Jansetin barmağını öz əlində hiss etdikdə isə diksinərək xəyallardan ayrıldı. Düşünmədən əlini çəkdi: birdən-birə sürətlə atmağa başlayan qəlbi və qızarmış üzü onu özündən utandırdı. Bu Jansetin edə biləcəyi bir hərəkət deyildi, Janset tanımadığı şəxsə toxunmazdı. Fikrini yayındırmaq üçün üzünü bayaqdan səssiz qalan və varlığı hiss olunmayan Armoya çevirdi:
-Bəlkə bizə nə baş verdiyini danışasan?-deyə mülayim səslə dilləndi,- Hətta istəsən əvvəl mən danışaram.
Elvin qısa şəkildə buraya necə düşdüyünü, düşməmişdən qabaq nə etdiyini danışdı. O qurtardıqdan sonra Armo köks ötürdü və danışmağa başladı:
-Mən bir musiqiçiyəm. Piano və gitar çalmağı yaxşı bacarıram. Özümə kiçik bir qrup qurmağı düşünürdüm, bunun üçün də dostlarımla çox çalışırdıq. Musiqi bəstələməklə yanaşı, mahnılara sözlər də yazırdım. Mənə ilham verən bir qız da vardı...- bir qədər susdu, sonra yenidən davam etdi,-onun sayəsində özümə inamım da artmışdı. Amma bir gün qəza baş verdi və ilham pərim bu dünyadan ayrıldı.
-Ona görə intihar etdin?-Elvin soruşdu,-səbəb bu idi?
Armo narahatlıqla qalxıb oturdu: gözü Jansetdə idi.
-Narahat olma, Janset daha səni qınamayacaq, elə deyil, Janset?-üzünü qıza tərəf çevirib soruşdu.
Janset cavab vermədi, sadəcə gözünü yumdu.
-Mən həmin vaxt kədərli idim, amma burda problem yox idi,-Armo davam etdi,- Artistlərin ən yaradıcı dövrü qəmgin anlarıdır. Mən də ona çoxlu şeirlər yazdım, mahnılar bəstələdim. Lakin bir müddət sonra artıq bacarmadım. Artıq depressiyaya düşmüşdüm. Kədərlə depressiya arasında böyük fərq var,-Armo yenidən uzandı,-İncəsənətlə məşğul olanlar kədəri yaradıcılıq üçün yanacaq kimi istifadə edə bilirlər. Amma depressiya bir boşluqdur, depressiya yaradıcılığı öldürür. Mən düşdüyüm boşluqdan çıxa bilmirdim. Bilirəm, bəlkə də siz bunu anlamarsınız,-Armo məyus halda gülümsədi,-məni o vaxt heç kəs anlamırdı. Yaşamayan anlamazdı. Nə qədər ailəm və dostlarım kömək etməyə çalışsalar da, onları kənara itələyirdim. Bütün dostluq əlaqələrim bundan zərər görmüşdü. Özümü lazımsız, işə yaramaz biri kimi hiss edirdim. Həyatımın məqsədi, yaşamaq həvəsi sönmüşdü. Məndəki yaradıcılıq ölmüşdü və sanki geri dönüş yox idi.
Armo susduqda, Janset dilləndi:
-Bəs sonra?-səsində kinayə yox idi, sadəcə maraq vardı.
-Təkbaşına gəzməyə çıxdım. Ölkənin ən gözəl təbiətinə malik yerlərinə getdim. Bütün gözəllikləri öz gözlərimlə görüb, yaradıcılığımı yenidən diriltmək istəyirdim. Ancaq heç bir işə yaramadı,- qolunun birini atıb gözlərini örtdü,- Birdən özümü uçurumun kənarında tapmışdım. Bu qərarı nə məntiqimlə, nə də hisslərimlə verdim. Heç nə düşünmürdüm, heç nə hiss etmirdim. İçimdəki boşluq məni uçurumdan aşağı çəkirdi. Xatırladığm şey müvazinətimi itirməyim oldu... Və buna peşman olmağım...
Armo susdu və ətraf uzun müddət səssizliyə büründü. Elvin nə deyəcəyini bilmədən ulduzlara baxmağa davam etdi. Deyəcək bir şey də yox idi. Armonu təsəlli etmək üçün deyəcəyi bütün sözlər onun peşmançılığı qarşısında boş qalardı. Lakin Janset deməyə söz tapmışdı:
-Peşman olmaq...İntihar edənlər daim peşman olurlar.
Armo sol tərəf üstə dönüb üzünü onlardan gizlətdi. Elvin bu dəfə atmosferi yüngülləşdirmək üçün:
-Narahat olma, əgər burada yuxu görürsənsə, deməli sağ qalmısan,-dedi.
-Elvin,-Janset pıçıldadı,-o ayılmalıdır.
Elvin Jansetin ciddiləşmiş üzünə baxdı və gözlərində narahatlıq gördü. Birdən nə baş verdiyini başa düşdü: Əgər Armo intihar etmişsə və indi yuxu görürsə, ya huşunu itirmişdir və bir azdan öləcəkdi, ya da xəstəxanada, çox güman ki, komada idi. Əgər ayılmasa, bu onun sonu olacaqdı.
-Niyə hər şey bu qədər kədərli olmalıdır?-Janset köks ötürdü.
Və bu dəfə Elvin, gerçək Jansetin qayıtdığını hiss etdi. Daha əvvəl olanları isə bir müddət dilinə gətirməməyə qərar verdi.
Qeyd: Bu bölüm qısa olduğuna görə iki bölüm ard-arda paylaşacağam. ) Mediadakı musiqi melanxolik effekt yaratmaq üçündür.
YOU ARE READING
Yuxular Labirinti
FantasyBu cəhənnəmdən məni xilas edə biləcək tək insan özüməm... Yuxuları öyrənən elm "oneirologiya" adlanır... Lusid yuxu görmək üçün edilməli olan məşqlər: 1. Yatma və durma vaxtlarının planlı hala gətirilməsi. 2. Yuxuların yadda saxlanılması üç...