BİRİNCİ HİSSƏ . I FƏSİL

1.8K 11 0
                                    

Soyuq, günəşli aprel günü idi. Saat on üçü vurdu. Sərt küləkdən qorunmaq üçün çənəsini
sinəsinə sıxıb addımlayan Uinston Smit özünü "Qələbə" yaşayış binasının şüşə qapısından tələsik içəri
saldı. Amma nə qədər cəld tərpənməyə çalışsa da, külək qum qarışıq tozu arxasınca vestibülə doldurdu.
Vestibüldən bişmiş kələm və köhnə döşəmə əsgilərinin iyi gəlirdi. Giriş qapısı ilə üzbəüz divara
içəri üçün çox iri görünən rəngli plakat yapışdırılmışdı. Plakatda nəhəng, eni bir metrdən böyük insan
sifəti təsvir edilmişdi. Bu, təxminən, qırx yaşlarında, qara lopabığlı, kobud görünüşlü, lakin yaraşıqlı
kişinin portreti idi. Uinston pilləkənə tərəf getdi. Lifti gözləməyin mənası yox idi. Lift hətta ən yaxşı
vaxtlarda da nadir hallarda işləyirdi. İndi isə gündüz olduğundan işıqları söndürmüşdülər. Qənaət rejimi
işə düşmüşdü - Nifrət Həftəsinə hazırlaşırdılar. Mənzili yeddinci mərtəbədə yerləşirdi. Uinstonun otuz
doqquz yaşı vardı. Sağ topuğunda damarların genişlənməsi nəticəsində əmələ gəlmiş varikoz
yarasından əziyyət çəkirdi. Odur ki pillələri asta-asta qalxır, arada dayanıb nəfəsini dərirdi. Bütün
mərtəbə meydançalarında liftlə üzbəüz divara vurulmuş plakatlardan ona eyni sifət baxırdı. Portret elə
çəkilmişdi ki, addımını hara atsan, şəkildəki adamın gözləri səni izləyirdi. "BÖYÜK QARDAŞ SƏNƏ
BAXIR" - şəklin altında elə belə də yazılmışdı.
Otaqda məlahətli səs çuqun istehsalı haqqında nə isə danışır, rəqəmlər oxuyurdu. Sәs sağ divardakı tutqun güzgünü xatırladan uzunsov metal lövhədən (ona teleekran deyirdilər) gəlirdi. Uinston
düyməciyi burdu. Səs azaldı, amma əvvəlki kimi aydın eşidilirdi. Teleekranın səsini azaltmaq olardı.
Tamam söndürməyə isə icazə verilmirdi. Pəncərəyə yaxınlaşdı. Boyu o qədər də uca deyildi. Göy
rəngli rəsmi Partiya geyimində isə daha yığcam görünürdü. Saçları açıq rəngdə idi. Çəhrayıya çalan
sifəti keyfiyyətsiz sabundan, küt ülgücdən və təzəcə çıxmış qışın sazağından qabıq bağlamışdı.
Bağlı pəncərələrin arxasında soyuq hələ də öz işini görürdü. Külək tozu və kağız parçalarını
sovurub sütun kimi havaya qaldırırdı. Günəş çıxsa da, səma tünd-göy rəngə çalırdı. Şəhərin hər yerinə
yapışdırılmış rəngli plakatlardan başqa qalan nə varsa, hamısı bomboz görünürdü. Küçəyə açılan bütün
künc-bucaqlardan lopabığın sifətini görmək mümkün idi. Qarşıdakı binadan da portreti asılmışdı.
BÖYÜK QARDAŞ SƏNƏ BAXIR - bu şəklin altında da eyni xəbərdarlıq sözləri yazılmışdı. Tünd-
qonur gözlər düz Uinstonun sifətinə zillənmişdi. Aşağıda külək küncləri cırılmış plakatı şiddətlə divara
çırpır, üstündəki yeganə İNGSOS sözünü gah açıb göstərir, gah da görünməz edirdi. Uzaqda, damların
arasında helikopter diqqətini çəkdi. Helikopter leş üstündə uçan milçək kimi dövrə vurub bir anlığa
havadan asılı vəziyyətdə qaldı, sonra gözdən itdi. İçərisində pəncərədən mənzillərə nəzarət edən
patrullar vardı. Amma bu patrullar elə də qorxulu deyildilər. Fikir Polisindən özünü qorumaq lazım idi.
Uinstonun arxasındakı ekrandan eşidilən səs hələ də çuqun istehsalı və Doqquzuncu Üçillik
Planın uğurla yerinə yetirilməsi haqqında üdüləyib-tökürdü. Teleekran eyni anda həm səsi yazır, həm
də efirə verirdi. Əgər hansısa söz çox yavaşdan, pıçıltı ilə deyilməsəydi, mütləq teleekranın yaddaşına
düşürdü. Səsin yazılması bir yana qalsın, tutqun güzgünü xatırladan metal lövhə görünmə əhatəsində
olduğu müddətdə həm də adamın təsvirini yaddaşa köçürürdü. Heç kəs o anda özünün nəzarətdə olub-
olmadığını bilmirdi. Fikir Polisinin sənin ekranına hansı qrafik əsasında, hansı zaman fasilələri ilə
qoşulduğunu isə yalnız ehtimal etmək mümkün idi. Hər adamın bütün gün ərzində nəzarətdə
saxlanması da istisna deyildi. Bir sözlə, istədikləri vaxt ekrana qoşula bilərdilər. Amma yaşamaq lazım
idi. Adamlar da hər sözünün dinlənildiyini, qaranlıq saatları çıxmaqla bütün hərəkətlərinin izləndiyini
bildikləri halda, instinktə çevrilmiş adətkərdəliklə həyatlarını davam etdırirdilər.
