Çox gözəl hava var idi bayırda. Yaz mövsümünün qoxusu əhatəyə almışdı hər tərəfi. Evdən çıxdım və çılpaq ayaqlarımı çəmənə toxundurdum. Günəş bütün şəfəqlərini saçmışdı üzərimə. Sanki mən idim işıq saçan hər yana. Günəş olmuşdum elə bil, bütün bədənim par-par parıldayırdı onun kimi.
Çəmənin üzərində gəzişərkən, bir anlıq gözlərim, həyətin o biri qırağında, oyuncaqları ilə oynayan oğluma sataşdı. Balaca əlləri ilə, zərif qollarını ovuşdurur, bədənini isitməyə çalışırdı. Üşüyürdü... həm də çox. Çünki günəş isitmirdi onu. Dumanlarla örtülmüşdü ətrafı. Mən yaz mövsümündəydim, o, isə payız. Günəşə doğru çevirdim üzümü, sual dolu baxışlarla baxdım işıl-işıl işıldayan gözlərinə və -"Niyə oğlumuda isitmirsən? Niyə sadəcə mənim ətrafıma saçmısan şəfəqlərini?"- deyə saul etdim ona, səs tonumun sərt səslənməsinə çalışaraq.
- Mənim vəzifəm səni isitməkdir. Mən sadəcə sənin üçün varam, -deyə gülümsəyərək cavabladı sualımı.
- Necə yəni sadəcə mənim üçün varsan? Bəs oğlum? Görmürsən, o necə üşüyür? Xahiş edirəm, şəfəqlərindən bir az oğlumada hədiyyə et,- bu dəfə yalvaran səs tonumla səsləndim günəşə. Yenidən gülümsədi və -"əzizim, mən necə ki səninəm, sən də həmçinin oğlunun günəşisən. Onu qoruyanda, isidən də sənsən. Mənə ehtiyac yoxdur"-dedi gözlərimə baxaraq.
Qəribə səslənmişdi söylədikləri. Mən necə oğlumun günəşi ola bilərdim axı? Doğrudur, onu hər daim qorumağa çalışıram, lakin bədənini necə isidə bilərəm? Daha heç bir söz söyləmədən, arxamı döndüm günəşimə və oğlumun olduğu yerə doğru irəliləməyə başladım. Dizlərimin üstünə çökdüm, əllərini-əllərimin içinə alıb öpdüm. Ayağa qalxıb, boynumu qucaqladı və sığal çəkdi saçıma . "Kayram, mənim canım oğlum"- dedim və bu zaman bir partlayış oldu sanki ətrafımızda. Oğlum da, mən də, işıq saçdıq hər yana. Baxdım Kayramın üzünə, öpdüm pampıq kimi yumşaq yanaqlarından. "Səni çox sevirəm"-dedi gülər üzüylə. Bir az da möhkəm qucaqladıq bir-birimizi. Oğlumun çiyninin üstündən baxdım günəşə. Gülümsədi son dəfə və ucaldı yüksəklərə. Şəfəqlərini saçdı bütün dünyaya. Bu dəfə sadəcə mənim yox, hər kəsin oldu günəşim.
