftərçəni yenidən
vərəqləməyə başladım. Məqsədim oxşar bir telefon nömrəsi
tapmaq idi. Az keçmədi ki, istəyimə çatdım. "Sənubər" adı
qarşısında yazılan nömrə, Mahirənin ata evinin nömrəsindən
son iki rəqəmi ilə fərqlənirdi. "Hər halda qonşu evdir" - deyə
düşünərək, nömrəyə zəng etdim.
- Alo... - incəsəsli bir qız ehtiyatla cavab verdi - Eşidirəm...
- Alo, salam. - qalın səs tonu ilə dedim - Bağışlayın, sizi
rayon "ATS"-indən narahat edirik.
- Buyurun...
- Xanım, "Telefon qovşağı"nda qeydiyyat siyahısının
yenilənməsi ilə əlaqədar olaraq, abonentlərin ünvanını
yenidən yaddaşa salırıq. Zəhmət olmazsa, ünvanınızı
dəqiqliklə söyləyərdiniz.
- Bir dəqiqə... - qız dəstəyi kiməsə ötürdü və elə həmin an,
əks tərəfdən dolğun yaşlı bir qadın səsi eşidildi.
- Buyurun, nə lazımdır?
Mən az öncəki yalanımı bir daha təkrarlayası oldum və
otağa daxil olan Minarə xanımın artıq səs çıxarmamasını
bildirərək, barmağımı dodaqlarıma söykədim. Dəstəyin o
başından eşitdiklərimi bloknotuma qeyd edəndə, gözucu
Minarə xanıma baxdım. Qadın təəccüblə gözlərini mənə
zilləmişdi.
- O, kim idi? - telefon danışığımı bitirərkən, qadın əlindəki
şəkli qarşıma qoydu - Siz nə danışırdınız?
- Yalan... - gülümsəyərək, Mahirənin şəklini götürüb, cibimə
qoydum - Mən getməliyəm. Lazım olsa, buraya qayıdacam.
Çalışın, evdə olun...
Qadın sadəcə başını tərpətdi və mən evdən çıxdım. Səbuhi
"Jiquli"ni yolun kənarına vermişdi. Yaxınlaşıb maşının
qapısını açarkən, dostum birdən dik atıldı.
- Ohoo... Mənə lağ edənə bax... - gülərək dedim - Bu nə
vaxtın yatmağıdı?
- Gecə heç gözümü də yuma bilməmişəm... - Səbuhi başını
silkələdi - Sən gedəndən sonra, dincəlmək üçün gözlərimi
yumdum. Qəfildən yuxuya getmişəm.
- Əgər yorğunsansa, qayıt evə. Mən başqa maşın tapa
bilərəm...
- Ehtiyac yoxdur... Əsas gözümü aldatmaq idi, ona da vaxt
tapdım. - dostum mühərriki işə salıb, üzümə baxdı - Evə
gedirik?
- Yox, S. kəndinə...
MirHəmidin daxması və evin qorxunc aurası onun özünün
davranış və zəhmli siması ilə müqayisədə daha çox vahiməli
görünürdü. Mənə bələdçilik edən bir qadının arxasınca
otaqları keçəndə, ətrafa nəzər saldım. Evdə daha çox qara
rəngə üstünlük verilmişdi. Hətta soyuducunun üzərində belə,
qara rəngli örtük vardı. Müxtəlif rənglərdə olan pərdənin
üzərindəki qara naxışlar da diqqətimdən yayınmadı. Qadın
lazımi qapının qarşısında dayanıb, başı ilə içəriyə işarə
edəndə, bu dəfə də divardakı çərçivəyə salınmış şəkil
gözümə sataşdı. Şəkildə qara rəngdən başqa heç nə təsvir
olunmamışdı. Qapının dəstəyini burub onu açanda, artıq
bayaqkı qadın otaqda deyildi. Üzərimdə hiss etdiyim ağır bir
yük, MirHəmidin simasını görənədək mənə əziyyət verdi.
Kişinin mənfi aurada qərarlaşmasına baxmayaraq, zəhmli
sifətində həm də müəmmalı bir nur vardı. Görücünün altmış
yaşı ancaq olardı. Qısasaqqallı, ortaboylu və bir qədər ağır
davranışlı biri idi. Sifətindəki qırışlar daha çox gözünün
ətrafında görünürdü. Beli nəzərə çarpacaq dərəcədə
bükülmüş, başının fəslə örtülən hissəsində isə, saç
qalmamışdı. Mən otağa daxil olanda o, sol küncdəki divanın
üzərində əyləşib, çaydandan özünə çay süzürdü. Məni
görcək, eynəyinin altından üzümə baxdı və başdan-ayağa
məni süzdü. Titrəyən əli ilə, çaydanı ehtiyatla yanındakı
elektrik qızdırıcısının üzərinə qoydu və masanın üzərindəki
kiçik güzgünü mənə tərəf çevirdi.
- Eşidirəm, oğlum... - xırıltılı səslə dedi - Keç əyləş...
- Çox sağ olun. - deyə onun işarə etdiyi qoltuqda kişi ilə
üzbəüz oturdum - Dayı, ümid edirəm ki, sizi narahat
etmirəm...
- Dayı?! - görücü birdən üzümə baxıb, güldü - Deməli,
dayı... Mənə hələ heç kim belə müraciət etməmişdi.
- Üzr istəyirəm, nə isə pis bir şey dedim ki?
