III FƏSİL

43 1 0
                                    

-Sizin yenidənbərpa prosesiniz üç mərhələdən ibarətdir, - O'Brayen dedi. - Bura öyrənmə,
anlama və qəbuletmə mərhələləri daxildir. Artıq ikinci mərhələyə keçməyin vaxtıdır.
Uinston həmişəki kimi arxası üstə uzanmışdı. Son vaxtlar ilgəkləri nisbətən boş saxlayırdılar.
İndi ayaqlarını dizlərindən yüngülcə əyə bilirdi. Başını otərəf-butərəfə çevirmək, dirsəkdən yuxarı
qollarını qaldırmaq da mümkün idi. Artıq üzəri şkalalarla dolu cihaz əvvəlki kimi qorxunc
görünmürdü. Kifayət qədər hazırcavablıq göstərəndə onun ağrılarından can qurtarmaq olurdu. Yalnız
səfehlik eləyəndə O'Brayen əlini cihazın dəstəyinə atırdı. Bəzən söhbət başa çatana qədər onun
köməyinə bir dəfə də olsun ehtiyac yaranmırdı. Söhbətlərin sayını xatırlaya bilmirdi. Proses çoxdan,
Uinston üçün qeyri-müəyyən vaxtdan başlanmışdı. Bəlkə də, həftələr idi ki, davam edirdi. Arada bəzən
bir neçə gün, bəzən isə cəmisi bir, yaxud ikisaatlıq fasilə verilirdi.
-Burada saxlandığınız müddətdə, - O'Brayen deyirdi, - dəfələrlə heyrətlənmisiniz, hətta
məndən də soruşmusunuz ki, Sevgi Nazirliyi niyə sizə görə naharatlıq keçirməlidir, niyə bu qədər
vəsait xərcləməlidir? Azadlıqda olanda da eyni sualın yaratdığı anlaşılmazlıq duyğusu sizi tərk etmirdi.
Yaşadığınız Cəmiyyətin mexanizmini başa düşürsünüz, amma onun hərəkətverici motivlərini anlaya
bilmirsiniz. Yadınızdadırmı, gündəliyinizdə yazmışdınız: "Necə edildiyini başa düşürəm, amma nə
üçün edildiyini anlamıram". Bu "nə üçünün" üzərində fikirləşəndə özünüzün sağlam ağıl sahibi
olduğunuza şübhə etməyə başlayırdınız. Siz artıq kitabı, - Qoldsteynin kitabını deyirəm, - ya da onun
müəyyən hissələrini oxumusunuz. Orada indiyə qədər bilmədiyiniz hər hansı mətləbə rast gəldiniz?
-Siz o kitabı oxumusunuz? - Uinston suala sualla cavab verdi.
-Onu mən yazmışam. Daha doğrusu, yazılmasında iştirak etmişəm. Yəqin ki, heç bir kitabın
fərdi qaydada ərsəyə gəlmədiyindən xəbəriniz var.
-Orada yazılanlar həqiqətdir?
-Təsviri hissədəkilər həqiqətdir. Təklif olunan proqram isə cəfəngiyatdır. Gizlicə bilik ehtiyatı
toplamaq... Kütlələri tədricən maarifləndirmək... Proletar üsyanı və nəticədə Partiyanı devirmək...
Bütün bunların nə demək olduğunu, yəqin ki, özünüz də yaxşı başa düşürsünüz. Proletarlar heç zaman
üsyan etməyəcəklər. Nə min il, nə də milyon il sonra. Onlar üsyan edə bilməzlər. Səbəbini sizə
açıqlamağa lüzum görmürəm. Özünüz hər şeyi bilirsiniz. Nə zamansa silahlı üsyan xülyaları ilə
yaşamısınızsa, onları da bir kənara buraxın. Partiyanı devirmək üçün heç bir imkan mövcud deyil.
Partiyanın hakimiyyəti əbədidir. Bunu fikirlərinizin istinad nöqtəsi kimi əsas götürə bilərsiniz.
O'Brayen çarpayıya yaxınlaşdı.
-Əbədidir! - deyə bir də təkrarladı. - İndi isə "necə" və "nə üçün" suallarına qayıdaq. Partiyanın
öz hakimiyyətini necə qoruyub saxladığını kifayət qədər yaxşı başa düşürsünüz. İndi mənə deyin
görüm, biz hakimiyyətdən nə üçün belə möhkəm yapışmışıq? Səbəb nədir? Nə üçün hakimiyyəti bu
qədər sevirik? Tez olun, cavab verin! - Uinstonla hələ də sakit dayandığından O'Brayen artıq əmr tonu
ilə danışırdı.
Amma Uinston yenə də bir müddət heç nə demədi. Son dərəcə zəiflədiyini hiss edirdi.
O'Brayenin üzündə təzədən dəlicəsinə coşqunluğun işartıları görünürdü. Uinston onun nə deyəcəyini
əvvəlcədən bilirdi. O'Brayen deyəcəkdi ki, Partiya hakimiyyəti özünün son məqsədləri naminə deyil,
çoxluğun mənafeyini qorumaq üçün əlində saxlayır. Partiya həmişə iqtidarda qalmalıdır, çünki kütlə
əksərən zəif və qorxaq məxluqlardan ibarətdir, azadlığa təhəmmül edə bilmir, həqiqətin gözünə dik
baxmağı bacarmır. Ona görə də həmişə özündən daha güclü olan qüvvə tərəfindən idarə edilməli və
davamlı şəkildə aldadılmalıdır. O'Brayen deyəcəkdi ki, bəşəriyyət seçim qarşısındadır: ya azadlığı, ya
da xoşbəxtliyi seçməlidir. İnsanların böyük əksəriyyəti isə xoşbəxtliyi hər şeydən üstün tutur.
Deyəcəkdi ki, Partiya əzilənlərin, zəiflərin əbədi müdafiəçisidir, yer üzərində daha xoşbəxt gələcəyin
bərqərar olması üçün çarpışır, başqalarının səadəti naminə özünü qurban verir. Uinston fikirləşdi ki, ən
dəhşətli şey O'Brayenin bu sözləri deməsi deyil, onları dilə gətirərkən özünün də dediklərinə
inanmasıdır. Bunu sifətindən də görmək mümkündür. O'Brayenin hər şeydən xəbəri var. Cəmiyyətin
gerçək vəziyyətini, insan kütlələrinin necə dəhşətli miskinlik içərisində yaşadıqlarını, Partiyanın hansı
yalanlar və vəhşiliklər bahasına onları bu vəziyyətdə saxladığını Uinstondan min dəfə yaxşı bilir. O, hər
şeyi başa düşür, hər şeyi götür-qoy edib nəticə çıxarmağı bacarır, lakin yenə də əqidəsində, qətiyyən,
tərəddüd etmir. Çünki son məqsəd hər şeyə haqq qazandırır. "Səndən daha ağıllı olan bir dəliyə qarşı nə
edə bilərsən?" - deyə Uinston fikirləşirdi. - O, sənin dəlillərini çox diqqətlə dinləyəcək, amma bundan
sonra yenə öz dəliliyində israr edəcək".
-Rifahımızın daha da yaxşılaşdırılması üçün bizi idarə edirsiniz, - deyə Uinston yavaş səslə
suala cavab verməyə başladı. - Düşünürsünüz ki, insanlar hələ hakimiyyətə hazır deyillər, ona görə
də...
Uinston titrədi və qışqırtısını güclə boğa bildi. Ağrı bədənindən güllə kimi keçdi. O'Brayan
dəstəyi otuz beşin üstünə qoymuşdu.
-Səfeh şeylər danışırsınız, Uinston, çox səfeh şeylər danışırsınız, - dedi. - Sizdən indi
dediklərinizdən daha ağıllı cavab gözləyirdim.
O'Brayen dəstəyi geri çəkib sözünə davam etdi.
-Sualıma özüm cavab verəcəyəm. Məsələ belədir. Partiya hakimiyyətə yalnız və yalnız öz xeyiri
üçün can atır. Başqalarının rifahı bizi maraqlandırmır. Bizi, sadəcə, hakimiyyət maraqlandırır. Nə
zənginlik, nə cah-calal, nə uzun ömür, nə xoşbəxtlik, bunların heç biri yox, sadəcə, hakimiyyət, yalnız
hakimiyyət! Gerçək hakimiyyətin nə demək olduğunu indi başa düşəcəksiniz. Biz keçmiş dövrlərin
oliqarxiyalarından tamam fərqlənirik, çünki nə etdiyimizi bilirik. Yerdə qalanların hamısı, hətta bizimlə
müəyyən qədər bənzərlikləri olanlar belə qorxaq və ikiüzlü idilər. Məsələn, alman nasistləri və rus
kommunistləri əsaslandıqları metodlar baxımından bizə çox yaxın idilər. Lakin hakimiyyətlə bağlı şəxsi motivlərini ortaya qoymağa heç vaxt cürət etməmişdilər. Onlar özlərini elə göstərirdilər (hətta, bəlkə
də, bunun məhz belə olduğuna inanırdılar) ki, sanki, hakimiyyəti istəmədən, məhdud bir müddətə
əllərinə alıblar, qarşıda, necə deyərlər, tini burulandan sonra insanların azad və bərabər yaşayacaqları
cənnət həyatı başlayır. Biz elə deyilik.Yaxşı başa düşürük ki, hakimiyyəti heç vaxt sonra ondan imtina
etmək xatirinə ələ keçirmirlər. Hakimiyyət vasitə deyil, hakimiyyət məqsəddir. Heç kəs inqilabın
nailiyyətlərini qoruyub saxlamaq naminə diktatura qurmur. Əksinə, diktatura qurmaq üçün inqilab
edirlər. Repressiyadan məqsəd repressiyadır. İşgəncənin məqsədi işgəncədir. Hakimiyyətin məqsədi
hakimiyyətdir. İndi nə demək istədiyimi başa düşürsünüzmü?
O'Brayenin sifətindəki yorğunluğu görəndə Uinston əvvəlki dəfələrdə olduğu kimi
təəccüblənirdi. Qarşısındakı güclü, kök və sərt sifət idi. Orada dərin ağılla birlikdə daim nəzarətdə
saxlanan, amma Uinstonun yenə də özünü qarşısında köməksiz saydığı, heç vəhclə ram edilməyən
ehtiras həkk olunmuşdu. İstənilən halda O'Brayenin sifəti çox yorğun idi. Gözlərinin altı qaralıb
tuluqlamışdı, yanaqlarının dərisi sallanmışdı. O'Brayen ona tərəf əyildi. Bəlkə də, bilərəkdən yorğun
sifətini daha yaxşı görməsinə imkan yaratmaq istəyirdi.
-Fikirləşirsiniz ki, sifətim qoca və yorğundur, - deyə sözünə davam etdi. - Fikirləşirsiniz ki,
hakimiyyətin əbədiliyi haqqında danışıram, amma bədənimin tökülüb itməsinin qarşısını ala bilmirəm?
Uinston, doğrudanmı, siz hələ də fərdlərin, sadəcə, toxuma olduğunu anlamırsınız? Toxumaların
zəifliyi orqanizmin enerjisi deməkdir. Məgər siz dırnaqlarınızı kəsib atanda ölürsünüz?
O, çarpayının yanından sərt hərəkətlə geri dönüb əlinin birini cibinə qoyaraq var-gəl etməyə
başladı.
-Biz hakimiyyət kahinləriyik, - dedi. - Allah özü hakimiyyət deməkdir. Lakin indiki anda
hakimiyyət sizi maraqlandırmayan quru sözdən başqa, bir şey deyildir. Ona görə də hakimiyyətin nə
demək olduğunu anlamaq üçün fikirlərinizi səfərbər etmək vaxtıdır. Hər şeydən əvvəl hakimiyyətin
kollektiv anlayış olduğunu baş düşməlisiniz. Fərd yalnız öz fərdiyyətindən imtina etdiyi təqdirdə
hakimiyyətə yiyələnə bilər. Partiyanın "Azadlıq köləlikdir" - şüarından, təbii ki, xəbəriniz var. Onu
tamamilə tərsinə oxumağın mümkünlüyü fikri nə zamansa ağlınıza gəlibmi? "Köləlik azadlıqdır". Tək
və azad insan həmişə uğursuzluğa məhkumdur. Belə də olmalıdır. Çünki insan həyatının sonu ölümdür.
