18. Yuxu şəhzadəsi

94 10 28
                                    

Mediadakı mahnıya görə @a_broken_heart_ a təşəkkürlər! :D Hekayənin bu hissəsinə tam uyğun idi: sirli və məşum.

-Xatirələrinə sahib olmağa hazırsan?-Yuxu iradəsi dedi.

Janset ürəyinin niyə sürətlə döyündüyünü bilmirdi: xatirələrinə nəhayət ki, sahib olacağına görəmi, ya buranın "saxta gələcək"də gördüyü saraya bənzəməsinə görəmi. Elvinin qaşları çatılmışdı, aşağı dikilmiş gözlərində qorxu vardı: sanki o da buranı xatırlayırdı. Bəlkə də səbəbi Jansetə əkiz bacı kimi bənzəyən Yuxu iradəsi idi. Janset sanki güzgüdə əksinə baxırdı, lakin digər tərəfdən də öz sifəti ona yad idi. Baxışları və gülüşü ona aid deyildi.

-Hə, nə oldu?-Yuxu iradəsi köks ötürdü,-oynamaq fikrindən əl çəkdin? Keçmişi xatırlamaq istəmirsən?

Qorxursan, elə deyil? Bəlkə də xatirələrin olmadan daha xoşbəxt olacaqdın...

Yuxu iradəsi hələ də zehnində idi? Bəs qarşısındakı kimdir?

-Eybi yox,-Jansetə bənzəyən qız gülümsədi,-istəsən də, istəməsən də, onları sənə verəcəyəm. Həm də elə edəcəyəm ki, dostların da hər şeyə şahidlik etsin.

Yuxu iradəsi qollarını geniş açıb bir göz qırpımında partladı və kiçik şəffaf kürəciklərə parçalandı. Bu kürəciklər "Yuxu qatı"ndakı iri kürəciklərə bənzəyirdi. Kürəciklər onları tamamilə əhatəsinə aldıqda Janset bu kürəciklərdə öz xatirələrinin əksini gördü. Zehni xatirələrini acgözlüklə toplarkən Janset, yuxuda olduğu kimi özünə həm kənardan baxmağa başladı, həm də özü şəxsən hadisələrin içinə daxil oldu...

...Janset 13 yaşında ikən indikindən daha fərqli deyildi: həmişəki solğun bənizli, balacaboy, arıq qız. Tək fərqi belinə qədər uzun darçın səpilmiş kimi görünən saçları idi. Yeniyetməliyinə yeni daxil olduqda özü haqqında tək bəyəndiyi şey idi saçları. Ta ki anası, onun fiziki zəifliyini saçlarında görüb onları kəsdirənə qədər. Sevdiyi saçlarını itirən balaca Janset güzgüdə artıq çiyinlərinə belə dəyməyən saçlarını izlərkən səssizcə ağlayırdı...

...Tez-tez huşunu itirib yıxılan Janseti nəhayət həkimə apardıqlarında xəstəliyini öyrənmişdi. Qanında var idi xəstəlik. Jansetin tamamilə anlamadığı bu xəstəlik onun zəiflədir, yeniyetməliyi ilə bağlı böyüməyə çalışan bədənini və sümüklərini inkişafdan saxlayırdı. Arıq çiyinləri və yastı sinəsi onu səkkiz-doqquz yaşlarında olan balaca qıza oxşadırdı...

...Tez-tez xəstəxanaya müalicəyə getməli olan Janset məktəbdə düzgün iştirak edə bilmirdi. Yaşıdlarından geri qalmaqla yanaşı, dostlarını da çox görə bilmirdi. Bir qədər sonra artıq evdə təhsilə keçməli oldular. Jansetin tək-tük dostları da artıq onu tərk etmişdi. Jansetin yalnız və qəmgin hiss etməsi onun sağalmasının qarşısını alırdı...

...14 yaşlı Janset xəstəliyinin irəliləməsi səbəbindən xəstəxanaya yerləşməli olmuşdu. Məktəbi çoxdan atan Janset müalicələrdən qalan boş vaxtlarını atasının ona gətirdiyi kitabları oxumaqla keçirirdi. Bacardığı qədər məktəbdən geri qalmamağa çalışsa da, müalicənin verdiyi ağrı və daim davam edən yorğunluq onu həm fiziki, həm də zehni cəhətdən zəiflədirdi...

...Anası günorta onun otağına girdi. Həmişəki kimi gülümsəyirdi. Onsuz da, nə atası, nə də anası onun yanında ağlamazdılar, Janset nə qədər ağlasa da. Anası stulu çəkib onun yatağının yanında oturdu və əlində tutduğu kitabı Jansetə göstərdi:

-Bax,atan sənə yeni roman gətirib,-bunu deyib kitabı onun yatağının yanındakı rəfə qoydu və əli ilə onun qoluna sığal çəkdi.

-Köhnəsini hələ qurtarmamışam,-Janset köks ötürdü. Baxışlarını xəstəxanadakı otağı boyu səliqə ilə düzdüyü kitabların üzərində gəzdirdi. Həkimlər əvvəlcə buna razı olmasalar da, sonda rəflərdəki tozu hər gün silib-təmizləyəcəyini bildirən anasının xahişini yerə salmadılar. Kitablar, bütün günü yataqda uzanmaqdan başqa bir şey bacarmayan Jansetin tək əyləncəsi, qaçış yolu idi. Bəzilərini dönə-dönə yenidən oxuyur, həyəcanlı macəralara atılan sevimli qəhrəmanlarının yerində olmasını diləyirdi. Onun isə gerçəkliyi dörd divar arası, macərası isə ona verilən hər cür iynə-dərmandan sağ çıxması idi.

Yuxular LabirintiUnde poveștirile trăiesc. Descoperă acum