Təxminən 8-9 yaşım olarkən məhlədə bir daşın üzərində oturub qarşımda futbol oynayan uşaqların hərəkətlərinə baxırdım. Belə bir vəziyyətin içində olmağın ümidli bir rəzilliyi mövcuddur. Sizi oyununa almayan uşaqlara kənardan baxmaqdan daha pis bir şey varsa, bu da o uşaqlara yaxınlaşmaqdan belə məhrum olmaqdır. Amma indiki situasiyada topun qırağa çıxdığı anlarda mənim qaçaraq topa vurmaq və onu əsl sahiblərinə ötürmək şansım var idi. Təxminən bir saatlıq oyun ərzində belə bir şansı iki dəfə yaxalayırdım, amma bu anlar o qədər gözəl idi ki, bir saat daşın üstündə oturmağa dəyirdi. Uşaqların ayaqları altından çıxan tozların gecələr nəfəssizliyimə səbəb olması belə vecimə deyildi. Allergik astmanın verdiyi boğulma ilə əziyyət çəkərkən öz-özümə deyirdim:
- Əsas odur ki, bu gün iki dəfə topa ayağım dəyib.
Bəzən oyunçu əskikliyinə görə uşaqların məni oyuna qatdığı da olurdu. Bu da valideynlərimin də gözündən yayınmaq şansı əldə edirdimsə, bir il bayram etməyimə yetəcək qədər gözəl anlara çevrilirdi. İl demişkən belə şeylər ildə üç dəfə olardı, ya yox...
Valideynlərim həyatda qalmağım üçün məni hər şeydən məhrum etdikcə mənim içimdə bir üsyan baş qaldırırdı. Bu üsyan mənim kimi bu həyatın bir küncünə atılmış bir canlını üzünü güldürəcək faktorların axtarışına axtardı. Mən bu dünyanın kənarında özümə yeni dünya yaratmağa məhkum idim. Bu dünya atamın mənə aldığı kitabların səhifələri arasında yer alırdı. Bu səhifə qatarı detektiv, fantastika, drama stansiyalarından keçərək ən sonda fəlsəfədə dayanmışdı. Artıq mənim də dostlarım var idi. Nitsşe, Kant, Hegel, Sokrat, Platon, Epikür, Budda.
17 yaşıma çatanda artıq bütün xəstəliklərim sağalmış və mən fəlsəfə oxumaq istədiyimə qərar vermişdim. Universitetdə fəlsəfə oxumağa gedərkən məni digərlərindən fərqləndirən bir şey var idi. Qrup yoldaşlarım fəlsəfə oxumağa gəlirdilər, amma mən artıq oxunacaq əksər kitabı oxumuşdum. Belə vəziyyətdə isə mənim ulduzumun parıldaması və hələ erkən yaşlardan müxtəlif yerlərdə fəlsəfədən danışaraq pul qazanmağım təəccüblü deyildi.
Bilirsinizmi, pul elə bir şeydir ki, sizi təkcə maddi rifaha deyil, həm də psixoloji azadlığa çıxarır. Siz anlamağa başlayırsınız ki, istədiyiniz əyləncəni, məhsulu və komfortlu həyatınıza ala bilərsiniz. Siz bilirsiniz ki, bir probleminizin yarandığı halda onu həll edə biləcəksiniz. Bu, əsəblərinizi sakit və sizi hüzurlu edir. Pulunuz çox olanda insanlar sizə hörmət edir və yaxşı davranırlar. Bu yaxşı davranışlar sizdə belə bir illuziya yaradır ki, insanlar sevilməyə layiqdir və siz də hər kəsə qarşı daha bağışlayıcı olursunuz. Fəlsəfi təlimlərlə bağlı yaratdığım ictimai birlikdə uşaq vaxtı məni incidən insanları işə götürəndə anlayırdım ki, nə qədər böyüklük edirəm. Bu, məni başda özüm olmaqla hər kəsin gözündə ucaldırdı. Çünki, mənim pulum var idi. Valideynlərimin qadağaları, insanların məni incitməsi və xəstəliklərdən əziyyət çəkməyim ehtimalı ilə mənim aramda böyük bir məsafə var idi. Xəstəliklərimi sağaltmış, ailəvin buxovundan qurtulmuş və insanların hörmətini qazanmışdım.
Pul ilə mənim aramda qəribə bir başqa münasibət də var idi. Mən pulsuzluğun və məhdudiyyətin nə olduğunu bilirdim. Yeniyetməlik dövründə ailəm sağlamlığım üçün ziyanlı bir şey etməyim deyə mənə adi cib xərcliyi də vermirdilər. Mən avtobus pullarını bir həftə yığaraq özümə dönər alırdım və bu, inanılmaz dərəcədə böyük zəfər hissi bəxş edirdi mənə. Dönər mənim azadlığımın və bu həyata qarşı qələbəmin simvolu idi. Mən həftədə bir dəfə digər yeniyetmələr kimi dönər yeyirdim. Bu, həyata qarşı orta barmaq göstərmək idi mənim üçün. Universitetdə təqaüd alarkən cibimə ayda 70 manat girməyə başlamışdı. Bu 70 manatın böyük bir hissəsi kirayə puluna getsə də, ən azı ayda bir dəfə dostlarımla pivə süfrəsi yarada bilirdim. İlk 100 manatımı qazananda, düşünürdüm ki, bu pulla istədiyim hər şey edə bilərəm. Sonra 300 qazanmağa başladım və bu, mənə özümü milyoner kimi hiss etdirirdi. Aylıq qazancım 500 olduqda gəzişim belə daha görkəmli olmağa başlamışdı. Sonra 1000,2000 və 3000 görməyə başladım. Dolayısıyla, mənim heç vaxt az pulum olmayıb. Nə qədər qazanmağımdan asılı olmayaraq pul mənim üçün həmişə çox idi. Çünki, mən acanda mayonez çörəklə bir həftə keçirməyin nə olduğunu bilirdim. Ona görə də, pul yığmaq dərdim olmadığı kimi kasıblamaq qorxum da yox idi. Uşaq vaxtı yaşadığım bütün məhdudiyyətləri 23 yaşımda aradan qaldırıb xəyalını qurduğum hər şeyə çatdıqdan sonra qərar verdim ki, artıq bu həyatda qaçırdığım hər şeyi yaşamaq lazımdır. Qazandığım pullarla özümə rahatlıq və azadlıq satın almağa başlamışdım. Dəbli paltarlar, qızları heyran buraxan motosikletim, gözəl qızlar, gəzdiyim ölkələr, içdiyim viskilər, qatıldığım ekstrim əyləncələri və realiti-şoular. Bütün bunlara baxmayaraq mənim tüfeyli həyatı yaşadığımı söyləməyə haqqınız və cəsarətiniz yoxdur. Çünki, artıq 29 yaşım olanda mən fəlsəfə üzrə fəlsəfə doktoru olmuş və yazdığım iki kitabla adımı ölkənin ən çox oxunan üçüncü filosofu olaraq yazdırmağı bacarmışdım.
Beləliklə, günü xilas edən əyləncələrim və azadlığımın simvolu olan rəngli həyatımın çalarları arasında vecsiz həyatımı yaşayarkən görünməz bir əlin məni sirkələyəcəyi və içimə yayılmış ara-sıra oyanan allergik nihilizmimi sarsıdacağı ağlımın ucundan belə keçməzdi. Çünki, mən bilmirdim ki, mənə nə yaxınlaşır?!