Bu əsərin yazılmasında ən az mənim qədər əziyyəti olan insanlar vardır. Ən başlıcası ailəmə, xüsusilə də atama təşəkkür edirəm. Hesab edirəm atam yaşında olanda da onun əlini çiynimdə hiss etməyə ehtiyacım olacaq. Bu əsər boyunca məsləhətləşdiyim və mənə həqiqətən də çox şey qazandıran müəllimim, həmçinin Gənc Psixoloqlar İctimai Birliyinin psixoloqu Səyyarə Yusubovaya təşəkkür edirəm. Məni romanın yazılışı boyunca bu elmi dərindən öyrənə bilməyim üçün lazım olan ancaq tapmadığım ədəbiyyat və mənbələrlə təmin etdiyi üçün psixoloq Vəfa Nağıyevaya səmimi təşəkkürlərimi edirəm. Daim mənə dəstək olan və hər zaman özümü borclu hesab etdiyim Psixoloji Konsultasiyaya Mərkəzinin direktoru psixoloq Elnur Rüstəmova təşəkkür edirəm. Romanı yazarkən araşdırdığım elmi materialları müzakirə edə bilmək üçün yaratdığı şəraitə görə Gənc Psixoloqlar İctimai Birliyinin sədri Orxan Oruca minnətdarlıq edirəm. Sahəm olmadığı üçün çox bilmədiyimdən polis sistemi ilə bağlı məni maarifləndirən və bir çox materialları mənə açan yaxın dostum leytenant Səmədzadəyə və polkovnik Məhərrəmova təşəkkür edirəm. Ən böyük tənqidçim olan və soyadını heç cür yadımda saxlaya bilmədiyim Tələbə Psixoloji Cəmiyyətinin üzvü Ləmana minnətdarlığımı bildirirəm. Elədiyim işləri yüksək qiymətləndirən və suallarıma səbrlə cavab verən Mədinə Uşaq Psixologiya Mərkəzinin psixoloqu Əfsanə Talıbovaya xüsusi təşəkkürlər düşür. Yaxşı ki, varsınız. Ürəkdən gələn minnətdarlığımı Kapqr sindromu ilə mənə materiallar tapdığı üçün Milli Elmlər Akademiyasının əməkdaşı Tünzalə Musayevaya çatdırıram. Ən sonda isə illərdir kitablarımı reytinqlərdə ən üst pillələrdə saxlayan oxucularıma dərin minnətdarlığımı bildirirəm. Siz mənim ilham qaynağım idiniz.