- Özünü sevmək, özünü bir şey zənn etmək və özündən razı olmaq məncə, böyük cəsarət və yalançılıq qabiliyyəti tələb edir. Çünki, insan heç kimi bilməsə də özünün ən pis, ən iyrənc və ən zəif hallarını bilir. Biz başqalarını gözümüzdə ideallaşdıra bilərik. Bunun üçün sadəcə bəzi şeyləri düşünməməyimiz lazımdır. Amma özünü ideallaşdırmaq üçün özünə qarşı yalançı və kor olmaq lazımdır. İnsanın həyatını sürdürə bilməsi üçün öz iyrənc varlığı ilə barışması, göz yumması və bütün səfilliyinə bir ad verməsi lazımdır. Çünki, insanın həyata gəlməsi belə iyrəncdir. İki insanın tərli bədənini bir-birinə sürtməsi və bu bədənləri yalaması əslində çox iyrəncdir. Ümumiyyətlə də ayaqyoluna gedən və bəzən gedə bilməyib, əzab içində qıvrılan iyrənc xəyallara sahib varlıq gözəl ola bilməz. Hər səhər saçımızı daramadan, ətir sürmədən, gözəl geyinmədən və yaxşı görünmək üçün min cür hoqqadan çıxmadan evdən çıxa bilmiriksə, deməli gözəllik bir illuziyadır, biz iyrənc və yalançı varlıqlarıq.
Mən monoloqumu bitirib psixoloqumun gözünün içinə baxdım. O qaşlarını çatıb, diqqətlə məni dinləyirdi. Son zamanlarda üç psixoloq dəyişmiş və hansısa insanla söhbət etmənin mənə kömək edəcəyindən əlimi üzsəm də, Fərqan bəy fikirlərimi dəyişdirməyi bacarmışdı. Digər psixoloqlara görə terapiya qiyməti baha olsa da, o, son qəpiyə qədər layiq olduğunu sübut etməyi bacarmışdı. Hüzurlu və sakit olduğu qədər də diqqətli idi və terapiya boyunca hiss edirdim ki, zehnini mənim üzərimdə cəmləyib. Mənim kimi özünü insanlardan qoparmış bir insanın yəqin ki, heç vaxt ağlına gəlməzdi ki, onun şəfqətə ehtiyacı var. Amma Fərqan Kərimli məni dinləyərkən sanki onun gözlərindən yayılan şəfqət enerjisi mənə əslində illərdir ehtiyacım olduğu şeyi verirdi. Şərtsiz qəbul edilmə. Hiss edirdim ki, mənim danışdıqlarımı beynində öz ağlına görə dəyərləndirmir və mənimlə empatiya qura bilirdi. Bu məni danışmağa cəsarətləndirməklə qalmayıb, həm də rahat hiss etdirirdi. Bəlkə də, ehtiyacım olan ikinci şey də bu idi. Başa düşülmək. Psixoloqumun gözlərində gördüyüm anlayış və "məni görür" hissi müəyyən bir ödənişin qarşılığı olsa da, anlayırdım ki, o, məni pul aldığı üçün görmür, gördüyü üçün pul alır.
- Təşəkkür edirəm mənə güvəndin və mənimlə həyatını və düşüncələrini səmimi bir şəkildə paylaşdın - deyə anlayanda ki, mən artıq danışmaq istədiklərimi danışıb bitirmişəm və ondan nəsə gözləyirəm, danışmağa başladı - sənin həyatını dinləyərkən bir şey diqqətimi çəkdi. Həyatını iki hissəyə bölə bilərik. Müəyyən bir ana qədər sən çox emosional və sentimental bir insan olmuşam. Bu dövrdə xəstəliklərdən dolayı bir çox məhdudiyyət qoyulub sənə və sən yaşaya bilmədiyin şeylərin əzabını çəkmisən. Əzabın artdıqca sanki daha çox fəlsəfəyə meyl etmisən, daha azad, daha praqmatik və daha rasional olmağa başlamısan. Hissiyatdan uzaqlaşıb, məntiqdən yapışdıqca daha uğurlu və rahat olmağa başlamısan. Bunlar real faydalardı. Amma bu dəfə də hissiyatsızlığın verdiyi mənasızlıq və insansızlığın verdiyi kimsəsizlik sənə əzab verməyə başlayır. Bilirsən, beynimizdə amiqdala deyə balaca bir hissə var. Bir mərcimək dənəsindən bir az böyükdür. Bizim hislərimiz burda yaranır. Bəzi xəstəliklərin müalicəsi zamanı keçmişdə amiqdala hissəsi cərrahi yolla kəsilib, atılırdı. Bu zaman insanlar hislərini itirdikləri üçün onlar üçün heç nəyin önəmi və mənası qalmırdı. Hislərsiz həyat insana mənasız gəlir. Rasionallığın faydasını o qədər görmüsən ki, hislərdən uzaqlaşaraq özünə mənasız bir dünya inşa etməyə başlamısan. Və azadlıq. Uşaqlıqdan bəri azad olmağı arzulamısan və buna çalışmısan. Bu, əlbəttə yaxşıdır. İnsan azad olmalıdır. Amma, məsələ burasındadır ki, sən gücləndikcə çox azad olmusan. Həddindən çox. Bu qədər azad həyatın içində daimi bir yoldaşın, ya da hər hansı bir insanın olması çətin məsələdir. Budur, tənhalıq belə başlayır.
- Yəni mənim problemim azadlıq və rasionallıq oxunda ən uc nöqtəyə gedib, çatmağımdı? Standart, qızıl ortanı tapmalıyam?
- Elə də deyə bilərik. Həyatın daha hissiyat dolu tərəflərini kəşf etmək barədə düşünə bilərsən? Nə düşünürsən?
- Düşünürəm ki, hədəfi tam onun ikidən vurdunuz.