Var olmağın dözülməz bir tərəfi var. Bunu bilirsiniz, ya da gündəlik həyatın problemlərinə macəra deyərkən öz varlığınız haqqında düşünməkdən qorxduğunuzun fərqinə varırsınızmı? Var olmaq şüurun müəyyən bir nöqtəsində insana əzab verməyə başlayır. Varlığının sabitliyi işgəncəyə çevrilir. Yaşadığınız üçün dünyadan üzr istəmək istəyirsiniz. Varlıq sıxıcı və mənasızdır.
Sizin həyatınız böyük ehtimalla mənimkindən daha sıxıcıdır. Mən gənc yaşlarımda özümü evsizləşdirərək dünyanın bir çox ölkəsini gəzdim, sinemalarda, teatrlarda, operalarda, paraşütlərdə asılı qalaraq səmada, geyindiyim xüsusi paltarla okeanın dibində, ən gözəl qadınların yatağında, ən əyləncəli kamplarda, dünyanın ən yaxşı kompüter oyunlarının qarşısında və ən gözəl alkoqollu içkiləri əlimdə tutaraq yaşadım bu həyatı. Fəlsəfi və elmi kitablardan nə tapdımsa, oxuyurdum.
Beləcə, 30 yaşımda dünyanı kifayət qədər kəşf etmiş və kifayət qədər çox şey görmüşdüm. Mənə paxıllıq edirsinizsə, sizə bir sirr verim. Var olmağın sıxıntısı heç bir zaman keçməmişdi. Sizə danışacağım hekayə də bununla bağlıdır. Həyatın nə olduğunu sorğulayan bir insan həyatın içində nələr edər?- Hə, nə deyirsən, gəlirsən? - o üzümə baxır və məndən təklifini qəbul etməyimi istədiyi beynimin içinə daxil olmaq istəyən gözlərindən bəllidir.
- Düşünürəm - əslində bu söylədiyim ən böyük yalandır. Çünki, mən həyatımın qarşıma çıxardığı dəvətlər zamanı düşünən bir insan deyiləm.
- Yəni, edəcək bir şeyin yoxdursa, gəl istəyirsən.
- Edəcək bir şeyim heç vaxt yoxdur mənim - bunu deyərkən gülümsəyirəm. Nəyi nəzərdə tutduğumu o çox yaxşı bilir və mən də onun növbəti dəfə nə deyəcəyini çox yaxşı bilirəm.
- Sən heç dəəə....
Bəli, mən heç. Mən heçəm. Həyatımın son on ilini ordan-ora süzülərək keçirmişəm. Universiteti bitirdikdən sonra əvvəlcə Türkiyəyə master təhsili almağa getdim, sonra isə səsim İtaliyadan, Avstriyadan, Macarıstandan, Amerikadan, Almaniyadan gəlməyə başladı. Tez-tez səyahət edir və tətillərə gedirdim. Bütün bunlarla yanaşı təhsilim və qazancım da yaxşı idi. Çünki, pis olmaları vecimə deyildi. Həyatımın hansısa dövründə anladım ki, mən yaxşı təhsil, çox pul, ailə həyatı, uzunmüddətli münasibətlər istəmirəm. Mən bu dünyanın hər tərəfinə, hər sahəsinə, hər əyləncəsinə dağılmaq istəyirdim. Bəzən son pulumla tətillərə gedir və ya yük maşınlarının arxasında gizlənərək şəhərlər dəyişir, gah özümü dilənçi kimi göstərib kilsələrdə qalır, gah pilləkənlərdə, gah da fəzadan keçən süd yolunun altında, park skamyasının üstündə yatırdım. Amma adətən tanış olduğum gözəl qızlar məni evlərinə qonaq edirlər. Mən azadlığın zirvəsində yaşayan bir insanam.
- Gəlirəm.
- Əylənəcəyik, görərsən.
- Sözsüz ki...
- Deməli, gedək çantalarımızı yığışdıraq. Çoxlu su götürməyi unutma. Dəsmal və bir neçə köynək də götür. Yaxşı olar ki, özünlə...
İnternetdə olan bütün məlumatları daşıyan elektronların hamısının kütləsini toplasan 56 qram edir. Təsəvvür edirsiniz, YouTube-da olan 82 milyon video, google-da tapa biləcəyiniz 2 milyard sayt və hər birində yer alan trilyonlarla sətrdən ibarət bilginin toplamı cəmi 56 qramdır.
O, əlini gözlərimin qabağında yellədərək qışqırır.
- Ay bala, neçə dəfə demişəm, sənlə danışanda başqa şeylər fikirləşmə.
- Yox - fikrimi toplayaraq cavab verirəm - səni dinləyirdim.
- Doğurdan? O zaman de görüm, çantana nə qoyacan?
Taparam nəsə - deyirəm və siqaret yandırıram.
Yenə gedirdim.