İndi Uinston arxasını teleekrana çevirmişdi. Belə daha təhlükəsiz idi. Amma adamı bəzən
kürəyinin də ələ verdiyini bilirdi. Pəncərəsindən bir kilometrlik məsafədə kirli şəhərin fonunda iş
yerinin - Həqiqət Nazirliyinin böyük, ağ binası ucalırdı. "Budur, bura Londondur, Birinci Uçuş
Zolağının əsas şəhəri, Okeaniya dövlətinin əhali baxımından üçüncü böyük əyaləti!" - Uinston
səbəbini özü də bilmədiyi narazılıq duyğusu ilə bu fikirləri beynindən keçirirdi. O, Londonun əvvəlki
vəziyyəti ilə bağlı uşaqlıq xatirələrini yada salmağa çalışdı. Görəsən, balkonlarına şalbanlardan dayaq
verilmiş, pəncərələrinin çoxu kartonla örtülmüş, damlarına dalğavarı tənəkə dəmir vurulmuş, uçuq bağça hasarları hər tərəfə uzanmış XIX əsrin zövqsüz binalarının cərgələndiyi küçələr həmişə belə
olmuşdu? Həmişəmi bombardmana məruz qalmış yerlərdə əhəng tozu sütun kimi havaya qalxmışdı,
daşların altından çıxan çayırlar səkiləri basmışdı, bombaların yerlə yeksan elədiyi tikililərin üzərində
toyuq damını xatırladan taxta evlər sıralanmışdı? Amma yadına heç bir şey sala bilmirdi. Uşaqlıq
xatirələri ilə daha çox bağlı olan yerlərdə, əksəriyyəti savadsızcasına tərtib edilmiş işıqlı reklam
lövhələrindən başqa heç nə qalmamışdı. Həqiqət Nazirliyi, Yenidildə - Həqnaz ətrafdakı tikililərin hamısından heyrətamiz dərəcədə
seçilirdi. Ağappaq beton divarları günəş işığında bərq vuran bu ehramşəkilli nəhəng bina pillə-pillə üç
yüz metrə qədər yüksəlirdi. Uinston dayandığı yerdən onun fasadında səliqəli hərflərlə yazılmış üç
Partiya şüarını oxuya bilirdi:
MÜHARİBƏ - SÜLHDÜR
AZADLIQ - KÖLƏLİKDİR
CƏHALƏT - QÜVVƏDİR
Deyilənə görə, Nazirliyin binasında təkcə yer səthindən yuxarıdakı otaqların sayı üç minə
çatırdı. Bina eyni qayda ilə həm də yerin dərinliklərinə kök atmışdı. Londonun müxtəlif səmtlərində bu
ölçü və görünüşdə daha üç nəhəng tikili vardı. Çox yüksəyə qalxdıqlarından, habelə memarlıq
baxımından ətrafdakı binalardan kəskin fərqləndiklərindən "Qələbə" yaşayış evinin damından onların
hamısını eyni vaxtda aydın görmək olurdu. Binalarda nəhəng dövlət aparatının, aralarında bölündüyü
dörd Nazirlik yerləşirdi. Həqiqət Nazirliyi informasiya, təhsil, asudə vaxtın təşkili və incəsənət
məsələləri ilə, Sülh Nazirliyi müharibə, Sevgi Nazirliyi ictimai asayişin mühafizəsi, Rifah Nazirliyi
iqtisadiyyatla məşğul olurdu. Yenidildə Nazirliklər müvafiq şəkildə Həqnaz, Sülhnaz, Sevnaz və Rifnaz
adlanırdı.
Sevgi Nazirliyi, həqiqətən də, insanın canına qorxu salırdı. Binada yerli-dibli pəncərə yox idi.
Uinston bir dəfə də olsun bu Nazirliyin kandarından içəri ayaq basmamışdı. İçəri girmək nədir, heç
yarım kilometrlik məsafədə onun həndəvərinə hərlənməmişdi. Rəsmi əsas olmadan binaya düşmək
mümkün deyildi. Həm də bundan ötürü tikanlı məftillərin, polad qapıların, gözəgörünməyən yerlərdə
gizlədilmiş pulemyot yuvalarının bütöv bir labirintindən keçmək lazım idi. Hətta binanın bayır hasarına
yaxın küçələrdə də ucu toppuzlu dəyənəklərlə silahlanmış, sifətdən qorillaya bənzəyən qarapaltarlı
təhlükəsizlik xidməti əməkdaşları keşik çəkirdilər.
Uinston sərt hərəkətlə geri döndü. Teleekranla üzbəüz gələrkən sifətinə daha məqbul sayılan sakit nikbinlik ifadəsi verdi. Otaqdan kiçik mətbəxə keçdi. Günün bu saatında Nazirlikdən çıxmaqla
yeməkxanadakı naharını qurban verməli olmuşdu. Mətbəxdə bir fal qara çörəkdən başqa dilə vurulası
bir şey tapmayacağını dəqiq bilirdi. Çörəyi də sabah səhər yeməyinə saxlamaq lazım idi. Rəfdən ağ
rəngli etiketində "QƏLƏBƏ CİNİ" yazılmış rəngsiz maye dolu şüşəni götürdü. Bu, çinlilərin düyü
arağı kimi boz-bulanıq, neft tamı verən tünd içki idi. Uinston çay fincanını ağzına qədər doldurdu,
özünü toplayıb dərman içirmiş kimi birnəfəsə başına çəkdi.
Sifəti dərhal qızardı. Gözlərindən yaş axdı. Elə bil, nitrat turşusu içmişdi. Üstəlik də, içəndən
sonra adamda elə təəssürat yaranırdı ki, sanki, kimsə rezin dəyənəklə başının arxasına döyəcləyir.
Amma bir an sonra mədəsinə düşən od söndü, dünya gözlərinə daha baxımlı görünməyə başladı.
Üzərinə "Qələbə siqareti" yazılmış əzik qutudan siqaret götürdü. Fikri dağınıq olduğundan onu bir
müddət əlində başı aşağı saxladı. Nəticədə tütünün çoxu döşəməyə səpələndi. Uinston növbəti siqaretlə
daha ehtiyatlı davrandı. Otağa qayıdıb teleekranın sol tərəfindəki kiçik masasının arxasında oturdu.
Siyirmədən qələm, mürəkkəbqabı, üzərinə mərməri xatırladan qırmızı cild çəkilmiş qalın, kvadrat-
şəkilli qeyd kitabçasını çıxardı.
Nədənsə, mənzilindəki teleekranın yeri bir qədər fərqli seçilmişdi. O, bütün otağı nəzarətdə
saxlamağa imkan verən qarşı divara deyil, pəncərə ilə üzbəüz bərkidilmişdi. Teleekranın bir tərəfində,
divarda o qədər də dərin olmayan girinti vardı. Yəqin, evi tikəndə kitab rəfləri üçün nəzərdə
tutmuşdular. Uinston indi orada oturmuşdu. Stulu lap irəli çəkib dizlərini divara, sinəsini masaya
yapışdıranda teleekranın baxış bucağından çıxır, gözəgörünməz olurdu. Əlbəttə, səsi dinlənilirdi. Lakin
daldalandığı müddət ərzində özü görünmürdü. Otağın qeyri-ənənəvi quruluşu da onu indi məşğul
olmaq istədiyi işə həvəsləndirən amillərdən biri idi.
Bundan əlavə, az öncə siyirmədən çıxardığı qeyd kitabçasının da rolu az olmamışdı. Kitabça,
həqiqətən də, gözəl idi. Doğrudur, süd rəngli yumşaq vərəqləri köhnəlikdən bir az saralmışdı. Bu da,
azı, qırx il əvvəlin istehsalı olduğunu düşünməyə əsas veirdi. Uinstonun fikrincə, qeyd kitabçasının yaşı
çox da ola bilərdi. Onu şəhərin kasıb məhəllələrindən birində (dəqiq yerini xatırlamırdı) köhnə-kürüş
satılan dükanda görmüş, dərhal da almaq qərarına gəlmişdi. Partiya üzvlərinə adi mağazalara getmək
məsləhət görülmürdü. Bu, "sərbəst bazarda mal və əmtəə əldə etmək" hesab olunurdu. Ancaq belə
qadağalara o qədər də ciddi əhəmiyyət vermirdilər. Çünki ayaqqabı bağı, yaxud ülgüç kimi xırdavat
şeylərini başqa cür tapmaq mümkün deyildi. Həmin axşam Uinston tələsik sağına-soluna baxıb özünü
dükana salmış, iki dollar əlli sent verib qeyd kitabçasını almışdı. İlk anda bunu nə məqsədlə etdiyini
özü də anlamamışdı. Kitabçanı çantasına qoyub gizlicə evə gətirmişdi. Hətta içərisində heç nə
yazılmasa da, aşkara çıxarılsa, sahibinə başağrısı yarada bilərdi.
İndi qeyd kitabçasında gündəlik yazmaq istəyirdi. Bu, qanuna zidd deyildi (artıq qanunlar özləri mövcud olmadığından qanuna zidd sayıla biləcək heç nə qalmamışdı), lakin gündəlik aşkara çıxarılsa,
Uinstonu edam cəzası, ən yaxşı halda isə icbari əmək düşərgəsində iyirmi beş illik həbs gözləyirdi.
Qələmi mürəkkəbə batırdı, vərəqə ləkə salmamaq üçün ehtiyatla kənara çırpdı. Qələm də köhnə dövrün
yadigarı sayılırdı. İndi belə qələmlə nadir hallarda qol çəkirdilər. Onu da əl altından, həm də böyük
çətinliklə tapmışdı. Düşünürdü ki, süd rəngli bu gözəl kağız yalnız əsl qələmlə yazılmağa layiqdir, onu
kimyəvi karandaşla korlamaq olmaz. Əslində, Uinston əllə heç nə yazmırdı. Çox qısa qeydləri çıxmaq
şərti ilə hər şeyi nitqyazara diktə edirdi. İndi isə diktədən, ümumiyyətlə, söhbət gedə bilməzdi. Qələmi
mürəkkəbə batırdı, bir anlıq duruxub qaldı. Qarnından ani sancı keçdi. Qələmi kağıza toxundurmaq
artıq geriyə heç bir yol qoymamaq deməkdi. Uinston kiçik, əyri hərflərlə tarixi yazdı:
4 aprel 1984-cü il
Stulun arxasına söykəndi. Bütün varlığına tam bir köməksizlik hissi hakim kəsilmişdi. İlk
növbədə indi, həqiqətən də, 1984-cü il olub-olmadığını bilmirdi. Hər halda, buna yaxın tarix idi, çünki
özünün 39 yaşı olduğuna əmindi. Deməli, ya 1944, ya da 1945-ci ildə doğulmuşdu. Amma indi bir-iki
il yanlışlığa yol vermədən hər hansı tarixi müəyyənləşdirmək müşkülə çevrilmişdi.
Qəflətən düşündü ki, bu gündəliyi kimin üçün yazır? Gələcək üçün, hələ yer üzündə olmayanlar
üçün. Bir anlıq fikri kağıza yazdığı, özünə də şübhəli görünən tarixin ətrafında dolaşdı. Yenidildəki
ikifikirlilik məfhumu yadına düşdü. Başlamaq istədiyi işin miqyası ona yalnız indi aydın oldu.
Gələcəklə necə ünsiyyət qura bilərdi? Axı mahiyyət etibarı ilə bu qeyri-mümkündür. Ola bilsin ki,
sabah da bu günə oxşasın və nəticədə yazdıqlarına heç bir əhəmiyyət verən tapılmasın. Yaxud zaman
dəyişə bilər, amma onda da çəkdiyi iztirablar gələcək nəsillərə heç bir şey deməyəcək.
Bir müddət gözlərini səfehcəsinə kağıza zilləyib oturdu. Teleekranın ahəngi dəyişmişdi, indi
oradan sərt hərbi musiqi eşidilirdi. Maraqlıdır, Uinston nəinki fikirlərini ifadə emək qabiliyyətini
yadırğamışdı, hətta yazmaq istədiklərini də yaddan çıxarmışdı. Neçə həftə idi ki, özünü bu ana
hazırlayırdı. Heç ağlına gəlməmişdi ki, burada cəsarətdən başqa da nəsə tələb edilir. Sadəcə yazmaq o
qədər də çətin iş olmamalı idi. Bütün qayəsi, məramı uzun illərdən bəri beynində gəzdirdiyi bitib-
tükənmək bilməyən həyəcan dolu monoloqu kağıza köçürmək idi. Amma deyəsən, belə imkan
yarananda monoloq özü yoxa çıxmışdı. Topuğunun yarası dözülməz dərəcədə incitsə də, ayağını
qaşımağa ürək eləmirdi. Çünki bu, həmişə iltihabla nəticələnirdi. Saniyələr ötüb-keçirdi. Qarşısındakı
səhifənin boşluğundan, topuğundakı yaranın göynərtisindən, qulağı deşən musiqidən, cinin gətirdiyi
yüngül sərməstlikdən başqa heç nə barədə düşünə bilmirdi.
Yazmağa qəflətən, həm də sanki, vahimə içərisində başladı. Qələmindən çıxanları özü də çox dumanlı anlayırdı. Uşaq xəttinə bənzəyən hərflərin sıralandığı sətirlər gah səhifənin yuxarısına qalxır,
gah aşağı enirdi. Əvvəlcə baş hərfləri, sonra isə nöqtə-vergülü də tamam yaddan çıxararaq yazırdı:
4 aprel 1984-cü il. Dünən axşamkı kino. Ancaq müharibə filmləri. Biri çox yaxşı idi haradasa
Aralıq dənizində içi qaçqınlarla dolu gəmini bombalayırdılar nəhəng, çox kök bir kişinin üzüb aradan
çıxmaq istəməsini helikopterin isə onu təqib etməsini göstərən kadrlar adamları yamanca əyləndirdi
əvvəlcə həmin kişinin delfin kimi suda necə batıb-çıxdığını görürdün, sonra onu helikopterin
nişangahından görürdün sonra o güllələrdən dəlmə-deşik edilmiş halda suyun üzünə çıxır ətrafındakı
su çəhrayı rəng alır sonra da elə bil bədənindəki güllə deşiklərindən qarnına su dolduğu üçün qəflətən
batır o dənizin təkində görünməz olanda tamaşaçılar gülməkdən özlərini saxlaya bilmirdilər. sonra içi
uşaqlarla dolu xilasedici qayıq və onun başı üzərində fırlanan helikopter qayığın burun tərəfində orta
yaşlı qadın oturmuşdu yəhudiyə bənzəyirdi qucağında isə təxminən üç yaşlı oğlan uşağı vardı. uşaq
qorxudan çığırıb ağlayır başını qadının döşləri arasında gizlətməyə çalışırdı. elə bil təzədən anasının
bətninə qayıtmaq istəyirdi qadın isə onu sakitləşdirir özü qorxudan gömgöy göyərsə də daim əllərini
sipər edib uşağı qoruyurdu. əllərini uşağının başı üstündə elə tuturdu ki sanki bu yolla onu güllələrdən
qoruya biləcək. sonra helikopterdən onların üstünə iyirmi kiloqramlıq bomba atdılar. dəhşətli partlayış,
qayıq param-parça oldu sonra əla bir kadr qopmuş uşaq əlləri düz yuxarı, göyə tərəf uçur helikopterin
burun tərəfində quraşdırılmış kamera əlin uçuşunu işləyir partiya üzvlərinin oturduqları sıralardan
gurultulu alqış səsləri eşidildi zalın prollar oturan tərəfindən isə bir qadın ayaqlarını yerə çırparaq
səs-küy saldı. dedi ki belə səhnələri uşaqların yanında göstərmək olmaz dedi ki bu heç yerə yazılası
şey deyil uşaqlara göstərməyə haqları yoxdur polislər gəlib onu zaldan çıxarana qədər səs-küy saldı
düşünmürəm ki ona bir şey eləsinlər prolların danışığına heç kim fikir vermir bu da tipik prol
reaksiyası idi onlar heç vaxt...
Əlləri ağrıdığından yazmağı dayandırdı. Bütün bu cəfəngiyatı qeyd kitabçasına nə üçün
köçürdüyünü özü də bilmirdi. Amma maraqlı idi: qələm kağızın üstündə hərəkət etdikcə, yaddaşında
tamam başqa hadisə canlanırdı. Həm də elə dəqiq, görümlü lövhələrlə canlanırdı ki, lap bu dəqiqə
götür, yaz... Birdən başa düşdü ki, məhz həmin hadisəyə görə tələsik evə qayıdıb və gündəlik tutmaq
qərarına gəlib.
Hadisə bu gün səhər Nazirlikdə baş vermişdi. Əgər belə müəmmalı hadisəyə "baş vermişdi"
demək mümkünsə...
Saat 11-ə yaxınlaşırdı. Uinstonun işlədiyi Sənədləşdirmə Departamentinin əməkdaşları
kreslolarını kabinələrindən çıxarıb zalın ortasına, böyük teleekranın qarşısına düzürdülər. Bir az sonra Nifrət İkidəqiqəliyi başlayacaqdı. Uinston orta sıralardakı yerini tutmaq istəyirdi ki, sifətdən tanıdığı,
amma heç vaxt təmasda olmadığı iki nəfərin də gözlənilmədən zala gəldiklərini gördü. Biri koridorda
tez-tez rastlaşdığı qız idi. Adını bilmirdi, ancaq Ədəbiyyat Departamentində işlədiyindən xəbəri vardı.
Onu bəzən əlləri yağa bulaşmış halda, qayka açarları ilə gördüyündən roman yazan maşınlara texniki
xidmət bölməsində çalışdığını düşünürdü. Özünə inamlı adam təsiri bağışlayırdı. 26-27 yaşlarında
olardı. Çil basmış sifəti, sıx və qara saçları vardı. İdmançı kimi iti, sərrast addımlarla yeriyirdi. Belinə
bir neçə dəfə doladığı, üzərində Gənclərin Antiseks Liqasının emblemi olan qırmızı qurşaq, onsuz da,
qabarıq olan budlarını daha dolğun nəzərə çarpdırırdı. Uinston qızı gördüyü ilk andan ondan xoşu
gəlməmişdi. Səbəbini özü yaxşı bilirdi. Qızın davranış və hərəkətlərindən daim xokkey meydançasının,
soyuq suda çimməyin, turist yürüşlərinin, bir sözlə, başdan-başa nizamlı həyat tərzinin ab-havası
duyulurdu. Uinston, ümumiyyətlə, qadınları sevmirdi. Cavan, gözəl qızlardan isə heç xoşlanmırdı.
Çünki qadınlar, xüsusən də cavan qızlar Partiyanın ən qızğın tərəfdarları idilər. Şüarları hava, su kimi
udurdular, könüllü casusluq edir, hər yerə baş vurub mütləq bir nöqsan tapmağa çalışırdılar. Bu qız isə
ona başqalarından da təhlükəli görünürdü. Bir dəfə təsadüfən koridorda rastlaşarkən, sanki, daxilinə
nüfuz etmək istəyirmiş kimi yanakı nəzərlərlə Uinstona elə diqqətlə baxmışdı ki, bir anlıq canına
qorxu düşmüşdü. Hətta qızın Fikir Polisinin agenti olmasını düşünmüşdü. Əslində, ehtimalının
həqiqətə qətiyyən uyğun gəlmədiyini özü də bilirdi. Lakin hər dəfə onu yaxınlığında görəndə qorxu və
düşmənçilik qarışıq qəribə hisslər keçirirdi.
İkinci adam isə Daxili Partiyanın üzvü O'Brayen idi. O'Brayenin tutduğu çox mühüm, əlçatmaz
vəzifə ilə bağlı Uinstonun yalnız dumanlı təsəvvürləri vardı. Qara uniformalı Daxili Partiya üzvünün
yaxınlaşdığını görəndə teleekranın qarşısına toplaşanlar bir anlıq səslərini kəsdilər. O'Brayen yoğun
boynu, kobud, məzəli, həm də qəddar sifəti ilə diqqəti çəkən hündürboylu, cantaraq kişi idi. İlk
baxışdan zəhmli görünsə də, ürəyəyatımlı ədaları ilə seçilirdi. Tez-tez eynəyini qaldırıb təzədən
burnunun üstündəki yerini rahatlaması xüsusən xoş təsir bağışlayırdı. Bu səciyyəvi hərəkətdə nə isə bir
centlmenlik sezilirdi. Zərif əda ilə ətrafındakılara əlindəki tütün qutusundan burunotu götürməyi təklif
edən XVIII əsr zadəganı - bu cür müqayisələrlə düşünməyi bacaranların O'Brayenlə bağlı ağıllarına
gələn ilk fikir belə ola bilərdi. Uzun illər ərzində Uinston onu cəmi-cümlətanı bir neçə dəfə görmüşdü.