- Yox, sadəcə son vaxtlarda ilk dəfə idi ki, bu müraciəti
eşidirdim... - qarşısındakı çaydan bir qurtum alıb, onu
yenidən nəlbəkinin içinə qoydu - Mənə sadəcə MirHəmid
deyə bilərsən... Gəlişinin səbəbini de... Sənə nə lazımdır?
Ömrü boyu bu cür fəndlərə və bu cür cəfəngiyyata iynənin
ucu boyda da inanmamışam. Bu gün MirHəmidin yanında
olmağım da, işimi onun proqnozu ilə yüngülləşdirmək
istəyimdən irəli gəlmirdi. Sadəcə mənim ehtimalıma görə,
MirHəmid bu qarışıq oyunda əsas və mərhum obrazlardan
hər ikisi ilə ünsiyyətdə olubsa, deməli görücünün bu
məsələyə aidiyyatı olduğunu asanlıqla təxmin etmək olardı.
Mənə sadəcə onun deyəcəkləri və daha çox göstərəcəyi
reaksiyası önəmli idi. Odur ki, kişinin sualına artıq bir cavab
verməyərək, cibimdəki şəkli çıxarıb, masanın üzərinə
qoyaraq, əlimlə görücüyə tərəf sürüşdürdüm. MirHəmid
şəkli əlinə alan vaxt, simasında heç bir dəyişiklik və ya onun
ifşa olunmasına səbəb ola biləcək heç bir qeyri-adi davranış
nəzərə çarpmadı.
- Gözəl qadındır... - görücü şəkli masanın üzərinə qoydu -
Nəyisən?
- Dayısı oğlu... - deyə yalan danışmağa məcbur oldum -
Bibim qızı xeyli vaxtdır itgin düşüb, heç bir xəbər də yoxdur.
Mənə sadəcə onun sağ olub, olmaması haqda məlumat
verin.
- Adı, soyadı?!
- Təhməzova Mahirə...
MirHəmid yanındakı qara rəngli örtüyü şəklin üzərinə sərdi
və masanın üstündəki qurumuş əncir yarpağını örtüyün
üzərinə qoyub, eynəyini çıxararaq, gözlərini yumdu. Bir
qədər sonra isə, sol əlini yarpağa yaxınlaşdırıb, ona ehmalla
toxundu. İki-üç dəqiqə davam edən bu prosesin ardından,
görücü şəkli çıxarıb masanın üzərinə qoydu və otağa
girdiyim vaxt mənə tərəf çevirdiyi güzgünü yenidən əvvəlki
vəziyyətinə qaytardı.
- Eşidirəm. - şəkli yenidən cibimə qoydum - Nə gördünüz?
- Qaranlıq... Başqa heç nə...
- Bu nə deməkdir?
- Bu, elə o deməkdir... Gözünü yum, sən də qaranlıq
görəcəksən...
- Axı, bizim gördüyümüz qaranlıqlarda fərq olmalıdır?!
- Doğrudur, amma mən hiss edirəm ki, sən mənim
gördüyüm fərqli qaranlığın həqiqiliyinə inanan insan
deyilsən.
- Niyə belə düşünürsünüz? Mən sizə inanmasaydım, qapınızı
niyə döyürdüm?!
- Elə mən də bunu demək istəyirəm. Bura niyə gəlmisən?
- Bibim qızı yaşayır?
- Yaşayır. Buna əmin ola bilərsən... İndi isə, otaqdan çıx!
- Necə məsləhətdir... - ayağa qalxıb, əlimi cibimə saldım -
Təsadüfə baxın ki, mənim də burada çox qalmaq niyyətim
yox idi. Nə qədər borcum var?
- Çox...
- Nə qədər?
- "Həqiqət" anlayışının böyüklüyü qədər... - kişi diqqətlə
gözlərimin içinə baxdı - Mənə sənin pulun lazım deyil. Gedə
bilərsən!
Əlavə bir kəlmə söyləmədən, otaqdan çıxdım. Qapını
örtərkən, gözucu MirHəmidə baxdım və gördüklərim məni az
da olsa heyrətləndirdi. Bəlkə də gözümə belə görünmüşdü,
amma bayaqkı nurlu simadan əsər-əlamət belə qalmamışdı.
Bu anda ağlımdan ancaq bir şey keçirdi: Uzaqlaşmaq... Bu
vahiməli evdən və bu qəribə tipdən uzaqlaşmaq...
Səbuhi mənim dəyişən əhvalımı görüb, yolboyu nə baş
verdiyini söyləməyimi xahiş etsə də, mən bu haqda
danışmaq istəmədim. Fikrimdə çox qarışıq düşüncələr vardı
və düyünlənən iplər əksinə dartılırmış kimi, sanki o düyün də
getdikcə daha da sıxlaşırdı. Tez bir zamanda evə çatmaq
istəyirdim. Vaxt məhdud olduğu üçün, plana uyğun
davranmaq lazım gəlirdi. Ancaq maneələri aşmaqda
çəkəcəyim çətinliklərin çoxluğu indidən içimi gəmirməyə
başlamışdı. "Olanları Elmira xanıma danışsam, çox
heyrətlənəcək" - deyə düşündüm, amma maraqlı idi ki, hələ
dünən bu işlə dərindən məşğul olmağımın əleyhinə olub,
mənim qonşu kəndə getməyimə güclə razılaşan anam, bu
gün bu məsələ ilə əlaqədar Bakıya yola düşəcəyimi eşitsə,
nə deyəcək?!

Çəhrayı zolaqlı varlıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin