Dağın yamacında dayanıb, gedəcəyim yolun ola biləcək potensial variantları haqqında düşünməyə başladım. Olmaya, heç bir dərs çıxarmamışdım və yenidən təkbaşına dağa gəlməyim həyatın mənə verdiyi ikinci şansı dəyərləndirməməkdir? Ayaqlarım hər növbəti addımla irəliyə doğru getdikcə ürəyim daha bərkdən özünü qaldırır və ağciyərlərimin üstündə yer alan görünməz müstəviyə çırpırdı. Bağırsaqlarım isə öz aralarında səliqə ilə açılıb, dərimin altından ayaqlarıma bağlanır və məni şövqlə geriyə çəkməyə çalışırdılar.Ayaqlarım altından toz göyə sovruldu və mən özümü saxlaya bilmək ümidini itirərək küləyə çevrildim...
Gözlərimin önündən yıxılmağım getmir və bədənimdən ayaqlarıma yayılan həyəcan tam qalib gələcəkkən, arxaya baxıram. Yenə burdayam. İnsanlardan və sivilizasiyadan uzaqda, sadəcə çantamla, azad və məni yaradan, əslində ən başından bəri aid olduğum təbiətə qovuşmuşdum. Mən burda olmalıyam. Bunu anlayırdım. Özümü sevgisiz, insansız hiss edərkən, aidlik duyğunu itirdiyim, ölümün bir nəfəs qədər yaxın olduğu bu həyatda qorxu içində insan cəmiyyətində yaşaya bilməzdim. Burda qalmalıyam. Dağda. Hər zamankı kimi mən evsizəm.
Hiss edirəm ki, gərginlik bədənimdə əlavə yüklərdən qurtulmaq istəyinə səbəb olur. Şalvarımın düyməsini açıb sidik kisəmin çağırışına qulaq asır və onu rahatladıram. Evsizliyi buna görə sevirəm. İstədiyin vaxt istədiyin yerə işəyə bilmək azadlığın simvoludur.
Addımlarım irəliyə doğru getdikcə içimdən bir səs "bəlkə bəsdir, burda dayanasan bəlkə?" deyir. Amma mənim qərarım varlığımın bütün sərhədlərini şantaj edən böyük yox oluşa meydan oxumaqdır. Getdikcə, kimsəsizliyim və evsizliyim böyüyərək, məni əhatə edən yeganə dünyaya çevrilir. Heç kim, heç kimsiz və heç nəsiz olduğumu qəbul edərkən eqom bir qabıq kimi üstümdən soyularaq, yerə tökülür.
Həyatımız boyunca saxta bir dəyərin ardınca qaçırıq. Xoşbəxtlik. Xoşbəxtlik heç var olmayan bir anlayışdır. Hələ bir neçə il əvvəl dəvət olunduğum bir televiziya proqramında aparıcı ilə aramızda keçən bir dialoq yadıma düşdü.
- Xoşbəxtlik nədir?
- Xoşbəxtlik yoxdur. Olmayan bir şeyin nə olduğu ilə bağlı danışa bilmərik.
- Amma yenə də, o olmayan şey nədir?
- Xoşbəxtliyin nə olduğunu deyə bilsək, bu, onun varlığını göstərəcək. Halbuki, xoşbəxtlik mövcud olan bir şey deyil.
İnsanlar sağlam, rifah içində, zəngin və rahat olmağın xoşbəxtlik olduğunu düşünürlər. Amma məsələ burasındadır ki, bu qədər ideal yaşantı heç bir zaman mümkün deyil və insan təbiəti gərəyi narahat olmağa məhkumdur. Üstəlik, insan ideal hesab etdiyi həyata qovuşsa belə, bu dəfə də mübarizəsizlikdən, problemsizlikdən və monotonluqdan sıxılacaq. Yəni, problemin və narahatlığın olmadığı dünyada insanın inkişaf motivasiyası qalmadığı üçün dinamikasını itirən insan xoşbəxtlikdən də əlacsız kədərlə imtina etməli olur.
