IV FӘSİL

129 1 0
                                    

Teleekran yaxında olsa da, Uinston iş gününü heç cür tərgidə bilmədiyi ümidsizcəsinə, sinə

dolusu ah çəkməklə başladı. Nitqyazarı özünə yaxınlaşdırdı, mikrofonun tozunu sildi, eynəyini gözünə

taxdı. Sonra masanın sağ tərəfindəki pnevmatik borudan düşən dörd kağız bürməsini açıb hamarladı və

sancaqla bərkitdi.

Kabinəsinin divarlarında üç çıxış yeri, yaxud yuvacıq vardı. Nitqyazardan sağ tərəfdəki kiçik

pnevmatik boru yazılı tapşırıqların, sol tərəfdəki isə qəzetlərin alınması üçün nəzərdə tutulmuşdu.

Yanda, əlinin çatacağı məsafədə məftil torlu qapağı olan daha böyük yuva yerləşirdi. Bura lazımsız

kağızları atırdılar. Belə yuvacıqlar binada minlərlə, bəlkə də, on minlərlə idi. Onlar təkcə otaqlarda

deyil, qısa məsafələrlə koridorlarda da yerləşdirilmişdi. Adını nədənsə yaddaş yuvası qoymuşdular.

Əməkdaşlardan biri hansısa istifadə müddəti bitmiş sənəddən canını qurtarmaq istəyirdisə, yaxud

döşəməyə düşmüş təsadüfi kağız parçası görürdüsə, dərhal yaxınlıqdakı yaddaş yuvasının qapağını

qaldırır, əlindəkini ora atırdı. İsti hava cərəyanı lazımsız sənədi, yaxud kağız parçasını sorub binanın
zirzəmisindəki nəhəng sobalara aparırdı.
Uinston hamarlayıb qarşısına qoyduğu vərəqlərə baxdı. Hərəsində Nazirlikdə işlədilən teleqraf
üslubunda bir-iki sətirlik tapşırıq yazılmışdı. Tapşırıqların dili hələ tam Yenidil deyildi, lakin daxili
məqsədlər üçün istifadə olunan çoxsaylı Yenidil ünsürləri ilə zəngin idi.
tayms 17.03.84 bq nitq yanlış afrika dəqiqləşdirməli
tayms 19.12.83 qarşıdan gələn 83 il 4 rüb 3 ip mətbəə xətaları, cari sayla
uyğunlaşdırmalı
tayms 14.12.84 rifnaz yanlış şokolad dəqiqləşdirməli
tayms 03.12.83 bq nitq ikiqat mənfi mövcud olmayanların xatırlanması arxiv üçün
əvvəldən sona yenidən yazmalı
Uinston məmnunluq hissi ilə dördüncü vərəqi bir tərəfə itələdi. Xüsusi məsuliyyət tələb edən
dolaşıq məsələ idi. Onu axıra saxlamaq daha yaxşıdır. Qalan üçü artıq əlinin öyrəşdiyi adi işlərdi.
Amma ikinci ilə bağlı bəzi rəqəmlərin dəqiqləşdirilməsi kimi yorucu axtarışla məşğul olmaq lazım
gələcəkdi.
Uinston teleekranda "geri tarixlə" sözlərini yığıb Tayms-ın tapşırıqlarda göstərilən köhnə
saylarını tələb etdi. Bir neçə dəqiqədən sonra pnevmatik boru onları önünə, masanın üstünə atdı.
