Salam qadın. Bu gecə yenə səndən yazıram. O kiçik qəlbinə yerləşdirdiyin, böyük sevgidən yazıram. Əlimdə qələmim, qarşımda vərəqim, dodağımda siqaretim. Sənə olan sevgimi, onlarla bölüşürəm. Səndən yazanda, siqaretim külə dönür, qələmim tükənir, ağ kağızlar mürəkkəblə ləkələnir. Qısqanıram səni qadın; qələmimdən, vərəqimdən, siqaretimdən.
Bilirsən? Qələmləri hər zaman çox sevdim qadın. Mən sənə olan sevgimdən yanıb külə dönərkən, onlar mənim sevgimi dim-dik, başlarını yerə əymədən yazmağı bacarırlar deyə çox sevdim.
Hava yenə çox soyuqdur. Bəlkə də mənə elə gəlir, bilmirəm. Səni tərk etdiyim gündən üşüyürəm qadın, həm də çox üşüyürəm. Məgərsəm sənin gülüşün imiş bədənimi isidən. Gec anladım bunu. Bağışla.
Dözə bilmədim sənsizliyə. Bu gün gəldim işlədiyin kitab mağazasının önünə. Uzaqdan uzun-uzun izlədim səni. Böyüyüb, çox gözəl bir qadın olmusan. Yanına gəlmək istədim lakin, daha sonra bu fikirdən daşındım. Söyləyəcəklərinə bədənimin tab gətirə bilməyəcəyindən, o qəhvəyi gözlərində kilidli qalacağımdan qorxdum. Mən hər zaman qorxdum qadın. Sənə zərər verməkdən qorxdum. Sənin sevginə layiq ola bilməməkdən qorxdum. Buna görə də, bu son mətubumu yazıb, buralardan bir dəfəlik gedirəm qadın.
Əlvida
Salam dostlar. Bəzi hekayələrin davamını yazmağımı istədiyinizi bilirəm, lakin bu hər dəfə mümkün olmur. Bu dəfə istəyinizə görə, hekayəmin davamını yazmağa çalışdım. İn şa Allah bəyənərsiniz. Sevilirsiz əzizlərim❤