Dağ

18 1 2
                                    


Səhər saat 5-də yuxudan durarkən xatırlayıram ki, hələ çantamı yığmamışam. Bu, bir az vecsizliyimdən qaynaqlanırdısa, bir az da çantama arxayın olmaqdan irəli gəlirdi. O həmişə hazır idi. Sadəcə içinə bir neçə dəst yeni paltar və dağda mənzərə şəkilləri çəkmək üçün fotoaparatımı qoydum. Və təbii ki, belə bir səfərdə olmazsa-olmaz olan Nitsşeni. Nitsşenin özü beynimdə idi, kitabını isə çantama qoydum. Çantanın ağzını bağlayarkən sanki Nitsşenin səhifələri və bığları arasından gələn hayqırtını eşitdim:
- Tanrı öldü və onu biz öldürdük
Görəsən Tanrını öldürən biz daha nələr edə bilərik?

Mən də çantamı çiynimə atıb evdən çıxmazdan öncə pıçıldadım:
- Özümüzü yenidən yarada bilərik.
Bir dövr həvəsə düşüb özümə motosiklet alsam da maşın almağı heç vaxt düşünməmişəm. Açıq havada gəzmək varkən, niyə özümü dörd təkər üstündə dayanan qutunun içinə salım ki? Ona görə də, ortaq görüş yerinə taksi ilə gedirəm. Bir maşının və ya bir insanın məni gedəcəyim yerə buraxıb, məndən ayrılması fikri xoşuma gəlir. Azadlıq, heç bir şeyə və heç bir kəsə bağlı olmamaqdır. Az əşya, az insan, az dəyər. Ona görə də, məni böyüdən ailədən kənarda yaşayır, onlarla az görüşür və evlənmirəm. Dostlarım isə mənim hər an yox ola bilməyimi qəbul etmiş insanlardı. Mən əslində heç kəsin həyatında yoxam, necə ki, mən özüm heç kimsizəm. Mən evsizəm. Mən azadam. Mən bütün ipləri qırmış, qəfəsdən çıxmış və qanadlarını sərbəstliyin verdiyi cəsarətlə çırpan bir quşam. Amma bu quşun da öz bayquşluğunu tərk etməsinə çox qalmamışdı. Mən görüş yerinə gedərkən əslində taleyimin də qırılma nöqtəsinə xəbərsizcə və cahil cəsarəti ilə getdiyimi bilmirdim.
Bilirsinizmi, 1979-cu ildə Sahraya qar yağıb? İndi mənim azadlığımın zirvəsində bütün bağlılıqlardan təmizlənmiş şüur çölümdə qeyri-adi bir hadisə baş verəcəkdi.

