Həyat və Ölüm

7 0 0
                                    


O mənim üzümə baxır və göz yaşlarını silərək, deyir:
- İndi nə olacaq? Vəssalam? Hər şey bitdi? Ayrılırıq?
- Təəssüf. Buna məcburuq. Bizdə alınmır.
- İnanmıram. Daha öncə də sınamışıq. Biz ayrıla bilmirik.
- Bu dəfəki fərqlidir. Bundan əvvəlkilərdə sən ayrılmaq istəmisən. Bu dəfə mən ayrılıram.
- Nə demək istəyirsən?
- Mən ayrılmaq qərarına gəlmişəm. Başa düşürsən? Bu kapriz və isteriya deyil. Bu həqiqi bir qərardır.
- Mənimkilər kapriz və isteriya idi?
- Şübhəsiz. Sən sənə yaxşı bir həyat verəcək potensial kişini emosional və komfort tələbatların üçün də istədiyi formaya salacağına ümid edən bir qızsan. Mən isə həyatdan nə istədiyimi və nə istəmədiyimi çoxdan həll etmiş bir insanam. Ona görə də, üç illik münasibətimiz boyunca sən əlli dəfə "ayrılaq" desən də, yenidən barışmısan. Mən isə birinci dəfədir deyirəm. Və geri dönüş olmayacaq.
- Ola bilməz.
- Bilirəm, inanmırsan. Onsuz da inanmadın heç vaxt. Halbuki, mən sənə demişdim. Həyatım boyunca azadlığım o qədər məhdudlaşdırılıb ki, sənin də məni istədiyin kimi yonmana icazə verə bilmərəm. Hələ çox şeydə güzəştə getdim sənə. Amma demişdim. Məni bir az da küncə sıxışdırmağa davam etsən, mən sənə ən zidd olan antoqonistə çevriləcəm. Özümü tanıyıram. Mənim azadlığımı əlimdən almaq istəyən hər kəsi həyatımdan heç düşünmədən çıxararam.

Mən kamikedzəyəm. Öz dəyərlərimi və azadlığımı qorumaq üçün əlimdəki ən böyük silah öz bədənimdir. Mən də həyatım boyunca bağsız, başsız, evsiz və kimsəsiz olmaq üçün əlimdən gələni elədim ki, həyatıma müdaxilə edən olmasın. Azadlıq adı verdiyim bombanı üstümə bağlayaraq, hər yerdə özümü partlatdım.  Bombanı kənardan idarə etdiyimi düşünürdüm. Amma, bomba pultun özü imiş. Düyməni hər sıxanda insanlarla birlikdə mən də ölürdüm. Parçalanır və məhv olurdum. Və mən, indi bombanın son qurbanı oldum. Mən öz dünyamın qiyamətiyəm. Bilmədiyim şey isə o idi ki, cənnətə gedən yollar cəhənnəm daşları ilə döşənib.

- Bütün günü boş-boşuna gəzirsən - anam artıq dözə bilməyərək deyir - day getmədiyin yer qalmayıb. Karate, salsa, dulusçuluq... Dulusçuluq ee dulusçuluq. Harda mənasız şey var, ona maraq salırsan.
- Mama, sözlərinə fikir ver. Mənim sevdiyim şeyləri təhqir edə bilməzsən. Sənə görə mənasızdır, mənə görə mənalı. Zövqlərimə və seçimlərimə hörmət etməlisən.
- Hörmət zad eləmirəm belə şeylərə. Bunun danışığına bax.
- Öz danışığına bax. Mənim həyat tərzimi alçaltmağa haqqın yoxdur.
- Övlad anasına haqq söhbəti eləməz.
- Edər, çünki məni sən dünyaya gətirmisən. Məni xoşbəxt etməlisən. Mənim istəklərimi nəzərə almalısan.
- Amma sən bizim heç birimizi nəzərə alma, elə?
- Yeri gələndə, hə. Mən gənc nəsiləm. İndiki dünya mənə aiddir. Sizin həyatınız var, mən isə yeni qururam həyatımı. Yeni kəşf edirəm hər şeyi. Ona görə də, əsas diqqət mənə ayrılmalıdır.
- Biz ölək, hə? Biz heç kimik, hə?
- Mənə belə emosional cümlələrlə təsir edə bilməzsən. Bunlar hamısı manipulyasiya cümlələridir. Sən özün də bilirsən ki, mən o mənada demədim. Amma söhbəti qarışdıraraq yenə də əsas temadan, yəni mənim problemlərimdən uzaqlaşırsan. Təki, sən səhv çıxmayasan. Önəmsədiyin tək şey budur? Hislərimi və düşüncələrimi hər dəfə sənlə bölüşəndə məni günahkar hiss etdirərək aradan çıxmağa çalışırsan.

Bu söhbətdən sonra çantamı götürüb, evdən çıxdım və azadlığın zirvəsinə dırmaşaraq uçurumdan aşağı yıxıldım. İndi də o uçurumun aşağısında uzanır və ölümün ayaq səslərinə qulaq asmağa başlayıram. Ölən zaman bilirsiniz nə baş verir? Əvvəlcə, şüur dumanlanır. Göz qapaqları ağırlaşır və sən xəyalla reallığı artıq bir-birindən ayırmamağa başlayırsan. Bir tərəfdən özümə təkrarlayırdım ki, təslim olma, özünü ayıq tut, gücünü topla. Bir tərəfdən isə öləcəyini anlayan insanın gözlərini bağlayaraq, özünü əzrayılın qollarına buraxmasından başqa çarəsi qalmır. Yaşamaq yanğısı ilə ən dolu olan insan belə ölüm qarşısında dirəşməyin mənasızlığını anlayaraq, qəribə bir hüzur içində gözlərini bağlayar. Həqiqət şərabı zəhərli olsa belə içilməli və inkar edilməməlidir. İnsan sadəcə öz həqiqətini inkar edə bilər. Beynim ölümü rahat yaşamağım üçün özünü söndürməyə başlayır. Bədənimdəki bütün ağrılar sönərkən, vücudum çəkisizliyə qovuşur. Sonra səslər eşitməyə başlayıram. Böyük ehtimalla, hafizəmdəki ilk səslərdi. Məni doğan zaman anamın qışqırması və həkimin "burdadır, onu görürəm" deyə qışqırması. Sonra mənə toxunurlar, məndən tuturlar. İplərimi qopararaq bu həyatdan mümkün ola bildiyincə uzaq durmağa çalışarkən, məni yaşamağa doğru çəkən əllər öz mübarizəsini davam etdirir. Yenə, həkimin səsini eşidirəm.
- Ehtiyatlı olun, yavaşca tutun.
Şüurum özünü söndürür.
- Nə oldu? Tapmısınız.
- Hə, burdadır. Uşaqlar, hazırsınız. Üç deyəndə yavaşca qaldırıb, xərəyə uzadacağıq.
- Yaşayır?
- Hə, zəif də olsa nəbzi vurur.
- Mən hiss eləmirəm. Deyəsən, ölüb.
- Çox qan itirib. Əlinə baxın, nə gündədir. İnfeksiya düşüb.
- Ölüb, ölüb. Nəfəs almır.
- Adam kimi nəbzini yoxla barmağınla. Nə edirsən sən?
- Ürək zərbəsi tədbiq edirəm. Qabırğalar qırılsa da, ürək döyünməlidir.

Ağrı. Sinəmə çökən ağırlıq məni həyata qaytarır. Deyəsən, artıq doğulmuşam. Həyata gəlməyim məni müşahidə edən ağrı ilə peyda olur. Yaşamağın hər zaman əzab verici bir tərəfi var.

- Deyəsən, işə yarayır.
- Göz bəbəyi refleksini yoxlayın.
- Fənərini mənə ver.

İşıq. Mən doğuluram. İşıq seli gözlərimdən içəriyə daxil olur və yaşamın hər anı kimi qarşısıalınmaz bir əzaba çevrilir. Mən dünyaya gəlirəm. Ayrılıqlar, bitən hekayələr və hər şeyin fəlakət olacağı ilə bağlı olan mövcud, qorxunc ehtimallar dənizi kimi də ifadə edilə bilən həyat məni yenidən qucaqlayır.

İşıq kəsildi. Qaranlıq.

Evsiz Where stories live. Discover now