Göndərilən saylarda bu və ya digər səbəbə görə dəyişdirilməsi, rəsmi dillə deyilsə, dəqiqləşdirilməsi
tələb olunan məqalələr və məlumatlar vardı. Məsələn, Böyük Qardaşın Tayms-ın 17 mart tarixli
sayında çap edilmiş bir gün əvvəlki nitqində Cənubi Hindistan cəbhəsində sakitlik olacağı, Avrasiya
qoşunlarının isə tezliklə Şimali Afrikada hücum əməliyyatlarına başlayacaqları bildirilirdi. Amma
tezliklə bunun tam əksinə olaraq Avrasiya orduları Cənubi Hindistanda hücuma keçmişdilər. Şimali
Afrikada isə heç bir fəallıq nəzərə çarpmamışdı. Böyük Qardaşın nitqinin bu hissəsini yenidən elə
yazmaq lazım idi ki, hadisələrin məhz bu ssenari üzrə inkişafının dəqiq proqnozu əvvəlcədən verilmiş
olsun.
Yenə Tayms özünün 19 dekabr tarixli sayında 1983-cü ilin dördüncü, yaxud Doqquzuncu
Üçillik Planın altıncı rübü üçün müxtəlif çeşidli zəruri istehlak malları istehsalının rəsmi proqnozlarını
çap etmişdi. Qəzetin bugünkü sayında isə faktiki istehsal haqqında məlumat verilirdi. Buradan da ilkin
rəqəmlərlə gerçək istehsal arasında böyük fərqlər yarandığı aşkara çıxmışdı. Proqnoz faktiki
göstəricilərlə uyğunlaşdırılmalı idi. Üçüncü vərəqdə söhbət düzəldilməsi çox asan olan adi yanlışlıqdan
gedirdi. Az öncə, fevral ayında Rifah Nazirliyi 1984-cü ildə şokolad normasının azaldılmayacağını
bildirmişdi (rəsmi məlumatda bu, "qəti bəyan etmişdi" şəklində verilmişdi). Əslində isə, artıq Uinstonun teleekrandan öz qulaqları ilə eşitdiyi kimi, gələn həftənin sonundan etibarən normanın 30
qramdan 20 qrama endiriləcəyi elan olunmuşdu. İndi Rifah Nazirliyinin son xəbərdarlığı ilə ilkin vədin
yerini dəyişdirmək, normanın azaldılacağının hələ fevralda nəzərdə tutulduğunu yazmaq lazım idi.
Uinston ilk üç tapşırığı yerinə yetirib islah edilmiş vərəqələri nitqyazardan çıxardı, Tayms-ın
müvafiq sayları ilə birlikdə pnevmatik boruya qoydu. Sonra vərdişkar hərəkətlə alınan tapşırıqları və
onların üzərində işləyərkən elədiyi qeydləri bürmələyib yandırılmaq üçün yaddaş yuvasına atdı.
Pnevmatik boruların uzanıb-getdiyi gözəgörünməz labirintlərdə nələr baş verdiyini dəqiq
bilmirdi. Lakin ümumi təsəvvürü vardı. Tayms-ın göstərilən sayı ilə bağlı zəruri düzəlişlər aparıldıqdan
və bir daha yoxlandıqdan sonra həmin say əvvəlki tarixlə çap olunub cildə tikilməli, köhnə say isə
məhv edilməli idi. Bu arasıkəsilməz dəyişmə, yeniləmə əməliyyatı yalnız qəzetlərin üzərində
aparılmırdı. Hər hansı ideoloji, yaxud siyasi əhəmiyyət kəsb edən bütün zehni əmək məhsulları -
kitablar, jurnallar, broşüralar, plakatlar, intibahnamələr, filmlər, fonoqramlar, karikaturalar, fotolar da
eyni qayda ilə günün tələblərinə uyğun şəklildə dəyişdirilirdi. Günbəgün, bəlkə, dəqiqəbədəqiqə keçmiş
bu günlə uyğunlaşdırılırdı. Ona görə də sənədlər vasitəsilə Partiyanın istənilən öncəgörməsinin tam
dəqiq və əsaslı olduğunu sübuta yetirmək mümkün idi. Bu sənədlərdə artıq günün ehtiyacları ilə zidd
səslənən heç bir xəbərə, heç bir fərqli fikrə təsadüf edilmirdi. Tarix, sanki, köhnə perqament parçası
idi; onu qaşıyıb təmizləyir və tələbə uyğun şəkildə yenidən yazırdılar. Bu iş başa çatdırılandan sonra
saxtakarlığı sübuta yetirmək üçün əldə daha heç bir tutalqa, heç bir dəlil qalmırdı.
