Beşinci fəsil - Susmaq

343 35 62
                                    

Bu bölümü çox sevdiyim, üstümdə xeyli haqqı olan və dəfələrlə mənim psixologiya elminə olan acgözlüyümü bacarıqla təmin edən müəlliməmə həsr edirəm. Ümid edirəm düşdüyünüz vəziyyətdən uğurlu şəkildə çıxa biləcəksiniz və mən sizi yenə alışdığım şəkildə görəcəm. Mənimdə, mənə və bu elmə dəyər verən bütün oxucularımın da duası sizinlədir.

Hətta axmaq adamlar da susanda müdrik görünür. Susqunluq sadəcə ağıllılara məxsus bir davranış növüdür. Amma bəlkə də yox?  Susqunluq hərdən axmaqlığın gizlədilməsidir. Susqunluq hərdən içindəki qəhəri və göz yaşlarını boğmaq üçün bir vasitədir. Məndə elə bu səbəbdən dolayı o gecədən bəri susdum. Çünki 11 yaşındakı bir uşağa qarşı ədalətsiz olan bu həyatdan sadəcə susmaqla intiqam almaq olar. Susmaq və öldürməklə.

Su artıq onların dizinə çatanda panikaya düşmək üçün əla səbəb idi. Lakin bir psixoloq və təcrübəli polis hər şeydən əvvəl emosiyalarına qalib gəlməyi bacarmalıdırlar. Psixoloq işlədiyinin ilk illərində bu İlyasın bəlkə də ən mənfi tərəfi idi. O, tez-tez pasiyentlərini dinlədikcə emosional yanaşmaya keçirdi. Qarşısındakı insanlar İlyasa öz bədbəxtliklərini danışdıqca o ürəyində fikirləşirdi :
" Görəsən kömək ola biləcəm? Onun son ümidi mənəm. Allah utandırmasın "
Lakin zaman keçdikcə o konfliktlərə hislərini qaptırmadan, professional şəkildə yanaşmağı öyrəndi.

- Belə olmaz. Bu düz deyil.
- Nə deyirsən? - Mehmanov qışqırdı.
- Bu məntiqli deyil. O bizi niyə öldürmək istəsin ki? 
- Əvvəlki beş cinayəti və kim bilir bizim bilmədiyimiz daha neçə cinayəti işləmiş adamdan danışırsan. Bizi öldürmək istəyir, çünki o bir manyakdı.
- Yox.  Bizim ölümümüzü və əzab çəkməyimizi görməyəcəksə bir manyak üçün bunun çox da əhəmiyyəti yoxdur. Onlar işgəncə verməkdən və ya həzz yaşamaqdan ötrü öldürürlər. Bizim bu şəkildə ölməyimiz onun nəyinə lazımdır?
- Nə demək istəyirsən?

Su artıq onların qurşağına qədər çatmışdır.
- Bilmirəm. Amma burda bir tərslik var. Kəskin obsesiya və ya sadizm hansısa ağır travmadan sonra olur. Manyaklar başqalarına adətən özlərinin yaşamış olduqları bir əzabı verirlər. Yəni hal- hazırda bizim başımıza gələn hadisəni böyük ehtimalla manyak da yaşayıb.
- Amma sağ qala bilib təəssüf ki. Allah səncə belə insanları niyə yaşadır?!
- Bəlkə də başqa pis insanlara cəza olsun deyə. Amma indi məsələ bu deyil. Dediyin kimi qatil sağ qala bilib. O necə sağ qala bilər? 
- Yəqin kimsə onu xilas edib.
- Elə olsaydı o bütün insanlığa nifrət etməzdi. Məncə bu vəziyyətdən özü çıxa bilib.
- Bunun axı nə önəmi var?  Su bir azdan boğazımıza çatacaq. Ondansa gəl qapıya yüklənək.
- Düşünürəm. Psixoloji biliklərim məni bu gün xilas etməlidir.
- Söydürmə biliklərinə.
- O da bizim burdan çıxmağımızı gözləyir. Deməli bir yol var.
- Ona görə də qapını sındırmağa çalışmalıyıq.
- Qapı elektron işləyir. Onu qırmağa çalışmağın mənası yoxdur. Bəlkə pultu bu otaqda gizlədib?! - İlyas sanki öz- özünə danışırdı.
- Bu otağın harasında gizlətmək olar ki? 
- Mehmanov deyəsən ömründə birinci dəfədir ki, məğlub edə bilməyəcəyin düşmənlə qarşılaşmısan. Sakit ol və icazə ver düşünüm.

Su artıq onların çənələri səviyyəsində durmuşdu. Lakin hər saniyə də yuxarı qalxmaqda davam edirdi.
- Bəlkə gizli dolab var hardasa? - Mehmanov növbəti bir ehtimalı önə sürdü.
- Yoxlamağa dəyər.

Tale ortaqlarının hər ikisi demək olar ki, eyni vaxtda suya daldılar. 45 saniyə ərzində divarların hər bir qarışını yoxlasalar da bir şey tapa bilmədilər. Yenidən suyun üzünə çıxanda artıq su alt dodaqlarına dəyirdi. Nisbətən daha uzun boylu olan İlyas üçün vəziyyət daha asan idi. Həm də suyun onları hərdən yuxarı qaldırması da onların xeyrinə idi.
- Amma bir yolu olmalıdır - İlyas qışqırdı.
- Mülahizən səhvdir psixoloq. Bu vəhşi bizi öldürəcək.
- İndiyə qədər açdığın cinayət işlərində neçə manyakla qarşılaşmısan? Təxmin edim. Heç olmayıb. Amma mən az qala hər gün potensial manyaklara konsultasiya keçmişəm. Bu əclaf kimdirsə oyun oynamağı çox sevir. Bir qaçış yolu olmalıdır. Elektron qapının pultu...
- Nə oldu?
- Əlbəttə. Lənətə gəlsin. Duş da elektrondu. Səsə həssas. Yadına sal su açılmamışdan əvvəl mən nə dedim. Qapı açılmalıdır dedim. Suyu açan mənim "açılmalıdır"  sözüm olub.
- Yəni?
- Bağlan - İlyas bərkdən qışqırdı və su kəsildi.
Mehmanov və İlyas dəli kimi gülməyə başlayarkən qapı da yuxarı yığılaraq açıldı və onlar boşluğa doğru axan su ilə sürüklənərək çölə çıxdılar. Bir dəqiqə sonra ay işığının altında palçıqdan qalxaraq diqqətlə ətrafı seyr edirdilər.

Obsesiya Where stories live. Discover now