🕯️5| Keçmişə Doğru

23 13 4
                                    

Mən keçmişin üzərindən xətt çəkmsəmdə, o mənim yaxamdan iki əlli yapışmışdı.

*

Əlimin altındaki kağızı əsəblə buruşdurub, kitabı qarşıma çəkdim. Bəlkə də cəmi on dəqiqə idi masa başına dərs oxumaq üçün keçmişdim, amma yenə də rahat yox idi.

Ruzigar gedəndən sonra - məşhur dayım oğlu gələndə, o getmişdi - anam qonaqlarına qulluq etməyim üçün ardıcıl işlər tapşırırdı. Süfrəni hazırladıqdan sonra yeməkləri masaya düzmüş, qonaqların istəyi ilə servis də etmişdim. Qonaq otağında atam, dayım, dayımoğlu və Mahir - bir sözlə kişilər yemək yeyir, mən də onların istəklərini yerinə yetirirdim. Mətbəxdə isə anamgil oturmuşdu və ona da Nazənin köməklik edirdi.

Atamgil yeməklərini yeyib bitirdikdən sonra sürətlə süfrəni yığışdırmış, onlara çay hazırlamışdım. Mən çayı süfrəyə gətirəndə, dayım kürəyini stola söykəmiş, əlində siqaret - evin içində çəkirdi - başına gələn "maraqlı əhvalatlardan" danışırdı. Atam onun danışdığı rəvayətlərə ağız dolusu gülür, əllərini bir-birinə vuraraq qəhqəhə çəkirdi. Doğrusu, heç vaxt atamın belə ürəkdən gülüb əyləndiyini görməmişdim. Bizim yanımızda gülməyi burax, dodaqları heç yuxarı doğru qıvrılmazdı da. Bizi sevmədiyi açıq - aşkar ortada idi, amma bunun səbəbini heç birimiz bilmirdik. Neyləmişdik ki biz ona?

Di gəl ki, dayımın danışdığı rəvayətlərə fikir verirdim, elə də gülünəcək bir şey yox idi. Gürcüstanda, bazarda alverçilik edərkən başına gələn hadisələri nəql edirdi. Bir müştəri ilə sözü çəp gəlmiş, digəri ilə uzun illərdən sonra tanış çıxmış, bir başqası ilə pul üstündə dalaşıb polislik olmuşdu. Bunlar qətiyyən gülməli deyildi və masada mənim kimi fikirləşən biri daha var idi, Mahir. Atamın əksinə onun üzündən bezmişlik oxunurdu, 'Axı mənim burda nə işim var' deyərmişcəsinə.

Çayları qabaqlarına düzdükdən sonra, sinini əlimə alıb gedirdim ki, dayımın səsləməsi, yenidən geri qayıtmağıma səbəb olmuşdu.

"Bahoo Məryəm! Ay qız sabahdan burdasan, bir yaxın gəlib hâl-əhval tutmursan."

"Ayə," atam kürəyini söykədiyi stoldan ayrılıb dedi, "Neynirsən onu, sən davam elə görək, ayrı nə var nə yox o diyarlarda?"

Dayım ovucun içini atama göstərərək, "A kişi bir dayan görək. Qaçmıram ha burdayam!" demişdi. Sonra həmin əli ilə mənə gəl-gəl etmişdi. İstəksiz addımlarla onun yanına getmişdim.

Qolumdan tutaraq məni qucaqlamışdı. Tər, araq və ətirinin qoxusu bir-birinə qarışmışdı. Bildirmədən nəfəsimi tutub məni buraxmasını gözlədim.

Ayrıldıqdan sonra məni süzüb, atama tərəf çevrilmişdi, "Ə deyrəm nəsildi dana, nətər oxşayır bacısına! O da rəhmətlik Səkinəyə oxşayırdı."

Əsəblə gözlərimi qaçırmışdım, bizim qohumların məni hər gördüklərində bizə Pəri'ni xatırlatmaq kimi bir adəti var idi. Pəri məndən dörd yaş böyük olsa da, bir birimizə həddən artıq dərəcədə oxşayırdıq. Amma ikimizin də nənəmə bənzədiyini də deyirdilər.

Dayım da sağ olsun, yenə yadımıza salmışdı sağalmayan yaramızı.

Yenidən yerinə əyləşəndə, ondan canım qurtulduğuna şükür edib tələm tələsik otağa qaçmışdım.

İndi otaqdaydım, bütün səylərimlə dərs oxumağa çalışırdım, amma bir tərəfdən canımdaki yorğunluq, digər tərəfdən evdən gələn ardı-arası kəsilmək bilməyən səslər buna maneə olurdu. Üstəlik ac idim, sabahdan ağzıma bir tikə yemək qoymamışdım, anam sağ olsun məni çağırandan bəri bir dəqiqə oturmağa qoymamışdı.

Qaranlıqdasansa, bir şam yandır.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin