Normal insanlar bu qədər çox qəzəblənəndə neyniyərlər? Mən heç bilməyəcəm. Mən normal deyiləm zira. Mənimlə savaşa girmək bəlkə də böyük axmaqlıqdı. Amma qalib gələcəyini düşünmək dəliliyin ən pik nöqtəsidir. Həyatda qorxusu olmayan insandan qorxmaq lazımdır. Ətrafda heç kimin olmadığına diqqət edirəm. Sakitcə ona yaxınlaşıram. Bəzi şeyləri çox yaxşı bilirəm. Sol əlimlə saçlarının üstündən basıram. Çənəsini sağ əlimlə tutub boynunu qırıram. Uzunsov beyin ilə onurğa beyni arasındakı əlaqə kəsildiyindən o heç nə hiss etmədən bir saniyə içərisində ölür. Bu yaxşıdır. Həddindən artıq ürəyi yumşaqlıq bəlkə də mənim bu həyatdakı ən zəif nöqtəmdi.
* * *
İnsan elədiklərinin deyil, eləmək istədiklərinin cəmidir. Və bəzən insanlar günah etməyə meyl edərlər. Günahı insanlar yaradıb, ancaq onun ilahi bir cəzası var. Necə də olmasa insanın yüksəlişi illəri alır, iflası bir anı. İnsan həyatda var olan hər şeyə məhkumdur. Kimi sahibinə, kimi qəlbinə, kimi qəlbindəkinə.Günahı sübut olunmayana qədər hər kəs məsumdur. Amma İlyasın sərbəst buraxılmasının səbəbi bu deyildi. Bəlkə də həmin insanın boynunu İlyas qırmışdı. Nə də olmasa qətldən bir neçə dəqiqə əvvəl o qurbanla telefonda danışmışdı. Üstəlik qurban onun ortağının qardaşı idi. Niyə də aralarında olan hər hansısa bir münaqişə üzündən o əvvəlcə ortağını binanın damından ataraq öldürməsin və daha sonra onun qardaşını aradan götürməsin? Lakin iki aydır ələ keçməyən manyak qatil niyə görə belə ehtiyatsız davranışa yol versin ki?! Həm də polis şöbəsində olarkən bir leytenant içəri girdi. Sən demə beş dəqiqə əvvəl bölməyə zəng edən şəxs telefonda bu sözləri pıçıldayıb.
- Əl çəkin məni axtarmaqdan. Məni həbs edə bilməyəcəksiniz. Mən sizdən çox ağıllıyam. Hələ neçə - neçə yaşamaq haqqı olmayan insanları öldürəcəm.Bəlkə də polislər qatilin İlyas, zəng edənin isə onun adamı olduğu ehtimalını düşünə bilərdilər. Lakin istintaq rəisi təcrübəli olduğundan manyakların həmişə təkbaşına hərəkət etdiklərini bilirdi. Çikatilo yəni Rostov qaniçəni kimi. Uşaq vaxtı alman əsgərləri onun anasını gözü qarşısında zorlayırlar. Daha sonra onun özü də hərbi xidmətdə olarkən seksual təzyiqə məruz qalacaqdı. Müharibə dönəmində çöldə ac bomjlar onun qardaşını yeyirlər. 56 yaşında Çikatilo həbs ediləndə 52 nəfərin öldürülməsində günahkar hesab edilirdi. Lakin o 60- dan çox insanı qətlə yetirdiyini dəfələrlə vurğulamışdı. Çikatilo qurbanlarını bıçaqla öldürür, onlara seksual təcavüz edirdi. Belə bir vəhşi insanın gec həbs olunmasının səbəbi isə onun həddən artıq ağıllıcasına, düşünərək hərəkət etməsi və tək işləməsi idi. Bundan başqa Çikatilonu şəxsən tanıyan hər bir insan onun haqqında ən yaxşı sözləri deyərdilər.
Ya da Florida manyakı olan Ted Bundy. Dərslərini yaxşı oxuyan, müəllimlərin sevimlisi, xeyirxah işlərdə könüllü fəallıq göstərən, mədəni, qəzetə məqalələr yazan, qızların əksəriyyətinin ilk baxışdan vurulacağı tipdə olan, kostyumlu və qalstuklu bir insan düşünün. Həmçinin bu insan 4 il ərzində 30 - dan çox yeniyetmə, gənc qıza işgəncə vermiş, başlarından küt alət vurmaqla qətlə yetirmiş daha sonra təcavüz etmişdir. İki dəfə ən ciddi həbsxanalara salınmasına baxmayaraq tez bir müddətdə ordan qaçmağa nail olacaq qədər kəskin zəkaya sahib idi o. Nəhayət Ted Bundy 1989- cu ildə 42 yaşında elektrik stulunda edam edilmişdir.Ona görə də unutmaq lazım deyil. Ətrafınızda manyak ola biləcək potensiala sahib insanlar ən mədəni, təhsilli, hər kəsin sevdiyi insanlardı.
İlyas açarı üç dəfə çevirib qapını açdı. İçəridə sakitlik hökm sürürdü. Fırtına öncəsi sakitlik kimi. Ya da bədbəxtlik öncəsi xoşbəxtlik kimi.
İnsanlar o qədər bədbəxtdirlər ki, artıq faciə olmayan hər şeyi xoşbəxtlik adlandırırlar. İnsan onu sevənlərlərlə istifadə edənləri bir - birindən ayıra bilmir. İnsanlar onları dinləyib anlamaq qabiliyyəti olmayan insanlarla mübahisə edir. İnsanlar məcburi yaradılan və yaranan dostluqları qəbul edir. İnsanlar sülhü və rahatlığı belə pulla alırlar.
