Sol əlimin şəhadət barmağı

11 1 0
                                    


Sanki, bütün bədənim kəsilib, atılmış və geriyə sadəcə barmağım qalmışdı. Mən artıq barmaq idim. Sol əlimin şəhadət barmağı. Hiss etdiyim yüngüllük, əskiklik və boşluq təsvir edilməz bir əzabla zəngin idi. Özümə yer tapa bilmirdim, hər kəs yanımda olsa da, hər kəs uzaq idi. Əskik idim, şikəst idim. Bu, sol əlimin şəhadət barmağı ilə bağlı bir şey deyildi. Əskikliyim və şikəstliyim sevgi dolu insanlardan uzaqlığımla, ünsiyyət bacarıqlarımın aşağı olması ilə əlaqədar idi. Anlamışdım. Mən yarımçığam. Çünki, insansızam. Əgər, kimimsə olsaydı, kimisə özümə yaxın buraxsaydım daha tez tapıla və xilas edilə bilərdim. Kimsəsizlik məni parça-parça öldürür. Hələ ki, sadəcə sol əlimin şəhadət barmağını itirmişəm.
Axşam anamın bişirdiyi supu içdikdən sonra çantamı qucaqlayıb yatdım. Ondan ayrılmaq istəmirdim. Çantam ən pis günümdə yanımda olmuş və həyatımı xilas etmişdi. Ona qarşı heç bir insana hiss etmədiyim sevgi hiss edirdim. Qucaqlamaq üçün heç kimim olmadığı üçün çantamı qucaqlayırdım.
Bunlar hamısı yuxu imiş. Mən o uçurumun kənarından heç qurtula bilməmişəm. Beynim, xəyal etdiyimi mənə göstərirmiş. Barmaqlarımda torpağı deşir və dağdan asılı qalıb, həyatda qalmaq uğrunda mübarizə aparıram hələ də. Ağrı. Qırılan qabırğam ağciyərimə girir və mən qışqırarkən öz səsimə yuxudan ayılıram.
Artıq bir həftədir ki, yuxularım qarışır, o dağdan qurtula bilmirəm. Dağ məni öldürməkdə təkid edir. Yerimdən qalxaraq, tərimi sildim. Mənə diqqətlə baxan və "narahat olma, mən burdayam" deyən çantamı ehmalca yerə qoydum.
- Bilirəm, ehtiyacım olan hər şey səndə var.

Amma, bəlkə də yox? Bir çantanın içinə insan sığmır, elə deyil? Mənim insana ehtiyacım vardı. Bunu etiraf etmək istəməsəm də, bilirdim ki, saçıma sığal çəkəcək, məni qucaqlayacaq və qayğıma qalacaq bir insana ehtiyacım var. Dizlərimi qucaqlayıb, çarpayıdan oturdum. Deyəsən, qışqırığımı heç kim eşidib, yuxudan oyanmamışdı. O biri otaqdan gələn atamın dərin-dərin nəfəs alış-verişlərini eşidirdim. Kaş ki, oyanardı. Məni gəlib, qucaqlayaraq kaş ki və deyərdi ki, hər şey yaxşı olacaq.
Mənim insana ehtiyacım vardı. Ancaq, insandan daha çox mənim kiməsə önəm verməyimə ehtiyacım vardı. Yanımda olmasını istədiyim, önəm verdiyim və ürəyimin onun üçün döyündüyü. Kaş ki, sevgi mənim də içimə dolardı. Kaş ki, mən də kiməsə önəm verərdim.
Boşluq. Həyatımda yüz ildir ki, mövcud olan boşluğu son vaxtlar daha çox hiss etməyə başlamışdım. Doldurmaq lazımdır. Kitablar, fəlsəfə, filmlər, məni görməyə gələn dostlarımla söhbət, kompüter oyunları... artıq heç biri bəs eləmirdi. Sol əlimin şəhadət barmağı olarkən necə də hər şey yaxşı idi. Sanki, yaramın üzərində sol əlimin şəhadət barmağı boyda bir maneə var idi. Barmağımın gedişi ilə yaram gün üzünə çıxmışdı. Bir tərəfdən insansızlığımın boşluğunu yaşayarkən, bir tərəfdən də bu məntiqsiz, plansız, emosional və eqoist insanlarla nə edəcəyimi bilmirdim.
İnsanlar. Hörmət, anlayış və mədəniyyət kimi məfhumlardan çoxdan uzaqlaşan, maddi olan hər şeyə dəyər verən, həyatı anlamayan, bürclərə inanıb, kainata enerji göndərən, fala baxan və digər bütün rəzillikləri edən cahillər. Bu insanların arasında qalmaq və onların orta əsr xristian doktrinasından qalmış köhnəlmiş fikirlərinin yaşadığın cəmiyyətin strukturuna təsirinə dözmək məcburiyyətində qalmaq başımın gicgah hissələrini məncənək kimi sıxan ağrıya səbəb olurdu. Əlbəttə ki, məsələ sadəcə bilgisizlikdən doğan cəhalətin sıxıcılığı deyildi, eyni zamanda bunun zərərləri idi. Cahil insanlar tərəfindən yetişdirilən nəsillər yerə atdıqları zibillər, su hövzələrinə tulladıqları plastik kütləsi və ətrafa püskürdükləri aqressiya ilə dünyanı yaşanması mümkün olmayan bir hala gətirdilər. İnsanların həyatdan və digərlərindən nə istədiklərini bilməmələri sosial anarxiyaya və xaosa səbəb olurdu. Bu insanların arasında düşünə bilən insan tənhalığa məhkum olur və insansızlıqdan əziyyət çəkir.
Amma əslində, yox. Tanıdığım ağıllı və insanlı insanlar var. Bəs mən niyə o insanlardan deyiləm? Mən niyə insanlarla ortaq bir harmoniyaya girə bilmirəm? Mən niyə xoşbəxt deyiləm, hə? Mən niyə xoşbəxt deyiləm? Hər kəs yaşayır rahatlıqla. Xoşbəxtliyə layiq olmayan insanlar belə xoşbəxt olur. Mən niyə xoşbəxt deyiləm bəs? Mən niyə barmaqsız və axsaq qaldım? Mən niyə yarımçığam? Mən niyə şikəst oldum? Mənə niyə kömək edəcək bir insan yox idi orda? Mən niyə uçurumdan kimsəsizliyə yıxıldım? Niyə dağ mənim üzümə həqiqəti çırpdı? Mən də onunla üzləşməliyəm.
Çantamı götürüb, evdən çıxdım.
- Hara gedirsən?
- Bilmirəm.
Bilirdim. Aylar sonra məni birinci raundda məğlub edən düşmənimlə üzləşməyə hazır vəziyyətə gəlmişdim. Gedirdim. Dağa gedirdim. Yenə tək, sol əlimin şəhadət barmağı olmadan, axsaq və yarımçıq halda.
Qorxurdum. Amma qərarlıydım. Öz-özümə dedim:
"Bu oyunu oynamaq istəyirəm."

Evsiz Where stories live. Discover now