- İnsanlara zərər verməyini istəmirsənsə özünü bura məhkum etməlisən.
- Bütün ömrüm boyu?
- Bütün ömrün boyu. İnan ki, çöldəki dünya burdan daha pisdir.
- Çətin olacaq.
- Düşündüyün qədər deyil. Mən sənin yanında olacam - deyən İlyas Mehmanovun çiynindən dostyana vurub getdi.Kadra bir qaranlıq çökdü. Həzin musiqi fonda başlayarkən bu filmin çəkilişində iştirakı olan insanların adları yazılmağa başladı. Gənc zabitlər ayağa qalxıb əl çaldılar. Mehmanov səhnəyə çıxdı.
- Mənim gənc dostlarım - deyə sözə başladı - üç ay sonra polis akademiyasını bitirib aktiv fəaliyyətə başlayacaqsınız. Ona görə analiz qabiliyyətinizi yoxlamaq üçün belə bir film hazırladıq. Bu filmin çəkilişində iştirak edən və öz dəyərli məsləhətləri ilə bizə kömək olan Psixoloji Terapiya Mərkəzinin direktoru İlyas bəyə təşəkkürlər edirik.Ön sıralarda əyləşmiş İlyas gülümsəyərək təvazökar bir şəkildə başını yellətdi.
- İndi zəhmət olmasa - Mehmanov davam etdi - bir polis baxış açısından bu filmi analiz edin.
Gələcək polislərdən biri əlini qaldırdı.
- Buyur Ümid - Mehmanov ona söz verdi.
Ümid iki il sonra komissar olacaq və bir gün rüşvət almaq üstündə ilişəcəkdi. Bu zaman vəziyyətdən çıxış yolu görmədiyi üçün Ümid intihar edəcəkdi. Lakin bu dəqiqə onun bunlardan xəbəri yox idi.
- Mən deyərdim ki, - Ümid danışmağa başladı - bu filmdə manyakın gec ələ keçməyinin səbəbi təkcə onun ağlı deyil həm də polislərin ağılsızlığıdı.
- Fikrini necə əsaslandıra bilərsən Ümid? - Mehmanov soruşdu.
- Əvvəlcə Mehmanovun qatilin İlyas olduğunu bilə - bilə onun yanında sakit durması və beləcə fakt toplaması başdan - ayağa ironiya idi. Hədəf şübhə duyurarkən onu şübhəli şəxs kimi saxlamaq və dindirmək lazımdır. Ayrıca deyək ki, bir polis fakt toplamaq üçün belə bir taktika işlətdi. Filmdə kənddə olarkən Mehmanov və İlyas manyakın evini aşkar edirlər. Evdə kifayət qədər fakt var idi. Belə bir vəziyyətdə polis onu zərərsizləşdirməli, şübhəli şəxs kimi saxlamalı və evə ekspedisiya təşkil etməli idi. Bu evin həqiqətən də İlyasın qeydiyyatına olduğunu aşkarlamaq kifayət edərdi.
- Çox maraqlı yanaşmadır. Afərin Ümid. Əyləşə bilərsən. Başqa kim nə deyə bilər.
Arxa sıralardan keçəl bir oğlanın əli qalxdı.
- Buyur Musa.
Musa narkotiklə mübarizə idarəsində işə düzələcək, amma nəzəriyyəni nə qədər yaxşı bilsə də praktikada tətbiq edə bilmədiyindən uğurlu polis ola bilməyəcəkdi.
- İlyasın psixi dispanserdən qaça bilməsi də polislərin səhlənkarlığı idi. Belə bir məhbusun qaçmasının qarşısını almaq üçün qapıya ən azı iki psixi təzyiqlərə qarşı hazırlıqlı polis qoyulmalı idi. Nəticə etibarilə İlyas onları hipnoz edə bilməyəcəkdi və qaça bilməyəcəkdi. Birdəki mən hörmətli psixoloqumuzdan soruşmaq istəyirəm. İnsanları hipnoz etmək bu qədərmi asandır?İlyas ön sıralardan durub hamının onu görməsi üçün səhnəyə keçdi. Bu gün o filmdə göründüyündən daha karizmatik idi. Pencəyi, köynəyi, şalvarı və ayaqqabıları qara rəngdə idi. Görünən o idi ki, İlyas qara rəngin yaraşdığı adamlardan idi. Gəzdikcə parıldayan ayaqqabılarının çıxardığı səs sanki ona daha xüsusi cəzbedicilik qatırdı.
- Hipnoz nədir? İnsanın gözləri qarşısında üzüyü yellədərək onu trans halına salmaqmıdır hipnoz? Hər kəs belə düşünür. Amma əsla belə deyil. İnsanı trans halına salmaq üçün sadəcə onun fikirlərini blok etmək və özündən asılı vəziyyətə salmaqdır. Bunun da özünəməxsus texnikaları vardır. Filmdəki manyakın etdiyi kimi hipnoz mümkündür. Amma bu artıq hipnozun ən yüksək səviyyəsi olduğundan bunu hər kəs edə bilmir. Şəxsən mən özüm də edə bilmirəm.Zalda xəfif gülüş eşidildi. Üçüncü cərgədən bir oğlan ayağa qalxdı.
- Mən sizə bir sual vermək istəyirəm.
- Buyurun - İlyas dedi :
- Filmin sonunu anlamaqda bir az çətinlik çəkirəm. Sonda Mehmanovun yanına manyakın gəlməsi həqiqət idimi, yoxsa Mehmanov halüsinasiya görürdü.