Amma həmişə naməlum bir hiss onu O'Brayenə tərəf çəkmişdi. Məsələ təkcə Daxili Partiya üzvünün
ağır çəkili boksçu görkəmi ilə zərif ədaları arasındakı ziddiyyətdə deyildi. Uinston buna tam əmin
olmasa da, O'Brayenin siyasi baxışlarının liberallığından şübhələnirdi. Daha doğrusu, özünü buna
inandırmağa çalışırdı. O' Brayenin sifəti adamı belə fikirlərə düşməyə vadar edirdi. Amma bəlkə də,
sifətində ehkamlara şübhə yox, sadəcə, ağıl öz ifadəsini tapmışdı. İstənilən halda, təklikdə qalmaq və teleekranın hər şeyi görən nəzərlərindən gizlənmək imkanı yaransaydı, O'Brayen hər şey haqda
danışmağın mümkün olduğu adam təsiri bağışlayırdı. Uinston heç vaxt ehtimalının həqiqətə nə qədər
uyğun gəldiyini dəqiqləşdirməyə çalışmamışdı. Əslində bunun bir yolu da yox idi. Koridordan keçən
O'Brayen saatına baxıb vaxtın çatdığını görmüş və deyəsən, Nifrət İkidəqiqəliyi başa çatana qədər
Sənədləşdirmə Departamentində qalmaq qərarı vermişdi. Uinstonla eyni sırada, ondan bir kreslo aralı
oturmuşdu. Aradakı boş yeri qonşu kabinədə işləyən balacaboylu, kül rəngli saçları olan qadın
tutmuşdu. Qarasaçlı qız onun arxasında oturmuşdu.
Bir an sonra divardakı böyük teleekrandan dəhşətli uğultu və cingilti səsləri eşidildi. Elə bil,
nəhəng, çarxları heç zaman yağlanmamış bir maşın ekrandan düz zalın içərisinə, tamaşaçıların üstünə
gəlirdi. Ətrafı bürümüş səsdən adamın tükləri biz-biz olur, dişləri bir-birinə dəyib şaqqıldayırdı. Nifrət
başlanmışdı.
Həmişə olduğu kimi, ekranda Emmanuel Qoldsteynin - Xalq Düşməninin sifəti göründü. Zalın
müxtəlif səmtlərində tamaşaçılar arasından uğultu keçdi. Kül saçlı balacaboy qadın qorxu və nifrətdən
əcaib səslə ciyildədi. Xain və satqın Qoldsteyn nə vaxtsa (o qədər uzaq keçmişdə ki, daha heç kəs
xatırlamırdı) Partiyanın, az qala, Böyük Qardaş səviyyəli liderlərindən olmuşdu. Sonra əksinqilabi
fəaliyyət yolunu tutmuş, nəticədə ölüm cəzasına məhkum edilmişdi. Lakin sirli şəkildə qaçıb aradan
çıxa bilmişdi. Nifrət İkidəqiqəliyinin proqramı günbəgün dəyişilirdi. Əsas hədəf isə həmişə Qoldsteyn
olurdu. O, ilk xain, Partiyanın təmizliyinə ləkə vuran ilk yaramaz idi. Partiya əleyhinə yönəlmiş bütün
cinayətlər, ziyankarlıq və satqınlıq halları, təxribatlar, zərərli təmayüllər və qorxulu fikirlər birbaşa
onun nəzəriyyəsindən qidalanırdı. İndiyə qədər sağ-salamat yaşayırdı, haradasa öz çirkin fəaliyyətini
davam etdirirdi. Bəzilərinin fikrincə, okeanın o tayına qaçmış, xarici ağalarının himayəsinə sığınmışdı.
Burada, Okeaniyanın özündə gizləndiyi haqda da şayiələr dolaşırdı.
Uinston çətinliklə nəfəs alırdı. Ağrılı hisslərin qəribə qarmaqarışıqlığını öz içində yaşamadan
Qoldsteynin sifətinə heç vaxt baxa bilmirdi. Boz saçların haləsindəki dərisi sümüklərinə yapışmış
yəhudi sifəti, keçi saqqalına bənzəyən kiçik saqqal - ilk baxdığında ağıllı sifəti vardı. Amma bu
sifətdən həm də daim insanı özündən kənara itələyən bir ifadə oxunurdu. Uzun, gəmirçəkli burnunun
düz ucuna düşən gözlüyü üzünün səfeh qocafəndi ifadəsini daha da gücləndirirdi. Görünüşündən
qoyuna oxşayırdı, səsi də elə qoyun mələrtisini xatırladırdı. Həmişəki kimi Qoldsteyn yenə ağzı
köpüklənə-köpüklənə Partiya ehkamlarına qarşı hücuma keçmişdi. İddiaları o qədər cəfəng və gülünc
idi ki, balaca uşaq da onları asanlıqla darmadağın edə bilərdi. Lakin bununla bərabər, sözləri müəyyən
inandırıcılıqdan məhrum olmadığından tez hissə qapılan, təcrübəsiz adamları təsiri altına sala bilərdi.
