Bu fəsili mentalitet qurbanları olan bütün qadınların bir gün azadlığa çıxacağı diləyi ilə çox sevdiyim bir insana həsr edirəm. Və inanıram ki, bir gün səmalara uça biləcən.
Saat 23:15, Fəvvarələr meydanı
Gecə düşdükcə bu şəhər tamamilə öz şəklini dəyişir. Bakının gecə həyatı mərkəzi küçələrdə azadlığı əxlaqsızlıqla qarışdıranların yaşadığı bir həyatdır. Ətrafdan gənclər keçir və demək olar ki, artıq hər kəs bu şəhərdə bir vaxtlar bir manyakın olduğunu unudublar. Tonqal ətrafında oturarkən mən bir azdan Mehmanovun polis dəstəsi ilə gələcəyini və məni yaxalayacağını bilirdim. Ona görə Mahiri mənə tabe olmaq istiqamətində hipnoz elədim. Və son nəticədə o, polisləri yandıraraq məni xilas etdi. Arada düşən çaxnaşmadan istifadə edərək qaçmağım çox da çətin olmadı. Artıq o hadisədən iki ay keçib. Bu iki ay ərzində çox sadə qrimlə özümü gizlətməyi bacardım. Saçımı və saqqalımı uzatdım. Mavi linzalardan istifadə etməyə başladım. Bundan başqa daima şəhərdə kapüşonla dolaşır və şəhərə gəldiyim ilk gün bankda olan hesabımdan bütün pulumu çəkdim. Mənlə bağlı cinayət işi Mehmanovun ölümü ilə əlaqədar olaraq hələ açılmamışdı. Ona görə bu proses çox da çətin olmadı. Axşamlar adətən restoranlarda nahar edirdim. Və indi də burger housenin qarşısındayam. Gecə vaxtı bura çoxlu insanlar girir və çoxlu insanlar da çıxır. Oturduğum skamyadan qalxıram. Ətrafda polisləri görərkən hər ehtimala qarşı kapüşonu gözlərimin üstünə endirirəm. Burger housenin qapısından içəri girərkən çıxan bir kişi ilə toqquşuram.
- Yavaş ol - o donquldanır.
Onu öldürməmək üçün özümü güclə saxlayıram. Çünki özümü təhlükəyə atacaq deyiləm. İçəri girib masada otururam. Sifarişi verib sakit gözləyirəm. Düşünməyə başlayıram. Evdə məni Ayselin cəsədi gözləyirəm. Bakıya gəldiyim gün onu parçalamışdım. Ətinin bir qismi hələ də soyuducudadı. Gecə acanda durub yeyirəm və deyim ki, insan əti çox dadlı olurmuş. Yox, məni qınamaq lazım deyil. Oyun oynayarkən bir şey önəmlidir. Hər xırda detala diqqət et. Hər kəs sənin hədəfindi. Qalib gəlmək üçün bütün yollara əl atmaq haqqın var. Və əsla kiməsə güvənib, ona sənə məsləhət vermə haqqını vermə. Ofisiant qız yeməyi gətirərkən özümdə dəhşətli aclıq hiss edirəm. Və bir daha hipotalamusun motivasiya mexanizminə heyran qalıram.
Motiv dedikdə biz insanı hər hansı bir fəaliyyətə təhrik edən amilləri nəzərdə tuturuq. Məsələn bizi yemək yeməyimizə təhrik edən aclıq motivasiyasıdı. Hipotalamus beynin kiçik bir hissəsidi. Burda aclıq, susuzluq və cinsi motivasiya təmin olunur. Yəqin ki, hər biriniz aclıq hissini keçirmisiniz. Lakin yemək yeməyinizə dəqiqələr qalmış aclığınız ən pik səviyyəyə çatır. Bəs necə olur ki, aclığa yeməyin əlçatmaz olduğu bir dönəmdə dözməyinizə baxmayaraq, yemək qarşınızda olanda sizə elə gəlir ki, bundan artıq dayana bilməzsiniz. Əgər bacarırsınızsa ac vaxtınızda yeməkdən bir tikə daddıqdan sonra kənara çəkilin və yeməyin. Necə diskomfort bir hiss keçirəcəyinizi təxmin edə bilirəm. Məsələ burasındadır ki, yemək əlçatmaz olduqda beyin bunu dərk edir və bütün funksional sistem işə düşür ki, sizin dözümlülük səviyyənizi artırsın. Lakin yemək qarşınızda olanda tabiri caizsə beyin özünü boş buraxır. Çünki artıq mübarizə aparmalı olduğu bir daxili qıcığa ehtiyac yoxdur. Tələbatın ödənilməsinə az qalmış siz o tələbatınızı ən pik səviyyədə hiss edirsiniz. Tələbat dedikdə orqanizmin yaşaması və inkişaf etməsi üçün lazım olan bütün ehtiyaclar toplusu nəzərdə tutulur. Biz tələbatımıza çatmaq üçün məqsəd və niyyət formalaşdırırıq. Bütün ömrümüzü müəyyən məqsədlərə çatmaq üçün həsr edirik, çünki tələbatlar olmasa həyatımızın mənasız bir hal alır. İşin ən maraqlı tərəfi isə odur ki, beyinin kiçik bir hissəsində yaranan motivlər tələbatlara daha sonra isə məqsədlərə çevrilərək nəinki bizim həyatımıza, həm də cümlə bəşəriyyətə təsir göstərir. Düşünək ki, əgər cinsi motiv olmasaydı nə olardı? Cavab sadədir. Heç nə. İnsan seksual fəaliyyətə meyl etməz və çoxalma prosesi getməzdi. Və bu bütün dünyanın sonunun səbəbi olardı. Əgər cinsi qıcıqlanmalar olmazsa insanlardan heç biri digərini sevməz. Çünki sevginin də əsasında bilavasitə seksual meyllər durur. Demək istədiyim, bizim həyatımızın özülü insani və sosial normalar deyil, ilkin motivlər və instinktlərdir.