Bu, insanın ən böyük məğlubiyyətidir. Lakin o, tərəddüdsüz, cani-dildən tabe olmağı bacarırsa, öz
fərdiyyətindən imtina etməyə, Partiyanın içərisində əriyib itməyə hazırdırsa, o zaman özü də Partiyaya
çevriləcək, Partiya ilə birlikdə əbədilik və ölümsüzlük qazanacaqdır. İkincisi, başa düşməlisiniz ki,
hakimiyyət insan üzərində ağalıq deməkdir. Onların cismi, ən başlıcası isə şüuru üzərində ağalıq
deməkdir. Materiya üzərində, sizin dediyiniz kimi, zahiri gerçəklik üzərində hakimiyyət önəmli deyil.
Materiya artıq çoxdan tam nəzarətimizə keçmişdir. Uinston bir anlığa cihazın mövcudluğunu unutdu. Bütün qüvvəsini sərf edərək dikəlib oturmağa
çalışdı. Əvəzində, ağrılarını daha da artırmış oldu.
-Siz materiyaya necə nəzarət edə bilərsiniz? - deyə az qala qışqırdı. - Hələ heç iqlim qurşaqları,
cazıbə qanunu nəzarətinizdə deyil. Yer üzündə xəstəliklər var, ağrılar var, ölüm var...
O'Brayen əlinin hərəkəti ilə onu sakitləşdirdi.
-Materiya nəzarətimiz altındadır. Çünki artıq şüura nəzarət edirik. Gerçəklik insan kəlləsinin
içərisindədir. Bunu tədricən öyrənəcəksiniz, Uinston. Bizim üçün mümkün olmayan heç nə yoxdur.
Gözə görünməyə bilərik, pərvazlanıb havaya qalxa bilərik, nə istəsəniz, edə bilərik. Əgər istəsəm, bu
dəqiqə sabun köpüyü kimi dayandığım bu döşəmənin üzərindən qanadlanıb uça bilərəm. Amma
istəmirəm. Çünki Partiya istəmir. Siz təbiət qanunları haqqında on doqquzuncu əsrin təsəvvürlərindən
birdəfəlik xilas olmalısınız. Təbiətin qanunlarını biz yaradırıq.
-Buna gücünüz çatmaz. Siz hələ Yer planetinin sahibi deyilsiniz. Bəs Avrasiya, İstasiya? Hələ
bu ölkələri fəth edə bilməmisiniz.
-Çox da vacib məsələ deyil. Lazım olanda fəth edəcəyik. Hətta fəth etməsək də, bunun elə bir
fərqi yoxdur. Biz onların mövcudluğuna əbədilik göz yumacağıq. Bütün dünya Okeaniyadan ibarət
olacaq.
-Lakin dünya özü toz zərrəsi kimi bir şeydir. İnsan isə kiçik və köməksizdir. Onun mövcudluq
tarixi nə qədərdir? Milyonlarla il Yer kürəsində, ümumiyyətlə, həyat olmayıb.
-Cəfəngiyatdır. Bizim neçə yaşımız varsa, Yer kürəsinin də o qədər yaşı var. Yer kürəsi bizdən
qədim ola bilməz. İnsan şüurundan kənarda heç nə mövcud deyil.
-Buzlaqlar indi nəsli kəsilmiş heyvanların - mamontların, dinozavrların, nəhəng sürünənlərin
sümükləri ilə doludur. Hələ insanın mövcudluğu təsəvvürə gəlməyən dövrlərdə onlar yer üzərində
yaşamışdılar.
-Bu sümükləri gözünüzlə görmüsünüz, Uinston? Əlbəttə ki, yox! Hamısı on doqquzuncu əsr
bioloqlarının uydurmasıdır. İnsandan əvvəl yer üzündə heç nə olmayıb. İşdir, nəsli kəsilsə, insandan
sonra da heç bir canlı varlıq olmayacaq. İnsanın varlığından kənarda heç nə mövcud deyil.