Qoldsteyn yenə Böyük Qardaşı söyüb-yamanlayır, Partiyanın aparıcı rolunu inkar edirdi. Avrasiya ilə dərhal sülh sazişi imzalanması tələbini irəli sürürdü. Söz, mətbuat, sərbəst toplaşma və fikir
azadlıqlarının təmin olunmasına çağırırdı. İsterik səslə inqilaba xəyanət edilməsi haqqında qışqırıb-
bağırırdı. Partiya natiqlərinin ənənəvi üslubuna parodiya kimi səslənən tələsik, sözçülüklə dolu
nitqlərində Yenidil ünsürlərindən yararlanmağı da unutmurdu. Bəzən hətta adi Partiya üzvünün
gündəlik həyatda istifadə etdiyindən də çox Yenidil sözləri işlədirdi. Qoldsteynin cəfəng, hətərən-
pətərən iddialarının arxasında hansı qüvvələrin dayandığına şübhə yeri qoymamaq üçün bütün çıxışı
boyu ekrandan, başının üstündən küt, ifadəsiz sifətli Avrasiya əsgərləri sonu görünməyən sıx sıralarla
addımlayıb-keçirdilər. Onlar dəstə-dəstə ekranın dərinliklərindən üzə çıxır, bir anlığa iri planda
görünür, sonra yerlərini eynən özləri kimi digər balacaboy, yerəyapışıq soydaşlarına verib yox
olurdular. Asfalta dəyən əsgər çəkmələrinin boğuq tappıltısı Qoldsteynin qoyun mələrtisini xatırladan
səsini müşayiət edirdi.
Nifrət İkidəqiqəliyi, təxminən, otuz saniyə əvvəl başlamışdı. Lakin zaldakı tamaşaçıların
yarıdan çoxu artıq qəzəb dolu intiqam nidalarını saxlaya bilmirdilər. Bu qoyun sifətli özündənrazı
adamı, onun arxasındakı Avrasiya əsgərlərinin qorxunc qüvvəsini görmək, hiddət və qisas hissinin
ortaya çıxması üçün yetərli idi. Digər tərəfdən Qoldsteyn görünüşü və fikirləri ilə də dərhal qorxu,
qəzəb doğururdu. Ona bəslənən nifrət Avrasiya, yaxud İstasiyaya olan nifrətlə müqayisədə daha
dəyişməz, hətta əbədi sayıla bilərdi. Çünki adətən, Okeaniya bu dövlətlərdən biri ilə müharibə
vəziyyətində olanda o biri ilə sülh sazişi bağlayırdı. Amma qəribə görünən başqa şey idi. Hamı
Qoldsteyni aşağılasa da, hamı ona nifrət bəsləsə də, hər gün, bəlkə də, gündə min dəfə təlimi rədd
olunsa da, nəzəriyyəsinin daşı daş üstündə qoyulmasa da, mitinqlərdə, teleekranda, qəzetlərdə,
kitablarda fikirləri cəfəngiyat kimi gülüş, istehza hədəfinə çevrilsə də, daim ələ salınsa da, nüfuzu əsla
azalmırdı. Həmişə onun tələsinə düşən, onun sözlərindən şirniklənən sadəlövh adamlar tapılırdı. Elə
gün olmurdu ki, Fikir Polisi Qoldsteynin təsirinə qapılan, onun əmri ilə hərəkət edən casus və
ziyankarları tapıb aşkara çıxarmasın. Qoldsteyn güclü gizli orduya, Dövləti devirməyə çalışan geniş
sui-qəsdçilər şəbəkəsinə rəhbərlik edirdi. Şəbəkənin Qardaşlıq adını daşıdığı ehtimal olunurdu.
Qoldsteynin bütün yaramaz fikirlərin məcmusu kimi şöhrət qazanan və gizli şəkildə yayılan kitabı
haqqında pıçıltı ilə danışırdılar. Əsərin adını bilən yox idi. Adamlar onu, sadəcə, kitab adlandırırdılar.
Amma ortalıqda gəzən söhbətlərin boş şayiələr olduğunu da yaxşı başa düşürdülər. Mövzudan
yayınmaq imkanı yarananda hər bir Partiya üzvü Qardaşlıq və kitab məsələsinə toxunmamağı daha
üstün tuturdu.