Sənədləşdirmə Departamentinin Uinstonun işlədiyi şöbədən də qat-qat böyük şöbəsində çalışan
əməkdaşların yeganə işi dəyişdirilməsi, yaxud məhv edilməsi tələb olunan kitabların, qəzetlərin və
digər çap məhsullarının axtarılıb tapılmasından, toplanmasından ibarət idi. Tayms-ın siyasi yanlışlıqlar,
yaxud Böyük Qardaşın uğursuz peyğəmbərlikləri ilə bağlı, bəlkə də, on dəfələrlə dəyişdirilən, yenidən
yazılan sayları orijinal tarixlə nəşr edilib cildlənirdi və artıq dünyada bunun əksini sübut edəcək başqa
bir nüsxə mövcud olmurdu. Kitablar da hər yerdən yığışdırılır, dönə-dönə yenidən yazılırdı. Aparılan
dəyişikliklərlə bağlı heç bir məlumat verilmirdi. Hətta Uinstonun icra üçün aldığı və yerinə yetirəndən
sonra dərhal məhv etdiyi tapşırıqlarda da saxtalaşdırma tələbi ilə bağlı kiçik bir işarə də olmurdu.
Söhbət yalnız dəqiqlik naminə aradan qaldırılması tələb edilən səhvlərdən, yanlışlıqlardan, mətbəə
xətalarından və təhrifə uğramış sitatlardan gedirdi.
Əslində, Rifah Nazirliyinin rəqəmləri dəyişdirməsində Uinston hər hansı saxtalaşdırma
görmürdü. Bu, sadəcə, bir cəfəngiyatın başqa cəfəngiyyatla əvəz edilməsi idi. Başdan-başa ağ yalandan
ibarət göstəricilər də daxil olmaqla hazırlanan materialların əksəriyyətinin gerçək dünya ilə heç bir
əlaqəsi yox idi. Statistika özünün həm ilk, həm də dəqiqləşdirilmiş variantında eyni dərəcədə fantaziya
məhsulu sayıla bilərdi. Çox vaxt göstəricilərin özünü də barmaqdan sorub çıxarmaq lazım gəlirdi.
Məsələn, Rifah Nazirliyi hər rübdə 145 milyon cüt ayaqqabı istehsal etməyi planlaşdırırdı. Sonda isə
faktiki 62 milyon cüt ayaqqabı hazırlandığı bildirilirdi. Uinston proqnoz üzərində yenidən işləyəndə
145 milyonu, təxminən, üç dəfə azaldıb 57 milyona salırdı. Məqsəd həmişəki kimi sonda planın
artıqlaması ilə yerinə yetirilməsi görüntüsü yaratmaq idi. Amma istənilən halda 62 milyon gerçəkliyə
57, yaxud 145 milyondan zərrəcə yaxın deyildi. Bəlkə də, ölkədə, ümumiyyətlə, ayaqqabı istehsal
olunmurdu. Heç kəs ayaqqabı istehsalının həcmini bilmir və bununla maraqlanmırdı. Məlum olan
yalnız bir şey idi: hər rüb kağız üzərində, az qala, astronomik sayda ayaqqabı hazırlanıb satışa çıxarılsa
da, Okeaniya əhalisinin yarısı hələ ayaqyalın gəzirdi. İrili-xırdalı bütün sənədləşdirilmiş göstəricilərin
mahiyyəti bundan ibarət idi. Hətta ayın tarixinin də dəqiq bilinmədiyi xəyali dünyada hər şey mənasını
itirərək heçliyə qovuşmuşdu.
