VII FӘSİL

73 1 0
                                    

Əgər tək ümid varsa (Uinston yenə yazırdı), o da prollara olan ümiddir.
Əgər nicat yolu varsa, onu yalnız prollardan - dövlətin arxa qapısında küllənən, Okeaniya
əhalisinin səksən beş faizini təşkil edən bu qara kütlədən gözləmək lazımdır. Yalnız onların içərisindən
Partiyanı məhv etməyə qadir qüvvə yetişə bilər. Partiyanı daxildən devirmək qeyri-mümkündür.
Partiyanın düşmənlərinin (həqiqətən də belələri varsa) nəinki bir araya gəlmək, hətta bir-birilərini
tanımaq imkanı yoxdur. Hətta əfsanəvi Qardaşlıq mövcuddursa (bu da istisna edilməməlidir!), onun
üzvlərinin iki və ya üç adamdan artıq qruplar halında toplaşmaları mümkün deyil. Onların üsyanı -
gözlərinin ifadəsi, səslərinin intonasiyasıdır. Ən yaxşı halda təsadüfi pıçıldanmış bir sözdür. Lakin
prollar hansısa bir yolla öz güclərinə inansalar, daha gizli fəaliyyətə ehtiyac qalmayacaq. Bədəninin bir
titrəyişi ilə bütün milçəkləri qovan at kimi onların da ayağa qalxıb silkələnmələri kifayətdir. Əgər
prollar istəsələr, günü sabah Partiyanın daşını daş üstündə qoymazlar. Tez, ya gec bunu mütləq başa
düçəcəklər. Amma...
Uinston bir dəfə izdihamlı küçə ilə gedərkən yüzlərlə qadın səsinin bir-birinə qarışdığı
qulaqbatırıcı qışqırıqlar eşitdiyini yadına saldı. Qışqırıq qarşı tərəfdəki döngədən gəlirdi. Ətrafa kilsə
zəngi kimi həyəcan yayan hündür və şiddətli "Oh-o-o-o-ohh" fəryadında hiddət, ümidsizlik və
dəhşətli qəzəb birləşmişdi. Həmin an Uinston həyəcandan özünə yer tapmadı. "Başlandı!" - deyə
fikirləşdi. Qiyam! Nəhayət, prollar ayağa qalxdılar! Uinston sürətli addımlarla özünü döngəyə çatdırdı.
İki, bəlkə də, üç yüz qadın bazar meydanındakı balaca dükanlardan birinin qarşısına toplaşmışdılar.
Sifətləri, batan gəminin sərnişinləri kimi yas və ələmlə dolu idi. Uinstonun gözləri qarşısında
ümidsizliyin birləşdirdiyi bu kütlə birdən-birə parçalanıb dəstələrə bölündü. Bazardakı kiçik
dükanlardan hansındasa qalay qazançalar satılırdı. Miskin görkəmli, əyri-üyrü, çürük tənəkə
parçaları.Amma adamlar növbəyə dayanmışdılar. Çünki qab-qazan tapmaq həmişə müşkül məsələ
olmuşdu. Gözlənilmədən mal qurtardı. Hər tərəfdən sıxışdırılan, itələnən sonuncu xoşbəxt alıcılar
qazançalarını sinələrinə sıxıb kütlənin arasından çıxmağa tələsirdilər. Bəxti gətirməyənlər isə dükanın
ətrafına toplaşıb qışqıra-qışqıra dükançını malı tanışlıqla satmaqda, piştaxta altında gizlətməkdə ittiham
edirdilər. Qəflətən dəhşətli çığırtı qopdu. Birinin saçı çiyinlərinə dağılmış iki şişman arvad eyni qazançanın qulplarından yapışıb hərəsi öz tərəfinə çəkirdi. Bir müddət dartışandan sonra qulp saçı
çiyninə dağılmış qadının əlində qaldı. Uinston onlara nifrətlə baxırdı. Amma az öncə bir neçə yüz
boğazdan gələn qışqırtılarda necə qorxuducu qüvvənin gizləndiyini də unutmurdu. Nədən onlar daha
böyük istək naminə toplaşıb səslərini belə yüksəltməsinlər?