Dağa qalxdıqca insanların söhbətləri azalır, hər kəs enerjisini ayaqlarına ötürür. Çantalardakı sudan qurtum-qurtum içilir ki, bitməsin. Bəzi qızlar şəkil çəkdirir, bəzi oğlanlar da sanki bu hərəkətləri ilə qızlarla sevişmək şansı əldə edəcəklər kimi onlara şəkillərini çəkmələrini təklif edirlər. Ümumiyyətlə, bir oğlanın bir qızın arxasınca sürünməsi və onun təqdirini qazanmaq üçün özünü gülməli vəziyyətə salmasından daha cılız mənzərə çox azdır. Mən isə hətta məni bura dəvət edən dostlarımdan da aralıda duraraq yoluma davam edirəm. Bilirsiniz, yol yoldaşlığı insanları bir-birinə bağlayır. Mənə isə hal-hazırda və ümumiyyətlə heç vaxt belə bir bağlılıq lazım deyildi. Dağa qalxmağın maraqlı tərəflərindən biri insanlardan və şəhər mühitindən uzaqlaşmaqdır. Öz imkanlarınla özünü təmin etməyə çalışmaq, çantandan başqa heç nəyin olmaması, yorulanda dağ-daşın üzərində dincəlmək, minimalist həyat tərzi insanı aid olmadığı mədəniyyətdən alaraq, məxsus olduğu təbiətin bir parçasına çevirir. İnsan şəhərlərdən və mədəniyyətdən uzaqda özünü kəşf edir. Mədəni və oturaq həyat tərzinə keçmək ən çox kişilərin belinə yük olmuşdu. Ova gedən, macərapərəst kişi birdən-birə öz təbiətinin tələb etdiyi aqressiv mühafizəkarlığını kənara buraxmalı olmuş, hətta öz sahibi olduğu şeyləri belə "polis" və "əsgər" adlanan yad kişilərə əmanət etməyə məcbur buraxılmışdı. Bütün dövrlərdə öz ailəsi, torpağı və mal-mülkü üçün dava edəndə qəhrəman və cəngavər hesab edilərək alqış tutulan kişi birdən-birə tərbiyəsiz və mədəniyyətsiz adlandırılmağa başlamışdı. Eyni şey gender bərabərliyi adı altında qadınların sosial mühit tərəfindən yüklənməsi ilə müşahidə olunurdu. Dağdan uzaqlaşan qadın birdən-birə professional olduğu məişət işlərindən uzaqlaşdırılaraq, naşı olduğu cəmiyyət həyatına atılmağa məcbur buraxılmışdı. Artıq qadın da modern dövrdə ova getməli və evə ət gətirməli idi. Əks halda yaranmış yeni sistem öz genlərinə sadiq qalan qadını ənənəviçilik və zəifliklə günahlandıracaqdı. Dağda isə belə olmurdu. İstirahət etdiyimiz bir gölün kənarında kişilər ağır yükləri səliqə ilə yığıb, kölgə yaradarkən, qadınlar yemək və su hazırlayırdı. Beləcə, insan olaraq hər birimiz öz təbiətimizə qayıdır, kişilər ağır işlərlə məşğul olarkən qadınlar istirahət edir, kişilərin istirahət saatı çatdıqda isə qadınlar kişilərin rahatlığını yaradaraq ilahi bərabərliyi təmin edirdilər. Əslində, əsl gender bərabərliyi də insanın təbii mühitində, yəni evsizliyində yaranır.
Dağın zirvəsinə çatanda qızlar piknik süfrəsi açaraq, bizim yorğunluğumuza meydan oxudular. Qarşıdakı üç saat "azad zaman" adlandırılırdı. Bu zaman içində hər kəs istədiyini etməkdə sərbəst idi. Bəzi insanlar tez ağacların kölgəsində yatmağa başlasalar da, bir çox insan daha aktiv istirahəti seçirdi. Sevgililər özləri üçün gəzir, rəfiqə qızlar şəkil çəkdirir, dost oğlanlar da rəfiqə qızlara girişirdilər. Məni bura dəvət edən dostum sevgilisi ilə gəldiyi üçün bir baxıma bura tək gələn yeganə insan mən idim. Hər zaman belə olur axı. Uşaq vaxtı tək başına qalan insan azadlığının zirvəsində yenidən təkliyə nail olurdu. Gülümsədim və oturduğum ağac dibindən qalxaraq, çantamı belimə götürdüm. Addımlarım bu dağdan görünə biləcək hər santimetr mənzərəni kəşf etmək üçün digər ərazilərə açılaraq məni də gülən səslərdən və əylənən insanların söhbətlərindən ayırırdı. Uçurumun kənarına yaxınlaşanda artıq dünyadan və insanlardan uzaq idim və düşündüm ki, burdan yaxşı bir şəkil alınar. Mənzərə şəkillərindən ibarət bir albomum olduğu üçün fotoaparatın çıxarmaq üçün çantamı açdım. Kamera altındakı köynəyin süzülən ipinə dolaşmışdı. İpin dolaşığını açmağa çalışsam da ip sanki canlıymış kimi daha da dolanır, barmaqlarımı mühasirəyə alıb, mənimlə ölüm-dirim mübarizəsi aparırdı. Təkbaşına, bir əlimdən çanta asılı qalarkən, içindən kameramı götürməyin absurd çətinliyi məni əsəbləşdirməyə başlayırdı. Kameranı dartıb çıxara bilərdim, əlbəttə. Amma bu zaman da sevimli köynəyimin küləyə qarışıb, bir gün mənim heç olmadığım yerdə ağaca ilişib, yetim qalma təhlükəsi var idi. Amma, bəlkə də adi bir kameranı çıxarda bilməməyimin hikkəsi ilə kontrolumu itirərək irəli bir addım atdım.
Ayaqqabılarımın altından yüksələn toz yuxarı qalxarkən ayaqlarım altındakı qaya parçası da qırılaraq aşağı düşdü. İlk saniyələrdə, yəni hələ ayağım yerdən üzülməmişkən qurtulmaq ümidim var idi. İçindəki əşyalarım düşməsin deyə çantamı bərk-bərk tutaraq çarəsizcə müvazinətimi saxlamağa çalışırdım. Amma sonra uçdum. Bu saniyələr artıq özünü boş buraxaraq mübarizə aparmadığı və taleyin gedişatına ümid etdiyi anlar olur. Aşağıdakı torpağa çırpılanda bir anlıq düşündüm ki, qurtuldum. Barmaqlarımla torpağı deşərək özümü saxlaya bilərəm. Amma fizika qanunları bizim ümidlərimizdən daha güclüdür. Mənim çırpılma titrəyişimlə torpaq sürüşməyə başlamışdı və mən də onunla birlikdə aşağı yuvarlanırdım. Deyəsən, məhz o an anladım ki, durmaq asan olmayacaq. İrəlidəki ağaca çırpılıb istiqamət dəyişdirdiyimdə böyük ehtimalla huşumu itirmişəm. Aradakı bir neçə saniyəni heç vaxt xatırlamaq mənə nəsib olmadı. Gözlərimi açanda hələ də aşağı düşürdüm. Kürəyimdə və əllərimdə yanğı hiss edirdim. Amma o an aşağıda görünən mənzərənin dəhşəti mənim daha çox diqqətimi çəkirdi. Növbəti uçurumun altı çay daşları ilə dolu idi.
- Deməli, mən belə öləcəm.
Bədənimin hər santimetri torpaqdan ayrılıb, havanın bir parçasına çevrilib uçurumdan düşərkən son düşündüyüm şey bu oldu.
- Deməli, mən belə öləcəm.

Evsiz Where stories live. Discover now