-Bizdən kənarda bütöv bir kainat mövcuddur. Ulduzlara baxın. Onlardan bəziləri Yer kürəsindən
milyonlarla işıq ili məsafədə yerləşir. Onlar insan üçün əbədilik əlçatmazdır.
-Ulduzlar nədir ki? - O'Brayen laqeyd şəkildə etiraz etdi. - Buradan neçə kilometrsə kənarda
yerləşən odlu nöqtələr. Biz istəsək, uçub ulduzlara çatarıq. Yaxud lazım gəlsə, işıqlarını da söndürərik.
Yer kainatın mərkəzidir. Günəş də, ulduzlar da Yerin ətrafında fırlanırlar.
Uinston yenə yerindən tərpənməyə cəhd göstərdi. Amma daha mübahisəni davam etdirmədi.
O'Brayen isə onun etirazlarına cavab verirmiş kimi, hələ də danışırdı:
Bəzi məsələlərdə, təbii ki, bu nöqteyi-nəzər özünü doğrultmur. Məsələn, okeanda üzəndə,
yaxud Günəş tutulması haqqında qabaqcadan xəbər verəndə Yerin Günəş ətrafında fırlanmasını, eləcə
də ulduzların bizdən milyon kilometrlərlə uzaq olmasını demək daha sərfəlidir. Burada qəribə nə var
ki? Bəlkə, düşünürsünüz ki, ikili astronomiya yaratmaq çox çətin məsələdir? Bizə lazımlılıq
dərəcəsindən asılı olaraq ulduzlar yaxında, yaxud uzaqda yerləşə bilərlər. Bəlkə, riyaziyyatçılarımızın
bu işin öhdəsindən gələ bilməyəcəklərini fikirləşirsiniz? O zaman, görünür, ikifikirlilik haqqındakı
təlimi unutmusunuz?
Uinston çarpayıya daha bərk sıxıldı. Nə deyirdisə, ani cavab dəyənək kimi başına enirdi. Amma
hələ də ağlıni itirmədiyinə inanırdı. İnanırdı. İnsan şüurundan kənarda heç nəyin mövcud olmadığı
fikrinə gəldikdə isə... Yəqin ki, onun da həqiqətə uyğun gəlmədiyini sübut etmək üçün hansısa yollar
var. Məgər uzun illər bundan əvvəl belə yanaşma tərzinin yanlışlığı sübuta yetirilməyibmi? Hətta
xüsusi nəzəriyyə də vardı. Uinston indi yadına sala bilmirdi.
Xəfif təbəssüm yuxarıdan aşağı Uinstonu süzən O'Brayenin ağzının kənarlarındakı qırışları bir
balaca dərinləşdirdi.
-Artıq sizə demişəm, Uinston, metafizika baxımından o qədər də güclü deyilsiniz. Yadınıza
salmaq istədiyiniz termin solipsizm adlanır. Lakin yanılırsınız. Mənim haqqımda danışdığım solipsizm
deyil. Əgər bilmək istəyirsinizsə, kollektiv solipsizm deyil. Tamamilə fərqli bir şeydir, bəlkə də,
solipsizmin əksidir. Lakin biz mövzudan uzaqlaşdıq. - O'Brayen indi tamamilə fərqli tonda danışırdı. -
Əsl hakimiyyət, uğrunda gecə-gündüz vuruşğumuz hakimiyyət əşyalar üzərində deyil, insan üzərindəki
hakimiyyətdir. - O susdu, sonra qabiliyyətli şagirdini sınağa çəkən müəllim kimi soruşdu:
-Uinston, bir insan başqası üzərində hakimiyyətini necə təmin edir?
Uinston fikrə getdi.
-Ona əzab verməklə, - dedi.
-Doğrudur! Ona əzab verməklə. Sadəcə itaət yetərli deyil. Əgər bir insan əzab çəkmirsə, özünün
deyil, sizin iradənizi yerinə yetirdiyinə necə əmin ola bilərsiniz? Hakimiyyətin mahiyyəti əzab vermək
və alçaltmaqdadır. İnsanların şüurunu parçalayıb dağıtmaqda və onları təzədən özünün istədiyi kimi
yapışdırıb düzəltməkdədir. İndi necə bir dünya qurmaq istədiyimizi anlayırsınızmı? Bizim qurduğumuz
dünya köhnə islahatçıların xəyallarında canlandırdıqları səfeh hedonist utopiyaların tam əksi olacaq. Bu
qorxu, xəyanət və işgəncə dünyası olacaq, tapdalayanların və ayaq altda qalıb əzilənlərin dünyası
olacaq, insanın kamilləşdikcə daha da amansızlaşdığı dünya olacaq! Bizim qurduğumuz dünyada
tərəqqi yalnız iztirabların daha da artırılmasına xidmət edəcək. Köhnə sivilizasiyalar məhəbbət və
ədalət hissinə arxalandıqlarını əllərində bayrağa çevirmişdilər. Bizim sivilizasiya isə nifrətə əsaslanır.
Bizim dünyamızda qorxu, qəzəb, təntənə və özünüməhvdən başqa, heç bir hiss olmayacaq. Qalan nə varsa, hamısını məhv edəcəyik. Hamısını! Biz İnqilabdan əvvəl mövcud olmuş əski düçüncə tərzlərinin
kökünü qazıb atırıq. Biz valideynlə övlad, fərdlə fərd, qadınla kişi arasındakı bağları birdəfəlik qırırıq.
Artıq heç kəs qadınına, uşağına, dostuna inanmır. Gələcəkdə qadınlar və dostlar, ümumiyyətlə,
olmayacaq. Qırt düşmüş toyuğun altındakı yumurtaları götürən kimi, yeni doğulan körpələri də
analarının əlindən alacağıq. Cinsi ehtiras hissi ləğv ediləcək. Doğub-törəmə ərzaq talonunun
yenilənməsi kimi, hər ilin sonunda həyata keçirilən formallığa çevriləcək. Orqazmı tamamilə aradan
qaldıracağıq. Bizim neyroloqlarımız artıq bu məsələ üzərində işləyirlər. Partiyaya sədaqətdən başqa,
ayrı sədaqət haqqında söhbət olmayacaq. Böyük Qardaşa məhəbbətdən başqa, ayrı məhəbbət
təsəvvürə də gətirilməyəcək. Məğlub edilmiş düşmən üzərində istehzalı gülüşdən başqa, ayrı gülüş
olmayacaq. İncənətət, elm, ədəbiyyat aradan götürüləcək. Biz qüdrətli olanda elmə, ümumiyyətlə,
ehtiyac qalmayacaq. Eybəcərliklə gözəllik arasında heç bir fərq qoyulmayacaq. Maraq hissi itib
gedəcək, insan həyatdan, qətiyyən, zövq almayacaq. Zövq müxtəlifliyinə son qoyulacaq. Lakin həmişə,
- Uinston, bu sözləri yaxşı yadınızda saxlayın! - həmişə hakimiyyət ehtirası yaşayacaq, zaman
keçdikcə daha da güclənəcək, daha da şiddətlənəcək. Həmişə, hər an insanın ağlını başından çıxaran
qələbə bağırtıları eşidiləcək, köməksiz düşməni tapdalayıb əzmək hissi düşüncələrə hakim kəsiləcək.
Əgər sizə gələcəyin obrazı lazımdırsa, o zaman gözləriniz önündə insan sifətinin üzərinə sıxılmış
uzunboğaz çəkmə canlandırın.
O'Brayen, sanki, Uinstonun cavabını gözləyirmiş kimi susdu. Uinston isə yenə də çarpayının
dərinliklərində gizlənmək istəyirdi. Onun deməyə sözü yox idi. Elə bil, ürəyi buza dönmüşdü.
O'Brayen davam etdi.
-Həm də yadınızda saxlayın - bu əbədi bir proses olacaq. Tapdanası sifət həmişə tapılacaq.
Həmişə fərgli düşünən, cəmiyyətə düşmən kəsilən adamlar olacaq, onları yenidən, dönə-dönə məğlub
etmək, alçaltmaq zərurəti yaranacaq. Bura, bizim əlimizə düşdükdən sonra başınıza açılan oyunlar
həmişə, özü də getdikcə daha mükəmməl və sərt formada təkrarlanacaq. Satqınlıq, xəyanət, həbslər,
işgəncələr, edamlar, sirli şəkildə yoxaçıxmalar heç vaxt səngiməyəcək. Qurduğumuz terror dünyası,
ideyalarımızın təntənəsi dünyası olacaq. Partiyanın qüdrəti artdıqca o daha barışmaz mövqe tutacaq.