Uinston fikirlərini kağıza köçürdü:
Onlar şüurlu olmayana qədər üsyan etməyəcəklər. Üsyan etməsələr isə heç vaxt şüurlu
olmayacaqlar.
Sözlərinin lap Partiya dərsliklərindən götürülmüş ifadələrə oxşadığını düşündü. Partiya, təbii ki,
həmişə prolları əsarət zəncirindən qurtardığını bəyan edirdi. Prollar İnqilaba qədər kapitalistlərin
dəhşətli zülmü altında imişlər. Kapitalistlər onları söyüb-döyür, ac-susuz saxlayır, qadınları daş kömür
şaxtalarında işləməyə məcbur edir (yeri gəlmişkən, qadınlar yenə də şaxtalarda işləyirdilər), uşaqları
altı yaşından fabriklərə satırmışlar. Eyni zamanda ikifikirlilik təlimindən çıxış edən Partiya həm də
prolları öz təbiətləri etibarı ilə aşağı təbəqə sayır, bir neçə sadə prinsipə əsaslanaraq onları heyvan kimi
daim itaətdə saxlamağın zəruriliyini bildirirdi. Əslində, prollarla bağlı məlumatlar çox məhdud idi.
Onları yaxından tanımağa xüsusi ehtiyac da duyulmurdu. İşlədikləri və doğub-törədikləri müddət
ərzində bu adamların başqa heç bir fəaliyyətlərinə lüzum qalmırdı. Argentina düzənliklərindəki başlı-
başına buraxılmış qaramal sürüləri kimi prollar da həmişə öz təbii həyat tərzlərinə qayıdır, ata-
babalarının yolu ilə gedirdilər. Onlar doğub-törəyir, çirkab içərisində boy atıb böyüyürdülər. On-on iki
yaşında işləməyə gedirdilər. Fiziki çiçəklənmə və seksual fəallıq dövrləri çox qısa çəkirdi. İyirmi
yaşları olanda evlənirdilər. Otuza çatanda artıq ortayaşlı adam kimi görünürdülər. Altmışa yetişəndə isə
milçək kimi qırılmağa başlayırdılar. Ağır fiziki əmək, ev və ailə qayğıları, qonum-qonşularla fasiləsiz
boğuşmalar, kino, futbol, pivə, ən başlıcası isə qumar - məhdud dünyalarının sərhədləri bunlarla
məhdudlaşırdı. Prolları nəzarət altında saxlamaq çətin deyildi. Aralarında həmişə Fikir Polisinin
adamları dolaşırdı. Onlar saxta şayiələr yayır, təhlükəli görünən adamları göz altına alır, sonra da
aradan götürürdülər. Prolların Partiyanın ideologiyasına cəlb edilmələri ilə bağlı heç bir təşəbbüs
göstərilmirdi. Siyasətlə maraqlanmaları ümumən arzuedilməz sayılırdı. Onlardan tələb olunan yeganə
ictimai fəallıq iş gününün uzadılması, yaxud ərzaq normasının azaldılması zamanı bəsit vətənpərvərlik
nümunəsi göstərmək idi. Hətta bəzən aralarında narazılıq yarananda da bunun heç bir nəticəsi olmurdu.
Çünki ümumi fikir ətrafında birləşə bilmədiklərindən meydana çıxan narazılıq xırda, ikincidərəcəli
məsələlərə yönəldilirdi. Böyük problemlər həmişə diqqətlərindən kənarda qalırdı. Əksəriyyətinin mənzilində heç teleekran da yox idi. Adi polis prollara çox az diqqət yetirirdi. Londonda cinayətkarlıq
baş alıb gedirdi. Cinayətkarlar dövlət içərisində dövlət qurmuşdular. Oğrular, quldurlar, fahişələr,
narkotik alverçiləri, fırıldaq və reketlə məşğul olanlar açıq-aşkar meydan sulayırdılar. Lakin bütün bu
hallar yalnız prolların öz arasında cərəyan etdiyindən Partiyada o qədər də ciddi narahatlıq
doğurmurdu. Əxlaq məsələlərində onlara ata-baba qaydaları ilə yaşamağa izin verilirdi. Partiya
üzvlərinə tətbiq olunan sərt seksual məhdudiyyətlərin prollara heç bir dəxli yox idi. Əxlaqsız həyat
tərzinə görə onları cəzalandırmırdılar. Boşanmalarına icazə verilirdi. Dinə ciddi meyil və maraq
göstərsəydilər, yəqin, ibadət niyyətləri də xüsusi etirazla qarşılanmazdı. Bir sözlə, prollar hər cür
şübhənin fövqündə dayanırdılar. Partiya şüarlarından birində deyildiyi kimi - "Prollar və heyvanlar
azad idilər".