Uinston zalın o başına baxdı. Qarşı tərəfdəki şüşə kabinədə Tillotson soyadlı balacaboy, səliqə-
sahmanlı, saqqalının rəngi qaraya çalan əməkdaş qəzeti dizinin üstünə qoyub başını nitqyazarın
mikrofonuna tərəf əyərək həvəslə işləyirdi. Elə oturmuşdu ki, sanki, dediklərinin yalnız ikisinin - özü
ilə teleekranın arasında qalmasını istəyirdi. Arada başını qaldıranda, elə bil, eynəyinin şüşələrindən
Uinstona qəzəb yağdırırdı.
Tillotsonu çox az tanıyırdı. Nə işlə məşğul olduğunu da bilmirdi. Sənədləşdirmə
Departamentinin əməkdaşları işləri haqqında danışmağa çox həvəs gösərmirdilər. İki tərəfdən şüşə
kabinələrin düzüldüyü, arasıkəsilməz kağız xışıltısı və nitqyazara diktə olunan sözlərin uğultusundan
başqa heç bir səsin eşidilmədiyi uzun, pəncərəsiz zalda Uinstonun hətta adlarını bilmədiyi, amma hər
gün koridorlarda tələsik addımlarla obaş-bubaşa getdiklərini, Nifrət İkidəqiqəliklərində canfəşanlıqla
əl-qol oynatdıqlarını gördüyü onlarla adam çalışırdı. Bilirdi ki, qonşu kabinədə oturan balacaboy, saçı
kül rənginə çalan qadın bütün günü mətbuatı ələk-vələk edib buxara çevrilənlərin - artıq həyatda
olmayan adamların adlarını tapmaq və hər yerdən pozmaqla məşğuldur. İşi ilə həyatı arasında müəyyən
uyğunluq da vardı. Üç-dörd il əvvəl öz ərini də buxara çevirmişdilər. Uinstondan bir neçə kabinə o
tərəfdə isə biyöndəm, fikri dağınıq, xəyalpərvər bir adam - qulaqlarını dəhşətli dərəcədə tük basmış
Amplfort soyadlı əməkdaş otururdu. O, vəzn və qafiyə sahəsində heyrətamiz istedadı ilə tanınırdı.
Amplfort ideoloji tələblərlə ziddiyyət təşkil edən, lakin bu və digər səbəblərə görə kitablardan
çıxarılması məqsədəuyğun sayılmayan şeirlərin (onları kanonik mətnlər adlandırırdılar) formaca
əvvəlkinə çox yaxın, lakin mənaca fərqli variantlarını hazırlayırdı. Əlliyə yaxın əməkdaşın çalışdığı
zal, sadəcə, yarımbölmə, Sənədləşdirmə Departamentinin nəhəng orqanizminin bir hüceyrəsi idi. Sağda, solda, arxada, qabaqda digər yarımbölmələrdə, bölmələrdə və şöbələrdə, az qala, bir qoşunluq
əməkdaş nəfəs dərmədən ən müxtəlif məsələlər üzərində işləyirdi. Burada öz redaktorları, poliqrafiya
mütəxəssisləri olan nəhəng mətbəələr, foto-şəkilləri saxtalaşdırmaq üçün mükəmməl təchizatlı
studiyalar fəaliyyət göstərirdi. Yüksək peşəkarlığı ilə seçilən mühəndislərin, rejissorların, lazımi səsləri
məharətlə təqlid etməyi bacaran aktyorların toplaşdığı televiziya studiyaları vardı. Yenidən
baxılmasına ehtiyac duyulan kitabların və dövri nəşrlərin siyahısını hazırlamaq üçün böyük referentlər
ordusu durmadan çalışırdı. Təshih edilmiş sənədlərin saxlanmasından ötrü ucsuz-bucaqsız anbarlar
tikilmiş, orijinal nüsxələri yandırmaq üçün gizli sobalar quraşdırılmışdı. Haradasa, naməlum məkanda
bütün işlərə rəhbərlik edən beyin mərkəzi məxfi şəkildə fəaliyyət göstərirdi. Bu mərkəz keçmiş irsin
hansı hissəsini qoruyub saxlamaq, hansı hissəsini saxtalaşdırmaq, hansı hissəsini isə məhv etməklə
bağlı siyasi xətti hazırlayır, görülən işləri əlaqələndirirdi.
