Qan və su

5 3 0
                                    


Başımı qaldırıb, arxası üstdə çevrilib, buralarda heç kimin olmadığını və səsimi eşidən insanların mövcudsuzluğunu bilsəm də, qışqırıram.
- Köməəək....
Zibil. Aldığım hər nəfəslə ağciyərlərimə sancı girir. İkinci dəfə qışqırmaq üçün gücüm yoxdur. Hiss edirəm ki, şalvarım qanımla dizimə yapışır. Əlimi qaldırıb barmağıma baxıram. İçinə torpaq girdiyi üçün dərimin altı qara görünür. Burdan qurtulsam belə infeksiyadan öləcəm. Amma hələ ki, infeksiya əlaməti ola biləcək temperatur artışını hiss etmədiyim üçün ürəklənirəm. Mənə su lazımdır. Çantamda bir butulka olmalıydı. Çantam. Hardadır çantam?
Orda - çantam sahibindən cəmi beş metr kənarda sahibsiz əşya kimi atılıb qalsa da, ona tərəf sürünmək üçün bütün iradəmi toplamaq lazım olacaq. Əllərimlə özümü çəkərək sürünməyə çalışdığım ilk cəhdimdə bədəninə yayılan ağrı o qədər güclü oldu ki, heç qışqırmaq üçün nəfəsim belə çıxmadı. Yox, alınmayacaq. Amma alınmalıdır. Hə, bacararsan sən. Sən həyatın bütün olmazlarına qalib gələn insansan. Özümü hazırlayıb var-gücümlə çantama tərəf çəkirəm.
- Aaaaaaaaa- hayqırtım nəfəsə qarışıb sadəcə özümün eşidə biləcəyi ətrafa yayılır.
Gözlərimi yumub, düşünməyə başlayıram.
Öləcəm burda. Tək çarəni özümə özüm yarada bilərəm. Hər zamankı kimi... Tək çıxış yolu hələ tükənməyən özüməm.
Birdə sürünürəm çantama tərəf. Deyəsən, bədənim oyandıqca şüurum da açılır və mən ağrını daha canlı hiss etməyə başlayıram.
Məni tapan olmayacaq. Burda olduğumu heç kim bilmir. Hər kəs sevgilisi və dostu ilə azad gəzinti saatını dəyərləndirərkən, mən tək dağın çox uzaq məsafələrini qət etmişdim.
Sürünməyə davam edirəm. Ağrı kürəyimdən başlayır və sinəmi dözülməz əzaba məhkum etdikdən sonra, mən ayağımdakı küt ağrını və barmağımdakı yanğını hiss edirdim.
Əlim çantama dəyəndə elə sevinirəm ki, elə bil səhrada su tapmışam. Bir baxıma bu doğru idi. Çantamı möcüzə nəticəsində heç bir yara almamış əlimlə açıb, içindən bir butulka su çıxarıram. Qapağını dişlərimlə açıb, suyu boğazıma tökməyim arasına yəqin ki, cəmi bir saniyə yerləşir. Bu dəqiqə bir bidon suyu heç dayanmadan içə bilərəm kimi hiss edirəm. Şəffaf maye dişlərim arasından tökülərək boğazıma sərinlik və təravət qatır. Bu su damlaları ilə gözlərimə işıq, qollarıma güc, ürəyimə də ümid səpələnir. Su həqiqətən də möcüzə imiş. Normal vaxtlarda adi, qazsız su içməyi sevməsəm də, hal-hazırda H2O dünyadakı hər şeydən daha dəyərli gəlir mənə.
Bilirsiniz, dünyadakı şirin suyun 70 faizi buz təbəqələrinin altında qalır və suyun 17 faizi donduğu üçün istifadəyə yararsız hesab edilir. Ümumi dünya populyasiyasından isə 780 milyon insanın içməyə suyu demək olar ki, yoxdur. Mən hal-hazırda özümü o 780 milyon insandan biri hesab edə bilərəm. Suyum tükənir və mən hələ yaramı da yumağı düşünürəm. Sol əlimin şəhadət barmağı qan və torpaqla vəhdətdədir. Əgər dodaqlarımı butulkadan ayıra bilsəm suyu yarama tökəcəm. Ümid edirəm, su ağzımla çirklənməyib. Təmiz olmayan suya görə dünyada hər saatda 200 uşaq ölür.
Bunu heç düşünməmişdim. Ağzıma dolanan və boğazımda dayanan su kütləsini udmaq bu şərtlər daxilində ən çətin iş imiş. Udqunmağımla birlikdə sinəmə elə bir ağrı girir ki, nəfəsim kəsilir. Suyu qorxaraq hissə-hissə mədəmə göndərirəm. Bir az da yaramın üstünə töküb, çantamdakı köynəyimi sol əlimə bağlayıb, barmağımın üzərindəki yaranın üstünə basıram. Niyə bint ya da pambıq yoxdur axı çantamda. Bayaq şəkil çəkdirən qızların birində bint görmüşdüm. Zibilə qalsın, niyə tək gəldim?! Niyə mən tək gedirəm bütün yolları?
Özümü evsizləşdirərkən kimsəsizləşdiyimin də fərqinə varmaq üçün uçurumdan düşməyim lazım imiş.
Çantamda ağrıkəsici olmalıdır. Sağlam əlimlə iki həb çıxarıb udarkən bədənimə yayılan ağrıya meydan oxuyuram.
- Düşmənini içəri göndərdim.
Nə fərqi var ki? Burda qan və çirk içində uzanarkən həyatımı tapşıracam. Evsiz və kimsəsiz. Amma deyəsən ağrı dayanır və mən indi dizimdən axan qanı daha yaxşı hiss edə bilirəm. Şalvarımın enliliyindən istifadə edib, onu dizimə qədər qatlayarkən anlayıram ki, ağrım sadəcə bir azca azalıb. Bu da mənə icazə verir ki, üzü səmaya tərəf uzanarkən sağ əlimlə xəfifcə şalvarımı qatlayım və parçanın yaraya dəyməsindən yaranan ağrıya dözə bilim. Nə qədər susuzlasam da, başa düşürəm ki, dizimin dodaqlarımdan daha çox suya ehtiyacı var. Amma necə tökəcəm suyu yarama? Ayağımı qatlayaraq, əlimi bacardığım qədər dizimə çatdırıb, yanğının təsiri ilə gözümü yumarkən su ilə yaramı təmizləyirəm. Qanın suyla vəhdətindən yaranan yeni bir maye növü torpağı çirkləndirir və mən hərəkətliliyimin verdiyi ağrıya qarşı sadəcə dişlərimi sıxa bilirəm.

Evsiz Where stories live. Discover now