- Ümid edirəm, halüsinasiya görürdü - İlyas cavab verdi.
- Yəni Mehmanovda şizofreniya yarandımı?
- Aha. Hesab edirəm bu əksər insanların səhv etdiyi mövzulardan biridir. Halüsinasiyanın yarandığı bütün insanlar şizofren deyillər. Və halüsinasiya tipik şizofrenik simptom deyil. Şizofren bir insanda halüsinasiyalar müşahidə edilməyə də bilər.
- Demək istəyirsiniz ki, başqa xəstəliklər zamanı da halüsinasiyalar yaranır?
- Təbii ki. Postravmatik stress, əsəb pozğunluğu, gərgin əhval-ruhiyyə, yuxusuzluq, yorğunluq, depressiv halət halüsinasiyaların yaranmasına səbəb ola bilər. Yəqin ki, hər birimiz həyatımızda bir neçə dəfə halüsinativ faktorlarla üz- üzə gəlmişik. Sevgilimizdən ayrılandan sonra küçədəki qızları ona bənzətmək, yol gedərkən qəfil sanki kimsə bizi çağırdı kimi hiss etmək, yuxusuz olanda müxtəlif obrazları görmək və s. Bütün bunlar halüsinasiyalardı.
- Bəs niyə halüsinasiyalar çox vaxt şizofreniya ilə birlikdə, sanki ayrılmaz parçalar kimi götürülür.
- Çünki şizofren insanlarda yaranan halüsinasiyaların digər xəstəliklər və ya pozuntular zamanı yaranan halüsinasiyalardan bir əsas və kəskin fərqi var. Şizofreniyadan əziyyət çəkən insanlar halüsinasiyalarla reallığı ayıra bilmirlər. Digər insanlar isə halüsinasiyaların həqiqət olmadığını bilirlər. Şizofren insanlara görə halüsinasiyalar da ən azı obyektiv reallıq qədər həqiqidir.
- Mən təklif edərdim ki, - deyə Mehmanov araya girdi - bu gün burda təşkil elədiyimiz yığıncağı İlyasın mətbuat konfransına çevirməyək. Və bizim gənc zabitlər öz polissayağı analizlərinə davam etsinlər.
- Mənim sözümü kəsirsən Mehmanov? - İlyas dedi - qorxmursan ki, səni öldürərəm?
Zalda gülüş səsləndi. Mehmanov da güldü və qeyd etdi:
- İlyas rolundan çıxa bilmir deyəsən. Amma real həyatda psixoloqlar filmdəki kimi aqressiv və problemli olmurlar.Mehmanov üzünü yenidən auditoriyaya tutdu :
- Filmdəki polislərə daha nəyi məsləhət görərdiniz? Buyur Orxan - deyə Mehmanov əli qalxan oğlana işarə etdi.
- İlyasın İçərişəhərdə olduğuna dair məlumat gələndə Mehmanov bu qədər saf olmamalı idi. O düşünə bilərdi ki, burdan çıxmaq mümkünsüzdür və bu iş deməli İlyasın bir oyunudur. Xəyalə ilə olan iş birliyi bu qədər gec nəzərə alınmamalı idi. Halbuki polislər onların birlikdə olduğunu bilirdilər. Deyək ki, insanlıq halıdır və Mehmanov ona inandı. Bəs necə olur ki, bu qədər peşəkar polis həmin əraziya az sayda belə polis qoymadı.
- Çox düzgün yerə diqqət etmisən Orxan. Afərin. Başqa kimin nə deyəcəyi var?
Salondan səs çıxmadığından Mehmanov davam etdi :
- Az öncə də qeyd etdiyim kimi sizin analitik bacarıqlarınızı yoxlamaq üçün bu filmi çəkdik. Filmdə polislərin elədiyi səhvlərə diqqət etməyiniz yaxşıdır. Amma yenə də sizə filmin diskləri paylanacaq. Bəlkə bir də baxıb analiz etsəniz daha başqa şeylər tapacaqsınız.
- Deməli hələ də bizim görmədiyimiz nələrsə var?
- Bəlkə də hə, bəlkə də yox.Gənc zabitlər bir - bir zalı tərk etməyə başladılar. Hər kəs gedəndən sonra Mehmanov İlyasa yaxınlaşdı.
- Çox sağolun, bu filmin çəkilişində bizə göstərdiyiniz köməklik üçün.
- Dəyməz, amma ümid edirəm bu mənim üçün yumşaldıcı hal kimi qiymətləndirilir.
- Nə demək istəyirsiniz?
- Bu işi siz istəsəniz bağlaya bilərsiniz.
- Mənə nə təklif edirsiniz?
- Sizi nəyləsə satın almağın mümkünsüz olduğunu düşünürəm. Onun üçün ən uzağı sadəcə xahiş edə bilərəm.
- İlyas - Mehmanov təmkinini qoruyaraq dedi - uzatmağın mənası yoxdur. Əllərini irəli uzat.
İlyas çarəsiz halda əllərini irəli uzatdığı dəqiqə möhkəm qandallar onun biləyinə keçirildi. İlyasın gedəcəyi yer bəlli idi. Cəzaçəkmə müəssisəsi. Və o burda ömürlük qalacaqdır.
Deyilənə görə İlyas illər sonra həbsxanada canını verərkən bu sözləri pıçıldamışdı :
- Həyat onsuz da qəfəsdi. Amma kimin üçünsə böyük, kimin üçünsə daha kiçik. Mənim üçün fərqi yoxdur.Son