Nəhayət, Sənədləşdirmə Departamenti Həqiqət Nazirliyinin şöbələrindən yalnız
biri idi. Onun əsas vəzifəsi təkcə keçmişi yenidən yaratmaq deyil, Okeaniya sakinlərini qəzetlər,
filmlər, dərsliklər, televiziya verilişləri, pyeslər, romanlar və s. ilə təchiz etmək idi. Əyləncəli
materiallardan öyüd-nəsihətlərə, abidələrdən şüarlara, lirik şeirlərdən bioloji tədqiqatlara, məktəb
dərsliklərindən Yenidil lüğətlərinə qədər - ağla gələn və gəlməyən bütün informasiya fəaliyyəti bu
Departamentdə cəmlənmişdi. Nazirlik yalnız Partiyanın müxtəlif ehtiyaclarını təmin etmirdi, həm də
proletariatın tələbatını ödəmək üçün nisbətən aşağı səviyyəli işləri də öz üzərinə götürmüşdü. Proletar
ədəbiyyatı, musiqisi, dramaturgiyası, ümumilikdə proletar əyləncələri ilə məşğul olan şöbələrin böyük
şəbəkəsi fəaliyyət göstərirdi. Həmin şöbələrdə mövzusu yalnız idman, kriminal xəbərlər və astroloji
proqnozlardan ibarət düşük qəzetlər, beşqəpiklik sensassiyalı povestlər, bayağı erotik filmlər, kobud
emosional mahnılar hazırlanıb yayılırdı. Bütün bu yaradıcı fəaliyyət tam mexanikləşdirilmiş şəkildə -
versifikator adlı xüsusi növ kaleydeskoplar vasitəsilə həyata keçirilirdi. Hətta Yenidildə adına
Pornoseks deyilən ayrıca yarımbölmə də yaradılmışdı. Burada ən aşağı səviyyəli pornoqrafiya
məhsulları hazırlanırdı. Onu ünvan sahiblərinə bağlı zərflərdə göndərirdilər. Nəinki Partiya üzvlərinin,
hətta bilavasitə bu sahədə çalışanların özlərinin də həmin pornoqrafiya nümunələri ilə tanış olmaları
qadağan edilmişdi.
İşlədiyi müddətdə pnevmatik boru masanın üstünə daha üç yeni tapşırıq atmışdı. Çox da çətin
məsələlər deyildi. Uinston Nifrət İkidəqiqəliyinə gedənə qədər hamısının öhdəsindən gələ bildi.
İkidəqiqəlik qurtaran kimi dərhal kabinəsinə qayıtdı, rəfdən Yenidil lüğətini götürdü, nitqyazarı bir
tərəfə itələyib eynəyinin şüşələrini sildi və bu günün ən mühüm tapşırığının icrasına başladı.
Uinston üçün həyatın əsas zövqü iş idi. Əksər hallarda xırda, darıxdırıcı materaillarla işləməli olurdu. Amma bəzən elə çətin, dolaşıq məsələlər ortaya çıxırdı ki, adam onların içərisində riyazi
problemlərin dərinliyinə düşmüş kimi başını itirirdi. Yaxud elə incə saxtalaşdırmalar tələb olunurdu ki,
burada İngsos prinsiplərinə dərin bələdlikdən, Partiyanın nə demək istədiyini dəqiqliklə müəyyən
etmək bacarığından başqa köməyinə heç nə gələ bilmirdi. Uinston belə işləri yaxşı bacarırdı. Bəzən ona
hətta əsas materialları Yenidildə çap olunan Tayms-ın baş məqalələrini gözdən keçirməyi də etibar
edirdilər. Bayaq bir kənara qoyduğu kağızı götürdü.
tayms 03.12.83 bq nitq ikiqat mənfi mövcud olmayanların xatırlanması arxiv üçün əvvəldən
sona yenidən yazmalı
Köhnədildə (yaxud adi ingilis dilində) mətn, təxminən, bu mənanı verirdi:
"Tayms" qəzetinin 3 dekabr 1983-cü il tarixli sayında Böyük Qardaşın Nitqi çox yarıtmaz
şəkildə şərh edilmiş, aradan götürülmüş adamların adları çəkilmişdir. Tamamilə təzədən yazın və arxivə
verməmişdən əvvəl layihəni rəhbərliyə təqdim edin".
