Qara rəngə bürünmüşdü bu gecə də. Sümükləri qabarlanmış çiyinləri, qütb ulduzu tək işım-işım işıldayırdı qaranlıqda. Beli o qədər incə idi ki, hər an qırılacaq kimi dururdu. Sanki dərisi ilə sümüyü arasında heç ət qalmamışdı. Buna rəğmən şux qaməti, zərif görünüşü, özündən razı yeriyişi illər öncəki kimi idi. Onu tanımayan biri olsam, zəif, kövrək bir qadın olduğunu düşünə bilərdim. Lakin mən, onun nə qədər güclü biri olduğunu çox yaxşı bilirdim. Paltarını xışıldadaraq mənə doğru yaxınlaşarkən, gözlərimə baxdı bir anlıq. Ürəyimdəki bütün hiddəti, gözlərimlə ona çatdırmağa çalışdım, lakin buna qabil ola bilmədim. Gözlərindəki səmimi baxış, dodaqlarındakı zərif təbəssüm valeh etdi yenidən məni.
3 il öncə
İlk dəfə Anna Nikoloyevnanın evindəki böyük bir yığıncaqda rast gəldim ona. Elə gözəl, elə zərif idi ki, hər kəsin gözləri onun üstündəydi. Ətrafına xoş, tərif olunmaz təbəssümlər bəxş edirdi. İlk baxışdan aşiq olmuşdum Eleonora'ya. İyirmi beş yaşı olmasına rəğmən, o qədər saf, uşaqsı, məsum idi ki görünüşü, bu gözəlliyi sevməmək mümkün deyildi. Anna bizi bir-birimizə tədim etdiyində, incə əllərini, əllərimin arasına alıb kiçik bir öpüş qondurdum və tanışlığımız beləcə başlandı.
O gecədən sonra tez-tez görüşər bir-birimizi tanımağa çalışardıq. Çox keçmədiki Eleonora'ya onu nə qədər çox sevdiyimi etiraf edib, onunda məni sevməsini arzu etdiyimi bildirdim. Bundan sonra biz daha da yaxınlaşdıq və ayrılmaz cütlüyə çevrildik. Tez bir zamanda evlənmək istəməyimə rəğmən, Eleonora buna qarşı çıxır, evlilikdən boyun qaçırırdı. Dəfələrlə təkid etməyimə baxmayaraq hələ bunun üçün tez olduğunu söyləyirdi.
Bir gün səhər evimə gözlənilməz bir məktub gəldi və bununla da qəlbimdə qapanmaz yaralar açıldı. Məktub ondan gəlirdi. Artıq məni sevmədiyini, buralardan gedəcəyini, bir daha geri dönməyəcəyini yazırdı, düzgün bir xətlə. Heç əli əsməmişdi yazını yazarkən. Heç ürəyi sızlamamışdı məni atıb gedərkən. Məktubu 4 dəfə oxudum. Bunun ola biləcəyinə inanmırdım. Ayrılmağımız üçün bir məna, ən kiçik bir səbəb yox ikən niyə getmişdi məndən?İki cümlədən ibarət məktub yazıb getdiyini, hələ bir də "gedirəm amma məni bağışla"- deyə xahiş etməsini anlaya bilmirdim. Bu ani ayrılığın səbəbini öyrənmək üçün evinə getdiyimdə, heç kəsi tapa bilməmişdim orada. Çoxdan yığışıb getmişdi. Çata bilməmişdim. Evi, adı və yaşından başqa heç bir məlumatım yox idi onun haqqında. Haradan gəldiyini, ailəsinin kim olduğunu soruşduqda keçişdirərdi hər zaman. Suallarımı heç cavablandırmaq istəməzdi.
Günümüz
Ah... O necə də gözəl idi. Amma yox! Yenidən bu gözəlliyə aldana bilməzdim. Onun, insanları necə ovsunlamağı bacardığını, bir baxışı ilə hər kəsi özünə necə heyran buraxdığını ilk görüşdə anlamışdım. Bir zamanlar məndə ona heyran qalanlardan, hətta ona aşiq olanlardan biri idim. Əvvəllər, dünyada ondan başqa kimsə yoxmuş kimi görünürdü gözlərimə. Ta ki, heç bir şey söyləmədən getdiyi o ana kimi. Mən ona bütün qəlbimlə inanıb, onu ən dərin hisslərimlə sevərkən o, məni tərk edib getmişdi. O gün bir daha anladım ki, həyatda heç kəsə özündən çox dəyər verməyəcəksən. Ən əsası isə, nə olursa olsun qadınlara güvənməyəcəksən!
Gülümsəyərək yanıma gəlib, "salam"- dedi. Heç bir şey olmamış kimi, bütün bunlar yaşanmamış kimi. Cavab vermədim. Çünki sözə başlasam sərt sözlər sözləyəcəyimi bilirdim. Yanından uzaqlaşmaq istədim. Qolumdan tutdu xəfifcə, "sizinlə danışmalıyam"- dedi. Nə danışacaqdı mənimlə? Tərk edib getdiyi üçün üzr istəyəcəkdi?!
- Dinləyirəm. Buyurun!- dedim sərt səs tonumla.
- Bilirəm, məni əsla bağışlamayacaqsınız. Sizi tərk etdiyim üçün mənə çox acıqlısınız, lakin bir qulaq asın, xahiş edirəm. Deyəcəklərimi anlamağa çalışın. Sizə məktub yazıb səssizcə həyatınızdan çıxdım çünki mən, evliyəm. Rəfiqəmin keçirdiyi bala dəvət edildiyim üçün, Rusiyaya gəldim və sizinlə tanış oldum. Həyatımın ən xoş 2 ayını keçirdim, əsl sevginin nə demək olduğunu anladım. Lakin daha sonra evə dönmək vaxtı gəlib çatdı. Məktubla bütün bunları sizə izah edə bilməyəcəyimi bilirdim. Buna görə də bunların heç birindən söz açmadım. İndi bunları sizə nəql etməyimin səbəbi odur ki, Aleksey Petroviç sizi nə qədər çox sevdiyimi biləsiniz. Siz mənim hər zaman xatirələrimdə olacaqsınız. Mən sizi heç bir zaman unutmayacağam. Əlvida Aleksey... Əlvida sevgilim.... Əlvida, - dedi və arxasını dönüb getdi!