Müxalifətin müqavimət qüvvəsi azaldıqca despotizm öz mövqeyini daha da sərtləşdirəcək. Qoldsteyn
və onun yad fikirləri də həmişə yaşayacaq. Hər gün, hər an o fikirlər darmadağın ediləcək, ələ
salınacaq, alçaldılacaq, lağa qoyulacaq, ictimai qınaq hədəfinə çevriləcək. Amma yenə də
mövcudluğunu qoruyub saxlayacaq. Mənim yeddi ildən bəri sizinlə oynadığım dram da dönə-dönə
təkrarlanacaq. O dram daim yeni-yeni nəsillərlə, amma hər dəfə daha sərt formada oynanacaq. Həmişə
taleyi bizim mərhəmətimizdən asılı olan yad düşüncəli adamlar tapılacaq. O, daxilən sındırılmış,
miskin vəziyyətə salınmış halda ağrıdan, əzabdan bağıracaq, özü-özündən xilas olandan, bütün varlığı ilə tövbə edəndən sonra isə buradan bizim yerişimizlə çıxacaq. Bax, biz belə dünya qururuq, Uinston!
Qələbə dalınca qələbə, zəfər dalınca zəfər və üstəlik, yeni bir zəfər dünyası! Hakimiyyətin əsəbləri ilə
oynamaq fikrinə düşənlərə qarşı sonsuz təzyiqlər, təzyiqlər və təzyiqlər dünyası! Görürəm, onun necə
bir dünya olacağını artıq dərk etməyə başlayırsınız. Lakin sonda, sadəcə, hər şeyi anlamaqdan daha
böyük iş görəcəksiniz. Siz bu yeni dünyanı qəbul edəcəksiniz, alqışlayacaqsınız, onun adi bir nəfərinə
çevriləcəksiniz.
Uinston indi danışmaq üçün özündə az da olsa qüvvə hiss edirdi. Haqlılığına o qədər də əmin
olmayan bir səslə:
-Bacarmayacaqsınız, - dedi.
-Nə demək istəyirsiniz, Uinston?
-Təsvir etdiyiniz dünyanı qura bilməyəcəksiniz. Bu, xəyaldır. Mümkün olan şey deyil.
-Niyə?
-Qorxu, nifrət və qəddarlıq üzərində sivilizasiya qurmaq olmaz. Dayaqlar tab gətirməyəcək.
-Nəyə görə?
-Çünki belə quruluşun həyat qabiliyyəti olmayacaq. Parçalanıb dağılacaq. Sonu intiharla
bitəcək.
-Cəfəngiyat danışırsınız. Əbəs yerə beyninizə nifrətin məhəbbətdən daha dağıdıcı qüvvə olması
fikrini yeritmisiniz. Əvvəla, niyə belə olmalıdır? İkincisi, hətta lap belə olsa da, bunun nə fərqi var?
Fərz edək ki, biz özümüzü daha tez zəiflədib sıradan çıxarmaq yolunu tuturuq. Fərz edək ki, insan
həyatının tempini yüksəltməyimiz nəticəsində otuzyaşlı adam ağlı heç nə kəsməyən qocaya
çevrilmişdir. Bundan nə dəyişəcək ki? Doğrudanmı, siz hələ də ayrılıqda götürülmüş bir fərdin
ölümünün itki olmadığını anlamırsınız? Əsas məsələ Partiyanın ölümsüzlüyüdür.
Həmişəki kimi inamlı səs Uinstonu yenə köməksiz vəziyyətə saldı. Üstəlik də, qorxurdu ki,
O'Brayenə etirazlarında israr etsə, cihazın dəstəyi təzədən hərəkətə gələ bilər. Amma susmağı da özünə
sığışdırmırdı. Ürkək vəziyyətdə, dəlil-sübut gətirmədən (bəlkə, O'Brayenin hərarətli nitqini saya
salmamaq da dilsiz etiraz sayıla bilərdi?) hücumunu təzələmək istədi:
-Bilmirəm... Çıxış yolu görmürəm. Hər halda, sizi iflas gözləyir. Kiməsə məğlub olacaqsınız.
