Mehmanov üstü başı çirklənmiş, saçları dağılmış və tam da bir bomj görkəmi ilə qəbirstanlığa girdi. Addımlarından sanki daş asılmışdı. Bu gün Mehmanovun həyatının dönüş nöqtəsi idi. Sanki təbiət də hiss edirdi bu günün özünəməxsusluğunu. Güclü külək əsir və uzaqlarda bir yerdə görünən günəş soyuq havadan acıq çıxırdı. Mehmanov cibindən siqaret çıxardıb yandırdı. Siqaretdən dərin bir nəfəs almağı sanki ağciyərlərinə tüstü ilə birlikdə həm də dəhşət hissini doldurdu. Necə deyərlər, əsl məsələ insanın nə vaxt vəhşiyə çevrildiyi deyil, nə olarsa çevrildiyidir. Külək əsir və əsrlərin o tayından yüngül bir çağırışı gətirirdi. Çünki bu küləklər bəşəriyyət yaranandan mövcud olaraq bildiyimiz və bilmədiyimiz bütün hadisələrin şahidi olmuşdu.
- Sən yaxşı polissən - hələ gənclik dövründə nişanlısı ona demişdi.
- Hələki hə. Amma çox qorxuram. Bir gün məndə pozulacam. Çünki sistem bunu tələb edir.
- Sənin prinsiplərinə zidd hərəkət etməyin bir gün mənə xəyanət etməyin qədər mümkünsüzdür. Əgər bunlardan birini etsən deməli o birini də edə bilərsən.Mehmanov həyat yoldaşının məzarı önündə dayandı.
- Bitdi - dedi - hər şey bitdi. Mən bacarmadım. Prinsiplərimdən döndüm. Həyatımda ilk dəfə qanunsuz əməl elədim. Artıq mən cinayətkarlığa qarşı mübarizə aparan insan deyiləm. Mən cinayətkarın özüyəm. Onu öldürdüm. O alçağı. Həm də ölümdən əvvəl ən şiddətli ağrıları yaşamağını təmin etdim. Amma o buna layiq idi. Mən icazə verməzdim ki, sən burda yatarkən o yaşasın.
Mehmanov göz yaşlarını silib addımlarına davam etdi. Burda bir nəfər də yatırdı. Hansı ki, Mehmanov onun da qisasını alacağına and içmişdi. Əsgərov. Mehmanov onun məzarına doğru gedərkən gözləri ilə bütün cahanı süzdü. Səmalarda buludla, torpaqda göyərən otla, nəfəs aldığı havayla vidalaşdı. Bu baxışda bir üzüntü, bir həsrət var idi. Çünki Mehmanov indi nə edəcəyini yaxşı bilirdi. Amma əvvəlcə sözünü tutduğunu hamıya göstərməli idi. Əsgərovun məzarı başında anası və həyat yoldaşı gözləyirdi.
- Nazim, niyə bizi bura çağırdın? - Əsgərovun anası sözə başladı.
- Bu söhbəti etməyimiz üçün ən yaxşı yer bura - Sabirin qəbri üstüdü, Lalə xala.
- Danış oğlum.
- Oğlunun qisası alındı Lalə xala. Bu gün, az öncə İlyası öz əllərimlə öldürdüm.
- Nə? Bu doğrudur?
- Hə. Gəldim, sizə xəbər verim. Həm də vidalaşım.
- Vidalaşım? Niyə?
- Vicdanım rahat deyil Lalə xala. Bu hərəkət qanunsuz idi. Mən də artıq şəxsi məsələlərimə görə adam öldürən bir qatiləm.
- Sakit ol, oğlum - Lalə xala onun boynunu qucaqladı - o insan deyildi. Sən onu öldürməklə neçə - neçə insanı xilas etdin.
- Bilirəm. Yenə də gedib təslim olmaq lazımdır - Mehmanov ağlaya-ağlaya dedi.
- Niyə axı? Bunu heç kim bilməyəcək.
- Bəs mən? Bəs mənim hislərim, prinsiplərim? Bəs mən, Lalə xala?
