Yaşamaq axmaqlıqdı

5 2 0
                                    

Məni tapdıqları yerin adına el arasında "həqiqət" deyirlərmiş. Əfsanəyə görə həmin kənddən çıxan müqəddəslər mən yıxıldığım dağda inzivaya çəkilir və bir çox həqiqətdən hali olurlarmış. Bəzilərinə görə isə bu dağ Sovet dövründə əməkdar qadın adını almış Həqiqət Şahbazovanın xatirəsini yad etmək üçün belə adlandırılıb. Həqiqət uçurumu kifayət qədər təhlükəli imiş...
Ayılarkən mənə dedilər ki, narahat olmağım üçün heç bir səbəb yoxdur və hər şey yaxşıdır. Mən isə həqiqət dağının altında reallığın əzabını daddığım üçün bilirdim ki, bu yalandır. Qabırğalarımdan biri qırılmış, dizim parçalanmış və sol əlimin şəhadət barmağındakı açıq yaraya infeksiya düşdüyü üçün onu bədənimdən ayırmaq məcburiyyətində qalmışdılar. Amputasiya. Artıq mənim bədənimdən bir barmaq əskik idi. Bir barmaq yüngül, bir barmaq yox olmuşdum.
Ayağımla bağlı elədikləri əməliyyat isə əsasən uğurlu keçsə də, ömrüm boyu axsayacaqdım. Mənə dedilər ki, sağ qalmağım belə möcüzə imiş. Guya, tanrı məni sevirmiş. Bütün uşaqlığımı xəstəlik içərisində keçirdikdən sonra, yenidən yarımçıq və şikəst qalmağıma yaşadığım üçün sevinməliymişəm. Sanki yaşamaq çox mətah bir şeydir.
Yaşadığım hər şey mənə səfil bir komediya kimi gəlirdi. İnsan, əzabın dərinliyində əzabın özündən belə uzaqlaşaraq ona kənardan baxmağa başlayır. Yaşadığımız heç bir şey bizi bədbəxtliyə və yorğunluğa apara bilməz. Yaşamın əzabverici ağırlığı, ya da mənasız yüngüllüyü qarşısında heç bir xoşagəlməz hadisə faciəyə çevrilə bilməz. Həyatın özü ən böyük əzabdır və yaşamaq elə bir nöqtədə dözülməz olur ki, bundansa ölümün xilas yolu olaraq görünməsi daha yaxşı olardı. Həyatdan zövq almamaq və depressiya, həyatdan əzab çəkməyin qarşısında heç nədir.
Bəs yaxşı həyat nədir? Təsadüfi şəkildə dağıdılmış problemlər və xoşbəxt anlar yığınından ibarət bir ilğım. Heç bir şey bizim kontrolumuz altında deyil. Bizdən asılı olmayan şərtlər həyatımızı şəkilləndirir. Dünyada tək bir tanrı var. O da təsadüfin özüdür. Elə isə nə mənası var? Həyatın, yaşamın və varolmanın? Var olmaq qarşısı alınmaz bir əzabla müşahidə olunur. Nə mənası var axı hər şeyin? Niyə varıq? Niyə varam? Niyə bir həyat yaşamağa məhkum edilmişəm? Və onunla nə edəcəm? Yaşamaq, tam bir axmaqlıqdır.
Deyilənə görə, məni bir az tez tapsaydılar sol əlimin şəhadət barmağını və normal yerişimi itirməyəcəkdim. Amma, heç kimin harda olmağımı bilməməsi axtarış qrupunun işini xeyli çətinləşdirib.
- Axmaqlıq eləmisən - dostum çarpayımın yanında oturub, deyirdi - bizə demədən niyə gedirsən axı? Bu insansız və bağsız yaşamağın bir gün başına bəla olacaqdı və oldu da. Qəbul etməlisən, insanın insana ehtiyacı var. Bütün insanlar səndən uzaq deyillər.
Mənim günəş olduğum dünyanın kölgələri idi insanlar.
Sonra mənə dedilər ki, çox da pis olmayım, çünki, sol əlin şəhadət barmağı o qədər də böyük itki deyil. Daha sonra isə dedilər ki, bu kifayət qədər ağır itkidir və mən sol əlimin şəhadət barmağı haqqında psixoloqla danışmalıyam.
İtirdiyim şey sadəcə insanları ittiham edib, onlara tuşladığım barmaqlarımdan biri deyildi. Var olmağın mənasızlığı və ölümün nəfəs qədər yaxınlığı qaçdığım həqiqətləri üzümə çırpmışdı.
Həyatımız bizdən asılı olmayan çoxlu şeyin təsiri ilə formalaşır. Genlərimiz, doğulduğumuz mühit, aldığımız tərbiyə, məruz qaldığımız təsirlər barəsində söz haqqına sahib deyilik. Amma, hər zaman nələr üçünsə mübarizə aparırıq, nələrəsə nail olmağa çalışırıq. Amma, bu mübarizənin nəticələrinə belə təsir göstərən faktorların əksəriyyəti bizdən asılı deyil. Elə isə nə mənası var? Belə bir film olsa ona baxardınız? Baş qəhrəmanın başına gələn şeylər təsadüfi olaraq onun həyatına dağıdılıb, filmin konkret bir mövzusu və mesajı yoxdur, çox az şey qəhrəmandan asılı olsa da, həyatı boyu mübarizə aparır və film kuliminasiya nöqtəsinə çatmadan bitir.
Həyat, bir film olsaydı onu sevməzdik.
Bütün bunlar olmaya bilərdi. Hər şey olmaya bilər, amma olur. Kameram köynəyimin ipinə ilişdiyi üçün bu boyda hadisə yaşadım mən. Kameram köynəyimin ipinə ilişdiyi üçün barmağımı kəsdilər mənim. Bu necə bir absurdluqdur. Bu qədər mənasızlıq içərisində yaşayırıq və həyat mənasızlıqlarla doludur. Və bitmir. Və bitməyəcək. İnsanlar boş yerə əzab çəkirlər. Yaşamaq tam bir axmaqlıqdır.
İntihar isə mənim edə bilməyəcəyim bir şeydir. Hər nə qədər yaşamaq əzab verici olsa da, yox olmaq daha dəhşətlidir. Deyəsən, var oluşun ən ləzzətli tərəfi onun dəhşətli olmasıdır.
Qırılan qabırğam üçün əməliyata girərkən düşündüyüm son şey bu oldu və məni gülmək tutdu:
"Kameram köynəyimin ipinə ilişdiyi üçün əməliyyat olunacam"
Üç ay xəstəxanada yatdıqdan sonra valideynlərim məni evə gətirərək, köhnə otağımdakı çarpayıya uzatdılar. Atam bütün günü mənlə söhbət etməyə çalışır və necə olduğumu soruşurdu. Anan mənim üçün ən sevdiyim yeməkləri bişirir, ara-sıra da deyirdi ki, ucuz qurtulmuşam. Amma mən hər dəfə çantamı görərkən yenidən o ana qayıdırdım. Ölərkən çantamdan başqa heç nəyim yox idi. Əgər çantam olmasaydı, böyük ehtimalla ölərdim.
Bir gün çantamı götürüb evdən çıxarkən anam soruşdu:
- Hara gedirsən?
- Bilmirəm.
Amma bu dəfə bilirdim.

Evsiz Where stories live. Discover now