Proloq

691 70 49
                                    

Bakının yüksək binalarının birinin damındayıq. İki kostyumlu, mədəni görünüşlü kişi. O rahatdır, çünki nə olacağını bilmir. Mən də rahatam, çünki nə olacağını bilirəm.
- Nə fikirləşirsən? - O soruşur. - Məndən necə nifrət etdiyini bilirəm. Amma bu işi mədəni şəkildə həll etsək yaxşı olar.

Ondan nifrət edirdim? Edirdim. O cahil, axmaq bir adam idi. Belə insanların yaşamağa haqqları olduğunu düşünmürəm. O acizdir, hətta ən xırda işdə belə təkbaşına olmaqdan qorxur. Həmişə kimlərəsə ehtiyacı var. Vicdanını susdurmağı yaxşı bacarır. Onun ətrafında olan insanların intihar etmədən necə yaşaya bildikləri təəccüblüdür.
- Sənin xətrini həmişə çox istəmişəm - deyirəm ona - indi də sənə rəğbətim var. Sən bu dünyada yaşayan çox insana lazımsan.
- Yaltaqlıq edirsən?

Artıq siz də onun necə axmaq olduğunun şahidi olursunuz. O mənim qorxduğumu zənn edir. Çünki olacaqları bilmir. Cibimdən paketi çıxarıb siqaretimi damağıma qoyuram. Tünd siqaretləri sevirəm. Alışqanı yandırarkən içimdə olan özgüvən və rahatlıqdan həzz alıram. O isə mənim qorxduğumu zənn edir.

- Başqa çarən yoxdur - o deyir - razılaşmalısan.
- Maraqlıdır.
- Nə? - O üz gözünü turşudur. Mənim ağlımı itirdiyimi düşünür.
- Düşün - deyərək sözə başlayıram - bir insanın həyatda yaşamaq üçün nəyə ehtiyacı var? Dostlara, bir az yeməyə, paltara, yaşaya biləcəyi bir evə. Amma biz insanlar əsl istəklərimizi unudaraq brend markalar, bahalı avtomobillər və villalar eşqi ilə yaşayırıq. Bunlar üçün gecə-gündüz işləyərək rahatlığımızı itiririk. Məgər bunlar bizə lazımdır? Bizə lazım olan tək şey gündəlik normal yaşayışdı. Biz daha artığını istəyərək normal yaşayışımızdan oluruq.
- Nə demək istəyirsən? - O elə düşünür ki, mən dəli olmuşam.
- Bizi aldadıblar. Amma mən səni xilas edəcəm.

Ona tərəf addımlayıram. Cəmi dörd addım. Onun qolundan tutub aşağı itələyirəm. O dünyadakı ən əzabkeş insanın fəryadı ilə qışqıraraq aşağı doğru sürətlə düşür. Siqaretimi barmaqlarım arasına alıram. Filtri zibilqabına atmaq üçün binanın damında 180 dərəcə əksinə hərəkət edirəm. Məhz burada - məndən beş mərtəbə aşağıda- zibilqabı yerləşir. Siqareti hündürdən bu zibilqabının içinə atıram. Çünki dünyanı zibilləməyi heç sevmirəm.

Obsesiya Where stories live. Discover now