- Ağlama Nazim. Sən yanlış bir şey etməmisən.
- Bilmirəm Lalə xala. Bəlkə cəzamı çəksəm bu vicdan əzabından qurtula bilərəm.Buna psixologiyada koqnitiv dissonansın balanslaşdırılması deyilir. Koqnitiv sözünün mənası idrak deməkdir. İnsanın idrak prosesləri bütün həyatı boyunca balanslığı qorumağa çalışır. Bu nəzəriyyəni ilk dəfə Festinger önə sürərək bildirdi ki, insanın bütün psixoloji pozğunluqları koqnitiv balansın pozulması yəni koqnitiv dissonansın yaranması nəticəsində baş verir. Məsələ burasındadır ki, insan həyatı boyunca öz daxili vəziyyətini tarazlıqda və ya rahatlıqda saxlamaq istəyir. Bunun üçün ona problem gətirə biləcək məsələlərdən qaçır. Lakin təbii ki, uzun həyat yolunda koqnitiv balans heç də həmişə qorunmur. Biz istəmədiyimiz və ya prinsiplərimizə uymayan hərəkətlər edərək koqnitiv dissonansın yaranmasına səbəb oluruq. Məsələn imtahanı olacaq tələbə bilir ki, dərs oxumalıdır. Lakin əylənmək ona daha cazib gəlir. Nəticədə koqnitiv balans pozularaq dissonansa yol açır. Amma bu zaman insan beyninin növbəti möcüzəsi qarşımıza çıxır. Beyin bu dissonativ narahatlıqdan xilas olmaq üçün müxtəlif variantlara əl atır. Bu variantları psixoloqlar üç qrupa bölürlər. Hər qrupu siqaret çəkən bir insanın misalında izah edəcəm. Siqaret çəkən insan bilir ki, bu davranış onda ağciyər xərçənginə yol aça bilər. Həm siqaret çəkmək istəyir, həm də onun ziyanını dərk edir. Bu halda koqnitiv dissonansdan qurtulmaq üçün yuxarıda dediyim üç variantdan birinə əl atır. Birinci variant hadisəyə başqa elementlər daxil etməkdi. Məsələn o fikirləşir ki, mənim 70 yaşlı babam da neçə ildir ki, siqaret çəkməyinə baxmayaraq sağlamdı. Deməli siqaret deyildiyi qədər təhlükəli deyil. İkinci variant hadisədən bəzi elementləri çıxartmaq və ya nəzərə almamaqdı. Məsələn siqaret çəkən gənc fikirləşə bilər ki, tezliklə xərçəng xəstəliyinin dərmanı tapılacaq və məndə də xərçəng yaranarsa o dərmandan istifadə edərək sağala bilərəm. Üçüncü variant isə hadisəni başqa hadisələrlə müqayisə edib onu adekvat qiymətləndirilməsindən qaçmaqdı. Bunu da siqaret çəkən insan misalında izah etsəm demək olar ki, bu insan düşünə bilər ki, onsuz da siqaret çəkməsəm belə ətraf təhlükələrlə doludur. Yediyimiz qidalardan qədər içdiyimiz suya qədər hər şey bizim sağlamlığımızı pozur. Yəni siqaret çəkmək elə də çox şeyi dəyişdirmir. Beləcə insan beyni öz möcüzəvi bəhanə tapmaq mexanizmi ilə bizi koqnitiv dissonansdan qoruyur. Eləcə də elədiyi hərəkətə görə vicdan əzabı çəkən bir insanın cəzalanmaq istəyini də misal çəkə bilərik.
- Nazim bəy - Əsgərovun həyat yoldaşı söhbətə qarışdı.
- Dostunun intiqamını almaq nə vaxtdan bəri vicdansızlıq olub?
- Onu polisə təslim etməli idim.
- Bir fikirləşin ki, o kimdir. Günahsız qadınları, balaca uşaqları öldürən, bir kəndi bir gecədə yerlə yeksan edən vəhşi. Mən deyərdim ki, ona nə etmisinizsə hələ az etmisiniz.