Yalan əskikliyi

12 1 6
                                    


- Necə yəni bilmirsən? - o məndən digər insanlara yaraşan kimi səbəb-nəticə əlaqəsinə uyan və məntiqi hökmlərə uyğun gələn cavab almaq istəyir. Amma, o bilmir ki, insan davranışı bir çox aspektdən xaosa xidmət etməyə məhkumdur.
- Hələ qərar verməmişəm.
- Sən nə vaxt bu həyatını səliqəyə salacaqsan?
- Səliqəyə salmaq nəyə deyirsən? Standartlaşdırılmış və hazır şablonlara uyan ev-iş-arabir əyləncə həyatı yaşayaraq ev və maşın aldıqdan sonra sadəcə yaşın çatdığı üçün evlənərək ilk ildəcə uşaq dünyaya gətirib, öz köhnəlmiş fikirlərimi ona yeritməyə?
- Üff peşman oldum - deyərək yanımdan uzaqlaşmaq üçün ayağa qalxır - yenə gedirik. Sənə demək istəyirdim, amma day fikrimdən daşındım.
Bu bir film olsaydı, burda kadr dayanar və izləyicilər mənim sifətimə iri ekranda baxaraq, iç səsimi eşitməyə başlayardılar. Öz-özümə sual verirəm ki, niyə o, bu qədər tez bezdi məndən? Mənə heyran olan və mənim üçün heç bir məna ifadə etməyən insanlar xaricində niyə görə dostlarım, sevgilim və həyat yoldaşım yoxdur mənim? Nədir mənim münasibətlərimi uğursuz edən? Həqiqət. İnsanların çox sevdiyi bir şey məndə yoxdur. Yalan. Mən insanlara və bu dünyaya qarşı çox çılpağam, heç çəkinmədən kartlarımı açaraq oynayır və həyasızca gülümsəyirəm. Ailəm də daxil olmaqla mənim azadlığımı məhdudlaşdıran hər kəsdən uzaqlaşmış, evsizləşmiş və hər hansı bir yerə aid olmadan bu həyatın içində axıb gedən zamanın dalğası ilə heç bir şeyə məcbur olmadan müxtəlif əyləncələrə, ölkələrə, şəhərlərə, gözəl qadınların yatağına və bədənimin xaricinə çəkilirəm.
Bunu nə üçün edirəm? Çünki, anlayıram ki, bu həyatda mövcud olan və ömür adı verdiyimiz qısa zaman dilimində dünyanın sənə bəxş edəcəyi şeyləri yaşamaq üçün bütün aidiyyət hissini itirmək lazımdır. Mən çətin olsa da həqiqət olan qərarı verən insanlardanam. İnsan isə təbiəti etibarilə vəhşi heyvandır. Özümüzü ailə, cəmiyyət, tale yazısı, coğrafiya qandalları ilə buxovlayanda əhliləşərək öz təbiətimizə xəyanət etmiş oluruq. Əslində isə yaşadığınız həyatda özünüz üçün yaratdığınız dəyərlərin nə qədər fani və mənasız olduğunu anlasanız, azadlığınızın görünməz əl tərəfindən necə sərhədləndiyini görsəniz, heç nəyi bu qədər ciddiyə almarsınız. Sadəcə mənim kimi evsizləşər və həyatın küləyi ilə sağa-sola sovrularsınız.
İndi yanımdan qalxarkən ona baxır və düşünürəm ki, Maykl Cordonun Nayk şirkətindən aldığı pul, Nayk şirkətinin bütün işçilərinin illik qazancından daha çoxdur. Çünki, önəmli olan bir şeyi hazırlamaqdan çox təqdim etməkdir. Həyatın mənə təqdim etdiyi şey son zamanlarda dağ səyahətidi. Ona görə də, bununla ikinci dəfədir ki, eyni adama rastlaşıram və o məni dağ səfərinə dəvət edir.
- Dayan - deyirəm - gələcəm mən də.
O, diqqətlə üzümə baxır və soruşur:
- Sənə inanım?
- Bilmirəm. İstəyirsən inan. Mənim üçün fərqi yoxdur.
- Əgər bu dəfə də gəlməsən, sənin başına elə oyun açacam ki, haqqında kitablar, hekayələr yazılacaq.
- Bilirsən, Kafkanın "Qəsr" adlı romanı var, öldüyü üçün yarımçıq qalıb.
- Yəni? - onun üzünə anlamağa intellekti çatmayan, amma bunu özünə sığışdıra bilməyən bir qızın çarəsizliyi yayılır.
- Bizim üçün də belədir. Ardının olduğunu düşündüyümüz neçə hekayə əslində bitmiş olur.

Evsiz Where stories live. Discover now