Həyat özü sizi məğlub edəcək.
-Uinston, biz həyatı bütün səviyyələrdə nəzarətdə saxlayırıq. Yəqin, düşünürsünüz ki, insan
təbiəti adlanan nə isə sirli bir qüvvə mövcuddur və o, bizim əməllərimizdən hiddətlənərək günün
birində üsyan edəcək. Amma insan təbiətini yaradanların özümüz olduğunu unudursunuz. İnsanları
istənilən şəklə salmaq mümkündür. Bəlkə, yenə keçmiş xülyanıza qayıtmısınız - proletariatın və
kölələrin ayağa qalxıb bizi devirəcəyi fikrinə düşmüsünüz? Bu fikri başınızdan birdəfəlik çıxarın. Proletariat həyət heyvanı kimi gücsüz və itaətkardırlar. Bəşəriyyət Partiya deməkdir. Qalan heç nəyin
önəmi yoxdur.
-Bir şey deyə bilmərəm... Sonda onlar sizi əzəcəklər. Əvvəl-axır kim olduğunuzu anlayacaqlar
və o zaman sizi parça-parça edəcəklər.
-Bəlkə, siz artıq təhlükənin hansısa əlamətlərini görürsünüz? Belə ehtimal üçün əlinizdə tutarlı
dəlillər var?
-Yox. Bu, sadəcə, mənim inancımdır. Sizi iflas gözlədiyinə qəti əminəm. Kainatda... bilmirəm,
elə qüvvə, elə ruh, ya da elə bir prinsip var ki, siz ona heç zaman üstün gələ bilməyəcəksiniz.
-Uinston, siz Allaha inanırsınız?
-Yox.
-Bəs onda hansı qüvvə bizi məğlub edəcək?
-Bilmirəm. İnsan ruhu.
-Siz özünüzü də insan sayırsınız?
-Əlbəttə.
-Əgər siz insansınızsa, Uinston, o zaman sonuncu insansınız. Nəsliniz kəsilmişdir. Yer kürəsinin
sakinləri artıq bizik! Tamamilə tək qaldığınızın fərqindəsinizmi? Siz tarixdən kənardasınız, siz mövcud
deyilsiniz.
Onun sifəti birdən sərtləşdi, kəskin səslə soruşdu:
-Bəlkə, güman edirsiniz ki, mənəvi cəhətdən bizdən - qəddar və yalançı adamlardan daha
yüksəkdə dayanırsınız?
-Bəli, mənəvi cəhətdən özümü sizdən daha üstün sayıram.
O'Brayen cavab vermədi. Yaranan sakitlikdə Uinston iki adamın danışığını eşitdi. Az keçməmiş
birinin öz səsi olduğunu tanıdı. Bu, Qardaşlığa daxil olmaq fikrinə düşdüyü axşam, O'Brayenlə
mənzilindəki söhbətlərinin lent yazısı idi. Uinston özünün aldatmağa, oğurlamağa, öldürməyə,
saxtalaşdırmağa, narkomanlıq və fahişəlik yaymağa, adamları zöhrəvi xəstəliklərə yoluxdurmağa,
körpə uşağın sifətinə sulfat turşusu atmağa hazır olması haqqındakı vədlərini yenidən dinlədi.
O'Brayen səbirsizliklə əlini yellədi. Sanki, bu hərəkəti ilə söhbətə sona qədər qulaq asmağın mənasız
olduğunu bildirirdi. Hansısa düyməni basdı, səslər kəsildi.
-Çarpayıdan qalxın! - deyə əmr etdi.
İlmələr öz-özünə açıldı. Uinston ayaqlarını döşəməyə salladı, özünə inamsız halda ayaq üstə
dayandı.
-Siz sonuncu insansınız, - O'Brayen dedi. - Siz bəşər ruhunun mühafizəçisiniz. Gərək özünüzü
olduğunuz kimi görəsiniz. Paltarlarınızı çıxarın.

Corc Oruell 1984Tempat cerita menjadi hidup. Temukan sekarang