Oyunun nə olduğu barədə heç bir fikriniz yoxdur elə deyilmi? Oyun elə həyatın özüdür. Bu axmaqca səslənə bilər. Lakin bir düşünün. Həyatınızın ən böyük seçimlərindən biri olan sevgi və evlilik oyun deyilmi? Hər kəsin bir yaş həddi var ki, hansı ki, buna evlilik yaşı deyirlər. Məhz bu zaman indiyə qədər qarşına çıxmayan həyat yoldaşını axtarmağa çalışırsan. Biri ilə bir ömür yaşamaq üçün sadəcə birinin iki dodağı arasından çıxan " hə" sözünə ehtiyac vardır. Bəs digər ehtimalın olma faizi nə qədərdir? 50%. İndi bildiniz? Hər şey oyundu.
- Bir dəqiqə - İlyas dedi - mən başa düşə bilmirəm. Hər şey necə oldu?
- Bu manyak kimdirsə həqiqətən çox ağıllı insandır - Mehmanov izah etməyə başladı - zamanlama mükəmməl idi. Mənim telefona doğru tələsdiyim an çöldən elektrik şəbəkəsini ayıraraq işıqları söndürür. Böyük ehtimalla bütün bu müddət ərzində yaxında olub və bizi dinləyib. İşıqları söndürmək effektiv olur və biz həm bir anlıq çaşqınlıq içərisində oluruq, həm də o işini daha rahat şəkildə edir. Pəncərədən içəri girərkən ilk iş olaraq İlyasa hücum edir - Mehmanov içəri doğru dağılmış ayna çiliklərinə ötəri nəzər salıb davam etdi - İlyasın üzünə bıçaqla zərbə vurur. Daha sonra Hafiz dayını zərərsizləşdirərək mənim diqqətimi dağıdır. Çünki Hafiz dayının huşsuz bədənini mənim üstümə atmışdı. Mənim arxaya çevrildiyim an otaqda çevrə vuraraq qaçır və bu üzdən mən oriyentasiyanı itirirəm. Kontrol nöqtədən endirdiyi zərbə ilə məni də zərərsizləşdirdikdən sonra bu məktubu üstümə atır, telefon xəttini kəsir və gedir.İnsan bədəninində kontrol nöqtələr dediyimiz zonalar vardır ki, hansılar ki onlara kiçik toxunmaqla qarşınızdakı insanın huşunu itirməsinə səbəb ola bilərsiniz.
Hafiz dayı divanda oturaraq gicgahına buz qoymuşdu. İlyas məktuba diqqət etdikdən sonra qaşlarını çatıb fikirə dalmışdı. Mehmanov isə məktubu dəfələrlə oxuyaraq özünəməxsus şəkildə istintaqını aparırdı. Təcrübəli kriminalist olaraq birinci xəttə diqqət etmişdi.
- Yox, qatil bu məktubu burda yazıb. Bizi zərərsizləşdirəndən sonra.
- Kifayət qədər səliqəli yazılıb - İlyas öz etirazını bildirdi - tələsik yazılan yazıya oxşamır.
- Elə o da bu effekti yaratmaq istəyib. Tələsdiyinə baxmayaraq kifayət qədər soyuqqanlılığını qoruyaraq yazıb. Amma sanki hər sətrin sonunda özünə nəzarəti itirib və bu hissələrin səliqəliliyinə önəm verməyərək tələsib. Ona görə hər sətrin sonuncu hərfi azacıq sağa doğru meyllidir.İlyas məktuba tərəf əyilərək birdə baxdı.
- Aaa necə olub ki, bunu mən görməmişəm?!
- Bir kriminalistlə psixoloqun fərqidi bu. - Mehmanov özündən razı şəkildə dedi.
- Əslində bizim sahədə də var bu. Amma biz daha çox xəttə görə xarakteristika verməyə meylliyik. Bizim üçün önəmli olan hərflərin düzlüyü deyil, sətirdə necə yerləşmələridir. Və ya qələmin nə dərəcədə bərk basıldığı.
Mehmanov dərin köks ötürərək məktuba bir də baxdı. İlyasla aralarında olan bu mütəxəssis rəqabəti ilə məşğul olacaq halı yox idi bu dəqiqə.
- Bu qatil kimdirsə ətrafda - yaxınlıqda dolaşır. Onu tapmalıyıq. Mən çölü yoxlayacam. - Deyərək ayağa qalxdı.
- Maraqlı bir məsələ var ortada.
- Nə? - Mehmanov İlyasa baxdı.
- Hər şeydən göründüyü kimi manyak bu gün bütün iş- gücünü atıb bizlə məşğul olur. Yəni sanki bir oyun oynayır. Sanki prinsipi var bizlə. Məktubda yazılanlara diqqət et. Bu gecə səni öldürmək üçün kifayət qədər imkanım olub. Lakin oyunun ləzzətini qaçırmaq istəmirəm. Mən sənin atalarının və əcdadının cəzasıyam. Kağız sənin üstündən tapılıb Mehmanov. Bir mənası və səbəbi olmalıdır.
- Sən nə demək istəyirsən?
- Demək istəyirəm ki, - İlyas ayağa qalxdı - Bəlkə də bu vəhşi heç seksual manyak falan deyil. Bəlkə hər şey yaxşı düşünülmüş provokasiyadır. Bəlkə sənin bu yırtıcı ilə tanışlığın daha əvvəllərə gedir. Elə isə niyə gizlədirsən?
- İlyas...
- Bəlkə qorxduğun nələrsə var. Bəlkə qatillə birgə işləyirsən. Bəlkə qatil qisas almağa gələn xəyanət etdiyin dostundu. Hər halda o sənin əsil- kökünü tanıyır.
- Sən dəlisən? - Mehmanov İlyasın yaxasından tutub divara sıxdı - mən həyatımda heç bir çirkin işə əl atmamışam. Heç vaxt da heç kimə xəyanət etməmişəm.
- Tam da bir qatilə yaraşacaq aqressiya sərgiləyirsən.
- Sən nə demək istəyirsən? - Mehmanov İlyasın sifətindən güclü bir yumruq vurdu. İlyas bir anlıq düşündü ki, huşunu itirəcək. Amma bu olmadı.
- Bizdən nə gizlədirsən Mehmanov? -
Hafiz dayı polisi tutub kənara çəkəndə İlyas qışqırdı.
- Tam da bir manyaka yaraşacaq həyasızlıq sərgiləyirsən bu dəqiqə. - Bu uğurlu cavab idi.