Uinston başıbəlalı məqaləni təkrar oxudu. Göründüyü kimi, Böyük Qardaşın Nitqinin əksər
hissəsi Üzən Qalalardakı dənizçiləri siqaret və digər zəruri tələbat malları ilə təmin edən FFCC ( FFCC - Üzən Qalaların Təminatı Şirkəti (ing.))
şirkətinin təriflənməsinə həsr olunmuşdu. Daxili Partiyanın tanınmış üzvlərindən olan yoldaş Uayters
adlı şəxs xüsusi fərqləndirilmiş, hətta İkinci dərəcəli "Şüurlu Xidmətə Görə" ordeni ilə
mükafatlandırılmışdı.
Üç ay sonra qəflətən, heç bir səbəb göstərilmədən FFCC şirkəti ləğv edilmişdi. Qəzetlərdə və
teleekranda hər hansı məlumat verilməsə də, Uaytersin, habelə ona yaxın adamların etimadı
doğrultmadıqları aşkara çıxmışdı. Burada təəccüblü bir şey yox idi. Siyasi caniləri məhkəməyə çəkmək
bir yana qalsın, onları hətta ictimai qınaq hədəfinə çevirmək də məqbul sayılmırdı. Minlərlə adamı
əhatə edən böyük təmizləmələr - satqınların və fikir canilərinin qorxaqcasına cinayətlərini boyunlarına
alıb əfv dilədikləri, sonra isə edam olunduqları açıq məhkəmə prosesləri xüsusi tamaşalar idi və yalnız
iki-üç ildə bir dəfə təkrarlanırdı. Partiyanın etimadını doğrultmayan sıravi adamlar isə sadəcə, yoxa
çıxırdılar. Bir daha belələrinin barəsində eşidən olmurdu. Başlarına nə iş gəldiyini heç kəs heç vaxt
aydınlaşdırmağa cəhd göstərmirdi. Hətta bəzən dərhal qətlə yetirilmədikləri hallar da olurdu.
Valideynlərindən başqa, müxtəlif vaxtlarda Uinstonun şəxsən tanıdığı otuza yaxın adam bu cür yoxa çıxmışdı.
Uinston dəftərxana sancağı ilə burnunu yüngülcə qaşıya-qaşıya fikirləşirdi. Üzbəüz kabinədə
yoldaş Tillston hələ də ağzını mikrofona yapışdırıb sirli görkəmlə nə isə mızıldayırdı. Bir anlıq başını
qaldırdı, eynəyinin şüşələri yenə əsəbiliklə od saçdı. Uinstonun fikrindən keçdi ki, bəlkə, yoldaş
Tillstona da eyni tapşırığı veriblər. Tamamilə mümkün olan şeydir. Belə cəncəl məsələni heç vaxt
yalnız bir icraçıya həvalə etməzlər. Komissiyaya tapşırmaq isə saxtalaşdırmanın miqyasını açıb-
ağartmaq olardı. Çox ehtimal ki, indi, ən azı, on nəfər Böyük Qardaşın nə deməli olduğunun fərqli
variantları üzərində baş sındırırdı. Sonra Daxili Partiyadakı hansısa düşünən beyin həmin variantları
müqayisəli şəkildə nəzərdən keçirəcək, onlardan birini seçəcək, redaktə edəcək, müxtəlif fikirləri
ümumi əsas üzərində birləşdirəcəkdi. Nəticədə uydurulmuş yalan yazılı mənbələrdə öz əksini taparaq
həqiqətə çevriləcəkdi.
