Qeyd: Mediada seçdiyim musiqilər hekayə ilə uyğun atmosfer yaratmaq üçündür. Dinləyərək oxuyun.
Yuxuları öyrənən elm "oneirologiya" adlanır.
Elvin siçanın göstəricisini qırmızı x işarəsinə tıqqıldadaraq səhifəni bağladı. Yuxularla bağlı etdiyi bu günkü araşdırması üçün Google Chrome pəncərəsində bir-neçə səhifə açmışdı. Oxuduqlarını bir-biri ilə müqayisə edib, qeydlər götürdükdən sonra səhifələri sıra ilə bağlayırdı.
Beynin məntiq və planlamadan məsul hissəsinin, "prefrontal cortex"in, yuxu görmə zamanı fəaliyyətində azalma müşahidə olunur.
Elvin bu səhifəni də bir qədər göz gəzdirdikdən sonra bağladı.
"Lucid" yuxular görməyi bacaran şəxslər "oneironaut" adlanır. Araşdırmalar göstərir ki, lusid yuxu görənlərin beta-1 tezlikli (13-19 hz) beyin dalğalarında aktivlik müşahidə olunmuşdur. Bu isə lusid yuxuları şüurlu prosesə çevirməklə nəticələnir.
Lusid yuxular yuxu görənin öz yuxusundan xəbərdar olması zamanı baş verir. Yuxu gördüyündən xəbərdar olan şəxs artıq yuxusunu şüurlu prosesə-lusid yuxulara çevirmişdir. Lusid yuxu görmək, yuxuların yuxugörən şəxslərin öz iradəsi ilə idarə edilməsi və istənilən istiqamətə yönləndirilməsi deməkdir. Yuxugörən gerçək həyatda olduğu kimi, yuxuda da öz hərəkətlərini idarə edə və düşünə bilər.
Elvin bütün elmi məqalələri və wikipedia səhifələrini bağladıqdan sonra geriyə qalan səhifədə dayandı. Bu yuxularla bağlı bir bloq idi. Bloqun sahibi özünə "Yuxular şəhzadəsi" ünvanını vermişdi və bloqu "Yuxular səltənəti" adlandırmışdı. Elvin yeni gələn mesajlara bir daha göz gəzdirdi.
Bloqun sahibi yaratdığı "Yuxular səltənəti"ndə yuxular, kabuslar və lusid yuxular haqqında, hətta astral səyahət və paralel dünyalar haqqında qeyri-adi və maraqlı məlumatlar verirdi. Elvin bu məlumatları sətir-sətir oxumuşdu və xüsusilə də başqalarının yazdığı rəylərə daha çox diqqət yetirmişdi. Psixologiya üzrə təhsil aldığından ona fantastik nəzəriyyələrdən çox insanların yuxuları və düşüncələri maraqlı gəlirdi. Hətta özü də tez-tez gördüyü lusid yuxular və kabuslar haqqında bloqa bir-neçə rəy yazmışdı.
Telefonuna gələn mesajdan diksindi. Evdə özündən başqa kimsə olmadığından səssizliyin pozulması onu, xüsusilə də kabuslar haqqında oxuduğu məqalələrdən sonra daha da çox qorxutdu. Telefonu açıb atasından gələn mesajı oxudu:
Bu gün gecə növbəsinə qalıram.
Dərindən köks ötürüb qısaca " yaxşı" cavabını yazdı və telefonu əlindən yerə qoydu. Kompüteri söndürüb, eynəyini gözündən çıxardı. Yumruqları ilə gözlərini ovub saata baxdı: on ikinin yarısı idi. Həmişəki vaxtda yatmalı idi, çünki rejimlə yatıb-oyanmaq lusid yuxu görmə şansını artırırdı.
Hazırlanıb yerinə girdi və şkafın gözündən yuxu jurnalını çıxarıb qələmlə birgə gecə lampasının yanına qoydu. Oyanan kimi gördüyü yuxunu unutmamış jurnala yazmalı idi. Bu jurnalı artıq beş aydır ki, tutur və gündəlik olaraq yazırdı. Yuxularını xatırlayıb yazmaq da lusid yuxu görmək şansını artıran amillərdən idi. Jurnalın ilk səhifəsini açdı:
Lusid yuxu görmək üçün edilməli olan məşqlər:
1. Yatma və durma vaxtlarının planlı hala gətirilməsi.
2. Yuxuların yadda saxlanılması üçün məşqlər edilməsi, yuxu jurnallarının tutulması və hər gecə görülən yuxuların yazılması.
3. Həqiqət yoxlanışını əzbərə prosesə çevrilməsi: tez-tez ayıqlıqda olduğuna əmin olmaq üçün xüsusi bir hərəkət edilməsi.
Beş aya yaxın müddətdə daim çalışaraq lusid yuxu görməyi məşq edirdi. Bir aya artıq buna nail olmuşdu və ən azı həftədə iki dəfə lusid yuxu görürdü. Yuxu ərzində yuxu gördüyündən agah olmaqla yanaşı, artıq son iki ayda yuxularını idarə edərək istədiyi yönə istiqamətləndirə bilmişdi. Arxası üstə uzanıb, "həqiqət yoxlanışı" etmək üçün əllərinə baxdı: bütün qırışlar aydın görünürdü. Bu isə hələ də ayıq olduğunu göstərirdi. Gözlərini yumub öz-özünə təkrarladı: " Yuxu görürəm. Yuxu görürəm." Və beləcə yuxuya getdi.
İki hissəli olduğu üçün bu hissə bir az qısa oldu. Lusid yuxular haqqında bir qədər məlumat verməyə çalışdım. Ümid edirəm bəyəndiniz.
YOU ARE READING
Yuxular Labirinti
FantasyBu cəhənnəmdən məni xilas edə biləcək tək insan özüməm... Yuxuları öyrənən elm "oneirologiya" adlanır... Lusid yuxu görmək üçün edilməli olan məşqlər: 1. Yatma və durma vaxtlarının planlı hala gətirilməsi. 2. Yuxuların yadda saxlanılması üç...