Yavaş-yavaş dağın zirvəsinə çatdıqca kölgəlik tapmaq çətin olur. Günəş yuxarıdan vurur, tərin damcılarının yox, selinin kürəyində axıntısını hiss edirsən. Bura qalxana qədər 6 dəfə yolda oturub, istirahət etmişəm, iki butulka su içmişəm, 4 dəfə də ayağım sürüşüb, yıxılmaqdan qurtulmuşam. Otların üzərində uzanıb, bir az dincəldikdən sonra çadırımı qurmağa başlayıram.
Bir insan yaşayarkən bütün fəlakətləri ruhunda hiss edə bilərmi? Hiss etmirsə, o necə bir insandır?
Görəsən, xoşbəxt olaraq inkişaf etmək mümkündür?
Dağda olarkən həyatda qalmağa çalışmaq, özünə şərait qurmaq üçün işləmək və bəzən əyriliyi çox olan yerlərdə bütün əzələlərini gərərək hərəkət etmək yorucu olsa da, insana gümrahlıq qazandıran xassəyə malikdir. Dağ, məni olduğum ya da olmağım lazım olan insan edir. Sol əlimin şəhadət barmağı isə dağın nemətlərinin əvəzidir yəqin ki. Çadırımı qurub, yaxınlığında tonqal qalayıram. Çay qaynadıb, bardağıma süzür və ilk qurtumu almazdan öncə buxarı ilə yayılan qoxusunu içimə çəkirəm.
Yeni bir ayaqqabı almaq üçün köhnə ayaqqabının cırılması, köhnəlməsi və ya dəbdən düşməsi lazımdır. Dolayısıyla, hansısa səbəbdən dolayı ayaqqabının istənməyən olması lazımdır. Varlığından narahat olmadığımız şeyin yox olmasını ya da dəyişilməsini istəyə bilmərik. Dəyişim və inkişaf üçün narahatlığın olması lazımdır. O zaman belə çıxır ki, heç nədən narahat olmayan, xoşbəxt insan inkişaf edə bilməz. Bəs yaxşı inkişafdan və dinamikadan dayanan insan xoşbəxt ola bilərmi? Tədqiqatlara görə insanın həyatdan məmnunluq səviyyəsini qaldıran ən böyük amillərdən biri inkişafdır. Deməli, heç nədən narahat olmayan insan inkişaf etməyəcək, inkişaf etməyən insan da xoşbəxt olmayacaq. Eyni zamanda narahat olan insan da xoşbəxt deyil və xoşbəxt olmaq üçün narahatlıqlarını həll etmək istəyir. Amma həll etsə də xoşbəxt olmayacaq. Deməli, xoşbəxtlik yoxdur və xoşbəxt olmaq mümkün deyil. Ağrı və əzab realdır, amma xoşbəxtlik real deyil.Çayımı bitirib, bardağı yaşıl, nəm otların üstünə qoyub, gözlərimi üfüq boyunca uzanan səmada qızaran və batmağa hazırlaşan günəşə zilləyirəm. Günəş kainatdakı ən gözəl şeylərdən biri ola bilər. Xoşbəxtlik olmasa da, gözəlliklər var bu dünyada. Günəşin nurları məndən aşağıda qalan yaşıl meşəliklərin üstünə düşərək, qəribə bir Yeni Zelandiya havası yaradır. Bilirsinizmi, yer kürəsində həyat günəşdən gələn atomların hesabına yaranıb. Bizim bədənimizi yaradan hər şey bir zamanlar günəşin içindəydi.
Mən Günəşin bir parçasıyam.
Günəş haqqında şeirlər və mahnılar yazılsa da, Günəş onsuz da gözəldir. Onun saxta mənalandırmalara ehtiyacı yoxdur. Günəş özü də kifayət qədər gözəldir.