Uaytersin nəyə görə qəzəbə tuş olduğu Uinstona bəlli deyildi. Bəlkə, korrupsiyaya qurşandığına
görə, bəlkə, işinin öhdəsindən gələ bilmədiyinə görə. Bəlkə, Böyük Qardaş populyarlıq qazanmış
silahdaşından xilas olmaq qərarına gəlmişdi? Bəlkə, Uaytersin, yaxud yaxın adamlarının bölücü
təmayülçülük fəaliyyətindən şübhələnirlər? Bəlkə... Deyəsən, ən ağlabatanı da sonuncu ehtimal idi -
təmizləmələr və buxaraçevirmə prosesi dövlət idarəçiliyi mexanizminin zəruri tərkib hissəsi
sayıldığından onları aradan götürmüşdülər. Yeganə ipucu "mövcud olmayanların xatırlanmasır"
ifadəsi idi. Bu Uaytersin artıq məhv edildiyini göstərirdi. Doğrudur, hər hansı şəxsin həbsi həmişə onun
labüd ölümü sayıla bilməzdi. Bəzən kimisə həbsdən azad edir, edam olunana qədər hətta bir-iki il
azadlıqda gəzməsinə şərait yaradırdılar. Bəzən isə çoxdan ölmüş sayılan birisi həyula kimi
gözlənilmədən peyda olur, yenidən, bu dəfə artıq həmişəlik yoxa çıxmamışdan əvvəl açıq məhkəmə
prosesində yüzlərlə adamın əleyhinə ifadə verirdi. Amma Uayters daha mövcud deyildi. Heç vaxt
mövcud olmamışdı. Yalnız Böyük Qardaşın nitqinin istiqamətini dəyişmək Uinstona o qədər də uğurlu
tapıntı kimi görünmürdü. Onun baş vermiş hadisə ilə birbaşa əlaqəsi olmayan məsələlər haqqında
mülahizə yürütməsi daha ağlabatan idi.
Nitqi satqınların və fikir cinayətkarlarının ənənəvi ifşası üzərində də qurmaq olardı. Lakin bu
çox bəsit variantdır. Cəbhədəki qələbələrin sadalanması, yaxud Doqquzuncu Üçillik Planın böyük
uğurla yerinə yetirilməsi isə nitqin mətnini mürəkkəbləşdirə bilərdi. Ən yaxşısı bir az fantaziyaya əl
atmaq idi. Bu yaxınlarda düşmənlə döyüşdə qəhrəmancasına həlak olmuş yoldaş Oqilvinin obrazı
qəflətən yaddaşın dərin qatlarından çıxaraq Uinstonun gözləri önündə canlandı. Bəzi hallarda Böyük
Qardaş öz Nitqini həyat və ölümlərini başqalarına nümunə göstərdiyi adi, sıravi Partiya üzvlərinə həsr
edirdi. Bu gün o, yoldaş Oqilvi haqqında danışacaq. Doğrudur, yoldaş Oqilvi adlı adam heç vaxt mövcud olmamışdı. Lakin beş-altı sətirlik yazı və bir-iki saxta fotoşəklin köməyi ilə onu asanlıqla
həyata gətirmək mümkün idi.
Uinston bir neçə dəqiqə fikirləşdi, sonra nitqyazarı özünə tərəf çəkib Böyük Qardaşın ənənəvi
üslubunda diktə etməyə başladı. Hərbçi və pedant danışıq ədasına, daim özü sual verib özü də cavab
vermək kimi ("Biz bu faktdan hansı ibrət dərsləri götürə bilərik, yoldaşlar? - İbrət dərsi almağı
bacarmaq özü də İngsosun təməl prinsiplərindəndir" və s. və i.a.) üsullardan tez-tez istifadə etdiyinə
görə onu yamsılamaq asan idi.
