Fərqli dadlar kəşf etmək...zəhər kimi idi həyat. Gecələr kimsəsizliyin dibinə vuraraq, sol əlimin şəhadət barmağının yoxluğunun yaratdığı boşluğu sağ əlimin şəhadət barmağı ilə doldurmaq xaricində nələrsə etmək olardı. İlk olaraq sosiallaşmaq üçün hər zaman həyatımın bir parçası halında olan bir məşğuliyyətə yeni duz əlavə etmək qərarına gəldim. Yenə bir dağ turuna qoşulsam da insanlardan ayrı gəzmir və onların kiçik əyləncələrində iştirak edirdim. İçində səyahət etdiyimiz avtobusda İmagine Dragonsun Believer mahnısı oxunmağa başlayanda qızlardan biri əli ilə məni rəqsə dəvət elədi. Başqa vaxt olsaydı, qıza əlimlə çox sağol deyib, oynamaq yerinə öz fəlsəfi düşüncələrimə dalmağı seçərdim. İndi də bunun içimdən keçmədiyini desəm, yəqin ki, siz də bilərsiniz ki, yüz faiz yalan danışıram. Amma ayağa qalxdım, əllərimi qaldırdım, dizlərimi bükdüm və çiyinlərimi tərpədə-tərpədə oynamağa başladım. Artıq özümü rənglərin, gəncliyin, mənasızlığın və hamı kimi olmaq komfortunun içinə atmışdım. Sonra Hozierin səsi avtobusda dalğalanmağa başladı. Mahnı nəqarət hissəsinə çatanda mən də "take me to church" deyərək oxumağa başladım.Take me to church
I'll worship like a dog at the shrine of your lies
I'll tell you my sins and you can sharpen your knife
Offer me that deathless death
Good God, let me give you my lifeArtıq mən fəlsəfi düşünən, kitab oxuyan və hər növ gərəksiz bilgini beynində depolayan o qəribə oğlan deyildim. "Düşük olmaq" bir anda o qədər xoş gəlməyə başlamışdı ki, hətta bürclərə də inanmağa hazır idim. Zarafat edirəm, buna inanmayın.
Sonra yol boyu insanlar mənim sol əlimin şəhadət barmağı ilə maraqlanmağa başladılar. Hekayəm onlara həyəcan verici gəlmişdi. İnsanların şəhadət barmağımın yoxluğunu varlığından daha çox sevməyə başlamışdılar. Dağa qalxarkən mənim hər kəsdən əyləncəli insan olduğumu düşünən bir neçə nəfər mənim ətrafımda bir kompaniya əmələ gətirərək, ümumilikdə xüsusilik yaratmağa başladılar. Beləliklə, həmin günün populyarı mən olmuşdum.
Qayıtdıqdan sonra heç vaxt etməyəcəyim bir şeyi eləməyə başladım. Mən - tənha filosof, ağırlıq karizmasını geyinmiş, insanların uzağında olan bir insan - kizomba rəqsi ilə məşğul olmağa başladım. İlk rəqs günümdə etdiyim və mənə öyrədilən hər şey çox mənasız və utancverici gəlmişdi. Bunların heç biri mənlik və mənim edəcəyim şeylər gəlmişdi. "Düşdüyüm hala bax" ədası ilə çıxışda publardan birinə yerləşib içkini boğazıma tökdüm. Qızın belini qucaqlamaq, əlimi ehtiraslı bir toxunuşla çiynində gəzdirmək və bunu edərkən belimi qıvrıldaraq etdiyim ayaq oyunları kifayət qədər stressli idi. Hər nə qədər qadınları özümə heyran edib, onların yatağında gecələmək vərdiş etdiyim bir şey olsa da, bu dəfə qadınlarla yaxşı olmadığım və hətta heç mənə görə olmayan bir sahədə partnyor olurdum. Amma qərarlı idim. Fərqan bəy düz deyirdi. Həyatın heç görmədiyim rəngləri ilə tanış olmadan onun haqqında qərar vermək doğru olmazdı. Qısa bir zamanda başqa bir Mən kəşf etməyə başladım içimdə. Rəqqas Mən. Rəqs edərkən başqa bir adama çevrilir, ritmi damarlarımda hiss edir və maraqlı kombinasiyalar qururdum. Müəllimim öyrənmə qabiliyyətimin yüksək olduğunu deyir və əlavə edirdi:
- O qədər iştahla rəqs edirsən ki, dərs olduğunu unudub, istəyirəm səni seyr edim.
Qısa bir müddətdə Latın Amerika gecələri ilə bağlı şənliklərin ulduzuna çevrilmişdim. Bu arada geyim tərzimi dəyişib, həyatımda ilk dəfə açıq rəngli paltarlar geyinməyə başlamışdım. İçimdə yeni yaranan ruh və tanış olduğum həyatın yeni rəngi bunu tələb edirdi. Mavi, ağ, göy rənglərlə birlikdə sanki içimdəki qaranlıq sökülür və yaranan yeni enerji sol əlimin şəhadət barmağını əvəz edirdi.
Artıq həyatımda fəlsəfədən çox rəqs var idi ki, özümü başqa bir maraqlı layihənin içində tapdım. Nazirlik kənd məktəblərində şagirdləri fəlsəfə ilə tanış etmək qərarına gəlmişdi. Və təbii olaraq, ilk ağıla gələn adlardan biri mən olduğum üçün məni bu layihəyə dəvət etdilər. Mənimlə birlikdə gedən 4 nəfərlik komanda da var idi. Hiss edirdim ki, bu yeni rəngdir. Düşünürdüm ki, yeni bir rəng kəşf edəcəm bu proseslə birlikdə. Amma bilmədiyim bir şey var idi. Həyatımın yeni mərhələsi başlayır və kəşf edəcəyim şey həyatın bir rəngi deyil.
Getdiyim kənd mənim üçün həyat adlı dünyanın heç vaxt getmədiyim ölkəsi olacaqdı.