Uinston ehtiyatla ayağının varikoz yarasına toxundu. Yenə geyişirdi. Dəfələrlə üzərində
düşündüyü məsələ İnqilabdan əvvəlki real həyatla bağlı hər hansı məlumatın əldə olmaması idi.
Masanın gözündən missis Parsonsdan bir neçə günlüyə götürdüyü uşaqlar üçün tarix kitabını çıxarıb
qabağına qoydu, onun bir hissəsini gündəliyinə köçürməyə başladı:
Keçmiş vaxtda, şanlı İnqilabdan əvvəl London bizim indi gördüyümüz kimi gözəl şəhər deyildi.
O dövrün Londonu tutqun, qaranlıq, çirlkli bir yer idi. İnsanların çoxu yarıac-yarıtox yaşayırdı.
Yüzlərlə, minlərlə kasıbın əynində paltarı, ayağında ayaqqabısı, hətta altında daldalanmağa damı yox
idi. Səninlə yaşıd uşaqlar qəddar, amansız ustaların əlinin altında gündə on iki saat işləməli olurdular.
Əgər bir qədər ləng hərəkət etsəydilər, onları qırmancla döyür, yeməyə isə cirə ilə kiflənmiş çörək və
iylənmiş su verirdilər. Bütün bu dəhşətli yoxsulluq içərisində varlıların cah-calallı malikanələri
ucalırdı. Qapılarında, azı, otuz nəfər xidmətçi saxlayırdılar. Həmin varlılar kapitalist adlandırılırdılar.
Onlar növbəti səhifədə şəklini görəcəyin qəddarsifətli, eybəcər və piy basmış adamlar idilər. Şəkildə
gördüyün kimi, əyinlərinə frak adlanan uzun, qara pencək geyir, başlarına isə soba borusunu
xatırladan silindr adlı parıltılı, əcaib şlyapa qoyurdular. Bu yalnız kapitalistlərin geyim forması idi.
Başqa heç kəsə belə geyinməyə icazə verilmirdi. Dünyada nə varsa hamısı kapitalistlərin əlində idi.
Qalan adamlar onların köləsi sayılırdılar. Bütün evlər, torpaqlar, fabrik-zavodlar, pullar kapitalistlərin
ixtiyarında idi. Kim onların sözündən çıxsa, beləsini ya həbsxanaya salır, ya acından ölmək üçün işdən
bayıra atırdılar. Sadə adam kapitalistlə danışanda onun qarşısında alçalmalı, təzim etməli, papağını
çıxarmalı və mütləq: "Ser", - deyə müraciət etməli idi. Bütün kapitalistlərin başçısı Kral adlanırdı.
Sonra isə...
Uinston siyahını əzbər bilirdi. Ardınca batist donlu yepiskoplar, qollarına və boynuna samur xəzindən köbə salınmış mantiyalarda gəzən hakimlər, biabırçılıq dirəyi, ayağa vurulan ağır kündələr,
çəmbərə bağlamaq, doqquz dilli qırmanc, Lord-Merin verdiyi dəbdəbəli ziyafətlər, Papanın
ayaqqabısını öpmək ənənəsi gəlirdi. Hələ bunlardan başqa, yəqin ki, uşaq kitablarına salınmayan jus
primae noctis ( İlk gecə hüququ, zifaf gecəsi hüququ (ing.) )
anlayışı da vardı. Əslində, bu, qanun idi və həmin qanuna əsasən, kapitalist fabrikində
işləyən istənilən qızla yata bilərdi...