Üç yaşında yoldaş Oqilvi təbil, avtomat və helikopter modelindən başqa bütün oyuncaqlardan
imtina etmişdi. Altı yaşında yerli ərazi hakimiyyətinin qərarı ilə müstəsna hal kimi vaxtından bir il
əvvəl Kəşfiyyatçılar dəstəsinə götürülmüş, doqquz yaşında bölük komandiri olmuşdu. On bir yaşında
söhbətlərində cinayətkar meyillər sezdiyinə görə əmisini Fikir Polisinə təslim etmişdi. On yeddi
yaşında Gənclərin Antiseks Liqasının rayon təşkilatının qurucusu kimi tanınmışdı. On doqquz yaşında
Sülh Nazirliyinin orduda silah kimi qəbul etdiyi əl qumbarasını hazırlamışdı. Qumbara sınaqdan
keçirilən zaman bir partlayış nəticəsində otuz nəfər Avrasiya hərbi əsiri havaya sovrulmuşdu. İyirmi üç
yaşında müharibədə həlak olmuşdu. Mərkəzə aparılan mühüm məlumatlarla Hind Okeanı üzərindən
uçarkən düşmənin qırıcı təyyarələrinin hücumuna məruz qalmışdı. Hərbi sirrin ələ keçməməsi üçün
pulemyotu belinə bağlayaraq (suda dərhal batmaq məqsədi ilə) özünü sənədlərlə birlikdə helikopterdən
okeanın dərinliklərinə atmışdı. "Belə ölümə yalnız həsəd aparmaq olar!" - deyə Böyük Qardaş
heyrətini gizlətməmişdi. Daha sonra o, yoldaş Oqilvinin həyatının büllurcasına təmizliyi və
məqsədyönlülüyü ilə bağlı bəzi mülahizələrini söyləmişdi. Yoldaş Oqilvi içki içmirdi, siqaret çəkmirdi.
Hər gün gimnastika zalında bir saatlıq məşğələlərdən başqa əyləncəsi yox idi. Nikah və ailə
qayğılarının vətən qarşısındakı borcunu günün 24 saatı ərzində layiqincə yerinə yetirməyə mane
olacağını düşünərək heç vaxt evlənməmək qərarına gəlmişdi. Söhbətlərinin İngsos prinsiplərindən
başqa heç bir mövzusu, düşmən Avrasiyanın məğlub edilməsindən, casusların, ziyankarların, fikir
cinayətkarlarının, xüsusən də satqınların tapılıb cəzalandırılmalarıdan başqa heç bir arzusu yox idi.
Yoldaş Oqilvini "Şüurlu Xidmətlərə görə" ordeni ilə təltif edib-etməmək üzərində Uinston xeyli
düşünməli oldu. Axırda fikrindən əl çəkdi. Çünki bu müxtəlif rəylərin o qədər də zəruri olmayan
qarşılaşdırılmasını tələb edəcəkdi.
Nəzərləri yenə qarşı kabinədə oturmuş rəqibinə sataşdı. Hissləri əminliklə Tillstonun da indi
eyni məsələ ilə məşğul olduğunu deyirdi. Sonda kimin versiyasının qəbul ediləcəyini söyləmək çətin
idi. Amma nədənsə Uinstonda öz uğuruna möhkəm inam vardı. Bir saat əvvəl izi-tozu da olmayan
yoldaş Oqilvi indi real cizgilər kəsb etmişdi. Uinston təəccüblə düşündü ki, dirilərlə müqayisədə ölülərin obrazını yaratmaq daha asandır. İndiki zamana heç bir dəxli olmayan yoldaş Oqilvi artıq
keçmişdə mövcud idi. Bu saxtalaşdırma aktı unudulandan sonra isə yoldaş Oqilvi də Böyük Karl,
yaxud Yuli Sezar kimi həqiqi və inkaredilməz şəkildə tarixdə öz yerini tutacaqdır.

Corc Oruell 1984Onde histórias criam vida. Descubra agora