Bəs həyatın özü? O da gözəldir? Bir həyat necə yaşanılar? İstədiyin şeyləri yerinə yetirməyə çalışmaqla keçən bir həyat mənalıdırmı? Çünki, bir sual var. İstədiyim şeyləri həqiqətən də istəyirəmmi? Çünki, istədiyim şeylər bəzən istənilməz nəticələr verir. Bunu, ən yaxşı mən bilirəm. Və uşaqlar. Uşaq alova toxunmaq istəsə də, əslində onun alova toxunması istənilməz haldır. Mənim istəklərimdən önəmli bir şey varsa, o da həyatın axışıdır. İstəklərimin arxasınca qaçarkən nəticənin istənilən olub-olmayacağından heç vaxt əmin ola bilmərəm. Deməli, istəklərimi çox ciddiyə almadan özümü həyatın axışına buraxmağım daha məntiqlidir.
Amma həyat mənasızdır. Həyata qazandırılan bütün mənalar insanların subyektiv dəyərləndirməsi əsasında mövcud olur. Obyektiv olaraq məna yoxdur.Dizlərimi qucaqlayıb, baxışlarımı qaralmaqda olan səmanın son qırmızı çizgisində sabitləyirəm. Bu mənzərə qarşısında və insan cəmiyyətinin uzağında, vəhşi təbiət qoynunda, dizləri qucaqlayaraq oturmaq fəlsəfə etmək üçün yaxşı səbəb idi. Amma mən həqiqətən anlamaq istəyirdim. Anlamalıydım. Həyatı necə yaşayacağımı bilmədən, bu dağdan enməyəcəkdim.
Amma, həyatı necə yaşamaq olar ki? İstəklərini istədiyindən əmin olmadan və özünü mənasız həyatın mənasız axışına təslim etməyə məhkum edərək yaşamaq mümkündür? Xoşbəxtlik yoxdur və həyat mənasızdır və bizim də özümüzü mənasız gedişatın əlinə buraxmaqdan başqa çarəmiz yoxdur. Belə bir dünyada biz necə yaşaya bilərik? Hissi və şəxsi olaraq nə mövqedə dursaq, bu varoluşçu sancıdan qurtularıq? Bu özünü aldatmaqdırmı? Deyilsə, niyə deyil. Elədirsə özümüzü aldatmalıyıqmı? Aldatmalıyıqsa, özünü aldatdığını bilən insan bunu necə edə və öz yalanıma inana bilər? Yox, bu varoluşçu sancıdan qurtulmaq mümkün deyil. O zaman insan xoşbəxtliyin olmadığı, sadəcə sancının var olduğu mənasız bir dünyada yaşamağa məhkumdur.
Artıq ulduzlar qaranlığın tək düşmənləri olaraq səmada göz vuranda, mən ola biləcək ən pessimist nəticəyə gəlmişdim. Yüz illik sual beynimdə artıq səslənməkdən yorğun halı ilə yenidən yuva qurdu.
Elə isə nə mənası var? Baş verənlər niyə baş verir? Mən niyə sol əlimin şəhadət barmağını itirdim?
Bunu düşünərkən beynimin içində Albert Kamyu məzardan oyandı və mənim qarşıma keçərək çiynimdən sirkələdi:
- Niyə heç kim Sisifosun xoşbəxt ola biləcəyini düşünmür?
- Çünki, Sisifos sonsuz əzaba məhkum olub - deyə ona cavab verdim - hər dəfə qaya parçasını dağa qaldırır, amma hər dəfə də qaya parçası yuvarlanaraq yerə düşür.
- Zirvəyə doğru təkbaşına çalışmaq belə bir insanın ürəyini doldurmaq üçün kifayətdir.
- Budur məna?
- Həyatın mənası ancaq həyatın mənasızlığını və məğlubiyyətini təkrarlanacağını qəbul edərək, yenə də mübarizə aparmaqdır. İnsanı, ancaq bu mübarizə qalib edə bilər.Mən Kamyunun gözlərinin içinə baxaraq, son siqaretini yandırıb yox olmazdan əvvəl sadəcə bunu deyə bildim:
- Çox sağol.Sonra Kamyu getdi və mənim yanımda Homer peyda olub, qulağıma pıçıldadı:
- Sisifos ölümlülərin ən müdriki idi.