Görəsən, yazılanlar nə dərəcədə doğru, nə dərəcədə yalandır? İndi orta səviyyəli bir adamın
özünün inqilabdan əvvəlki həmvətənindən yaxşı yaşaması, əslində, həqiqətə uyğun olmalıdır. Bunun
əksinə eşidilən yeganə iddia sənin içindəki lal, dilsiz etirazdır. İndiki həyatın dözülməzliyini, bir
zamanlar isə yaşamın yəqin ki, bundan fərqləndiyini instinktiv şəkildə də olsa, dərk etməyindir.
Uinston fikirləşdi ki, indi mövcudluğun başlıca özəlliyi qəddarlıqla üz-üzə qalmaq, yaxud daim təhlükə
altında yaşamaq deyil. Başlıca özəllik bütünlükdə yaşamın miskinliyində, boşluğunda, hər şeyi və hər
yeri bürümüş apatiya hissindədir. Diqqətlə fikir verəndə həyatın puçluğu, mənasızlığı təkcə gecə-
gündüz teleekrandan axıb tökülən yalanlarda deyil, hətta Partiyanın can atdığı ideallarda da özünü
göstərir. Partiya üzvlərinin özləri üçün də həyatın böyük hissəsi siyasətdən kənarda keçir. Partiya üzvü
saatlarla başını qaldırmadan cansıxıcı dəftərxana işi görür, metro vaqonlarında yer tutmaq üçün
əlbəyaxa olur, deşik corabını yamayır, kimdənsə bir saxarin həbi dilənir, yaxud siqaret kötüyünə qənaət
edir. Partiyanın nəzəri şəkildə can atdığı - böyük, möhtəşəm, gözqamaşdıran bir idealdır. Bu idealın
təcəssümü şüşə və beton, heyrətamiz maşınlar və qorxunc silahlar dünyasıdır. O, mükəmməl birlik hissi
ilə gələcəyə addımlayan, eyni cür fikirləşən, eyni şüarlar söyləyən, fasiləsiz işləyən, mübarizə aparan,
zəfər çalan, təqib olunan üç yüz milyon bir-birinə bənzər adamın - döyüşçülər və fanatiklər xalqının
dünyasıdır. Gerçək həyat isə bundan tam fərqlidir. Həyatda cındır geyimli, cırıq ayaqqabılı yarıac
adamların obaş-bubaşa şütüdükləri xaraba şəhərləri, daim bişmiş kələm və üfunətli ayaqyolu iyi verən
köhnə-kürüş XIX əsr evlərini daha çox görməli olursan. Uinsonun gözləri önündə London -
küçələrində milyonlarla zibil yeşiyinin iyləndiyi böyük, başdan-başa xarabazarlığı xatırladan şəhər
canlandı. Ümidsiz halda yolu tutulmuş kanalizasiya borusunu qurdalayan missis Parsonsun -
seyrəksaçlı, üzü qırışlarla dolu qadının obrazı bu mənzərəni daha da tamamlayırdı.
Özünü saxlaya bilməyib topuğunu qaşıdı. Teleekran gecə-gündüz adamların qulağını statistika
ilə doldurur. Sübut eləyir ki, əlli il bundan əvvəlki dövrlə müqayisədə indi ərzaq və geyim daha
çoxdur, insanlar yaxşı mənzillərdə yaşayırlar, rahat dincəlirlər, ömürləri uzanıb, az işləyib çox maaş
alırlar, boyları ucalıb, daha sağlam, güclü, xoşbəxt, ağıllı, savadlı olmaq imkanı qazanıblar. Burada heç
nəyi sübut, yaxud da əksinə, inkar etmək mümkün deyil. Məsələn, Partiya iddia edir ki, indi yaşlı prolların qırx faizi savadlıdır. İnqilaba qədər isə onların yalnız on beş faizi savad ala bilirdi. Partiya

Corc Oruell 1984Tempat cerita menjadi hidup. Temukan sekarang