III HİSSӘ. I FӘSİL

33 0 0
                                    

Uinston harada olduğunu bilmirdi. Yəqin, Sevgi Nazirliyinə gətirmişdilər. Amma gümanını


dəqiqləşdirməyə heç bir imkan yox idi. Hündür tavanlı, divarlarına ağ, parıltılı kaşı vurulmuş


pəncərəsiz kameraya salınmışdı. Gözəgörünməyən lampalar üstünə soyuq işıq salırdı. Haradansa qulağı


cırmaqlayan asta, lakin aramsız uğultu eşidilirdi. Uinston bunun havalandırma qurğusunun səsi


olduğunu düşündü. Qapını, bir də üzbəüzdəki paraşanın yerini çıxmaq şərtilə kamera boyu divarlara


ensiz taxta oturacaqlar bərkidilmişdi. Dörd bir tərəfdən kameraya dörd teleekran nəzarət edirdi.


Qarnındakı küt ağrı sakitləşmək bilmirdi. Sancı onu üstüörtülü maşına basıb naməlum


istiqamətə aparanda başlamışdı. Yemək istəyirdi. Nə isə qeyri-insani, vəhşi hissə çevrilən aclıq əhədini


kəsirdi. Bütöv bir gün, bəlkə də, günyarım idi ki, dilinə heç nə dəyməmişdi. Səhər, yoxsa axşam həbs


edildiyini hələ də bilmirdi. Yəqin, heç zaman da bilməyəcəkdi. Tutub bura gətirəndən sonra bir dəfə


də olsun yemək verməmişdilər.


Ensiz skamyada əllərini dizinin üstünə qoyub bacardığı qədər sakit oturmağa çalışırdı. Uinston,


ümumiyyətlə, həmişə sakit davranmışdı. Burada isə gözlənilməz bir hərəkət eləyən kimi teleekran


adamın üstünə qışqırırdı. Yemək istəyi get-gedə daha da şiddətlənirdi. Hər şeydən çox bir tikə çörək


istəyirdi. Nədənsə, Uinstona elə gəlirdi ki, kombinezonunun cibində çörək qırıntıları olmalıdır. Cibində


nə vaxtdansa hətta bütöv bir dilim quru çörəyin qaldığını düşünürdü. Yoxsa arabir ayaqlarına toxunan


bərk şey nədir? Axırda aclıq qorxuya qalib gəldi. Uinston əlini cibinə uzatdı.


-Smit! - teleekran cımxırdı. - Altmış-yetmiş doqquz! Smit U.! Kamerada əlinizi cibinizə


salmayın!


Uinston təzədən əllərini dizinin üstünə qoyub donmuş vəziyyət aldı. Bura gətirməmişdən əvvəl


onu başqa yerə aparmışdılar. Adi dustaqxana, ya da partulların sərəncamındakı ilkin həbs kamerası idi.


Orada nə qədər saxlandığını bilmirdi. Hər halda, bir neçə saat qalmışdı. Saatı olmadığından, üstəlik də,


kameraya gün işığı düşmədiyindən vaxtı təyin etmək mümkün deyildi. İlk həbs kamerası üfunət


qoxuyan, səsli-küylü yer idi. Təxminən, indikinə bənzəyirdi, amma hər tərəfi çirk içərisindəydi. Kiçik


kameraya on, bəlkə də, on beş məhbus doldurmuşdular. Əksəriyyəti adi cinayətkarlar idi. Amma


aralarında siyasi ittihamlarla tutulanlar da gözə dəyirdi. Uinston hər tərəfdən çirkli insan bədənləri ilə


sıxışdırılmış halda divarın dibində oturmuşdu. Qorxudan və qarnındakı sancıdan kamera yoldaşlarına


heç bir maraq göstərmirdi. Lakin Partiya üzvləri ilə digər məhbusların davranışları arasındakı heyrətamiz fərq diqqətindən yayınmamışdı. Partiya üzvlərinin hamısı səssiz-səmirsiz və qorxu

Corc Oruell 1984Onde histórias criam vida. Descubra agora