Həyatı tək yaşayarkən, ya da tək yaşamağa məhkum buraxılanda hər şeyi özün öyrənməyə başlayırsan. Mən 12 yaşımda seksin varlığını öyrəndim, seksin tam olaraq necə edildiyini isə 17 yaşımda öyrənə bildim, hətta gəzməyi belə 26 yaşımda öyrəndiyimi deyə bilərəm. Çünki, məhz 26 yaşımda mənə dedilər ki, ayağını əyri atırsan. Dövlət xəstəxanasında işləyən həkimlərə müraciət edərkən qeydiyyat şöbəsində ödənişlə bağlı sual verməyin nə qədər mənasız olduğunu da 24 yaşımda öyrənmişdim. Belə xəstəxanalarda həkimlər baxmırmış kimi edərkən pulu onların xalatının cibinə qoymaq lazımdır.
8 yaşım olarkən isə məhlədə qaçırdım. Uşaqlar qaçdı-tutdu oynayarkən onlara qoşulmuş və xoşbəxtlikdən bu dəfə onlar buna səs çıxarmamışdılar. Amma qaçdığım an birdən önümü iri bir ata kəsdi. Mən atamın əsəbi üzünə baxarkən o da qulağımdan tutub, ayaqlarımı qaldırmaq məcburiyyətində qaldığım ana qədər çəkdi.
- Sən bilmirsən ki, sənə qaçmaq olmaz? Belə edirsən, sonra gecələr yata bilmirsən. Tez get evə.
Mən əsəb və pərtlik hislərinin təsiri ilə gözlərim dolmuş halda sanki acıqdan evə tərəf olan yolu da qaçaraq getdim. Tam evin qapısından içəri girəcəkdim ki, ayağım ilişdi və yıxıldım.
Ağrı. Ayağımın ağrısı huşumu özünə qaytaranda anladım ki, ölməmişəm. Sadəcə yerə çox sərt bir şəkildə çırpılmışdım. Gözlərim ətrafı analiz edərək beynimin harda olduğumu anlamasını təmin edirdi. Dağın yamacında daşların üzərində uzanmışdım. Başımdan axan qanın laxtalanmağa zamanı olacaq qədər huşsuz uzandığım aydın idi. Ayağının ağrısını hiss etsəm də anlayırdım ki, hal-hazırda ağrını minimum hiss etməyim üçün bədənim şoka girir, beynim özünü bağlamağa çalışırdı. Yüksəkdən yerə çırpılmağımın nəticəsi hər nə idisə, vəziyyətim hiss etdiyimdən daha ağır olmalıdır.
Yenə 12 yaşındayam. Xəstəxana dəhlizindəki kresloda oturmuşam. Həkim valideynlərimlə təklikdə danışmaq istəyib. Məndən isə istənilən şey özümü ağıllı uşaq kimi aparmaq idi. Həyatımın ən böyük qorxu hissini yəqin ki, o koridorda yaşamışam. Ən dəhşətli kabuslarımda atam və anam həkimin otağından çıxacaq və mənə deyəcəkdilər ki, əməliyyat olunmalıyam. Məni kəsib, doğrayacaqdılar. Əslində bir baxıma koridorda mənim kabusum yaşanırdı. Anası ağlayan, arıq bir oğlanı sakitləşdirməyə çalışırdı.
- Narahat olma, bir iynə vuracaqlar. Heç hiss etməyəcən. Sən yatacan, həkimlər də səni sağaldacaqlar. Di yaxşı, ağlama. Yekə kişisən. Qorxulu heç nə yoxdur.
Oğlanın ağlamağına baxarkən məni də ağlamaq tutdu. Yaş gözlərimdən sel kimi süzülürdü və mən başımı əllərimin arasına aldım. Kaş mənim də anam yanımda olardı indi. Heç olmasa həkimlə danışmaq üçün ikisi də girməyəydi otağa. Heç olmasa biri yanımda qalardı. Bu həyatımda ən tək hiss etdiyim an idi.
Yox. Özümü ayıq saxlamalıyam. Burda yaralı halda uzanarkən ən yaxşı halda çox qan itirməkdən öləcəyəm. Ən pis halda isə gecənin qaranlığında bir hənirti səsinə özümə gələcəm və gördüyüm son mənzərə bir vəhşi heyvanın dişləri, hiss etdiyim son şey isə parçalanmağın verdiyi şiddətli ağrı olacaq. Onsuz da burda səfil vəziyyətdə uzanarkən hiss etdiyim ağrı da kifayət qədər şiddətlidir. Deyəsən, yıxılarkən başımı qarşımda bir hissəsi qırmızı rəngə boyanmış daşa pis çırpmışam. Gözlərim toranlaşır. Yox, ayıq qalmalıyam. Amma alınmır. Gözlərimi bir az dincəldim, amma çalışım ki, şüurum üstümdə qalsın. Ürəyim bulanır.
- Özündən başqa heç kimi düşünmürsən - anam üstümə qışqırır - bütün günü orda-burdasan. Gününü gün edirsən. Bir az pul qazanan kimi qudurmusan.
- Qudurmamışam. Həyatımı yaşayıram. Bütün gəncliyimi məhdudiyyətlər içində yaşaya bilmərəm.
- Nə məhdudiyyəti? - söhbətə atam qarışır - nə istəyirsən, onu yaşayırsan.
- Bəli. Amma bunu özüm qazanmışam. Mən bütün həyatımı özüm qazanmışam. Başqalarına doğularkən verilən çox şeyi mən özüm həyatdan dartıb qoparmalı olmuşam.
- Əə gic-gic danışma.
- Gic-gic deyərək mənə təsir edə bilməzsiniz. Əgər bu giclikdirsə, mən bunu etmək istəyirəm. Mən azad insanam. Azadlıq cəsarət edə bildiyin qədərdir.
- Yaxşı ki, fəlsəfə oxumusan - atam ironiya edir.
- Yaxşı ki. Mən başa düşürəm ki, icazə versən, hər kəs sənin həyatını əlindən almaq istəyər.
- Belə olduğun üçün bir qızı əlində saxlaya bilmədin - anam keçmiş sevgilim barədə söz vuraraq məni susdurmaq istəyir.
- Əlimdə tutmağı istəmədim. Çünki, o qız hələ azad fərd ola bilməmişdi.
Sabahı gün çantamı götürüb evi tərk etdim. Mən azadlığının zirvəsində tək yaşayan insana çevrilmək istəyirdim.Gözlərimi açıram. Yenə huşumu itirmişəmmiş. Başımı qaldırıram. Sol əlimin şəhadət barmağının ikiyə parçalanmış dərisindən bir ət parçası sallanır. Alnımın qanının üzümdə qurumağını hiss edirəm. Ayaqlarıma baxıram. Deyəsən, onlardan biri qırılıb.