Evsiz

21 2 0
                                    


Təyyarənin təkərləri fırlanmağa başlayanda düşündüm ki, kaş ki, zəng vurub onlara gəlməyəcəyimi deyərdim. Amma məni dəvət etdikləri gəzintiyə getməyəcəyimi bir neçə saat əvvələ qədər heç özüm də bilmirdim axı. Çantamı yığıb evdən çıxanda anladım ki, Azərbaycan daxilində bir yerə getmək istəmirəm. Sabah başqa bir ölkədə olmaq fikrinin ağlımdan keçməsi məni daha çox həyəcanlandırırdı.
- Xoş uçuşlar - yanımda oturan oğlan təkərlər yerdən üzüləndə mənə baxaraq dedi.
- Çox sağolun, ilk dəfədir?
- Yox, bəs sizdə?
- Çox uçmuşam.
- İşinizlə əlaqədar?
- Yox, özümlə əlaqədardır - başımı ona çevirərək gülümsəyirəm - haralarasa getməmək üçün bir səbəbim yoxdur.

Taksiyə oturduqdan sonra internetdə yaxın zamanlarda olan uçuşlara baxmışdım. Xoşbəxtlikdən bu təyyarəni tapa bilmişdim. Bilirsinizmi, Azərbaycandan Misirə getmək üçün Qazaxıstanın şirkətinin sadəcə müəyyən günlərdə uçurduğu təyyarədən istifadə olunur.
Təyyarə köhnə olduğu üçün yanımda oturan bu idmançı və skinhead oğlan həyəcanlıdır və təhlükəsizlik tədbirləri ilə bağlı broşürü böyük acgözlüklə oxuyur.
- Özünü yorma - deyirəm - bir qəza olsa öləcəyik və heç nə bizə kömək ola bilməz.
Oğlan dəhşət dolu gözlərlə mənə baxaraq, sanki sözlərimi geri almağımı gözləyir.
- Təyyarə qalxanda niyə işıqları söndürürlər, bilirsən? - mən isə davam edirəm - qəza olarsa və işıqlar sönərsə, gözlərimiz qaranlığa alışmaq üçün vaxt itirməsin. Oksigen maskaları isə cəmi 10-15 dəqiqə işləyə bilir. Əslində, hər kəs bilir ki, bir təyyarə qəzasından qurtulmaq tamamilə bəxt işidir.  Amma yalançı təhlükəsiz qaydaları ilə sərnişinlərdə saxta təhlükəsizlik illuziyası yaratmaq hər zaman işə yarayır.
- Niyə belə şeylər deyirsiniz? - aydın məsələdir ki, bu oğlan illərlə məşq edib, bədənini gücləndirsə də, zehni bu həyatın acı həqiqətlərinə qarşı dözümlü deyil.
- Narahat olma, bir təyyarənin qəza etmək ehtimalı 30 milyonda birdir. Və məncə bu gün biz şanslı 29 milyon 999 mindən biriyik.
Elə bu an təyyarə türbulansa düşərək silkələnməyə başladı.
Misirdə bir həftə keçirdim. Sharm al Sheyxdəki bir hoteldə qalmağıma baxmayaraq, əksərən gecəni Qahirəyə, Petraya, Luxora gedən avtobuslarda keçirirdim. Bütün bu müddət ərzində telefonumu çantamda saxlayırdım və heç bircə dəfə də əlimə götürməmişdim. Getdiyim yerlərdə şəkil çəkdirmək adətim yoxdur. Anı yaşamaq və görüntüləri gözlərindən beyninə köçürmək mənə daha mənalı gəlir. İnsanlar getdikləri yerlərdə şəkil çəkdirərkən hər zaman düşünürəm ki, görəsən o şəkillərə sonradan heç olmasa bir dəfə də olsa, baxırlar? Şübhə edirəm. Bu arada, unutmamışkən sizə bir sirr verə bilərəm. Şəkillərinizi və videolarınızı başqalarına göstərərkən əmin ola bilərsiniz ki, sizin yaşadığınız xoş təcrübələr onlara maraqlı deyil. Əgər öz şəkillərinizə sonradan baxırsınızsa, cəsarətlə deyə və altından imzamı çəkə bilərəm ki, siz axmaqsınız. Çünki, həyatınızı yaşamaq yerinə keçmişdə ilişib, onu boşuna sərf edirsiniz.
Bir həftənin sonunda oteldən çıxarkən son iki gecəni birlikdə keçirdiyim qız soruşdu ki, hara gedirəm? Mən də cavab verdim ki, bilmirəm, yolda qərar verəcəm. Misirdən sonra Yaponiya, Tayland, İsrael, Polşaya və İngiltərəyə keçdim. Əgər ağlı qıt olan və öz yalançı xoşbəxt həyatında çəkdiyi keyfiyyətli şəkillərlə izləyici yığan, dostları ilə dünyanın ən sıxıcı söhbətlərini edib, üstəlik bu söhbətləri çox önəmliymiş kimi canlı yayımda izləyicilərinə göstərən instagram fenomeni ya da yox, necə deyirlər, videoblogger olsaydım, sizə bu gəzdiyim ölkələri təfərrüatı ilə təsvir edərdim. Amma telefonunu aylarla əlinə almayan və səyahətdə Dostoyevskinin Yer altından notlarını və Platonun Dövlətini oxuyan bir insandan bunu gözləmirsiniz, hər halda. Bu qədər mənasız və böyük problemlərlə dolu olan dünyada makiyaj reklamları edən insanların etdiyi heç bir şeyi mən edə bilmərəm axı.
İki ay sonra isə gecə saat 4-də ölkəmə addım atan kimi taksi şoferinin beş manatlıq yol üçün beş qatını istəməsi məni güldürdü və ona dedim ki, mən Azərbaycanlıyam. Nəysə ki, sonda beş manata razılaşdı və mən fürsət tapıb yolda soruşdum ki, heç utanırsan? O da dedi ki, utanmaq üçün vaxtı yoxdur.
Evimə girəndən sonra nəhayət ki, telefonumu açmaq qərarına gəldim. Gələn mesajı oxudum, dostum məni qınayır, onları gözlətdiyim və xəbər vermədən yoxa çıxdığım üçün coşan hislərinin təsiri ilə öz ürək sözlərini mənlə bölüşürdü.
- Bəlkə də mən başqası olsaydım, indi polis, ya da televiziyaların əttökən aparıcıları məni axtarırdı - dedim səssizlikdən özümə və yorğunluqdan uzandığım evimin döşəməsində gözlərim yumularkən ağlımdan keçən son şey bu oldu ki, mən başqası deyiləm.
- Mən evsizəm.

Evsiz Where stories live. Discover now