İkinci dəqiqənin başlanğıcında nifrət özünün son həddinə çatmışdı. Adamlar teleekrandan gələn
qoyun mələrtisinə bənzər səsi batırmaq üçün yerlərindən sıçrayıb gücləri gəldikcə qışqırırdılar. Kül
saçlı, balacaboy qadın hiddətindən qıpqırmızı qızarmışdı, ağzı sudan bayıra atılmış balığın qəlsəmələri kimi açılıb-yumulurdu. Hətta O'Brayenin kobud sifəti də pörtmüşdü. O, kreslosunda şax
oturmuşdu, geniş sinəsi dəniz qabarma və çəkilmələrində olduğu kimi qalxıb-enirdi. O'Brayendən arxa
sırada oturan qarasaçlı qız isə birdən var səsi ilə "Donuz! Donuz! Donuz!" - deyə qışqırmağa başladı
və əlindəki ağır Yenidil lüğətini var gücü ilə teleekrana tolazladı. Lüğət Qoldsteynin burnuna dəyib
döşəməyə düşdü. Qoyun mələrtisini xatırladan səs kəsilmək bilmirdi. Bu ara Uinston adamlara qoşulub
qışqırdığının, qarşıdakı kreslonu qəzəblə təpiklədiyinin fərqinə vardı. Nifrət İkidəqiqəliklərində
dəhşətli şey hamının eyni cür hərəkət etməsi deyildi. Əksinə, ən qorxulusu hətta istəsən belə, bu ümumi
prosesdən kənarda qala bilməməyin idi. Otuz saniyə keşəndən sonra artıq ətrafındakıları yamsılamağa
ehtiyac duyulmurdu. Elə bil, hamının bədənindən güclü elektrik cərəyanı keçirdi. Hamıya qorxu və
intiqam hissi hakim kəsilirdi. Hamı öldürmək, işgəncə vermək, ağır çəkiclə vurub kiminsə başını
parçalamaq istəyirdi. Adamlar üz-gözlərini əyir, qışqırıb nifrin yağdırır, göz görə-görə dəlilik həddinə
çatırdılar. Həm də bu qəzəb mücərrəd və hədəfsiz idi. Fənər işığı kimi onun da istiqamətini istənilən
səmtə yönəltmək olurdu. Bəzən Uinston nifrətinin qətiyyən Qoldsteynə deyil, əksinə, Böyük Qardaşa,
Partiyaya, Fikir Polisinə qarşı çevrildiyinin fərqinə varırdı. Belə məqamlarda küfr və qəzəb hədəfi olan
bu tənha yadfikirlinin, yalan dünyasında sağlam ağıl və həqiqətin bu yeganə mühafizinin tərəfində
dayandığını hiss edirdi. Bir saniyə sonra isə o, yenidən kütləyə qoşulur, Qoldsteyn haqqında
deyilənlərin hamısını həqiqət kimi qəbul edirdi. Belə anlarda Böyük Qardaşa bəslədiyi gizli nifrət
sitayişə çevrlirdi. Böyük Qardaş əlçatmaz büt kimi hamının və hər kəsin başı üzərində yüksəlirdi, Asiya
ordularının qarşısında qorxubilməz, qüdrətli sərkərdə kimi dayanır, əsl alınmaz qala təsiri bağışlayırdı.
Qoldsteyn isə cəmiyyətdən qovulmasına, tənhalığına, hətta mövcudluğunun sual altında olmasına
baxmayaraq, təkcə elə səsinin gücü ilə adamların gözünə sivilizasiya binasını dağıtmağa qadir qorxunc
sehrbaz cildində görünürdü.
Bəzən belə anlarda nifrəti şüurlu şəkildə tamam başqa şəxsə də yönəltmək olurdu. Uinston
gecəyarısı dəhşətli qarabasmadan ayılıb özündə başını yastıqdan qaldırmağa güc tapan adam kimi
bütün iradi qüvvəsini toplayaraq ekrandakı sifətə bəslədiyi nifrəti arxa sıradakı qarasaçlı qıza tuşladı.
Xəyalından bir-birindən gözəl, cəlbedici səhnələr keçdi. Onu rezin dəyənəklə ölüncəyə qədər
budayardı. Onu lüt soyundurub dirəyə sarıyar, Müqəddəs Sebastian kimi bədənini oxlarla dəlik-deşik
edərdi. Onu ləzzətlə zorlayar, orqazm anında isə bıçağı düz boğazına saplardı. İndi ona nə üçün nifrət
etdiyinin səbəbini əvvəlkindən daha aydın başa düşürdü. Gənc, gözəl və antiseks əhvali-ruhiyyəli
olduğuna görə, bu qızla bir yatağa girmək istədiyinə, amma niyyətinin heç vaxt baş tutmayacağını
bildiyinə görə, qucaqlanmaqdan, oxşanmaqdan ötrü yaradılmış nazik, yumşaq belində Uinstonun əlini
deyil, əlçatmazlığın hamıya meydan oxuyan rəmzini qırmızı - qurşağı gəzdirdiyinə görə!
Nifrət son həddə çatmışdı. Qoldsteynin səsi həqiqi qoyun mələrtisinə çevrilmişdi. Sifəti də eyni

ilə küt qoyun sifətini xatırladırdı. Sonra bu qoyun sifəti teleekrandan düz üstlərinə gələn iri, qorxunc

Avrasiya əsgərinin simasında əriyərək görünməz oldu. Əsgər isə sanki, ekrandan birbaşa zalı nişan

alaraq avtomatdan aramsız atəş aça-aça irəliləyirdi. Qabaq sıralarda oturanların bəziləri özlərini qeyri-

iradi kreslonun söykənəcəyinə sıxırdılar. Bir an sonra hamı rahatlıqla nəfəs aldı. Böyük Qardaşın

qarasaçlı, qarabığlı, həyat gücü və ilahi sakitliklə dolu sifəti ekranı tutaraq düşməni görünməz etdi.

Böyük Qardaşın nə dediyini heç kim eşitmirdi. Lakin döyüşün qızğın çağında sərkərdənin əsgərləri

ruhlandırmaq üçün qışqırdığı bir neçə anlaşılmaz söz kimi onun dedikləri də mənasından asılı

olmayaraq, sadəcə, ən çətin anda səsi eşidildiyinə görə ürəklərdə inam doğururdu. Sonra Böyük

Qardaşın sifəti tədricən ekrandan çəkildi, yerində iri hərflərlə yazılmış üç Partiya şüarı göründü:

Corc Oruell 1984Where stories live. Discover now