İstintaq şöbəsinin rəisi Nazim Mehmanov bütün vəsaitlərini əl çantasına yığdıqdan sonra otağından çıxdı. Hər gün gərgin iş gününün sonunda evə gedərkən bütün həyatı sanki bir sinema şirkətinin loqosundakı kino lenti kimi gözünün qabağından keçirdi. İllərini bura - cinayətkarlarla mübarizəyə həsr etmişdi. Hər nə qədər cəmiyyət inanmasa da bu dünyada hələ də alturist insanlar vardır. O ömrü boyu vicdanını ləkələyəcək heç bir işə qol qoymamışdı. Bəlkə də belə professional mütəxəssisin indi daha da yüksək rütbələrdə olmamasının səbəbi bu idi. O 1968- ci ildə doğularkən vətəninin adı tam fərqli idi. Sonra 90- cı il hadisələrində hər şey dəyişdi. O 20 yanvar hadisələrində tələbə idi. Və o qanlı gecə səhərə qədər avtovağzalda gecələməli olmuşdu. Karyerasını bəlkə də uğurlu adlandırmaq olardı. Nə də olmasa o bu işdə öz mənəvi sakitliyini tapa bilirdi. Lakin iki ay əvvəl gələn telefon zəngi onu yeni bir narahatlıq yuvasına sürükləmişdi. İki qızı və qırx iki yaşındakı həyat yoldaşının taleyi üçün bu işdə narahat olmağa dəyərdi. Zəng onun şəxsi telefonuna edilmişdi.
- Eşidirəm, buyurun - O iki ay əvvəl telefon aparatını qulağına sıxaraq cavab vermişdi.
- Riçard Ramires, Con Geysi, Cefri Damer, Albert Fiş, Çikatilo, Dennis Reyder, Ted Bundy - qalın kişi səsi onun qulaqlarını qıdıqlayırdı. Bizim ölkədən heç belə dahilər çıxmadı. Amma artıq mən varam.
- Sən kimsən? - Mehmanov telefonda qışqırmışdı.
- Mən hal-hazırda başı iri daş parçası ilə əzilərək öldürülmüş bir gözəl, sarışın qadınla seks etməyin həzzini yaşayan bir insanam.Sonrakı üç ay ərzində də bu naməlum insan öz cinayətləri haqqında zəng edib polisə xəbər verirdi. Vasitəçi olaraq isə Mehmanovu seçmişdi. Dediyinə görə tanıdığı ən dürüst polis o idi. Artıq bir neçə dairələrdə Mehmanov şübhə altına düşmüş və bir neçə düşməni onun əleyhinə işlər görməyə başlamışdılar. Bütün bu söhbətlər onun qulağına çatsa da onun özü üçün ona açıq döyüş elan edən bu manyakla savaşmaq maraqlı gəlirdi. Əgər bu adam Albert Fişi özünə ideal seçibsə narahat olmaq üçün əsas var deməkdir. Bruklin vampiri adlandırılan Albert Fiş oğlan və qız uşaqlarını bişirərək yeyərdi.
Nazim Mehmanov o gün maşınına çatıb təzəcə qapını açmışdır ki, arxadan səs gəldi.
- Dayanın - bu bir neçə saat əvvəl buraxılan psixoloq İlyasın səsi idi. İlyas qaçaraq, təngnəfəs halda ona yaxınlaşırdı.İçindən bir səs İlyasın günahkar olmadığını ona demişdi. İlyas bütün ifadələrində restoranda olarkən ona zəng gəlməsindən, zəng edənin ona qaçmağı təklif etməsindən, onun narahatlığını basdırmaq üçün siqaret almağa getməyindən və bu zaman ortağı - Cavidanın qardaşının cəsədi ilə qarşılaşmasından danışmışdı. Telefon danışıqlarını dinləyərkən onun həqiqəti söylədiyi aşkara çıxmışdı. Lakin onlar manyakın zəng elədiyi telefonlarla bir ipucu əldə edə bilmirdilər. Manyak zəngi qurbanlarının telefonu ilə edir və daha sonra mobil aparatı atomlara qədər parçalayırdı.
- Nə olub İlyas bəy?
- Həyat yoldaşımı qaçırıb. Ayseli.
- Nə?
- Belə bir məktub qoyub - deyən İlyas müsahibinə bir kağız uzatdı.Mənim üçün çox asan oldu. Sakitcə ona yaxınlaşdım və boynundan tutaraq divara dirədim. Sol yuxu arteriyasından vurduğum zərbə onu bayıltmağa kifayət etdi. Sonra əvvəlcədən hazırlanmış məktubu stolun üstünə qoydum.
" Mənim ovçularım oxusunlar istəyirəm. Çünki ov mən deyiləm. Özləridir "Məktub kompüterdə yazılıb çap edildiyindən heç bir əl yazısı ekspertinə ehtiyac yoxdur.
- Zibil.
- Bu adam psixoloji xəstədir. İcazə verin istintaqda iştirak edim. Köməyim dəyə bilər.İnsanlar hansısa ciddi bir işdə iştirak etməyi sevirlər. Çünki onlar özlərini sübut etməyə ehtiyac duyurlar. Çünki onlar özləri belə özlərindən əmin deyillər. Hər insanın min maskası və çoxlu üzləri vardır. Hər insan həm ovçu, həm qurbandı. Həm məzlumdur, həm canavar.
Bir saat sonra İlyas manyak tərəfindən öldürülən qurbanların şəkillərinə baxarkən belə deyəcəkdi:
- İlahi, bu ki, obsesiyadır. Onu necə tapa biləcəyimizi bilirəm.