Səhərin gözü açılmamış şəhərin təzə açılan gözü qarşısında biz yola çıxdıq. Qrupda iki xanım və mənlə birlikdə sayı iki olan kişi var idi. Bizim üçün ayrılan minibüsün qabaq oturacağında mən, arxada isə digərləri oturmuşdu. Mən başımı aşağı salıb kitab oxusam da, oxuduğum kitab Nitsşe, Kant falan deyildi. Bu dəfə mən Andrzej Sapkowskinin fantastik dünyasının dərinliklərinə dalmışdım. Minibüsün sərhədləri xaricindəki dünyaya yağış damladıqca mən də öz daxilimdə nələrinsə dəyişdiyini hiss edirdim.
Nazirliyin bizi yerləşdirdiyi mehmanxana aralıq küçələrin arxasında yerləşən iki mərtəbəli bina idi. Bizdən başqa heç kim olmayan bu binada iki yanaşı ev verərək, mehmanxana binasının da açarını bizə verdilər. Daha doğrusu mənə. Bu kiçik biznesin sahibkarı böyük ehtimalla kiçik qrupumuza baxaraq, məni lider təyin etmişdi. Qızlar onlara verilən evin təmizliyi ilə məşğul olarkən qrupumuzun digər kişisi öz təbiri ilə desək centlmenlik, mənim təbirimcə desək, yaltaqlıq etmək üçün onlara yardım etməyə başladılar. Mən isə öz evimə keçib, divanın oturacağım hissəsinin tozunu silərək, oturdum. Bir siqaret yandırıb, telefonda Rodrigo Amarante dinləməyə başladım. Axşam qızlardan biri qapımı döyüb məni yeməyə dəvət etdi. Mən onların evinə keçərkən çoxdan hazırlanmış masanı və etdiyi bütün canfəşanlığa rəğmən qızlar tərəfindən iqnor edilmiş həmcinsimi gördüm. Yemək yeyərkən belə qadınlar mənimlə söhbət etməyə çalışır və onun zarafatlarına gülmürdülər.
Bəli, bu kişi onlar üçün bu qədər yaxşı şey etməyə çalışarkən onları itirmişdi. Artıq uduzmuş, qadınlar tərəfindən kitab kimi oxunmuş, bitincə də bir kənara atılmışdı. Qadın beyni milyon illər ərzində onların başına dönən deyil, öz həyatına fokuslanıb, onu qura bilən kişini seçəcək tərzdə təkamül etmişdir. Ona görə də, qadınlar onların istədiklərini edən kişiləri deyil, əksinə öz çərçivələrinə qadını yerləşdirən kişini sevirlər.
İndi də Əhəd bu qadınların diqqətini çəkməyə çalışarkən mən beynimi açıb, qarşımdakı komanda yoldaşlarımı analiz etməyə başladım.
Lalə gözlərinin içinə yaydığı parıltı və gülümsəyərək verdiyi cavablarla özünü sevdirməyə çalışır və uşaq kimi tez-tez çiyinlərini çəkirdi. Çox pozitiv və həyatından məmnun görünürdü. Bunun maska olduğunu ən ağılsız adam belə anlayardı. Özünü şirin göstərməyə çalışaraq sevgi toplamağa çalışan qızlar əksər hallarda dəyərsiz hissi altında boğularkən tərk edilmiş olurlar.
Minayə isə əzab çəkən gözlərin arxasında var olmağa çalışan, böyük ehtimalla onun çiynində yük olan ailəsindən qurtuluş yolunu oxumaqda və özünü inkişaf etdirməkdə görürdü. Tez-tez Epiktetdən və Freuddan sitatlar gətirirdi.
Və Əhəd. Orta statistik kişi. Ayı yola verəcək qədər pul qazanmağı inkişaf və böyük bir şey zənn edən, gözəl qızlara yaxşılıq edərək onları qazana biləcəyini sayacaq qədər axmaq, belə bir layihədə olacaq qədər ağıllı.
Məni də bilirsiniz. Mən Evsiz.
- Siz fəlsəfənin hansı sahəsi ilə məşğul olursunuz? - deyə Lalə məndən soruşdu.
- Ekzistensionalizmlə.
- Deyirlər ki, seçdiyimiz ekollar bizim xarakterimizin göstəricisidir. Siz bu fikirlə razısınız? - Minayə soruşdu.
- Absurddur - deyə cavab verdim - həyat xaos və ona verdiyimiz irrasional yorumlardan ibarətdir.