Gecələr yorğunluq çökür üzərimə. Su dolu pərdələr çəkilir gözlərimə. Hərəkət etdirmirəm göz qapaqlarımı. Göz yaşlarımın, yanaqlarımdan aşağıya doğru süzülərək, intihar etməklərinə icazə vermirəm. Göz yaşlarımla mübarizə aparmağa çalışarkən bir yandan, əllərim ağrımağa başlayır. Göz yaşlarım, əllərimə doğru hücum edirlər sanki. Boğazımda bir düyün əmələ gəlir, udquna bilmirəm. Ürəyim ağrımağa başlayır daha sonra. Nəfəsim kəsiləcəkmiş kimi hiss edirəm. "Nə olur mənə?"- deyə sual edirəm özümə.
Səhərlər deyib, gülüb, əylənirəm dostlarımla. Lakin, gecə olduqda, saat ikiyə yaxınlaşdıqda, üzümdəki təbəssüm, yerini kədərlə əvəz edir. Xəyallara dalıram. Dünyanı da, özümü də, unuduram. Dünya heç yoxmuş kimi. Mən heç yaşamamışam kimi. Səbəbini bilmirəm, anlamıram bu üzüntünün. Hər şey qaydasındadır həyatımda. Bütün sevdiklərim yanımdadır çox şükür.
Bəs nədir bunların səbəbi? Hər gecə məni xəyallara daldıran, ürəyimi ağrıdan şeyin adı nədir? Bəlkə də, nəyinsə axtarışındadır qəlbim. Bəlkə də, görmək istədikləri şeyi görə bilmədikləri üçün yaşlar axıdır gözlərim. Bəlkə də, sevgi axtarışındadır qəlbim, gözlərim, düşüncələrim. Bəlkə də, bu soyuq dünyada, sevmək, sevilmək, sevgi ilə isinmək istəyir bədənim.
